Məhkəmə qərarları › İş №2(104)-1611/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1611/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1611/2023 16.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Borclu qarşı «pul» tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(013)-667/2023 saylı qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Borclu qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 21580 manat məbləğində pulun və ödənilmiş 156 manat dövlət rüsumunun alınb onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" X1 şəhərində yerləşən nümayəndəliyinin rəhbəridir. Firmaya aid olan çəllək pivəsi və həmin pivə üçün nəzərdə tutulmuş avadanlıqları yaşadığı Mincəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi 8-ci döngə, ev 2 ünvanında həyətdə saxlayır. 2021-ci ilin aprel ayında cavabdeh Borclu işlədiyi şirkətə ekspeditor vəzifəsinə müvəqqəti işə götürmüşdür. Belə ki, aralarında olan razılaşmaya əsasən cavabdeh Borclu gündəlik olaraq neçə çəllək pivə sata bilsə həmin çəlləyin biri 5 manatdan olmaqla ona maaş verməli idi. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Rəvan şirkətdə işləmişdir. Cavabdeh işlədiyi müddətdə Mingəçevir şəhəri ərazisində olan müxtəlif kafelərə çəllək pivəsi və butulka pivələri paylamışdır. Cavabdeh Borclu həmin pivələri işdə olan zaman ondan, o, işdə olmadığı zaman isə özü anbardan götürmüşdür. Həmin vaxtlarda başqa işçisi olmamış və o anbarda olan məhsulların sayını və dəyərini bildiyindən bu barədə qeydiyyatı özü aparmışdır. Borclu ondan 383 ədəd 30 litr tutumu olan sadə "xxxx" pivəsi, 6 ədəd qara "xxxx" pivəsi, 4820 ədəd 0,5 litr tutumunda şüşə qablarda olan "xxxx" pivələrini, həmçinin çəllək pivələrini müştərilərə təqdim edilməsi üçün verilən avadanlıqları aparmışdır. Həmin pivə çəlləkləri və avadanlıqları, o cümlədən redikator, hava balonu, bokallar kafelər tərəfindən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq geri qaytarılmamışdır. Cavabdeh Borclu işlədiyi müddətdə apardığı çəllək, avadanlıqları və həmin satdığı pivələrin pullarını qaytarmasını tələb etsə də Borclu ona hər dəfə müxtəlif bəhanələr gətirərək pulların kafelərdə olduğunu və yığıb qaytaracağını demişdir. Rəvanın pivə satdığı bəzi kafelərə getsə də onlar pulu Rəvana verdiklərini demişlər. Ona görə də Rəvanı yalan danışmasına görə işdən çıxarmaq məcburiyyətində qalmışdır. Yekun hesablama zamanı məlum olmuşdur ki, Borclu ondan satmaq üçün götürdüyü 16.345 manat dəyərində pivə və 4.480 manat dəyərində avadanlıqların pulunu verməmiş, həmin məbləğdə pivə və avadanlıqları geri qaytarmamışdır. Həmçinin Borclu ondan müxtəlif bəhanələrlə hissə-hissə olmaqla borc qismində 1000 manat da pul almışdır. Bundan başqa o, hər bir çəllək 30 litr tutuma malik sadə "xxxx" markalı pivəni 45 manata satmışdır. Hər çəlləkdə əvvəllər Borclu 2 manat pul vermiş, sonradan isə aralarında olan razılığa əsasən hər çəlləkdə Rəvana 5 manat vermiş və artıq çəlləkləri daşıdığı avtomobilin təmir pulunu da Rəvan özü ödəməli olmuşdur. Bu təklifi də Rəvan özü etmişdir. 30 litr tutumlu qara "xxxx" pivəsinin qiyməti 50 manatdan, 1 ədəd 0,5 litr tutumlu şüşə butulkada olan "xxxx" markalı pivəni 1,25 manatdan Rəvana təhvil vermişdir. Rəvan pivələri baha qiymətə satsa belə ona pulu razılaşdıqları qiymətdə ödəmişdir. Beləliklə Borclu əvvəl çəlləyin birində 2 manat verən zaman o, hər çəlləyi 43 manatdan 125 ədəd çəlləkdə sadə, 15 ədəd 1 çəlləyi 45 manatdan sadə çəllək, 6 ədəd çəlləyi 50 manatdan qara pivə, 1 çəlləyi 40 manatdan 243 ədəd sadə pivə, 1 ədədi 1,25 manatdan 4.820 ədəd butulka pivəsi və sonradan Sənan adlı işçisindən 1 çəlləyi 45 manatdan 5 çəllək pivə götürmüşdür. Lakin cavabdeh həmin pivələrin pulunu qaytarmamışdır. Həmçinin pivələrin olduğu 1 ədədi 70 manat olmaqla 24 ədəd çəlləyi, 1 ədədi 60 manat olan 10 ədəd hava balonu, 1 ədədi 70 manat dəyərində 15 ədəd həmin hava balonunun üzərinə quraşdırılmış qaz paylayıcı redikator, 1 ədədi 2,50 manat dəyərində olan 4.000 ədəd bakalı geri qaytarmamışdır. Eyni zamanda cavabdeh 1 ədəd 150 manat dəyərində pivə paylamaq üçün verdiyi «Ford Transit» markalı avtomobilə quraşdırmaq üçün qoyduğu startyoru da götürmüşdür. Həmçinin Borclu ondan müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 1000 manat məbləğində borc pul götürmüşdür. Beləliklə Borclu ondan götürdüyü ümumilkdə 16.345 manat dəyərində pivə və 4480 manat dəyərində avadanlıqların pulunu verməmiş, həmçinin aldığı 1000 manat pulu da qaytarmamışdır. Rəvanın əvvəl ona verməli olduğu pulun dəyəri daha da artıq olmuş, lakin sonradan 4700 və 1275 manat olmaqla pulun bir hissəsini qaytarmış, qalan məbləği isə qaytarmamışdır. Dəfələrlə cavabdehdən olan borcunu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Elə buna görə də şikayət ərizəsi ilə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmışdır. Həmin vaxt Polis Şöbəsində cavabdeh Borclu izahatları alınmış, o, borc pul, pivə və avadanlıqlar aldığını etiraf etmişdir. Lakin buna baxmayaraq cavabdeh ona borclu olduğu pulunu qaytarmaq istəmir. Pulunu başqa qaydada cavabdehdən ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(013)-667/2023 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddia təmin edilərək, cavabdeh Borclu 21.580 (iyirmi bir min beş yüz səksən) manat və dövlət rüsumu kimi ödənilmiş 156 (yüz əlli altı) manat olmaqla, ümumilikdə 21.736 (iyimi bir min yeddi yüz otuz altı) manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sübutlar: Mingəçevir Şəhər Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərarında olan cavabdeh Borclu izahatından görünür ki, o, hazırkı İddiaçı təxminən 13.000-15.000 manat civarında borcu olduğunu etiraf etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabat sənədindən görünür ki, ona cavabdeh Borclu götürdüyü və pullarını ödəmədiyi pivələrə görə 17345 manat, avadanlıqlara görə 4480 manat olmaqla, ümumilikdə 21825 manat borcu var. Apellyasiya şikayətinin dəlilləri. Ağdam Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(013)-667/2023 saylı qətnaməsindən narazı qalan cavabdeh Borclu apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(013)-667/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Borclu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçıla təxminən 1 il müddətində birlikdə işləmişlər. Zilfinin sahib olduğu "xxxx" X1 şəhərində yerləşən nümayəndəliyindən pivə çəlləklərini və avadanlıqlarını nisyə olaraq götürüb, Mingəçevir şəhəri ərazisində olan müxtəlif kafelərə paylamış, kafelərdən yığdığı pulları Zilfiyə ödəmişdir. Zilfidən aldığı malların pulları hazırda da pivəni payladığı obyektlərdə qalmaqdadır. Həmin məbləğin 3700 manatı "İrşad" adlı obyekt sahibindədir, Mingəçevir Şəhər Polis Şöbəsində izahat verərkən 13000-15000 manat borcun olmasını deyil, aralarında həmin məbləğdə alverdən pul qalmasını bildirmişdir. 13.000-15.000 manat məbləğində pul vəsaiti də yuxarıda qeyd etdiyi obyektlərdə qalmışdır. Sadacə işdən çıxarıldığından həmin obyektlərə gedib pulu istəyəndə, kafe sahibləri işdən çıxdığını bilib, pulu verməkdən imtina etmişlər. İddiaçı özü gedib həmin kafelərdən pulu ala bilər. Bəlkə də almışdır. Ancaq bütün borc məbləğini onun üstünə atır. Həmin kafe sahiblərinin hamısını iddiaçı tanıyır və ondan əvvəl də onlara pivə satmışdır. Həmin obyektlərə pivə verməyini də özü ona demişdir. 5.000 manat pul vəsaitini atası İddiaçı versə də işə baxan məhkəmə bunu da nəzərə almamışdır. Ümumiyyətlə, 21.580 manat məbləğində ona pivə verməsinə dair heç bir sübut olmasa da birinci instansiya məhkəməsi qəpiyinə qədər həmin pulun cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir. Həmin məbləğdə pivənin haradan və neçəyə alınması barədə iş materialiarında hər-hansı qaimə və ya faktura sənədi yoxdur. Cavabdehlə əmək müqaviləsi bağlanmamışdır. Həmin məbləğdə ona pivə və onun avadanlıqlarının verilməsinə dair aralarında hər-hansı razılaşma da yoxdur. Həmçinin, "xxxx" X1 şəhərində yerləşən nümayəndəliyinin rəhbəri olmasına dair heç bir sübut da yoxdur. İddia tələbini sübut etmək iddiaçı tərəfin üzərinə düşür. Ona görə də hesab edir ki, qətnamə əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Sadalanan xüsusatlardan göründüyü kımi hazırki iş üzrə birinci insatansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Borclu izahat verib bildirmişdir ki, iddiaçı ilə arasında hər hansı bir müqavilə olmamış, sadəcə ondan pivələri nisiyə götürərək kafelərə paylamış və pulunu yığıb vermişdir. Polisdə verdiyi izahatda qeyd etdiyi kimi iddiaçıya 13000-15000 manat aralığında borcu qalmışdır. Həmin pullar da pivəni verdiyi kafe sahiblərindədir. Lakin, iddianı ondan tələb olunan 4.480 manat dəyərində avadanlıqların pulu hissəsində qəbul etmir. Belə ki, həmin avadanlıqlar hazırda da kafelərdə olmaqla, iddiaçı onlara yenə də pivə satmaqdadır. O, iddiaçıdan həmin avadanlıqları almamış və kafelərə də verməmişdir. O, iddiaçıdan mal götürməyə başlayanda həmin avadanlıqlar kafelərdə olmuşdur. Sadəcə olaraq iddiaçı ilə işə başlayanda iddiaçı pivə verdikləri yerləri və sahibləri ilə tanış etdirmiş və orada olan avadanlılar barədə ona məlumat vermişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, apellyasiya şikayətində 5000 manat verilməsi ilə bağlı göstərilənlər vəkil tərəfindən düzgün yazılmamışdır. Belə ki, həmin pul 5000 manat deyil, 4700 manat olmuş, həmçinin həmin məbləğ polisdə etiraf etdiyi 13000-15000 manat borc məbləğinə daxil olmamışdır. Belə ki, əvvəlki borcu təxminən 21000 manat civarında olmuş və 4700 manat həmin puldan çıxılmışdır. Avadanlıların dəyəri isə həmin məbləğə daxil olmamışdır. İddiaçıya dəqiq nə qədər borcunun olmasını bilmir. Təxminən 13000-15000 manat aralığında borcu qaldığını bilir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 4.480 manat dəyərində olan avadanlıqların bəziləri cavabdeh tərəfindən ondan götürülməmişdir. Sadəcə olaraq həmin avadanlıqlar kafelərdə olmuş, avadanlıqlar iddiaçı ilə ilk dəfə razılaşma olarakən kafelərdə olması bildirilərək, ona təhvil verilmişdir. Onun apardığı hesabatın hamısı cavadbehin öz dəftərində olan qeydlərə əsasən aparılmışdır. Pulun yığılmasında o da maraqlı olmuş buna görə də cavadbehin borc qaldığını bildirdiyi kafelərin bir neçəsinə müraciət etsə də kafe sahibləri pulları cavadbehə verdiklərini bildirmişdir. Bundan sonra cavadbehin onu aldatdığını başa düşmüşdür. Yalnız cavadbehin pivə verdiyi öz tanışlarından 245 manat pul almışdır ki, həmin məbləği də ilkin tələbindən çıxmışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, cavabdehlə hər hansı bir müqavilə bağlanmamış və "xxxx" Pivə Firmasının işçisi olmamışdır. Sadəcə olaraq cavadbeh ondan pivələri nisiyə alaraq kafelərə satmış və qazanc əldə etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən İddiaçı cavadbehin avtoqəza keçirməsini və maddi vəziyyətinin yaxşı olmamsını nəzərə alaraq iddia tələbinin 4.480 manat dəyərində olan avadanlıqlar hissəsindən imtina etdiyini və hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(013)-667/2023 saylı qətnaməsi cavabdehdən tələb olunan 4480 manat pivə avadanlıları hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalı, 17100 manat pul tələbi hissəsində isə apellyasiya şikayəti təmin edilməyərək, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan nisiyə alqı-satqı müqaviləsinə əsasən pivə məhsulları alaraq kafelərə paylamış, lakin iddiaçıdan nisiyə aldığı pivələrin tam dəyərini ödəməyərək iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdehi iddiaçı qarşısında olan öhdəliyinin həcmini dəqiq bilməməklə, öhdəliyin 13000-15000 manat aralığında olmasını iddia etmişdir. İddiaçı tərəfindən isə alqısatqının hesabatı dəqiq aparılmışdır. Bundan başqa məhkəmə kollegiyasının iclasında cavabdeh iddiaçı qarşısında daha əvvəl 21000 manat ətrafinda öhdəliyinin olmasını və həmin məbləğdən 4700 manat ödənildiyini bildirmişdir ki, iddiaçı tərəfindən isə 4700 manat pulun ödənilməsini onun hesabatında nəzərə alənmışdır. Belə olduğu təqdirdə isə cavabdehin iddiaçı qarşısında alınmış pivələrə görə pul öhdəliyinin iddiaçının iddia etdiyi həcmdə, yəni 17100 manat məbləğində olması öz təsdiqini tapmaqdadır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(013)-667/2023 saylı qətnaməsi cavabdehdən tutulan 17100 manat pul məbləği hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağdam Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(013)-667/2023 saylı qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(013)-667/2023 saylı qətnaməsi cavabdeh Borclu İddiaçı xeyrinə tutulan 17100 (on yeddi min yüz) manat pul məbləği hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar