Məhkəmə qərarları › İş №2(104)-162/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-162/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-162/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cabir qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cabir qızına qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(013)- 1333/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əlyazma qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 3500 manat borc verilmişdir.

2. Əlyazma qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 Cabir qızına iki aydan bir 1000 manat və sonda 540 manat qaytarmaq şərti ilə 3540 manat borc verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cabir qızına qarşı pul tələbinə dair Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 3500 manat, Cavabdeh2 Cabir qızından 2540 manat və ödənilmiş 80,40 dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonu İmamqulubəyli qəsəbəsində geyim, mebel və digər əşyaların satışı mağazası var. Cavabdeh1 2021-ci ildə ondan 3500 manat dəyərində geyim əşyaları götürmüş və borc almasına dair qəbz vermişdir. Cavabdeh2 Cabir qızı isə 3540 manat dəyərində qızıl-zinət və geyim əşyaları götürmüş və buna dair yazılı qəbz vermişdir. Cavabdeh2 borcundan 1000 manat ödəmişdir. Hazırda Zülfiyyənin 2540 manat, Cavabdeh1 isə 3500 manat borcu qalmışdır.

5. Ağdam Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(013)-1333/2023 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 3320 manat, Cavabdeh2 2540 manat alınaraq İddiaçı verilməsi; Ödənilmiş dövlət rüsumu əvəzində Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 78,60 manat alınaraq İddiaçı verilməsi; İddiaçı ödənilmiş dövlət rüsumu 1,80 manat tələbi, həmçinin Cavabdeh1 qarşı olan iddiasının qalan 180 manat tələbinə dair hissəsi rədd edilməsi qət olunmuşdur.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.1, 529.1, 529.3, 567, 739 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227, 233, 357-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş və çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Bu səbəbdən sübutlarını təqdim edə bilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi əlyazma onun tərfindən yazılmamışdır. İddiaçıdan geyim əşyaları almış və 1400 manatın müqabilində çörək pulu kartını ona kivermişdir. Təqdim olunmuş video görüntüdə ona pulu verən şəxs isə iddiaçının qardaşıdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından qətnamənin ona aid hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 borc verməsini təsdiq edən sübutu, yəni video görüntüləri məhkəməyə təqdim etmişdir. Həmin görüntüdə Vüsaləyə onun göstərişi əsasımnda qardaşı Tural tərəfindən borc verilməsi sübut olunur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

16. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

24. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

25. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

26. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsədə, lakin şikayətin məzmunundan görünür ki, qətnamə iddianın ona aid hissədə təmin olunması hissəsində mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər

32. Qətnamə mübahisələndirilən hissədə işin müəyyən olunmuş faktik hallarından görünür ki, İddiaçı Cavabdeh1 3500 manat dəyərində pal-paltar verməsini, sonuncunun isə 3500 manat ondan borc alması barədə qəbz verməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı həmin hissədə qismən təmin etmişdir. Qətnamə mübahisələndirilən hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Kollegiya ilkin olaraq qeyd edir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Yuxarıda da qeyd olunduğu kimi, İddiaçı tələbinin əsası kimi işin 9-cu vərəqində olan və Cavabdeh1 tərəfindən yazılmış əlyazma qəbzə istinat etmişdir. Həmin qəbzdə qeyd olunmuşdur ki, “Cavabdeh1 ..X1 .İ borcu 3500 manat pul götürdüm 2021 ci ildə” Apellyasiya icraatı zamanı, yəni 30 oktyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavavdeh Cavabdeh1 həmin qəbzin onun tərəfindən yazılmadığını, eləcədə imzalanmadığını bildirmişdir. Ona görədə iş üzrə məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 13 fevral 2024-cü il tarixıli 4/1930-4/54 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, işin 9-cu vərəqində kağız parçası üzərindəki “Cavabdeh1 ..X1 .İ borcu 3500 manat pul götürdüm 2021 ci ildə” yazıları və yazıların sonundakı imza-Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iddiaçının cavabdehə borc verməsini istinad etdiyi əlyazma Cavabdeh1 tərəfindən yazılmamış, eləcədə sonuncu tərəfindən imzalanmamışdır.

35. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36 Apellyasiya icraatı zamanı iddiaçı Ruhiyyə Gülməmmədova cavabdehə borc verməsinin sübutu kimi təqdim olunmuş video görüntüyə baxış keçirilməsini məhkəmədən xahiş etmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, bir nəfər kişi cinsindən olan şəxs avtomobildə Cavabdeh1 1600 manat, sonra isə 1200 manat olmaqla, cəmi 2800 manat verir. Göründüyü kimi təqdim olunmuş video görüntüdə hazırkı iş üzrə Cavabdeh1 iddiaçı Ruhiyyə Gülməmmədova tərəfindən pul verilməsi sübut olunmur. Avtomobildə Cavabdeh1 pulu verən şəxsin iddiaçınını qardaşı Tural olmasını tərəflərin hər ikisi təsdiq etmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Ağdam Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(013)-1333/2023 nömrəli qətnaməsi mümahisələndirilən, yəni “Cavabdeh1 3320 manat alınaraq İddiaçı verilməsi, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzində 78,60 manat müştərək qaydada Cavabdeh1 alınaraq İddiaçı verilməsi” hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2024-cü il tarixıli 4/1930-4/54 nömrəli ekspert rəyinə əlavə olunmuş bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 133 manat təşkil edir. Kollegiya hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 133 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəımə Ekspertiza X2 Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir.

39. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(013)-1333/2023 nömrəli qətnaməsi “Cavabdeh1 3320 manat alınaraq İddiaçı verilməsi, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzində 78,60 manat müştərək qaydada Cavabdeh1 alınaraq İddiaçı verilməsi” hissədə ləğv olunsun. Həmin hissədə iddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 133 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəımə Ekspertiza X2 Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar