Məhkəmə qərarları › İş №2(104)-1620/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1620/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1620/2025 27.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı bildirir ki, Cavabdeh1lə birlikdə mal-qara alveri ilə məşğul olmaları barədə razılığa gəlmişlər. Bu məqsədlə o, sonuncuya 2022-ci ili dekabr ayında 20.000 manat pul vermişdir. Lakin Cavabdeh1 qazancından ona pul verməmiş və nəticədə cavabdehlərin ona 8300 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8300 manat və dövlət rüsumu kimi ödənilmiş 103 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2022-ci ilin təxminən dekabr ayında razılaşmışlar ki, bankdan kredit götürüb mal-qara alveri ilə məşğul olsunlar. Cavabdeh1 işləmədiyi üçün ona kredit verilməsi mümkün olmamışdır. Ona görə də o, "xxxx"dan 20.000 manat kredit götürmüş və pulu götürdükdən sonra həmin pulu Cavabdeh1 vermişdir. Cavabdehlə birlikdə mal bazarına gedib həmin pulla iribuynuzlu mal almışlar. Mallar kəsilib satılması üçün Bakı şəhərinə aparılmışdır. Bir neçə dəfə Bərdə mal bazarından heyvan alıb, kəsilib satılması üçün Bakıya göndərilmişdir. Bu təxminən 3 ay davam etmişdir. Sonda Cavabdeh1 pul istədikdə ona pulunun olmadığını bildirmişdir. Pulun necə olduğunu soruşduqda cavabdeh bildirmişdir ki, pul yoxdu, yaxın vaxtlarda pulu verəcək. O isə də bu barədə atasına bildirmiş və atası X2 birlikdə Cavabdeh1 atası Hilalın Quliyevin yaşadığı evə getmişlər. Cavabdeh2 oğlunun pulu yoxa çıxartması barədə məlumat vermişlər. Cavabdeh2, oğlu evdə olmadığı üçün onlarla birlikdə oğlunu axtarmağa getmişdir. Yolda oğlunu onların maşına əyləşdirmiş, oğlundan pulu neylədiyini soruşmuşdur. Cavabdeh1 atasına bildirmişdir ki, pulun 12.000 manatı Paşalar kəndində olan Elvin adlı şəxsdədir. Onlar həmin ünvana getmişlər. Həmin evin qarşısında Cavabdeh1 maşından düşərək qaçmışdır. Cavabdeh2 oğlunu qovaraq tutub maşına oturtmuş və maşını geri qaytarmağı xahiş etmişdir. Cavabdeh2 başa düşmüşdür ki, oğlu yalan danışır. Cavabdeh2 bildirmişdir ki, oğlu ilə işimiz olmasın, özünə nəsə edər, yoxa çıxan pulunu verəcək. Cavabdeh2 demişdir ki, bütün pulunu qaytaracaq və o da onunla razılaşmışdır. Banka olan krediti, aylıq 3 ay ödənişi, yəni hər ay 140 manat olmaqla cəmi 420 manatı Cavabdeh2 tərəfindən ödənilmişdir. Bundan sonra Cavabdeh2 zəng etmişdir ki, pulun 9700 manatını hazırlayıbdır, gəlin gedək banka ödəyək və onlar Cavabdeh2lə banka getmişlər. Cavabdeh2 atasından xahiş etmişdir ki, oğlu Cavabdeh1 axmaqlıq edib, pulu yoxa çıxardıb. O isə pulun hamısını ödəyə bilmir. Əgər mümkünsə ümumi məbləğdən 2000 manatı ona güzəşt etsinlər. Onun atası Bədirxan Abbasov Cavabdeh2lə razılaşmışdır. Həmin vaxt 11.700 manat pul banka ödənilmişdir. Cavabdeh2 bildirmişdir ki, qalan 8300 manatı yaxın vaxtlarda qaytaracaq. Ancaq sonradan cavabdehlər pulu ödəməkdən imtina etmişlər. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(013)-940/2025 nömrəli iş üzrə qəbul etdiyi 24 aprel 2025-ci il tаrixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilərək, cavabdehlərdən 8300 manat pul vəsaitinin və 103 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara (tərəflərin izahatları və şahid ifadələri) istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı bankdan 20.000 manat kredit götürərək mal-qara alveri etmək üçün Cavabdeh1 vermiş, lakin bir müddət sonra Cavabdeh1 verilmiş pulun onda olmadığını iddiaçıya bildirmişdir. Sonra Cavabdeh1 atası Cavabdeh2 qeyd olunan pulu özü ödəyəcəyini iddiaçıya vəd vermişdir və Cavabdeh2 həmin puldan 9700 manat hissəni iddiaçının kredit borcuna görə ödəmişdir. İddiaçı 20.000 manat pulun 2.000 manat hissəsini cavabdehlərə güzəşt etmişdir, qeyd olunan pulun qalan 8300 manat hissəsinin ödənilməsinə cavabdehlər iddiaçıya vəd versələr də, lakin sonra ödəməmişdilər. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı özü də izahatında oğlu ilə qeyd olunan pulla birlikdə alver etdiklərini və gəliri birlikdə böldüklərini bildirsə də həmin xüsusat nəzərə alınmamış, bütün pullara görə öhdəlik onun üzərinə qoyulmuşdur. Hansı ki iddiaçı ilə oğlu qeyd olunan pulla birlikdə alver edərək qazanacaqları pulları ortaq böldükləri kimi etdikləri ziyanı da birlikdə bölməli idilər. Həmçinin qeyd olunan puldan 9700 manatını iddiaçıya ödəmiş, bunu məhkəmədə iddiaçı etiraf etsə də məhkəmə həmin faktı da nəzərə almamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, onun oğlu Məhəmməd iddiaçı ilə mal-qara alveri etdiklərini əvvəl bilməmiş, qeyd olunan pul yoxa çıxandan sonra iddiaçının atası Bədirxan Abbasovla 20.000 manat pulun onun ödəyəcəyi ilə bağlı razılığa gəlmişlər, həmin pulun 9700 manat hissəsi onun tərəfindən ödənilmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı bankdan 20.000 manat kredit götürmüş, əvvəlcə 15.000 manat, daha sonra isə 5000 manat pulu ona vermişdir, həmin pul ilə iddiaçı ilə şərikli mal-qara alveri etmişlər, sonradan pul yoxa çıxmış, adına söz- söhbət çıxmaması üçün 20.000 manat pulun yarısı atası Cavabdeh2 tərəfindən iddiaçıya ödənilmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia təlbinin dəliillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia tələbi hər iki cavabdehə münasibətdə təmin edilsə də, qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə qətnaməni Cavabdeh2 münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi, apellyasiya baxışının predmeti olan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə, iş üzrə tərəflərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlara, habelə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş şəxslərin ifadələrinə əsasən işin mübahisəsiz halları kimi müəyyən edilir ki, iddiaçı və Cavabdeh1 mal-qara alğı-satqısından ibarət birgə fəaliyyət göstərmək barədə razılığa gəlmişlər. Həmin razılaşmaya görə, iddiaçı 20.000 manat investisiya qoymalı, mal-qara alğısatqısından əldə olunmuş gəlir isə tərəflər arasında bölünməli idi. İddiaçı razılaşma üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq, Bankdan 36 ay müddətinə, aylıq 1,67% faiz hesabı ilə, 20.000 manat məbləğində kredit götürmüş, həmin vəsaiti Cavabdeh1 vermişdir. Bundan sonra iddiaçı və Cavabdeh1 birgə mal-qara alıb-satmış, habelə ət kəsimi ilə məşğul olmuş, əldə olunmuş gəlir isə pul şəklində Cavabdeh1 bank kartına köçürülmüşdür. Lakin 3 ay sonra Cavabdeh1 bildirmişdir ki, birgə fəaliyyətləri nəticəsində qazandıqları pul onun kartından “yoxa çıxmışdır”. Sonradan iddiaçının və onun atası X1 tələbi ilə iş üzrə digər cavabdeh (eyni zamanda Cavabdeh1 atası) Cavabdeh2 9700 manat məbləğində pulu iddiaçıya qaytarmışdır. İddiaçıya qaytarılmayan məbləğ 8300 manat təşkil edir. Hazırda iddiaçı bildirir ki, Cavabdeh1 qalan ona aid 8300 manat həm pulu bilavasitə ondan alan Cavabdeh1, həm də sonuncunun atası Cavabdeh2 tutulmalıdır. Həmin tələbi əsaslı hesab edərək iddianı təmin edən Rayon Məhkəməsi, mövqeyini onunla əsaslandırmışdır ki, hər iki cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Çünki Cavabdeh2 oğlu Məhəmmədin aldığı 20.000 manat pulu tam həcmdə iddiaçıya qaytarmasını vəd etmişdir. Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə, yəni 8300 manatın tutulması barədə Cavabdeh2 qarşı yönələn tələb və bu tələbi təmin edən Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır. Belə ki, işin tərəflər arasında mübahisə olunmayan hallarından da göründüyü kimi, iddiaçı və Cavabdeh1 arasında şifahi formada birgə fəaliyyət haqqında müqavilə şərtlərinin razılaşdırılması, müqavilənin bağlanmasında, müqavilənin icrası ilə bağlı iddiaçının Cavabdeh1 20.000 manat pul verməsində, müqavilə tərəflərinin 3 ay ərzində mal-qara alış-satışı ilə məşğul olmasında iş üzrə digər Cavabdeh2 iştirak etməmiş, bütün bunlar barədə o, məlumatsız olmuşdur. Yalnız iddiaçı və onun atası Bədirxan Abbasov 20.000 manatı Cavabdeh1 tələb etmək üçün onun yaşadığı ünvana gedəndən sonra yuxarıda qeyd olunan hallar barədə Cavabdeh2 məlumat vermişlər. Bundan sonra Cavabdeh2 bir ata olaraq, övladının düşdüyü çətin vəziyyətdə ona dəstək olmaq məqsədilə onun iddiaçıya olan borcundan 9700 manatını qaytarmış, qalan 8300 manatın isə gələcəkdə qaytarılacağına köməklik edəcəyini vəd etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 övladı Məhəmmədin vurduğu zərərin bir hissəsini qarşılaması, 8300 manatın isə qaytarılmasında köməklik etməsini vəd etməsi, onu iddiaçı qarşısında borcluya çevirmir və bu vəziyyətdə onun iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmır. Göründüyü kimi, Cavabdeh2, hazırki iş üzrə iddiaya cavabdeh olan şəxs deyil. Lakin Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamış, Cavabdeh2 yöənlmiş əsassız iddia tələbini təmin etmişdir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tаrixli, 2(013)-940/2025 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni 8300 manat məbləğində pul və ödənilmiş 103 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar