Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1648/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı (nümayəndəsi) vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-202/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Şəmkir Rayon Polis Şöbəsinə şikayət etmiş, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda görünür ki, Cavabdeh öz izahatında göstərmişdir ki, o ailəsi ilə birlikdə Şəmkir rayonunun Bayramlı kəndində yaşayır. Barəsində şikayət edən Gədəbəy rayon Düzyurd sakini İddiaçı tanıyır. İddiaçıla bu günədək heç bir ədavətləri olmamışdır. Kür çayının Bayramlı kənd ərazisindən keçən hissəsinin ətrafında ferması var. 2022-ci ilin sentyabr ayında şifahi razılıqları əsasında o həmin qışlaq sahəsini Sahibə 7000 manata 7 aylığına icarəyə vermişdir. Sahib 20 gün bundan qabaq həmin qışlaq yerinə danışdıqları 80 baş olsa da 130 baş iri buynuzlu heyvanlarını gətirmişdir. Sonda əlavə yer üstündə Sahiblə narazılıqları yaranmışdır. Buna görə də Sahib ondan verdiyi pulu geri istəmişdir. Eyni zamanda onun barəsində şikayət etmişdir. O, hazırda Sahibin vermiş olduğu pulun 4000 manatını bugün qaytarmış, 3700 manat borclu qalmışdır. Borclu qaldığı pulun 1000 manatını qısa zamanda, qalan 2700 manatını isə iki ay ərzində verəcəyinə söz vermişdir. İddiaçı qarşı dələduzluq etmədyini bildirmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahid Rasim məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Arzumanı Sahibin heyvanlarını fermaya aparanda tanıyıb. Arzuman ona 4000 manat pul verib ki, Sahibə versin. O, da aparıb həmin pulu Sahibə verib. Pulun hamısı 100 manatlıq əskinazlar idi. Həmin pulu sabahkı gün aparıb Sahibə verib.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8515 (səkkiz min beş yüz on beş) manat pulun və ödənilmiş 106 (bir yüz altı) manat məbləğində dövlət rüsumunun məbləğində alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin sentyabr ayında tanıyıb. Onun 110 baş iri buynuzlu heyvanları var. Heyvanları Gədəbəy rayonunda yaylaqda saxlayırdı. 2022-ci ilin avqust ayında tanışı Mahmudla bir yerdə olarkən Mahmuda heyvanları saxlamaq üçün yer axtardığını bildirib. Mahmudla tanıdığı Cavabdeh icarəyə torpaq sahəsinin verdiyini bildirmişdir. Sonra cavabdehlə əlaqə saxlayıb, yatağın boş olub-olmamasını və torpaq sahəsinin neçə hektar olmasını soruşub. Cavabdeh telefonla 25 hektar biçənək 200 hektar otlaq sahəsinin olduğunu demişdir. Daha sonra cavabdehin Şəmkir rayonu, Bayramlı kəndində yerləşən fermasına gediblər. Cavabdeh ona 25 ha biçənək və 200 ha otlaq sahəsini göstərdi. Bundan sonra cavabdehlə mövsümə uyğun olaraq fermanı 7000 manat pul qarşılığında icarəyə götürməyə razılaşıblar və həmin pulu cavabdehə verib. Daha sonra heyvanları cavabdehin fermasına yerləşdirib. Bir neçə gündən sonra cavabdeh ona zəng edərək tövlə tikdirmək üçün 2000 manat borca pul lazım gəldiyini dedi. O cavabdehə 1515 manat borca pul verib. xx.xx.2022-ci il ildə yanına çoban işləyən Gəray heyvanları otlaq sahəsinə buraxıb otararkən cavabdehin otlaq sahəsinə gedib heyvanları otlaq sahəsində otarmağa icazə verməmiş və Gərayla mübahisə etmişdir. Mübahisədən sonra yanında çoban işləyən Nəbi ona zəng edərək cavabdehin heyvanları otarmağa icazə vermədyini bildirmişdir. Sonra o cavabdehin yanına gəldikdə ona 25 ha torpaq sahəsini vermədiyini bildirmişdir. Oda razılaşmalarının bu cür olmadığın və ona verdiyi icarəyə və borca verdiyi pulları geri qaytarmağını tələb edib. Lakin cavabdeh pulu olmadığını və pulu verə bilməyəcəyini bildirmişdir. Bundan sonra cavabdehin varəsində DİN 102 xidmətinə məlumat vermişdir. Cavabdeh polis şöbəsində verdiyi ifadədə ona borcunun olmasını etiraf etmiş, pulu geri qaytaracağı barədə söz versədə lakin sözünə əməl etməmişdir. Bir müddət cavabdeh pulu qaytarması üçün vaxt istəmişdir. Həmin müddəti gözləsə də ancaq pulun verilməsindən bir il müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə bugünədək pulu ödəməkdən boyun qaçırmışdır.
4. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-202/2024 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova), iddianın qismən təmin edilməsi, Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 50 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 777.1, 777.2, 1096.1 və 1096.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119 və 216-237-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-202/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hazırkı iş üzrə o iddiasının əsasını sübut edir və iddia etdiyi pulu cavabdehə verdiyini iş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərarla təsdiq edilməkdədir. Lakin, məhkəmə onun təqdim etdiyi mötəbər sübuta əsaslanmayaraq cavabdehin məhkəməyə gətirdiyi yalançı şahidin ifadəsinə əsaslanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı (nümayəndəsi) vəkili Vəkil apellyasiya şikayətini dəlillərini əsaslı hesab edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında İddiaçı ilə şifahi razılıqları əsasında o qışlaq sahəsini iddiaçıya 7000 manata 7 aylığına icarəyə vermişdir. Bundan sonra İddiaçı 7000 manat almışdır. Hazırda isə həmin puldan 3000 manatını iddiaçıya qaytarmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
15. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
29. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı qətnamənin yalnız iddianın təmin edilməmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
35. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
36. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı cavabdeh ilə aralarındakı razılaşmaya əsasən 2022-ci ilin sentyabr ayında şifahi razılıqları əsasında Arzuman həmin qışlaq sahəsini Sahibə 7000 manata 7 aylığına icarəyə vermişdir. Sonradan isə iddiaçı Cavabdeh 7000 manat məbləğində pul vermişdir.
37. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi razılıqları əsasında qışlaq sahəsinin icarəsi olmuşdur.
38. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (24-25&).
41. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
42. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
43. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməyən hissəsində məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
44. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
45. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
46. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
47. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
48. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
49. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
50. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
51. Belə ki, hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
52. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman İddiaçı iddiasının əsası kimi, polis orqanının qərarını birinci instansiya məhkəməsinə təqdim etmişdir.
53. Nəzərə alınmalıdır ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə polis orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
54. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh öz izahatında göstərmişdir ki, o ailəsi ilə birlikdə Şəmkir rayonunun Bayramlı kəndində yaşayır. Barəsində şikayət edən Gədəbəy rayon Düzyurd sakini İddiaçı tanıyır. İddiaçıla bu günədək heç bir ədavətləri olmamışdır. Kür çayının Bayramlı kənd ərazisindən keçən hissəsinin ətrafında ferması var. 2022-ci ilin sentyabr ayında şifahi razılıqları əsasında o həmin qışlaq sahəsini Sahibə 7000 manata 7 aylığına icarəyə vermişdir. Sahib 20 gün bundan qabaq həmin qışlaq yerinə danışdıqları 80 baş olsa da 130 baş iri buynuzlu heyvanlarını gətirmişdir. Sonda əlavə yer üstündə Sahiblə narazılıqları yaranmışdır. Buna görə də Sahib ondan verdiyi pulu geri istəmişdir. Eyni zamanda onun barəsində şikayət etmişdir. O, hazırda Sahibin vermiş olduğu pulun 4000 manatını bugün qaytarmış, 3700 manat borclu qalmışdır. Borclu qaldığı pulun 1000 manatını qısa zamanda, qalan 2700 manatını isə iki ay ərzində verəcəyinə söz vermişdir. İddiaçı qarşı dələduzluq etmədyini bildirmişdir.
55. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında gösətrmişdir ki, 2022-ci ilin sentyabr ayında İddiaçı ilə şifahi razılıqları əsasında o qışlaq sahəsini iddiaçıya 7000 manata 7 aylığına icarəyə vermişdir. Bundan sonra İddiaçı 7000 manat almışdır. Hazırda isə həmin puldan 3000 manatını iddiaçıya qaytarmışdır.
56. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında borc verilməsi barədə şifahi razılaşma mövcuddur. Məhkəmə kollegiyası həmin razılaşmanı şifahi borc müqaviləsi kimi tərəflərin arasında hüquq və vəzifələrin yaranması üçün əsas kimi qəbul edir. İş üzrə cavabdehin özünün izahatı ilə müəyyən edilir ki, cəmi 7000 manat məbləğdə pul almışdır. Lakin həmin pulların qaytarılması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
57. Lakin bununla yanaşı bildirir ki, həmin pulun bir hissəsini qaytarmışdır. Əvvəla qeyd olunmalıdır ki, cavabdehin qaytarılmış pulun məbləği barədə mövqesi ziddiyyətlidir. Çünki, o polis orqanında 4000 manat, məhkəmə kollegiyasının iclasında 3000 manat pul qaytardığını bildirmişdir. Bu isə cavabdehin səmimi olmamasına dəlalət edir. Eyni zamanda cavabdeh tərəfindən hər hansı pul məbləğinin qaytarılması barədə məhkəmələrə sübutlar təqdim edilməmişdir.
58. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
60. Həmçinin sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.
61. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin etirafı ilə iddiaçıdan ümumilikdə 7000 manat məbləğində pulun alınması öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edən zaman qeyd olunan halları nəzərə almamışdır.
62. Eyni zamanda, iddiaçı iddia tələbində və apellyasiya şikayətinin dəlillərində cavabdehə 8515 manat məbləğində pulun verilməsini bildirir.
63. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, tələb edilən 8515 manat məbləğdən 7000 manat hissəsini cavabdeh etiraf etsə də, pulun qalan 1515 manat hissəsi barədə isə mötəbər sübutlarını məhkəmələrə təqdim etməmişdir. Həmin hal yalnız iddiaçının öz subyektiv izahatı ilə təsdiqini tapmışdır. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
65. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
66. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
67. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi 1515 manat hissəsində sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbinin həmin hissəsində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
69. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
70. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməyən hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
71. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
72. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
73. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
74. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
77. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
78. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
79. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
80. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddia mübahisləndirilən hissələrdə tələbləri təmin olunmayan şəxslərə münasibətdə iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-202/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan (50+40) cəmi – 90 (doxsan) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.