Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1616/2025 04.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: sığorta hadisəsi; sığorta hadisəsi nəticəsində dəymiş ziyan məbləğinin sığortaçı tərəfindən zərərçəkənə ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(125)-166/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AD930585 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E200 CDİ” minik markalı **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir;
2. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir;
3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(076)-898/2024 nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi; Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/9515 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, Babək prospektində yerləşən avtohissələr satışı mağazalarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Mercedes Benz E200” markalı, **- RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7660 manat müəyyən edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10380 manat ziyanın və ödənilmiş 122 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı X1 əsl İddiaçı ilə əvəz edilmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə özünə məxsus Mercedez Benz C-200 markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax yolunun 420-ci km-də hərəkətdə olduğu vaxt ona məxsus Mercedez Benz E-200 markalı **-RO-*** markalı avtomaşınla toqquşmuşdur. Qəza nəticəsində Cavabdeh ona 10380 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin hadisə ilə bağlı Baş Dövlət Yol Polisində tədbir görülmüş və bu barədə protokol tərtib edilmişdir. Hadisə Cavabdeh günahından baş vermişdir. Ona dəyən 10380 manat məbləğində maddi ziyan avtoservis müəssisəsinin rəyi əsasında öz sübutunu tapmışdır. Hadisə vaxtı və hadisədən bir müddət sonra Cavabdeh ona dəyən ziyanı ödəməsini tələb etmişdir, lakin cavabdeh bu günədək həmin ziyanı ödəməkdən boyun qaçırmışdır.
8. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan məlum olduğu kimi iddiaçının ondan tələb etdiyi pul məbləğinin yaranma əsası xx.xx.2024-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə onun idarə etdiyi nəqliyyat vasitəsi arasında toqquşma nəticəsində iddiaçının avtomaşınına dəymiş maddi ziyanla bağlıdır. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə DİN BDYPB-nin Şəmkir rayon YPX-nin əməkdaşı tərəfindən barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında verilmiş inzibati qərar hazırda mübahisələndirmə mərhələsindədir. Belə ki, hazırki iş üzrə iddia məhkəməyə daxil olan anda və ya bu etiraz məhkəməyə təqdim olunan anadək həmin yol-nəqliyyat hadisəsi nəticəsində barəsində verilmiş inzibatı xəta haqqında qərar qüvvədə deyildi. Yəni, həmin hadisədən dolayı onun inzibati təqsiri hazırda sübut olunmamışdır. Bu səbəbdən qarşı tərəfin hazırkı anda ona qarşı maddi ziyan tələbi ilə çıxış etməsinin faktiki və hüquqi əsası yoxdur. Digər tərəfdən, hətta baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı təqsiri sübut olmuş olsa belə, iddia ərizəsində göstərilən maddi ziyan tələbi ilə razı deyildir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut qismində təqdim etdiyi sxem və akt mötəbər sübut kimi məhkəmə tərəfindən qiymətləndirilə bilməz. Ona görə ki, həmin sənədlər müvafiq səlahiyyət sahibləri tərəfindən qanuna müvafiq qaydada tərtib edilməmişdir. Bundan əlavə iddiaçıya aid avtomaşına vurulmuş ziyan olduqca şişirdilmiş həddə göstərilmiş və avtomobilin sıradan çıxmış detallarının qiymət göstəriciləri və işçilik xərci real bazar dəyərini əks etdirməmişdir. Belə ki, yüngül avto-qəza nəticəsində 10 ildən artıq istismar müddəti olan köhnə avtomobilə dəymiş ziyanın miqdarı iddia ərizəsində o qədər şişirdilmiş bir məbləğdə göstərilmişdir ki, az qala həmin avtomobilin işlək vəziyyətə bazar dəyəri ilə eyni qiymət təşkil edir. Bu səbəbdən avtomobilə dəymiş ziyanla bağlı sıradan çıxmış ehtiyat hissələri, onların əldə edilməsi və işçilik haqqı ilə bağlı real ziyan məbləğinin məhkəmə qaydasında ətraflı tədqiq edilməsi labüddür. Bu istiqamətdə xüsusi biliyə malik olan ekspertin cəlb edilməsi vacibdir.
9. Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(125)-166/2025 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 7660 (yeddi min altı yüz altmış) manat pul və 96,6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi; İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutularaq: büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1 və 1108.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus **-RO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200 CDİ”minik markalı avtomobilə zərər dəymiş, lakin cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadığı üçün iddiaçı zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/9515 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, Babək prospektində yerləşən avtohissələr satışı mağazalarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Mercedes Benz E200” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7660 manat müəyyən edilmişdir. İddiaçının maşınına dəymiş ziyanla bağlı ekspert avtomobilə baxış keçirmədən yalnız detalların ümumi bazar qiymətini yazmışdır. Lakin nəzərə almırlar ki, həmin avtomobildə bütün detallarin yenisi qoyulmamışdır. Əksər detalları yerində düzəldilmiş, yəni əvvəlki öz detalı təmir edilmişdir. İddiaçı isə hesab edir ki, qəzadan sonra maşında aparılmış təmir işlərində bütün detalların yenisi qoyulmuşdur. Ekspertdə ümumiyyətlə avtomobilə baxış keçirməmiş və ümumi qiymətlər yazmışdır. Hansı ki hazırda avtomobilə dəymiş ziyanın məbləği mübahisələndirilir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, sığorta şirkəti də 5000 manat iddiaçıya sığorta ödəmişdir. Belə olan halda iddiaçı əsassız varlanmaq həvəsindədir. Həm sığortadan 5000 manat alır, həm də cavabdehdən 10380 manat pul tələb edir. Göründüyü kimi, iddia tələbi əsassızdır. Çünki iddiaçıya 5000 manat sığorta pulu ödənilmiş və həmin pul avtomobilə dəymiş ziyanı tam ödəmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləği ekspert tərəfindən şişirdilmişdir. Rəydə göstərilən qiymətlər həqiqəti əks etdirmir. Digər tərəfdən, ekspert avtomobilə vizual baxış keçirtmədən yalnız avtomobilin detallarının qiymətini rəydə qeyd etmişdir. Həmçinin, cavabdehin deməsinə görə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanını əvəzi olaraq sığorta şirkəti tərəfindən ona 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar dövlət yol polis şöbəsi tərəfindən cavabdeh barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar məhkəmədə mübahisələndirilsə də, lakin şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçıya məxsus avtomobil artıq təmir edilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, əslində yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə təqribən 17000 manat civarında maddi ziyan dəymişdir. Ona dəymiş ziyan məbləği 1 ildən artıq müddətdir ki ona ödənilmir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi ziyanın əvəzi olaraq "xxxx" ASC tərəfindən ona 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 1.1.15. sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir; 1.1.21. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
23. Maddə 14.3.2.2. avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası əmlak sığortasına aiddir;
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
24. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
25. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
26. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 27 Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
35. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 7660 (yeddi min altı yüz altmış) manat pul və 96,6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi» hissədə dəyişdirilməli, dəymiş maddi ziyanın əvəzi olaraq 2660 manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 46,6 manat, cəmi 2706,6 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “Mercedes Benz E200 CDİ” minik markalı **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Mercedez Benz C-200 markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 420-ci km-də İddiaçı idarə etdiyi Mercedez Benz E-200 markalı **-RO-*** markalı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə İddiaçı idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və Cavabdeh hadisənin baş verməsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsilə hüquqi məsuliyyətə cəlb edilmişdir. Hadisə ilə əlaqədar sığorta şirkəti tərəfindən zərərçəkən İddiaçı 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
38. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus **-RO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” minik markalı avtomobilə zərər dəymiş, lakin cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmamışdır.
39. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
40. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.
41. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb maddi ziyanın əvəzinin ödənilməsi barədədir və iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
42. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
43. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mülki hüquq pozuntusuna (delikt) yol verməsi və bunun nəticəsində iddiaçının maddi ziyana məruz qalması işin mübahisələndirilməyən halı olduğundan bu xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur.
45. Apellyasiya baxışı üzrə araşdırılmalı məsələ - yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləğidir.
46. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsində icraat zamanı əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/9515 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, Babək prospektində yerləşən avtohissələr satışı mağazalarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Mercedes Benz E200” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 7660 manat təşkil edir.
47. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
48. Məhkəmə kollegiyası hesab edir ki, rəy əsaslıdır. Ona görə ki, ekspertiza tədqiqatı zamanı avtomobil təmir-bərpa xərcinin müəyyən üçün iş materiallarında olan qüsur aktındakı zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmış və Bakı şəhəri Babək prospektində yerləşən avto eytiyyat hissələri satışı bazarında olan qiymətlərdən istifadə edilmişdir.
49. Beləliklə işin müəyyən olunmuş və faktiki hallarına əsasən müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nqəliyyat hadisəsi nəticəsində İddiaçı məxsus Mercedez Benz E-200 markalı **-RO-*** markalı avtomobilə 7660 manat məbləğində ziyan dəymişdir.
50. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən həmin məbləğdə dəymiş ziyanı tutmaqda haqlı olmamışdır; Çünki, İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında hadisə ilə əlaqədar sığorta şirkəti tərəfindən ona 5000 manat sığorta ödənişi verildiyini bildirmişdir.
51. Bu halda, iddiaçı avtomobilə dəymiş ziyan məbləğinin qalıq hissəsini (7660-5000=2660) 2660 manat cavabdehdən tələb etmək hüququna malik olmuşdur.
52. Birinci instansiya məhkəməsi isə işin bu hallarını nəzərə almadan avtomobilə dəymiş ziyana görə cavabdehdən 7660 manat vəsait tutulması qənaətinə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyan məbləğinə dair hissədə dəyişdirilməli və maddi ziyan məbləği 2660 manat müəyyən edilməlidir. Maddi ziyan məbləğinə dair hissədə qətnamə dəyişdiyindən dövlət rüsumunun tutulmasına dair hissədə də qətnamə dəyişdirilərək cavabdehdən tutulmalı rüsum məbləği 46,6 manat həddində müəyyən edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(125)-166/2025 nömrəli qətnaməsi «Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 7660 (yeddi min altı yüz altmış) manat pul və 96,6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi» hissədə dəyişdirilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 2660 (iki min altı yüz altmış) manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 46,6 (qırx altı manat altmış qəpik) manat, cəmi 2706,6 (iki min yeddi yüz altı manat altmış qəpik) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.