Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1632/2023 15.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-219/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə 12730 ABŞ dolları məbləğində kredit verilməs barədə bağlanmışdır.
2. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərərfindən məhkəməyə taqdim edilərək mülki işin materiallarına əlavə olunan 02 iyul 2014-cü il tarixli kassanın məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 12730 ABŞ dolları məbləğində pul verilmişdir.
3. İş materiallarında olan 05 iyun 2015-ci il tarixli Əlavə sazişdən müəyyən olunur ki, Cavabdeh1 verilmiş kreditin qalıq məbləği 10334.41 ABŞ dolları təşkil etmiş, kreditin müddəti 05 avqust 2019-cu il tarixədək müəyyən edilmişdir. 4 İş materiallarında olan 02 iyul 2014-cü il və 05 iyun 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsi Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmışdır.
5. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərərfindən məhkəməyə taqdim edilərək mülki işin materiallarına əlavə olunan Problemli kreditlərin kompensasiyası ilə bağlı 01 ayqust 2023-cü il tarixli arayışından görünür ki, sözügedən müqavilə üzrə Cavabdeh1 oğlunun İddiaçı ASC-yə 9761.08 manat məbləğində əsas borcu qalmışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı Təşkilat iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 02 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətinə 12730 ABŞ dolları məbləğində kredit götürmüşdür. 05 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq məbləği 10334.41 ABŞ dolları təşkil edir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 02 iyul 014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır, nəticədə 5741.81 ABŞ dolları əsas borc, 7874.31 ABŞ dolları faiz borcu, 6702.45 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 840.80 ABŞ dolları faiz borcu yaranmışdır.
8. Bərdə Rayon Məhkəməsinin 2(021)-219/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5741.81 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 5327.90 ABŞ dolları faiz borcu, 102.45 ABŞ dolları cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 826.52 ABŞ dolları faiz borcu, ümumilikdə 11997.78 ABŞ dollarının və 197.91 manat ödənilmiş dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödəniməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə baxış iclasının yeri və vaxtı barəsində onu xəbərdar etməmiş, işin faktiki hallarını düzgün araşdırmamışdır. Belə ki, oİddiaçı ASC-dən ABŞ dolları ilə kredit almamış, 10000 (on min) manat kredit almış, onun müqabilində 13000 manat pul ödəmişdir. Məhkəmə isə bu halları araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasya şikayətində göstərilənlərə uyğun izahat vermiş, bununla bərabər, qeyd edilən kredit müqviləsinin, həmçinin məhkəmədə tədqiq olunan İddiaçı ASC tərəfindən Cavabdeh1 12730 ABŞ dolları məbləğində pul verildiyini təsdiq edən 02 iyul 2014-cü il tarixli kassanın məxaric orderinin də onun tərəfindən imzalandığını etiraf etmiş, sonda yenə də şikayətin təmin edilməsini xahiş etmişdir.. .
13. Məhkəmədə iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, İddiaçı ASC tərəfindən Cavabdeh1 12730 ABŞ dolları məbləğində pul verildiyini təsdiq edən 02 iyul 2014-cü il tarixli kassanın məxaric orderini və Problemli kreditlərin kompensasiyası ilə bağlı 01 ayqust 2023-cü il tarixli arayışı təqdim edərək göstərmişdir ki, sözügedən kredit müqaviləsinə əsasən Cavabdeh1 oğluna İddiaçı ASC tərəfindən 12730 ABŞ dolları məbləğində pul verilmiş və onun kredit borcu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 феврал 2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşmüş, onun əsas borcu 9761.08 manat məbləğində müəyyən edilmişdır. Sonda nümayəndə şikayətin təmin edilməməsini və Problemli kreditlərin kompensasiyası ilə bağlı 01 ayqust 2023-cü il tarixli arayışın nəzəzrə alınmasını xahiş etmişdir.
14. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdeh məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18.Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 феврал 2019cu il tarixli 551 saylı Fərmanının 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
24. Maddə 385.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tam qanuni və əsaslı olmamışdır.
28. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə onun iştirakı olmadan işə baxmışdır. Kollegiya həmin dəlili əsassız sayır, belə ki, iş materiallarından müəyyən olunur ki, işin məhkəmə araşdırmaları zamanı Cavabdeh1 şəxsən məhkəmədə iştirak etmiş,ancaq məhkəmənin sonuncu iclasında iştirak etməmişdir. 29.Bundan başqa Cavabdeh1 apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, krediti götürən zaman kredit müqaviləsi manatla bağlanmış və ona Azərbaycan manatı ilə pul verilmiş, ABŞ Dolları ilə pul verilməmişdir.
30. Məhkəmə kollegiyası göstərir ki, şikayət həmin hissədə də əsassız olmuşdur., Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən cavabdeh qeyd edilən kredit müqviləsinin, həmçinin məhkəmədə tədqiq olunan İddiaçı ASC tərəfindən Cavabdeh1 12730 ABŞ dolları məbləğində pul verildiyini təsdiq edən 02 iyul 2014-cü il tarixli kassanın məxaric orderinin də onun tərəfindən imzalandığını etiraf etdiyindən kollegiya hesab edir ki, şikayətin həmin dəlilləri əsassızdır. Belə ki, cavabdeh kredit müqaviləsini imzalamaqla öz iradə ifadəsini ortaya qoyaraq öhdəlik götürmüş və həmin vaxtı hazırda iddia etdiyi halları mübahisələndirməmişdir.
33. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit və zaminlik hüquq münasibətləri yaranmışdır. İddiaçı bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, iddiaçı tərəf məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmiş və məhkəmə iddia tələbini qismən təmin etmişdir.
34. Lakin, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır. Belə ki, artıq uyxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 феврал 2019-cu il tarixli 551 saylı Fərmanının 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Fərmanın qeyd edilən müddəasınа görə borcluların kredit borcu üzrə əsas borca əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz. Buna baxmayaraq, iddiaçı tərəfindən faiz və cəriməyə aid hissədə hər hansı silinmələr həyata keçirilməmişdir.
35. Birinci instasiya məhkəməsinin hazırki iş üzrə qətnaməsinə əsasən cavabdehlərdən tutulmalı olan cəmi borc məbləği 11997.78 ABŞ dolları göstərilsə də, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışından görünür ki, sözügedən müqavilə üzrə Cavabdeh1 oğlunun İddiaçı ASC-yə 9761.08 manat əsas borcu qalmışdır. Göründüyü kimi qətnamə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarına tətbiq edilməli olan Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 феврал 2019-cu il tarixli 551 saylı Fərmanının tətbiq ediməməsi ilə çıxarılmışdır.
36. Azərbaycan Respublikasının MPM-in 384.0.2 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, qətnamənin qismən ləğv edilməsi və cavabdehlərdən qeyd edilən məbləğdə əsas borcun müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulmalı, qalan hissələrdə iddianın rədd edilməli və ekspertiza xərclərinə aid olan hissədə qətnamənin dəyişdirilmədə saxlanmalı olması qənaətinə gəlir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-219/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5741.81 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 537.90 ABŞ dolları faiz borcu, 102.45 ABŞ dolları cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 826.52 ABŞ dolları faiz borcu, ümumilikdə 11997.78 ABŞ dollarının iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İrəli sürülən iddia həmin hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9761.08 (doqquz min yeddi yüz altmış bir) manat 08 qəpik məbləğində pul tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən, оnun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, оnun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.