Məhkəmə qərarları › İş №2(104)-1607/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1607/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1607/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: “kredit borcunun ödənilməsi” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-799/2023 saylı mülki iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan kreditor "xxxx" MMC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borcalanın əvvəlki-15 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə 1566 ABŞ dolları məbləğində kredit borcu illik 0.00 faiz olmaqla, 36 ay müddətinə 2614 manat məbləğində kreditə konvertasiya edilmişdir.

2. İş materiallarında olan Kreditor "xxxx" MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin borcalan Cavabdeh2 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

3. İş materiallarında olan Kreditor BOKT "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə kreditora əsas borc olaraq 1202,60 manat borcu vardır. Faiz və cərimə borcu yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-4182/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmiş, borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2614 manat əsas, 653,50 manat cərimə olmaqla cəmi 3267,50 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutularaq kreditor "xxxx" MMC-yə verilməsi əmr edilmişdir.

5. Borclu Cavabdeh2 məhkəməyə məhkəmə əmrinə dair etiraz verərək, məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir.

6. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-4182/2017 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

7. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli bildirişindən göründüyü kimi "xxxx" MMCnin kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixli vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ yeni kreditor olan BOKT "xxxx" MMC-yə keçmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 0.00 faiz istifadə haqqı ödənilməklə 36 ay müddətinə 2614 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təmini üçün Cavabdeh1 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanılmışdır. Borclu müqavilənin şərtlərinə əməl etməmiş və onun kreditora 2614 manat əsas, 653,50 manat cərimə olmaqla cəmi 3267,50 manat məbləğdə borcu yaranmışdır. Borclu yaranmış borcu könüllü ödəmədiyi üçün məhkəməyə müraciət edilmişdir.

9. Tovuz Rayon Məhkəməsinin 2(062)-799/2023 saylı mülki iş üzrə 11 aprel 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1202,60 manat məbləğində borcun alınaraq, iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat pulun əvəzinin cavabdehlər İsrayıl Əli oğlu və Cavabdeh1 müştərək qaydada alınaraq, iddiaçı BOKT "xxxx" MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Abbasov Cavabdeh2 Əli oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 2(062)-799/2023 saylı mülki iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, faiz borcu şişirdilmiş məbləğdə göstərilmişdir. Həmçinin, onun ödəməli olduğu məbləğə faiz borcu da əlavə edilməklə cəmi məbləğ daha da artıq hesablanmışdır. Məhkəmə onun tərəfindən həyata keçirilmiş ödənişləri də nəzərə almamışdır. Ona görə də hesab edir ki, iş üzrə ekspertiza keçirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı BOKT "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

14. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

17. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Prosessual hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88 - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcalanın əvvəlki-15 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə 1566 ABŞ dolları məbləğində kredit borcu illik 0.00 faiz olmaqla, 36 ay müddətinə 2614 manat məbləğində kreditə konvertasiya edilmişdir. Həmçinin Kreditor "xxxx" MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalan Cavabdeh2 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə krediti ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh banka borclu olduğu kredit borcunu ödəmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən işə əlavə edilmiş maliyyə arayışda göstərilən məbləğdə qismən təmin edilmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. İş materiallarına əsasən, işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit və zamin hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişlər.

36. Apellyator şikayətində kredit borcunun artıq hesablandığını, faiz borcunun şişirdildiyini, həmçinin, borcunun bir qismini ödədiyini qeyd etmiş, lakin, iş materiallarından müəyyən edilir ki, cavabdeh aldığı kredit borcundan iddiaçı Banka ödənişlər etdiyi barədə apellyasiya şikayətinə heç bir sübut əlavə etməmişdir. Apellyator həmçinin məhkəməyə gəlməmiş, borcundan etdiyi ödənişlər barədə sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən cavabdehə faiz borcu hesablamamışdır.

37. İşin qeyd edilən faktiki hallarını önəçəkən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı Bank tərəfindən cavabdeh tərəfin kredit borcu düzgün müəyyən edilmişdir, cavabdeh tərəfin kredit borcunun yenidən müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibat ekspertizasının keçirilməsinə əsas verə bilən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir və irəli sürülən iddianın qismən təmin edilməsi üçün qanuni əsaslar mövcuddur.

38. Ona görə də məhkəmə kollegiyası iş materiallarında olan sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-799/2023 saylı mülki iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Hazırki işdə iddianın qiyməti 5000 manatdan az məbləğdir. Ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-799/2023 saylı mülki iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar