Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1605/2023 31.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(021)-352/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 iyul 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Yaqut və Nailə adlı şəxslərin aldıqları qızıl əşyalarının pulunu verməmələri barədə Bərdə Rayon Polis Şöbəsinə müaciət etmiş, şikayət mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi məsləhət görlmüşdür.
2. Xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 8500 manat borc və 1275 manta əldən çıxmış fayda, eləcədə ödənilmiş 117,75 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən "Moskva" univermağında qızıl-ziynət əşyalarının satışı mağazasından işlədiyi vaxt Bərdə rayon sakini Cavabdeh 10000 manat, Yaqut İbrahimova isə ondan 1600 manat dəyərində qızıl ziynət-əşyaları nisyə almışlar. Borcun bir hissəsini ödəsələrdə Cavabdeh 8500 manat, Yaqut İbrahimovanın isə 650 manat ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də heç bir ödəniş olunmamışdır. Eləcədə 03 mart 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada bildiriş göndərərək borcun 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh ona məxsus vəsaiti qanunzus saxladığına görə 1275 manat (8500x5faiz=425x3=1275) faiz ödəməlidir.
5. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh 8500 manat dəyərində qızıl-zinət əşyaları, həmin əşyaları naturada almaq mümkün olmadıqda isə onların dəyəri olan 8500 manat və 1275 manat əldən çıxmış fayda, eləcədə ödənilmiş 117,75 manat dövlət rüsumunun alınaraq onun xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. Bərdə Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(021)-352/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı Cavabdeh qarşı “əmlak, əmlak olmadıqda dəyəri və əldən çıxmış fayda” tələbinə dair iddiasının təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 385.1, 386.1, 448.2 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 213, 214, 216-220, 227, 233.1 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbində göstərilənlərlə yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan iddianı təmin etməmişdir. Belə ki, aralarında olan borc münasibətləri araşdırılmamış, Bərdə Rayon Polis Şöbəsində cavabdehin etirafı nəzərə alınmamışdır. Halbuki, tərəflər arasında borca dair şifahi razılaşma olmuş və cavabdeh qısa zamanda ödəyəcəyinə dair vəd vermişdir. Cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmamış və iddiaya qarşı mövqeyi dinlənilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Mətanət adlı xanım müdir olduğu satış mərkəzində satıcı işlədiyi dövrlərdə, yəni 2019-cu ildə birinin dəyəri 1500-2000 manat olan 6-7 ədəd brilyant qaşlı komplekt, birinin dəyəri 170-300 manat olan 5 ədəd boyunbağı (qonşu polkalardan aldığı) və bir neçə üzükdən ibarət qızıl-zinət əşyalarını bir dəfəyə cavabdehə nisyə vermişdir. Qızl-zinət əşyalarının cavabdehə verməsi ilə bağlı subut təqdim edə bilməsədə, lakin cavabdehə nisyə qızıl satmasını ünivermaqda hamı bilmişdir. Cavabdeh bir neçə dəfəyə, yəni hər dəfə 300 manat olmaqla cəmi 1500 manat Şamaxinka adlanan ərazidə bir nəfərin mağazasına pulu qoymuş və zəng edərək pulu həmin yerdən götürməsini demiş, o da həmin yerdən pulu götürmüşdür. Pulu götürdüyü mağazanın sahibini tanımır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
16. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı pul və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.
26. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
27. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı müxtəlif çəkidə və adda ümumi dəyəri 10000 manat olan qızıl-zinət əşyalarını Cavabdeh verməsini, sonuncunun nisyə aldığı əşyaların dəyərindən 1500 manat ödəməsini, 8500 manat ödəməməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
28. Bu qətnamənin 26-cı bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, İddiaçı Cavabdeh 2019-cu ildə birinin dəyəri 1500-2000 manat olan 6-7 ədəd brilyant qaşlı komplekt, birinin dəyəri 170-300 manat olan 5 ədəd boyunbağı (qonşu polkalardan aldığı) və bir neçə üzükdən ibarət qızıl-zinət əşyalarını bir dəfəyə nisyə verməsini (iddia ərizəsində qızıl-zinət əşyalarının neçənci ildə nisyə satılması, qızılların sayı, dəyəri və çeşidi qeyd olunmamışdır) iddia etsə də, lakin o, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Apellyasiya icraatı zamanı da İddiaçı qızıl-zinət əşyalarının cavabdehə verməsinə dair subut təqdim olunması təklif edilsə də, sonuncu bu barədə sübut təqdim edə bilməyəcəyini bildirmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. İddiaçı apellyasiya icraatı zamanı nisyə satılmış qızıl-zinət əşyalarının dəyərindən cavabdeh tərəfindən1500 manat ödəniş olunmasını, yəni cavabdeh hər dəfə 300 manat olmaqla Şamaxinka adlanan ərazidə bir nəfərin mağazasına qoymasını, o da öz növbəsində pulu oradan götürməsini qeyd etsə də, lakin həmin mağazanın kimə məxsus olmasını, pulu kimdən və hansı ildə (hansı ayda) təhvil almasını sübuta yetirə bilməmişdir.
30. Eləcədə, iddiaçı apellyasiya şikayətində onun müraciəti əsasında Bərdə rayon Polis şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh borcu etiraf etməsini qeyd etsə də, lakin işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Vüqar Həsənovun 06 mart 2020-ci il tarixli arayışından müəyyən olunur ki, ərizə üzrə yalnız İddiaçı izahatı alınmış və müraciət mülki xarakterli olduğundan sonuncuya hüquqları izah olunmuş və toplanmış material şöbənin dəftərxanasına verilmişdir.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(021)-352/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.