Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1625/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsinə gediş-gəliş yolunun açılması; mülkiyyətə müdaxilə; mülkiyyət hüququnun müdafiəsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (bacısı) X1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(042)-649/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 18 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gədəbəy şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2015-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır;
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, **********55 reyestr nömrəli çıxarış əsasında Gədəbəy şəhəri ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi yoldur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İsmayıl qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy şəhəri Zərifə Əliyeva küçəsində yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0.05 ha torpaq sahəsinə gedən avtomobil yolundan istifadə etməsinə və həmin yoldan istifadə edərək mülkiyyətində olan torpaq sahəsinə yük maşını ilə tikinti materialları aparmasına Cavabdeh tərəfindən yaradılan hər cür maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Talakənd kəndində yaşayır. Gədəbəy şəhəri Zərifə Əliyeva küçəsində xüsusi mülkiyyət hüququ ilə ona məxsus 0.05 ha torpaq sahəsi vardır. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış və bu barədə ona DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrərli, **********55 reyestr nömrəli çıxarış verilmişdir. Hal-hazırda o özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyir. Torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmuşdur. Həmin yol torpaq sahəsinin sxemində də öz əksini tapmışdır. Bu barədə sənədləri ərizəsinə əlavə edir. O, həmin yoldan istifadə edərək torpaq sahəsinə yük maşını ilə tikinti materialları apararkən qonşuluqda yaşayan, hazırda cavabdeh olan Cavabdeh yük maşınının qabağını kəsərək yoldan keçməsinə maneə yaradır. Dəfələrlə cavabdehə həmin avtomobil yolundan onun istifadə etmək hüququnun olduğunu və yaratdığı maneələrin qanunsuz olduğunu izah edib, müdaxilə etməməsini tələb etsə də, heç bir müsbət nəticəsi olmamış, cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bir sözlə, cavabdeh yolunu kəsərək ona öz mülkiyətindən rahat, maneəsiz istifadə etməyinə imkan vermir. Bununla da cavabdeh onun mülkiyyət hüquqlarını kobud surətdə pozur.
5. Gədəbəy Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(042)-649/2023 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbi təmin edilərək, Gədəbəy şəhərində yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0.05 ha torpaq sahəsinə gedən avtomobil yolundan istifadə etməsinə və həmin yoldan istifadə edərək mülkiyyətində olan torpaq sahəsinə yük maşını ilə tikinti materialları aparmasına Cavabdeh tərəfindən yaradılan hər cür maneələrə son qoyulması; Ödənilmiş 100 manat dövlət rüsumunun və ödənilmiş 95 manat məbləğində mütəxəssis xərcinin əvəzinin Cavabdeh alınıb İddiaçı verilməsi; İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2 və 157.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıdan öncə, yəni xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun ailə üzvlərinin adına çıxarış verilmişdir, İddiaçı isə 2015-ci ildə çıxarış almışdır. Bundan başqa iddiaçının iddia etdiyi yoldan heç zaman avtomobil və ya yük maşını keçməyib, ensiz dar yoldur, piyadalar üçün nəzərdə tutulan yoldur. Əgər həmin yoldan yük maşını keçərsə o və ailə üzvlərimə məxsus ev uça bilər. Məhkəmə isə bu halları nəzərə almadan, mübahisəli əraziyə baxış keçirtmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. İddiaçının isə həmin torpaq sahəsində ev yoxdur və torpaq sahəsində istifadə etmir. Belə olan təqdirdə iddianın təmin edilməsi mülkiyyətçi kimi onun mülkiyyət hüquqları pozulacaqdır. Lakin məhkəmə bu halları nəzərə almayaraq, iddianı təmin etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, torpaq sahəsi ölçülsün və ona məxsus 0.05 ha torpaq ona aid olsun. Evi qəzalı vəziyyətdədir. Oradan yük maşınları keçəndə evində çatlar yaranıb. Hər dəfə evinə ziyan dəyir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçının yol kimi istifadə etdiyi ərazi ona məxsus torpaq sahəsinə düşür. Həmin torpağa dair çıxarışı vardır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 1991-ci ildən cavabdeh orada ev tikib yaşayır. 2007-ci ildə isə qarşı tərəf oradan torpaq sahəsi alıb. Ekspertiza keçirilərkən cavabdehin iştirakı olmayıb. Ekspert əraziyə baxış keçirməmişdir. Belə olan halda suallar yaranır ki, ekspert nəyə əsasən həmin yolu müəyyən edib. Ekspertiza keçirilərkən bələdiyyədən bir çox sənədlər alınmalıydı. İddiaçının evinə gələn yük maşını cavabdehin evinin barısının dibindən keçir. Yol oradan başlaya bilməz. Şəxsin evi qəzalı vəziyyətdədir. Və həmin yük maşını oradan keçərkən evə çox yaxın məsafədən keçir, bu da evin vəziyyətini daha da pis vəziyyətə salır. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, ekspert rəyinin nəticə hissəsində göstərilib oradan yol keçir, amma orada dəqiq qeyd olunmalı idi ki, yol haradan başlayır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (bacısı) X1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, torpaq sahəsini Cavabdeh onlara 9500 manat müqabilində satmışdır. Yola görə isə onlardan 3500 manat pul almışdır. İndi cavabdeh yolu bağlayır. Bacısına məxsus torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmuşdur. Həmin yoldan istifadə edərək torpaq sahəsinə yük maşını ilə tikinti materialları apararkən Cavabdeh yük maşınının qabağını kəsərək yoldan keçməsinə mane yaradır. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, bacısına məxsus torpaq sahəsinə gedən başqa yol yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunduğundan məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
14. Maddə 18.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.
15. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
16. Maddə 47. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
17. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər qonşudurlar. Gədəbəy şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Cavabdeh X3 iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə (avtomobillə zəruri yüklərin daşınması və s.) mane olur və buna səbəb kimi həmin torpağın ona məxsus olduğunu bildirir.
30. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının avtomobil yolunun gediş-gəlişinə mane aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmışdır. Məhkəmə tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə avtomobil yolunun nəzərdə tutulub-tutulmamasını, həmin yolun iddiaçının iddia etdiyi yol olub-olmamasının müəyyən edilməsi üçün mütəxəssis cəlb edilmiş və ekspertiza təyin edilmişdir. İş üzrə verilmiş mütəxəssis və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, **********55 reyestr nömrəli çıxarış əsasında Gədəbəy şəhəri ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi yoldur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarını rahat və maneəsiz şəkildə həyata keçirmək üçün həmin yoldan istifadə etməyə və istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
32. Qanunvericilik mülkiyyət hüququnu ən üstün hüquq kimi müəyyən edərək onun dövlət tərəfindən qorunmasına təminat versə də, bu hüququn hüdudsuz olmamasını və onun qanunla müəyyən edilmiş əsaslarla məhdudlaşdırılmasını da nəzərdə tutmuşdur. Əslində, mülkiyyətçinin öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququnun hədləri onun digər mülkiyyətçilərin də həmin hüquqlarını pozmamasından irəli gələn vəzifəsi ilə məhdudlaşır. Başqa sözlə, mülkiyyətçi qanunla ona verilmiş hüquqlarını həyata keçirərkən digər mülkiyyətçilərin də həmin hüquqlarına hörmət etmək vəzifəsini, onların mülkiyyət hüquqlarını pozduğu halda isə məsuliyyət daşıdığını, konkret olaraq qanunla ona verilmiş hüququnun hüdudsuz olmamasını bilməlidir.
33. Baxılın növ mübahisələr üzrə hərtərəfli və obyektiv nəticəyə gəlinməsi üçün iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulmuşdursa da iddiaçının həmin yoldan istifadəsinə cavabdeh tərəfindən müdaxilə edilib-edilməməsi halları araşdırılmalıdır. Göstərilən halların araşdırılması bu sahədə ixtisaslı şəxslərin (mütəxəssis) rəyi ilə müəyyən oluna bilər. Bu isə MPM-nin 64-cü maddəsinə əsasən, işə baxılarkən mütəxəssis cəlb edilməsi zərurətini doğurur.
34. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mütəxəssis rəyi alınmış və rəylə müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi yoldur. Məhkəmə kollegiyası rəyi mötəbər sübut kimi qiymətləndirir; belə ki, rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti, habelə iddiaçının açılmasını tələb etdiyi yol aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya iş üzrə ekspertiza təyin edilməsinə zərurət görməmiş və cavabdeh tərəfin bu barədə vəsatətini rədd etmişdir.
35. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi yoldur. Bununla belə, Cavabdeh İddiaçı həmin yoldan istifadəsinə etiraz bildirməklə, həmin yolun (sahənin) ona məxsus olduğunu bildirir və iddiaçının oradan istifadəsinə maneçilik yaradır.
36. Kollegiya şərh edilənləri nəzərə almaqla hesab edir ki, İddiaçı yoldan istifadəsinə cavabdeh tərəfindən yaradılan manenin aradan qaldırılmasını tələb etməkdə haqlıdır; Belə ki, sözügedən torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulan avtomobil yoludur və mütəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətindəki torpaq sahəsinə giriş-çıxış məhz həmin yoldan nəzərdə tutulmuşdur. Mövcud vəziyyətdə, həmin yolun cavabdeh tərəfindən təcrid edilməsi - iddiaçının mülkiyyətindəki torpaq sahəsinə gediş-gəliş imkanlarını məhdudlaşdırır ki, bu hal da onun qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur.
37. Apellyasiya şikayətində irəli sürülənlərlə bağlı kollegiya qeyd edir ki, iddia tələbinin təmin edilməsi mübahisəli əmlak üzərində tərəflərin mülkiyyət hüququnu müəyyən etmir. Nə də ki, cavabdehin həmin yol üzərində mülkiyyət hüququ mövcud deyildir ki, iddiaçının həmin sahədən istifadəsi nəticəsində onun hüquqları pozulsun. Ona görə ki, iddiaçının açılmasını tələb etdiyi yol - ümumi istifadə üçün nəzərdə tutulmuş yoldur. «Ümumi istifadə üçün yol» dedikdə hər kəsin sərbəst və manesiz istifadə edə biləcəyi, dövlət və ya bələdiyyə mülkiyyətində olan yollar başa düşülür. Hansı ki, bu cür yollar ictimai nəqliyyatın və şəxsi nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulur, istifadəsi üçün xüsusi icazə tələb olunmur və adətən küçə, prospekt, magistral, kəndarası yol və s. kimi ümumi yol şəbəkəsinə aid edilir.
38. Baxılan işdə də iddia tələbi xüsusi mülkiyyətdə olan torpaq sahəsindən deyil də, ümumi istifadə üçün nəzərdə tutulmuş yoldan istifadə ilə bağlı olmuş, birinci instansiya məhkəməsi də həmin yoldan iddiaçının istifadəsinə yaradılan manenin aradan qaldırılması məzmununda qətnamə çıxartmışdır.
39. Kollegiya xüsusilə vurğulamağı zəruri sayır ki, Mülki Məcəllənin 152.5, 170.2, 171.1 və 171.2-ci maddələrinin mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri birbirinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz.
40. Bu mənada cavabdeh tərəfin irəli sürdüyü «evim qəzalı vəziyyətdədir, oradan yük maşınları keçəndə evimdə çatlar yaranıb» barədə arqumentləri hətta öz təsdiqini tapacağı halda belə, iddiaçının ümumi istifadədə olan və mülkiyyətindəki torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş torpaq sahəsindən istifadə hüququnu aradan qaldıracaq hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarardı. 41 Şərh edilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(042)-649/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.