Məhkəmə qərarları › İş №2(104)-1653/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1653/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1653/2024 06.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-838/2023 nömrəli qətnaməsindən Cavabdeh, onun nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə 30000 manat dəyərində müxtəlif çeşidli məhsulları verməyi, cavabdeh isə iddiaçıdan təhvil aldığı məhsulların dəyəri olan 30.000 manatı 3 ay ərzində ödəyəcəyinə dair öz üzərinə ilə öhdəlik götürmüşdür

2. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh satıcı İddiaçı MMC-dən cəmi 30000 manat dəyərində mal təhvil almışdır.

3. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC ilə aralarında bağlanan “Mücərrəd borcun etirafı barədə” müqaviləyə əsasən, Cəmiyyətə 30000 (otuz min) manat borcu yaranmışdır. İddiaçı MMCyə olan borcunu etiraf edir və üç aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda, qanunla məsuliyyət daşımağa hazırdır. Ərizəni ona heç bir təsir olmadan özü yazmışdır, yazılanları öz imzasıyla təsdiq etmişdir.

4. xx.xx.2023-cü il tarixli, 1787 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında “Məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 087/2020 saylı Müqavilə bağlanmış, həmin müqavilə əsasında Cavabdeh ümumi dəyəri 30.000 (otuz min) manat olan müxtəlif çeşidli məhsullar satılmışdır. Qarayev X3 üzrə aldığı malların dəyərinin 21.318,85 (iyirmi bir min üç yüz on səkkiz manat səksən beş qəpik) manat hissəsini ödəsə də, 8681,85 (səkkiz min altı yüz səksən bir manat səksən beş qəpik) manat hissəsini ödəməmişdir və onun bu günə olan borcu 8681,85 (səkkiz min altı yüz səksən bir manat səksən beş qəpik) manat təşkil edir.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 3- 16-16/2-4/1176 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 2(104)- 1583/2023 nömrəli mülki işin 85-ci vərəqəsində olan Cavabdeh tərəfinfən İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədəki yazılar (ərizənin sonunda “İmza Cavabdeh” yazılarından aşağıdakı “xx.xx.2020” rəqəmlərindən başqa) və “İmza” yazısı qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 2(104)-1583/2023 nömrəli mülki işin 85-ci vərəqəsində olan Cavabdeh tərəfinfən İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin sonunda “İmza Cavabdeh” yazılarından aşağıdakı “xx.xx.2020” rəqəmlərinin Cavabdeh tərəfindən icra olunub olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.

6. ******* saylı əmək kitabçasının surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı MMC-də Satış Departamentində satış meneceri vəzifəsində işləmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 8681.85 manat məbləğində pul vəsaitinin və 106.82 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 087/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh Qarayev X3 üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 8681.85 manat hissəsini bu günədək ödəməmişdir. 8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-838/2023 nömrəli qətnaməsi (hakim Xədicə Səfərli) ilə, iddianın təmin edilməsi, Cavabdeh 8681 (səkkiz min altı yüz səksən bir) manat 85 (səksən beş) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106 (yüz altı) manat 82 (səksən iki) qəpik pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. 9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600.1, 600.4 və 601.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 238, 240, 358, 360 və 362-ci maddələrinə istinad etmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-838/2023 nömrəli qətnaməsi (hakim Xədicə Səfərli) ilə, iddianın təmin edilməsi, Cavabdeh 8681 (səkkiz min altı yüz səksən bir) manat 85 (səksən beş) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106 (yüz altı) manat 82 (səksən iki) qəpik pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

Apellyasiya instansiya məhkəməsində birinci icraat

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1583/2023 nömrəli iş üzrə 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov, İ.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə möqveyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan müxtəlif çeşidli məhsullar təhvil almış və xx.xx.2020-ci il tarixli müqavilənin şərtinə əsasən, məhsulların dəyəri olan 30000 manatı 3 ay ərzində ödəməyi öhdəsinə götürsə də, yalnız 21.318,85 manat ödəniş etmiş, geri qalan məbləği isə ödəməkdən boyun qaçırmışdır. Bununla da cavavdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, iddia tələbi üzrə cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya instansiya məhkəməsində icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1059/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1583/2023 nömrəli iş üzrə 11 oktyabr 2023cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

13. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdi ki, “Necə olur ki, mən əmək müqaviləsi ilə işləyirəm və eyni zamanda mənimlə nisyə alqı-satqı müqaviləsi bağlanılır, sonunda da, mən borcumu ödəmirəm və öz ərizəmlə çox rahatçılıqla işdən azad olunuram”. İddiaçı isə apellyasiya şikayətinə etirazında bu dəlilə münasibət bildirərək göstərmişdir ki, cavabdehin İddiaçı MMC-nin əməkdaşı olması onunla fiziki şəxs olaraq mülki hüquq münasibətləri ilə bağlı müqavilələrin - indiki halda “məhsulların nisyə alqısatqısı haqqında müqavilə”nin bağlanmasına mane olmur. Göründüyü kimi, öz aralarında əmək hüquq münasibətlərinin mövcud olmasını işin hər iki tərəfi qəbul edir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə işin sözügedən halına hüquqi qiymət verməmiş, Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında (§14) verilmiş məhkəmə üçün məcburi sayılan şərhi nəzərə almamışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

14. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-838/2023 saylı, 27 mart 2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh, onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, İddiaçı MMC-dən hər hansı bir məbləğdə məhsul götürməmiş, iddiaçı ilə hər hansı bir məhsulun götürülməsində müqavilə bağlamamışdır. Sadəcə işə qəbul zamanı bir neçə sənət imzalatmışdılar. Necə olur ki, ona 30000 manatlıq məhsul verirlər indi isə 8681,85 manat pul tələb edirlər. Əgər onun iddiaçıya 30000 manat borcu var idisə, indi 8681,85 manat borcu qalmışdırsa, onda bu məbləğin geridə qalan hissəsini kim ödəmişdir. Bundan əlavə olaraq onu da qeyd edir ki, eyni formada bir neçə şəxsin barəsində həmin ildə təxmini eyni aylarda və hər kəsə 30000 manatlıq nisiyə məhsul vermişlər və hazırki vaxtada təxminən hər kəsin eyni məbləğdə borcu qalmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı MMC cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edirək, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(125)-838/2023 nömrəli qətnaməsinin dərişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, “Avrora,, MMC arasında bağlanmış 02 avqust 2020-ci il tarixli 087/2020 saylı müqaviləyə əsasən, Satıcı Alıcıya ümumi dəyəri 30.000 manat olan müxtəlif çeşidli məhsulları nisyə olaraq satmış, Alıcı isə həmin məhsulların dəyərini 3 (üç) ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixə tərtib edilmiş və tərəflərin imzaladığı malların təhvil-təslim aktına görə, ümumi dəyəri 30.000 manat olan müxtəlif çeşidli məhsullar cavabdehə təhvil verilmişdir. Daha sonra cavabdeh “Avrora,, MMC-nin prezidenti Ceyhun Abbasova ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində borc məbləğini etiraf etmiş və növbəti üç ay ərzində ödəyəcəyini bildirmişdir. Cavabdehin qalıq borcunun müəyyənləşdirilməsi məqsədi ilə 2022-ci ildə şirkət daxili araşdırma aparılmış və müqavilə üzrə 8681,85 manat borcunun qaldığı müəyyənləşdirilmişdir. Borcun cavabdehdən tutulması məqsədi ilə məhkəməyə qədər zəruri tədbirlər görülsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də, borc məbləğinin cavabdehdən alınması üçün məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iş materiallarında olan təkzibedilməz sübutlarla, cavabdehin “Avrora,, MMC-yə 8681,85 manat borcunun qaldığı tam sübuta yetirilmişdir. “Avrora MMC öz işçilərinin rifahının yaxşılaşdırılması və maddi vəziyyətlərinə köməklik göstərilməsi məqsədi ilə, özünün istehsal və idxal etdiyi, eləcə də satışını həyata keçirdiyi məhsulları öz işçilərinə endirimli şərtlərlə nisyə alqı-satqı müqaviləsi əsasında təklif edir. Şirkətin bir çox işçisi bu təklifdən yararlanır və nisyə aldığı məhsulların dəyərini ödəyirlər. Lakin, cavabdeh şirkətin bu xoşməramlı niyyətindən sui-istifadə etməklə, endirimli şərtlərlə nisyə olaraq aldığı məhsulların dəyərinin müəyyən hissəsini ödəməkdən yayınmışdır. İşəgötürənin özünün istehsal və idxal etdiyi, eləcə də satışını həyata keçirdiyi məhsulları öz işçilərinə endirimli şərtlərlə nisyə satması nəinki qanun pozuntusu hesab edilmir, eyni zamanda mülki hüquq münasibətlərinin ümumi şərtlərinə zidd deyildir. Cavabdehlə aramızda bağlanmış müqavilə predmeti olan mallar şirkətin anbarından təhviltəslim aktı əsasında çıxarılaraq cavabdehə təhvil verilib və həmin təhvil-təslim aktına cavabdeh şəxsən imza atıb. Həmin Akt məhkəməyə təqdim edilib və iş materiallarında mövcuddur. Malların cavabdehə verildiyini təkzib edən sübutlar isə, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmayıb. Apellyasiya şikayətində, əlavə olaraq qeyd edilib: “Necə olur ki, mən əmək müqaviləsi ilə işləyirəm və eyni zamanda mənimlə nisyə alqı-satqı müqaviləsi bağlanılır, sonunda da mən borcumu ödəmirəm və öz ərizəmlə çox rahatçılıqla işdən azad olunuram”. Bununla bağlı bildirmək istəyirlər ki, cavabdehin “Avrora,, MMC-nin əməkdaşı olması onunla fiziki şəxs olaraq aramızda mülki hüquq münasibətləri ilə bağlı müqavilələrin - indiki halda “məhsulların nisyə alqı-satqısı haqqında, müqavilənin bağlanmasına mane olmur. Cavabdehin fiziki şəxs olaraq “Avrora,, MMC ilə bağladığı mülki hüquq münasibətlərinə aid olan müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi, onunla bağlanmış əmək müqaviləsinin “kobud pozuntu ilə ləğv edilməsinə əsas verə bilməz və bu, cavabdehin bir işçi kimi hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhz bu şərtlər nəzərə alınaraq, cavabdehlə bağlanmış əmək müqaviləsinə onun öz xahişi ilə xitam verilmişdir. Cavabdehin hazırki apellyasiya şikayəti verməkdə məqsədi, işi süni şəkildə uzatmaq və borc məbləğini ödəməyi gecikdirməkdən ibarətdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Cavabdeh və nümayəndəsi, vəkil X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

27. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

29. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

30. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

32. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

33. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.

34. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə

35. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi:

36. Maddə 2.1. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.

37. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

38. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

47. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

48. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

53. Belə ki, Ali Məhkəmə öz qərarında göstərmişdir ki, tərəflər öz aralarında əmək hüquq münasibətlərinin mövcud olmasını qəbul etsələr də, apellyasiya instansiyası məhkəməsi işin sözügedən halına hüquqi qiymət verməmiş, Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında verilmiş məhkəmə üçün məcburi sayılan şərhi nəzərə almamışdır

54. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 17 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 2.3cü maddəsinə müvafiq olaraq, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin maddənin məzmunundan göründüyü kimi, mülki qanunvericilik əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq edilə bilər... Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir... Əmək Məcəlləsinin 2ci maddəsinin 3-cü hissəsində əmək hüququnun prinsiplərindən biri kimi əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir... Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.

55. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı MMC-də Satış Departamentində satış meneceri vəzifəsində işləmişdir.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin İddiaçı MMC-dən hər hansı bir məbləğdə məhsul götürməməsi, iddiaçı ilə hər hansı bir məhsulun götürülməsi üçün müqavilə bağlamamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı etirazında şirkətin satışını həyata keçirdiyi məhsulları öz işçilərinə endirimli şərtlərlə nisyə satmasının mülki hüquq münasibətlərinin ümumi şərtlərinə zidd olmamasını qeyd etsə də, həmin alqısatqı müqaviləsi ilə bağlı malların təhvil təslim aktından başqa heç bir sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Vergi Məcələsinin 13.2.62 və 3.2.63-cü maddələrinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətini, topdansatış isə – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətini ehtiva edir. Lakin iddiaçı tərəfindən malların verilməsini təsdiqləyən qeyd edilən sənədlərdən heç biri məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan kollegiya cavabdehin iddiaçı ilə aralarında hər hansı mülki xarakterli əqdin mövcud olmaması ilə bağlı dəlilini əsaslı hesab edir. Cavabdehin İddiaçı MMC-də Satış Departamentində satış meneceri vəzifəsində işləməsini və həmin vəzifəni yerinə yetirməsi üçün iddiaçının ona əmək haqqı ödəməsini nəzərə alsaq, iddiaçının əmək haqqı ödədiyi satış menecerinə nisyə alqı-satqı müqaviləsi əsasında istehsal etdiyi malları satması, həmin halı təsdiqləyəcək sübutların fonunda inandırıcı deyildir. Bu baxımdan, məhkəmə kollegiyası iddiçının təqdim etdiyi nisyə alqısatqı müqaviləsini və təhvil təslim aktını cavabdehlə aralarında yaranmış əmək münasibətinin mülki hüquqi müqavilə ilə rəsmiləşdirilməsi kimi qiymətləndirir.

57. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kollegiya qeyd edir ki, iddiaçı cavabdehlə aralarında real alqı-satqı müqaviləsi əsasında cavabdehə malların verilməsini təsdiqləyəcək sübutlar təqdim etməmişdir və Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən nisyə alqı-satqı müqavilənin bağlanılması istisna edilir.

58. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-838/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin e-2(125)-838/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-838/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar