Məhkəmə qərarları › İş №2(104)-1646/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1646/2023

28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1646/2023 28.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)- 895/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ona vurulmuş 100000 manat maddi zərərin və 25000 mənəvin zərərin tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 1(100)-08/2019-cu il saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama bəraət verilmiş və o Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Bəraət aldığı gündən dövlət ona hər hansı kompensasiya ödəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-895/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia qismən təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabına mənəvi zərərə görə 11900 (on bir min doqquz yüz) manat məbləğində pul ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 1(100)-08/2019 saylı hökmündən görünür ki, İddiaçı istinad edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama bəraət verilməsi, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, CPM-in 356.5-ci maddəsinə əsasən ona qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 1(100)-08/2019 saylı hökmündən apellyasiya şikayəti və ya protesti verilməmiş, hökm 11 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-895/2023 saylı qətnaməsindən narazı qalan cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü iltarixli, 2(021)- 3265/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən hər iki maddənin məzmununda qeyd edilən orqan dedikdə, Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 386 nömrəli Fərmanında da bununla bağlı hər hansı müddəa müəyyən edilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 45.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası" dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır.İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmiş və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyam vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi, həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarın 71-ci hissəsində qeyd olunur ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair" 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli plan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə, təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Lakin, görünüyü kimi məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə 11900 manat kompensasiya müəyyən edilmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin müddəalarından da göründüyü kimi ərazi aidiyyəti qaydaları pozulmaqla ərizə icraata qəbul edilmişdir. Belə ki, iddia ərizəsində Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması ilə əlaqədar işə Gəncə Şəhər Məhkəməsində deyil, rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalı idi. Belə ki, iddia ərizəsində Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması ilə əlaqədar işə Nəsimi Rayon Məhkəməsində baxılmalı idi. Buna görə də şikayətin təmin edilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu, oğlu olan iddiaçının xəstəlikdən əziyyət çəkdiyini bildirib, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 4. Bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının nüümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası cavabdehin işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılmasına dair şikayətin dəlilini əsassız hesab edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 36.7-ci maddəsinin tələbinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. İddiaçı Gəncə şəhərində yaşadığından Mülki Prosessual Məcəllənin 36.7-ci maddəsində nəzərdə tutulan seçim hüququndan istifadə etməklə iddia ərizəsini yaşadığı yerə görə vermişdir ki, işə baxmış birinci instansiya məhkəməsi də ərazi aidiyyəti üzrə iddia ərizəsini icraata qəbul etməklə işə baxmaqla prosessual qanunvericiliyin tələbini pozmamışdır. Məhkmə kollegiyası Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsasının olmaması, iş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqanın cəlb olunmalı olması, analoji məhkəmə təcrübəsinə əsasən inzibati orqanların hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində ziyan vuran qurumun delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyinin həmin qurumun üzərinə qoyulması ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, hazırkı iddia üzrə tələb iddiaçının cinayət təqibi ilə bağlı fəaliyyət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın kompensasiyası ilə bağlı olmuşdur ki, Cinayət Prosessual Məcəllə əsasında cinayət təqibini həyata keçirən orqanın cinayət təqibi ilə bağlı fəaliyyəti inzibati fəaliyyət kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 3-cü maddəsinə görə Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, eləcə də inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılması Cinayət Prosessual Məcəllənin 63-cü maddəsində birbaşa təsbit edilmişdir ki, Həmin Məcəllənin 63-cü maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Odur ki, inzibati orqanın inzibati fəaliyyətindən irəli gələn zərərvurmalarla, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı işlərə baxılması aidiyyəti və qaydası da fərqlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 7.3-cü bəndinə görə isə Maliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir ki, iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Hazırkı iş üzrə cavadebh qismində Maliyyə Nazirliyi delikt törədən şəxs kimi deyil, dövləti təmsil edən şəxs kimi cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə kollegiyası müəyyən edilmiş zərərin məbləğinə münasibətdə isə qeyd edir ki, şəxsin azadlıq hüququ konstitusion hüquq olmaqla, cavabdehin təxminən bir ilə yaxın müddətdə azadlıqdan məhrum edilməsi faktı onun mənəvi sarsıntı keçirməsi və iztirablara məruz qalmasını mübahisəsiz hal kimi təsdiq edir. İddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı nəzərə alınmaqla məbləğin hər ay üçun təxminən 1000 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir. Buna görə də məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-895/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-895/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-895/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar