Məhkəmə qərarları › İş №2(104)-1623/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1623/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1623/2025 20.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-678/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh müştərək qaydada iddiaçının xeyrinə 7425,92 (yeddi min dörd yüz iyirmi beş manat doxsan iki qəpik) manat əsas borc, 776,33 (yeddi yüz yetmiş altı manat otuz üç qəpik) manat faiz borcu və 200.00 (iyi yüz) manat olmaqla, cəmi 8402,25 (səkkiz min dörd yüz iki manat iyirmi beş qəpik) manat kredit borcunun və 104,10 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-678/2025 nömrəli qərardadı ilə (hakim R.Mustafayev) iddia ərizəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. Belə ki, iddia ərizəsinin dəlillərində cavabdehin 02 aprel 2025-ci il tarixinə kredit üzrə 671.36 (altı yüz yetmiş bir) manat əsas borc, 787.02 (yeddi yüz səksən yeddi) manat cari faiz borcu və 462.07 (dörd yüz altmış iki) manat cari dəbbə borcu olmaqla, cəmi 1920.45 manat məbləğində borcu yaranması göstərilmiş, iddia ərizəsinin xahiş etdi hissəsində isə Cavabdeh müştərək qaydada iddiaçının xeyrinə 7425,92 (yeddi min dörd yüz iyirmi beş manat doxsan iki qəpik) manat əsas borc, 776,33 (yeddi yüz yetmiş altı manat otuz üç qəpik) manat faiz borcu və 200.00 (iyi yüz) manat olmaqla, cəmi 8402,25 (səkkiz min dörd yüz iki manat iyirmi beş qəpik) manat kredit borcunun tutulması xahiş edilmiş, həmçinin xahiş etdi hissəsində olan 200 manat borcun nə borcu olması qeyd edilməmişdir. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı tərəf apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-678/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1623/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq mülki işə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-678/2025 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadında iddia ərizəsini baxılmamış saxlamasının əsası kimi ərizənin məzmununda tələb olunan məbləğlə (1920,45 manat), tələbin qeyd olunduğu hissəsində göstərilən məbləğin (8402,25 manat) eynilik təşkil etməməsi qeyd edilmişdir. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı cəmiyyətə xx.xx.2025-ci il tarixli məktub göndərilərək, iddia ərizəsində göstərilən məbləğlərlə ərizənin “xahiş etdi” hissəsində göstərilən məbləğlərdə uyğunsuzluq olması, belə ki, ərizənin “xahiş etdi” hissəsində qeyd edilmiş 200 manat borcun nə borcu olmasının qeyd edilməməsi bildirilmiş, maliyyə arayışının məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində tələb aydın qeyd olunmaqla, ərizəyə əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən iddiaçı cəmiyyətin tələb etdiyi məbləğ aydın görünür. Bundan başqa qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli məktubla iddiaçı cəmiyyətdən maliyyə arayışını tələb etsə də, sözügedən arayış sonuncu tərəfindən iddia ərizəsinə əlavə edilmişdir (səh. 15). Belə ki, işdə olan maliyyə arayışından da görünür ki, cavabdehin əsas borcu 7425,92 manat, faiz borcu 776,33 manat, dəbbə borcu 448,63 manat olmaqla, ümumilikdə 8650,88 manat təşkil edir. İddia ərizəsinin “xahiş etdi” hissəsində isə dəbbə pulu düzgün qeyd olunmamışdır. İddiaçı tərəf apellyasiya şikayətində sözügedən 200 manatın dəbbə pulu olmasını qeyd edərək, iddia tələbinin qalan hissədə dəqiq ifadə olunduğunu qeyd etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş maliyyə arayışını və digər sübutlarla tələb edilən borc məbləğinin aydın olmasını nəzərə almadan iddia ərizəsinin baxılmamış saxlanılmasına dair düzgün olmayan nəticəyə gəlmişdir. MPM-nin 149.2.3-cü maddəsinə görə, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki iş üzrə iddiaçı tərəf iddia ərizəsində iddianın predmetini, iddianın qiymətini, tələbini, tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını dəqiq göstərmişdir. Belə olan halda məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinə mahiyyəti üzrə baxılmalı, aydın olmayan məqamlar isə araşdırılmalıdır. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarı). «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il il tarixli 3 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikasının MPM-də ərizənin baxılmamış saxlanılmasının əsasları dəqiq müəyyən olunmuşdur. Digər əsaslarla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. MPM-in 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 259, 263-264, 372, 384 və 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(066)-678/2025 nömrəli qərardadı ləğv edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar