Məhkəmə qərarları › İş №2(104)-1625/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1625/2023

14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1625/2023 14.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı “Mətanət A” şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(062)-2443/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Mətanət A” şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.123,4 manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0.5 %-i həcmində 11.123,4 manat məbləğində cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 22.276,80 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Mustafayev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh 11234,4 manat əsas borc, 556 manat məbləğində cərimə borcu olmaqla cəmi 11679,4 manat məbləğində pulun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat pul alınıb cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-234/22 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə, İ.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(102)-1389/2023 saylı qərarı ilə (hakimlər X2 (məruzəçi), X3, X1) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2(104)- 234/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində göstərilmişdir ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsində məhkəmə aidiyyətinin ümumi qaydası müəyyən edilərək deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materialları ilə müəyyən olunur ki, ilk iddia üzrə “Mətanət A” şirkəti Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi uçotuna alınmış (VÖEN **********) hüquqi şəxsdir. Həmçinin Cavabdeh da Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi uçotuna alınmış (VÖEN **********) fiziki şəxsdir. Həmçinin məhkəmənin sorğusu əsasında 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, **********070900 saylı məlumatın verilməsi barədə məktubdan görünür ki, uçut məlumat bazasına əsasən Cavabdeh vergi ödəyicisi kimi xx.xx.2010-cu il tarixdən Ərazi Vergilər İdarəsində uçotuna alınmış, ona ********** VÖEN verilmiş və fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı (47780) fəaliyyətidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə prosessual qanunvericiliyə əsasən kommersiya mübahisəsi hesab olunur və işin baxılması kommersiya məhkəməsinə aiddir. Lakin həmin hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən olunmuş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Qeyd olunmalıdır ki, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM-nin 45.1-ci maddəsi). İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verə bilər. (MPM-nin 44.2.2-ci maddəsi). İşə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. (MPM-nin 384.0.4-cü maddəsi). Həmin Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. (MPM-nin 402.2.5.-ci maddəsi). Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti pozulmaqla baxılmışdır. Ona görə də hazırki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 44, 263, 264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il il tarixli, 2(062)-2443/2020 saylı qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar