Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1618/2025 08.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə və Cavabdeh iştirakları ilə, “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1648/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsi müddətsiz olaraq bağlanılmaqla Cavabdeh İddiaçı MMC-də ərazi satışları şöbəsində ticarət nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur.
2. ******* nömrəli əmək kitabçasının surətindən məlum olur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli əmrə əsasən xx.xx.2019-cu ildə İddiaçı MMC-də satış şöbəsinə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 23K nömrəli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğu üçün) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli qeydə əsasən Cavabdeh həmin tarixdə əmək kitabçasını təhvil almışdır.
3. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yazılı izahatın surətindən görünür ki, Cavabdeh izahatında X5 (1205,27), Leylabaşov Saqif Zeynal oğlu (773,21), X6 (2867,38), X1 (2179,64), X2 (2541,81), X4 (230) və X3 (1528,67) adlı müştərilərin sifərişlərini qeyd etdiyini, növbəti günlərdə həmin sifarişlər sürücü ekspeditor tərəfindən ünvana çatdırılan zaman həmin müştərilərə deyil, başqa şəxslərə verilməli olduğuna dair yönəltdiyini, bu halların bir neçə dəfə təkrar olunduğunu, işə girəndə bu cür təhvil aldığını və bu cür davam etdirdiyini, bu işdə sürücülər Abdullayev Ələddin və İbrahimov Elşadın heç bir günahları olmadığını, həmin sifarişlərin ödənişlərini sürücülərin götürmədiyini, xx.xx.2021-ci il tarixdən səhhəti ilə bağlı psixoloji dispanserdə rəsmi müalicədə olduğunu, müalicəsinin davam etdiyini, işə çıxdığı təqdirdə bu borclarla məşğul olacağını və ödənişlər etməyə başlayacağını göstərmişdir.
4. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəyin surətindən məlum olur ki, ticarət nümayəndəsi Cavabdeh İddiaçı MMC qarşısında xx.xx.2021-ci il tarixə həqiqətən də 11325,98 manat borc öhdəliyi mövcuddur.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya vurulmuş 11325,98 manat maddi zərərin, 2000 manat hüquqi yardım xərcinin və 130 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2019-cu ildə əmək müqaviləsi bağlanmışdır. Cavabdeh ərazi satışları şöbəsində ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını kobud şəkildə pozmuş, iddiaçıya xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, çalışdığı müddətdə müştərilərdən sifarişləri qəbul etmiş, həmin malları həmin müştərilərə deyil, digər özünə yaxın məkanlara və şəxslərə yönləndirmişdir. Bu məsələ uzun zaman davam etmişdir. Bu məsələnin üstü açılanda isə özü izahat yazaraq etiraf etmiş, audit rəyi ilə məsələ təsdiqlənmişdir. Audit rəyi ilə məsələnin təsdiqindən sonra vurulmuş 11.325,98 manat maddi zərər ödənilmədiyi üçün cavabdehin əmək müqaviləsinə xx.xx.2022-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Həmin əmrdən cavabdeh şikayət verməmişdir. Hazırda cavabdehin səhlənkarlığı və əmək funksiyalarını pozmasına görə iddiaçı müəssisəyə dəymiş 11.325,98 manat maddi zərər ödənilməmişdir. Bu maddi zərər məbləğini cavabdehin özünün izahatı, audit rəyi və əmək müqaviləsinə xitam verilməsi barədə əmri və digər sənədlər birbaşa təsdiq edir.
7. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1648/2025 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, cavabdeh izahatında göstərilən halları etiraf etmiş, həmçinin audit rəyi ilə də cavabdehin iddiaçıya 11325,98 manat məbləğində ziyan vurduğu təsdiq edilmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək müdiriyyətin ona göstəriş verdiyi kimi işlədiyini, sadəcə sifarişləri planşetə yazdığını, məhsulları paylayanların başqa adamlar olduğunu və çatdırılmalara satış müdirinin nəzarət etdiyini göstərərək iddiaya etiraz etmiş, etirazının əsası kimi məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, o, 18 avqust 2019cu il tarixində əmək müqaviləsi ilə İddiaçı MMC-də ekspeditor vəzifəsində işə qəbul olunmuş, 13 oktyabr 2021-ci il tarixində iddiaçı ilə təhvil təslim edərək işdən çıxmışdır. İşdən çıxarkən hansı mağazalara mal vermiş, hansı mağazalardan alınacaq pullar barədə iddiaçıya məlumat vermişdir. Ondan tələb olunan maddi ziyan 11325,98 manat məbləğində pulu iddiaçı mağazalardan ona qarşı iddia qaldıranadək yığmışdır. Hazırda iddiaçı əsassız olaraq ondan pul tələb etməkdədir. Həmçinin onu 2021-ci ilin oktyabr ayında işdən çıxmağına baxmayaraq iddiaçı onu 13 iyun 2022-ci il tarixində işdən azad etmişdir. O, iddiaçı tərəfindən iddia qaldırıldıqdan sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı barədə məlumatı olmuşdur. Məhkəmə onun 13 oktyabr 2021-ci il tarixində yazdığı izahatı borc öhdəliyi kimi qəbul etmiş və bunu əsas götürərək qətnamə qəbul etmişdir. Məhkəmədə təkidlə iddia müddətinin ötürüldüyünü, məhkəmə tərəfindən əsas kimi götürülmüş izahatın əsassız və qanunsuz olduğunu bildirsə də, məhkəmə onun haqlı tələbinə məhəl qoymamışdır. Məhkəmə izahatı əqd kimi qəbul etmiş və onu əsassız olaraq borclanmağını özündə ehtiva edən qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, şirkət ona necə göstəriş vermişdirsə, o cür işləmiş, heç bir mənimsəmə etməmişdir. İşlədiyi vaxtlarda şirkəti idarə edən Valeri adlı şəxs idi və onun bütün proseslərdən xəbəri olmuşdur. 8 ay boyunca şirkət onun əmək müqaviləsini verməmiş, bu barədə ƏƏSMN-ə şikayət etdikdən sonra əmək müqaviləsini götürmüş, ancaq hansı maddə ilə işdən çıxarıldığına baxmamışdır. Məhkəmə prosesində bilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir, bu barədə şikayət edəcəkdir. İşdən çıxdığı vaxt satış müdiri ilə təhvil-təslim edib çıxmışdır. Həmin vaxt satış müdiri Abbas Həsənov olmuşdur. Çatdırılmalara həmin satış müdiri nəzarət etmiş, o, sadəcə sifarişləri planşetə yazmışdır. Məhsulları paylayanlar başqa adamlar olmuş, onlar məhsulları paylayıb sahibkarlardan nəğd pul götürmüş, məhsul nisyə verildikdə isə ödəniş şirkətin bank hesabına köçürülmüşdür. O, istehlak müddəti bitmiş məhsullara nəzarət etmiş, 14 gün ödəniş müddəti keçəndən sonra ödənişlərlə maraqlanmışdır. Qalan məsələlərdən məlumatı yoxdur. Müdiriyyətin göstərişi ilə sifarişləri yazmış, daha sonra müdiriyyət hara demişdirsə, məhsullar ora çatdırılmışdır. Şirkət vergidən yayınmaq üçün bəzi mağazaların adını yazdırmamış, məhsulları başqa ünvana çatdırılmışdır.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, İddiaçı MMC beynəlxalq bir şirkət olmaqla Rusiya istehsalı olan ərzaq məhsullarının satışını həyata keçirməkdədir. Bu şirkətin bir çox regionlarda ticarət nümayəndələri vardır. Cavabdeh 2019-cu ilin avqust ayında şirkətdə ərazi satışları üzrə ticarət nümayəndəsi nəzarətçi kimi işə götürülmüşdür. İşçinin əsas əmək funksiyaları məhsullarla bağlı sifarişləri toplamaq, həmin məhsulların lazım olan ünvanlara göndərilməsini təmin etmək, debitor borclara nəzarət etmək, sahibkarlarla görüşmək, məhsullarda qüsur varsa həmin qüsurları qeydə almaq və s. olmuşdur. Cavabdeh ticarət nümayəndəsi kimi malları sürücüyə vermiş, sürücü malları cavabdehin tapşırığı ilə ayrı-ayrı şəxslərə verib, əvəzində qaimə alıb şirkətə verirdi. Lakin cavabdehin sürücülərə göstərişi əsasında məhsullar cavabdehin tanışı olan şəxslər tərəfindən işlədilən fərqli obyektlərə çatdırılmışdır. 2021-ci ilin İİİ rübü üzrə üzləşmə aktları tərtib edilib sahibkarlara göndərildikdə, həmin 8 sahibkar göstərilən məhsulların onlara çatdırılmadığını bildirmişdir. Bir sıra araşdırmalardan sonra həqiqətən də məhsulların çatdırılmadığı məlum olmuşdur. Şirkət tərəfindən auditorlar cəlb olunmuş və onlar cavabdehin izahatı, eləcə də şirkətin maliyyə sənədlərinə əsasən rəy tərtib ediblər. Bundan sonra cavabdehin izahatı alınmış, cavabdeh izahatında göstərilən halları etiraf etmiş və işə qayıtdıqdan sonra mübahisəni həll edəcəyini bildirmişdir. Oktyabr ayından iyun ayına kimi şəxsin işdən azad edilməməsinin səbəbi isə cavabdehin bülletendə olması və şirkətin cavabdehin işə qayıtdıqdan sonra vurduğu zərərin əvəzini ödəyəcəyini gözləməsi olmuşdur. Cavabdeh işə qayıtdıqdan sonra vurduğu zərəri ödəmədiyi üçün 2022-ci ilin iyun ayında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş və əmək müqaviləsi cavabdehə təqdim edilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir.
18. Məhkəmə kollegiyası MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanaraq Cavabdeh xx.xx.2019-cu ildə İddiaçı MMC-də satış şöbəsinə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 23K nömrəli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmiş, xx.xx.2022-ci il tarixli qeydə əsasən Cavabdeh həmin tarixdə əmək kitabçasını təhvil almışdır.
19. İddiaçı iddia etmişdir ki, cavabdeh çalışdığı müddətdə müştərilərdən sifarişləri qəbul etmiş, həmin malları həmin müştərilərə deyil, digər özünə yaxın məkanlara və şəxslərə yönləndirmiş, 2021-ci ilin İİİ rübü üzrə üzləşmə aktları tərtib edilib sahibkarlara göndərildikdə, həmin sahibkarların göstərilən məhsulların onlara çatdırılmadığını bildirməsi nəticəsində məlum olmuşdur ki, həqiqətən məhsullar həmin müştərilərə çatdırılmamışdır. Cavabdeh izahatında göstərilən halları etiraf etmiş, həmçinin audit rəyi ilə də cavabdehin iddiaçıya 11325,98 manat məbləğində ziyan vurduğu təsdiq edilmişdir (iş.v 61).
20. Cavabdeh isə iddia tələbini qəbul etməyərək müdiriyyətin ona göstəriş verdiyi kimi işlədiyini, sadəcə sifarişləri planşetə yazdığını, məhsulları paylayanların başqa adamlar olduğunu və çatdırılmalara satış müdirinin nəzarət etdiyini göstərərək iddiaya etiraz etsə də, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, kollegiya iddianı həmin hissədə tam təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
21. Belə ki, cavabdeh qeyd olunan məbləğdə malların alınmadığını qeyd etsə də, tərəfindən verilmiş izahatda X5 (1205,27), Leylabaşov Saqif Zeynal oğlu (773,21), X6 (2867,38), X1 (2179,64), X2 (2541,81), X4 (230) və X3 (1528,67) adlı müştərilərin sifərişlərini qeyd etdiyini, növbəti günlərdə həmin sifarişlər sürücü ekspeditor tərəfindən ünvana çatdırılan zaman həmin müştərilərə deyil, başqa şəxslərə verilməli olduğuna dair yönəltdiyini, bu halların bir neçə dəfə təkrar olunduğunu, işə girəndə bu cür təhvil aldığını və bu cür davam etdirdiyini, bu işdə sürücülər Abdullayev Ələddin və İbrahimov Elşadın heç bir günahları olmadığını, həmin sifarişlərin ödənişlərini sürücülərin götürmədiyini, xx.xx.2021-ci il tarixdən səhhəti ilə bağlı psixoloji dispanserdə rəsmi müalicədə olduğunu, müalicəsinin davam etdiyini, işə çıxdığı təqdirdə bu borclarla məşğul olacağını və ödənişlər etməyə başlayacağını göstərmişdir.
22. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini göstərsə də, bu barədə birinci instansiya məhkəməsinə Azərbaycan Respublikası MM-nin 375-ci maddəsinin tələbinə uyğun olaraq, iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi üçün məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.
23. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. Məhkəmə kollegiyası hüquqi yardım üçün müdafiəçiyə ödənilən 2000 manat pul tələbinə münasibətdə gəlinən nəticə ilə razılaşmır və qeyd edir ki, işdə olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC Femida Vəkil Bürosu tərəfindən hüquqlarının müdafiəsi üçün hüquqi yardıma görə 2000 manat pul ödəmişdir. Ödənişin təyinatı və əsas kimi xx.xx.2024-cü il tarixli 708 nömrəli müqavilə olmuşdur. Lakin iş materiallarından müəyyən olunur ki, hazırki iş üzrə hüquqi yardımın göstərilməsi haqqqında xx.xx.2024-cü il tarixli, EM-221VK-16592/24 saylı müqavilə ilə hüquqi yardım göstərilən şəxs İddiaçı MMC adından onu təmsil edən vəkil Nümayəndə ilə müqavilə bağlanılmışdır. Göründüyü kimi, hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələrin tarixləri üst-üstə düşmür. Bu da onu təsdiq edir ki, ödənilən 2000 manat vəkil xidmət haqqı hazırki iş üzrə göstərilən hüquqi xidmətlə əlaqədar olmamışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi yardımla bağlı ödənilməsi nəzərdə tutulan 2000 manat pul iddiaçıya hazırki iş üzrə göstərilmiş hüquqi yardıma adekvat məbləğ deyildir. Ona görə də, iddia həmin hissədə qismən təmin edilərək, Cavabdeh hüquqi yardıma görə 300 manat pul tutulmalıdır.
26. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384-385, 392- 393, 402-407-cı maddələrini rəhbər tutaraq,
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1648/2025 nömrəli qətnaməsi qismən, hüquqi yardıma görə ödənilmiş 2000 (iki min) manat xərcin tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1648/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamənin hüquqi yardımın ödənilməsi hissəsi qətidir və ondan şikayət verilə bilməz. Qətnamənin maddi ziyanın ödənilməsi hissəsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov