Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1652/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə Açar sözlər: «kredit borcunun ödənilməsi» tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1081/2023 saylı mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Kreditor İddiaçı ASC-nin Tovuz filialı ilə birgə borcalanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 357 saylı qrup kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalanlara 12 ay müddətinə illik 36 faiz olmaqla 5000 manat məbləğdə kredit verilmişdir.
2. Kreditor İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, qrup üzvləri olan birgə borcalanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kreditora 1733 manat əsas, 4775 manat faiz, 4000 manat cərimə borcu olmaqla ümumilikdə 10508 manat borcları vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2009-cu il tarixli, 357 saylı qrup kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 1733 manat əsas, 4775 manat faiz, 4000 manat cərimə borcu olmaqla ümumilikdə isə 10508 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ilə İddiaçı ASC arasında xx.xx.2009-cu il tarixli, 357 saylı qrup kredit müqaviləsi bağlanılmış və cavabdehlərə qrup şəklində istehlak məqsədi ilə 12 ay müddətinə illik 36 faiz olmaqla 5000 manat məbləğdə kredit verilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, onlara edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamışlar. Nəticədə onların 1733 manat əsas, 4775 manat faiz, 4000 manat cərimə borcu olmaqla ümumilikdə isə 10508 manat borcu yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmişlər.
5. Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, lakin Cavabdeh1 qiyabi qətnamənin ləğvi barədə məhkəməyə ərizə verdiyi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə münasibətdə göstərmişdir ki, kredit müqaviləsi qrup şəklində bağlanmış, hər bir cavabdeh payına düşən məbləği götürmüş və ona uyğun da ödəniş etmişdir. Bu barədə aralarında razılıq əldə olunmuşdur. O isə öz növbəsində kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmişdir. Ona görə də ondan yenidən pulun tələb edilməsi əsassızdır. Bundan başqa iddiaçı tərəfindən iddia müddət ötürülməklə verilmişdir. İddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə də vermişdir. Odur ki, iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə müvafiq olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Tovuz Rayon Məhkəməsinin 2(062)-1081/2023 saylı mülki iş üzrə 17 aprel 2023cü il tarixli qətnaməsi ilə (hakim: F.Əliyev ) İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddiası təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçının borcalanlarla bağladığı kredit müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu kimi xx.xx.2010-cu il tarixi müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2015-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır. Cavabdeh1 baxılan iş üzrə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Məhkəmə hazırki tələb üzrə iddia müddətinin tətbiqini məqsədəmüvafiq hesab etmiş və qeyd etmişdir ki, iddia tələbinə iddia müddəti tətbiq edildiyi üçün təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 2(062)- 1081/2023 saylı mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və bankın iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməli və bankın iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən biri Cavabdeh1 iddia tələbinə münasibətdə bildirmişdir ki, kredit müqaviləsi qrup şəklində bağlanılmış, hər bir borclu özünə düşən məbləği götürmüş və ona uyğun ödəniş etmişdir. O, üzərinə götürdüyü öhdəliyi icra etdiyindən ondan yenidən pul tələb edilməsi əsassızdır. Bundan başqa ərizə təqdim edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd etmişlər ki, müştərək borclulardan birinin borcunun olmaması və iddia müddətinin tətbiqinə dair ərizə verməsi digər borcluların adından onların mövqeyi ümumiləşdirilməli deyil. Bu səbəbdən də iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən bir neçə cavabdehə qarşı qaldırıldıqda iddia müddətinin tətbiqi məsələsi hər bir iştirakçıya münasibətdə ayrılıqda həll edilməlidir. Bu zaman birgə iştirakçılardan hər birinə iddia müddətinin tətbiqi digər iştirakçılar barədə eyni nəticə çıxarmağa əsas vermir. Azərbaycan Respublikasının MPM-nin 51.1-ci maddəsinin tələblərinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən bir neçə cavabdehə qarşı qaldırıla bilər, iddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Halbuki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, digər cavabdehlərə dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin onlar məhkəmə iclaslarına gəlməməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazrıki halda, bir tərəfin ərizəsi və fikri əsasında ümumi yekun qərara gəlməklə Tovuz Rayon Məhkəməsi iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulub-pozulmamasını, digər borcluların ödənilməmiş borc məbləğlərinin olması halını nəzərə almamış və mühüm əhəmiyyət kəsb edən faktı qiymətləndirməmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən mötəbər sübut hesab olunan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi borclular tərəfindən ödənişlərin davamlılığı pozulmuş və həmin şəxslərin ödənilməmiş borcları bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Hesab edirlər ki, məhkəmənin hazrıki iş üzrə qəbul etdiyi qətnamə mülki prosessual hüquq normalarının tələblərinin heç birinə cavab vermir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.
12. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, eləcə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
15. Maddə 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
16. Maddə 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Maddə 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir;
18. Maddə 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
Prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88 - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 385.2 - birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, mərizəçi hakimi dinləyib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
29. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, işin mübahisə olunmayan hallarıdır ki, borcalanlar aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Lakin bununla belə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. İddia müddətinin tətbiqi barədə isə Cavabdeh1 tərəfindən ərizə verilmişdir. İş materiallarından görünür ki, iddiaçının borcalanlarla bağladığı kredit müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu xx.xx.2010-cu il tarix müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2015-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır. İş materiallarından göründüyü kimi, Cavabdeh1 baxılan iş üzrə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Məhkəmə hazırki tələb üzrə iddia müddətinin tətbiqini məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Sadalanan xüsusatları rəhbər tutan məhkəmə hesab etmişdir ki, iddia tələbi iddia müddəti tətbiq edildiyi üçün təmin edilməməlidir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).
31. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsində istinad etdiyi, tərəflər arasında 06 yanvar 2009-cu il tarixdə 12 ay müddətə bağlanmış kredit müqaviləsinin müddəti 06 yanvar 2010-cu il tarixdə başa çatmış, iddia ərizəsi 21 may 2015-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin axımı 06 yanvar 2010-cu il tarixdən başlamışdır ki, iddiaçı həmin vaxtdan etibarən üç il müddətində iddia qaldıra bilərdi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin axımı 06 yanvar 2010-cu il tarixdən başlamış və iddiaçı həmin tarixdən hesablanmaqla üç illik iddia müddətini ötürmüşdür və hazırki işdə iddia müddətinin axımının kəsilməsi halları müəyyən edilməmişdir.
32. Mülki işin materiallarının 80-ci vərəqində olan ərizədən görünür ki, Cavabdeh1 məhkəməyə ərizə verərək, LPO İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin ona qarşı irəli sürdüyü hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və ona qarşı irəli sürülən iddianın rədd edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, iddia müddətinin tətbiqi barədə ərizə cavabdehlərdən yalnız biri Cavabdeh1 tərəfindən verilsə də, məhkəmə tərəfindən iddia bütovlükdə rədd edilmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən mötəbər sübut hesab olunan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi borclular tərəfindən ödənişlərin davamlılığı pozulmuş və həmin şəxslərin ödənilməmiş borcları bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşmır və qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası həmin qanun normasının mətn və məzmununa diqqət çəkərək hesab edir ki, həmin qanun norması iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini məhkəmənin yalnız həmin şəxsə münasibətdə deyil, ümumilikdə iddia tələbindən imtina edilməsi üçün əsas olduğunu nəzərdə tutur. Əks halda həmin qanun normasında nəzərdə tutulardı ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin məhz həmin şəxsə qaldırılan iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı normalara istinad etməklə iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
36. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə mövcud sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1081/2023 saylı mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin Tovuz Rayon Məhkəməsinin 2(062)-1081/2023 saylı mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.