Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1606/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iş mülki üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh iştirakı ilə, “cinayət hadisəsi nəticəsində sağlamlığa vurulmuş ziyanın, maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(023)-429/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(023)-11/2024 nömrəli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Cavabdeh həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət, ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
2. xx.xx.2023-cü il tarixli, 3M-2755 nömrəli barışıq sazişinə əsasən, İddiaçı, X5, X7 və X8 barışıq ərizəsi bağlayaraq göstərmişlər ki, Cavabdeh iştirakı ilə törədilən yol nəqliyyat hadisəsi zamanı İddiaçı və X1 xəsarət yetirilmiş və X14 isə dünyasını dəyişmişdir. Cavabdeh atası X5 tərəfindən xəsarətlə bağlı dəymiş zərər tam olaraq zərərçəkənlərə ödənilmişdir. Zərərçəkənlər onlara dəymiş xəsarətlərlə bağlı X2 bütün xərclərini qəbul edir. Eyni zamanda X3, İddiaçı və hadisə zamanı vəfat etmiş X9 atası X4 gələcəkdə Cavabdeh qarşı heç bir iddia və tələbi olmayacaq, məhkəmə, hüquqmühafizə orqanlarına müraciət etməyəcəkdir.
3. xx.xx.2024-cü il tarixli, 8İ-4498 reyestr nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən (**********498) görünür ki, İddiaçı təqsirləndirilən şəxs Cavabdeh tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur.
4. xx.xx.2024-cü il tarixli, 8İ-4503 reyestr nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən (**********503) görünür ki, X6 təqsirləndirilən şəxs Cavabdeh tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur.
5. xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı kart hesabına 350 manat, 200 manat və 150 manat olmaqla, ümümilikdə 700 manat pul köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyan, sağlamlığa vurulmuş ziyan və mənəvi zərərin əvəzi kimi 997.000 manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 30 iyun 2023-cü il tarixdə saat 19-30 radələrində Qazax-Əskipara avtomobil yolunun Qazax rayonu, Xanlıqlar kəndi ərazisində, həmin yolun 1-ci kilometrliyində B1, B, C1C kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Ford Fusion” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax şəhəri, istiqamətində sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini kobud şəkildə pozmaqla etdiyi avtoqəza nəticəsində onun idarə etdiyi avtomobilə toqquşaraq, ona, anası X6 xəsarətlər yetirmiş və həyat yoldaşı X9 ölümünə səbəb olmuşdur. Onun barəsində AR CM-nin 263.2-ci maddəsi ilə başlanılmış cinayət işinə məhkəmədə baxılmış və məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(023)-11/2024 nömrəli hökmü ilə həmin maddə ilə barəsində təqsirləndirici hökm çıxarılmışdır. xx.xx.2023-cü il tarixdən indiyə kimi Cavabdeh və onun ailə üzvləri onun və 3 (üç) övladının saxlanılmasında heç bir formada köməklik etməmişlər, onlara vurulmuş maddi ziyan və mənəvi zərətin ödənilməsini təmin etməmişlər. Belə ki, o mərhum yoldaşı ilə xx.xx.2012-ci ildə evlənmişlər və xx.xx.2016cı il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 636 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X16 dünyaya gəlmişlər. Onun ilk ailəsindən Nəzrin adlı övladı da vardır və onun himayəsindədir. Qəza olduqdan sonra qəzayla bağlı öd əməliyyatı olmuş və həmin əməliyyata müalicə daxil 900 manat vəsait xərcləmişdir. Qəzadan sonra ayağına qoyulmuş və 9 ay ayağında qalmış İlizarov aparatı zamanı 2 ayının müalicəsinin pulunu 800 manatı ödəmişlər, ancaq geridə qalan 7 ay müalicəni özü etdirmişdir. Bu isə 7*400=2.800 manat təşkil edir. O qəzadan sonra böyrək əməliyyatı olunmuş və 1.000 manat əməliyyata xərci çıxmış və 200 manat isə müalicə üçün xərcləmişdir. Qəzadan öncə yoldaşı “X19”nun zavodunda işləmiş və aylıq əmək haqqı 800 manat təşkil etmişdir. 800 manatın 400 manatını əmək haqqı kartı vasitəsilə 400 manatını isə nəğd formada almışdırı. Özü isə “X12” işləmiş və aylıq qazancı minimum 600-700 manat təşkil etmişdir. Hadisədən sonra o hələ də işləyə bilmir və sağlamlığı, səhhəti tamamilə pozulmuşdur və çox ciddi nevroloji, psixoloji müayinə və müalicəyə ehtiyacı vardır. Cavabdeh və atası həmişə ona və ailə üzvlərinə bildirmişdir ki, “uşaqlar böyüyənə kimi onların hər bir ehtiyacını ödəyəcək və onların hər bir işini edəcəklər”. Ancaq, məhkəmədə olan cinayət işi yekunlaşdıqdan sonra, onlarla heç maraqlanmamışlar. xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi dövr hesablansa, 18 ay edər. Həmin 18 ayda onlara əmək haqqı və qazancla bağlı vurulmuş ziyan Elnurun əmək haqqısı kimi 14.400 manat və onun qazancı kimi 10.800 manat təşkil edir. Bu isə ümumilikdə 25.200 manat təşkil edir. xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X16 yetkinlik yaşına çatana kimi onların böyüməsi və yaşaması üçün aylıq 1.400 manat miqdarında həmin maddi ziyanı ödəməlidir. Belə ki, xx.xx.2013-cü il təvəllüdlü X10 xx.xx.2028-ci il tarixdə yetkinlik yaşına çatacağını və xx.xx.2017-ci il təvəllüdlü X11 isə xx.xx.2035-ci il tarixdə yetkinlik yaşına çatacaqlarını nəzərə alaraq, təxmini hesablama aparılsa, xx.xx.2025-ci il tarixdən 3 il 8 ay edərki, bu da 44 ay edir. 44 ayı isə 1400 manata vursaq 61.600 manat və Ömərə münasibətdə isə hesablama aparsaq, xx.xx.2028-ci il tarixdən isə xx.xx.2035-ci il tarixə isə 6 il 5 ay təşkil edir. Bu isə həmin hesablama ilə 77 ay*700 manat=53.900 manat təşkil edir. Bundan başqa, cavabdeh tərəfindən edilmiş cinayət hadisəsinə görə o əmək qabiliyyətini itirmiş və işləyə, normal hərəkət edə bilmir və uşaqların 18 yaşından sonra da o əmək qabiliyyətsiz olacaqdır. Bu isə ona gələcəkdə maddi itkilər yaradacaq və mərhumiyyətlər verəcəkdir. Həmin itkiləri isə 250.000 manat dəyərində qiymətləndirir. Bundan başqa, həmin cinayət hadisəsi nəticəsində onun sağlamlığına və səhhətinə vurulmuş ziyan, zərər minimum 50.000 manat, mənəvi zərər isə 100.000 manat miqdarında dəyərləndirir. Bundan başqa, həmin cinayət hadisəsi nəticəsində həyat yoldaşının öldürülməsi ilə bağlı vurulmuş mənəvi ziyanı isə 500.000 manat miqdarında dəyərləndirir. Cəmi 997.000(doqquz yüz doxsan yeddi min) manat.
8. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(023)-429/2025 nömrəli qətnaməsi ilə (hakim E.Mansırov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə yalnız müqavilə və ərizəyə əsaslanmış, maddi ziyan və əldən çıxmış faydanı aydınlaşdırmamışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona cinayət işinə baxılan zaman maddi yardım edilsə də, sonradan müayinə və müalicələr almasına baxmayaraq, heç bir köməklik olunmamışdır. Digər tərəfdən himayəsində uşaqları vardır və onların saxlanmasında çətinlik çəkir. Halbuki cavabdeh söz vermişdi ki, uşaqların saxlanmasında ona köməklik edəcəklər.
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, istintaq və məhkəmə zamanı iddiaçıya kifayət qədər maddi yardım edilmiş və barışıq sazişi imzalanmışdır. Hətta hökmdən sonra da onlara müəyyən miqdarda pul göndərilmiş və bunu təsdiq edən qəbzlər məhkəməyə təqdim olunmuşdur.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2023cü il tarixdə, saat 19:30 radələrində Qazax-Əskipara avtomobil yolunun Qazax rayonu, Xanlıqlar kəndi ərazisində, həmin yolun 1-ci kilometrliyində B1, B, C1C kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Ford Fusion” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax şəhəri, istiqamətində sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini kobud şəkildə pozmaqla etdiyi avtoqəza nəticəsində İddiaçı, anası X6 xəsarətlər yetirmiş və həyat yoldaşı X9 ölümünə səbəb olmuş, onun barəsində CM-in 263.2-ci maddəsi ilə başlanılmış cinayət işinə məhkəmədə baxılmış və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(023)-11/2024 nömrəli hökmü ilə həmin maddə ilə barəsində ittiham hökmü çıxarılmışdır.
20. Hazırda İddiaçı Cavabdeh və onun ailə üzvlərinin onun və üç övladının saxlanılmasında heç bir formada köməklik etməmələrini əsas gətirməklə məhkəməyə müraciət edərək, onlara vurulmuş maddi ziyan və mənəvi zərərin əvəzi kimi 997000 manatın ödənilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərək tələbin əsası kimi istinad olunan halları təsdiq edən hər hansı sübutun təqdim olunmaması ilə əsaslandırılmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi tələb iddiaçıya dəymiş maddi və mənəvi zərərin, həmçinin iddiaçının uşaqlarının böyüdülməsi üçün çəkilən xərclərin ona ödənilməsini özündə ehtiva edir.
22. İşin hallarından göründüyü kimi iddiaçı cinayət işinə baxılarkən Qazax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini və onunla barışdığını göstərmiş və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmişdir.
23. Belə ki, xx.xx.2023-cü il tarixli, 3M-2755 nömrəli barışıq sazişinə əsasən, İddiaçı, X5, X7 və X8 barışıq ərizəsi bağlayaraq göstərmişlər ki, Cavabdeh iştirakı ilə törədilən yol nəqliyyat hadisəsi zamanı İddiaçı və X1 xəsarət yetirilmiş və X14 isə dünyasını dəyişmişdir. Cavabdeh atası X5 tərəfindən xəsarətlə bağlı dəymiş zərər tam olaraq zərərçəkənlərə ödənilmişdir. Zərərçəkənlər onlara dəymiş xəsarətlərlə bağlı X2 bütün xərclərini qəbul edir. Eyni zamanda X3, İddiaçı və hadisə zamanı vəfat etmiş X9 atası X4 gələcəkdə Cavabdeh qarşı heç bir iddia və tələbi olmayacaq, məhkəmə, hüquq-mühafizə orqanlarına müraciət etməyəcəkdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
25. Bu kontekstdə qeyd edilir ki, hazırkı iddia üzrə tələb maddi və mənəvi zərərin, həmçinin iddiaçının uşaqlarının böyüdülməsinə çəkilən xərclərin əvəzinin ödənilməsi barədədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
26. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
27. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
28. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
29. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı özünə vurulmuş zərərin əvəzinin cavabdeh tərəfindən tam şəkildə ödənildiyini notarial qaydada təsdiq edilmiş ərizəsində etiraf etmiş, şikayətçi olmayacağını bildirmiş, eyni zamanda həmin dövrdə yetkinlik yaşına çatmayan uşaqlarının adından çıxış etmiş, cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmiş, həmçinin cavabdeh də öz növbəsində cəzasını çəkmişdir.
30. Qeyd olunmalıdır ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. O cümlədən, qeyd olunan məsələ cinayət mühakimə icraatı qaydasında öz həllini tapdıqdan sonra iddiaçı tərəfə baş vermiş cinayət hadisəsi ilə əlaqədar yeni zərərin vurulması iş üzrə öz əksini tapmır.
32. Hazırki iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu, həmçinin cinayət mühakimə icraatından sonra hər hansı müalicə və ya müayinə edilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” xx.xx.2025-ci il tarixli, 20 nömrəli Qərarı: 5.10. Hüquqazidd əməl nəticəsində sonradan yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququ istisna edilməsə də, mənəvi zərərə münasibətdə fərqli qayda tətbiq edilir. Belə ki, mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan, habelə proqnozlaşdırıla bilən bütün mümkün nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan şəxsin eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməsi yolverilməzdir. Həmin hüquqazidd əməlin yalnız əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi halında şəxs bu nəticələrə istinad etməklə əlavə mənəvi zərər tələbi irəli sürə bilər (məsələn, yol nəqliyyat hadisəsi nəticəsində ayağından zədə almış şəxsin mənəvi zərər tələbi təmin edildikdən sonra ayağının amputasiya olunması). 5.11. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir. 5.12. Cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır.
34. Beləliklə qeyd edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq,
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(023)-429/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov