Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1662/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “mülkdən çıxarılma, maneənin aradan qaldırılması və icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-249/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi kimi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 ilə birgə nikah dövründə əldə edilmiş, X1 adına qeydə alınmış, vəsiyyətnamə və birgə nikah dövründə qazanılmış olduğu üçün hazırda ona məxsus olan, Gəncə- Nəbiağalı yolunun sağ hissəsində yerləşən avtomobillərə texniki xidmət mərkəzindən və torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 çıxarılması, cavabdehlərin və digər şəxslərin ona yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi kimi (vəkil) Nümayəndə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, Gəncə Şəhər İcra Hakimiyyətinin cavabdehlər siyahısına daxil edilməsi və Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və avtomobillərə texniki xidmət mərkəzindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, cavabdehlər və digər şəxslərin ona yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, mərhum X2 ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşdur. 20 ildən çox birgə nikah dövründə birgə təsərrüfat quraraq idarə etmişlər. Birgə nikah dövründə hazırda mərhum həyat yoldaşının adına olan xx.xx.2018-ci il tarixli vəsiyyətnamə əsasında ona vəsiyyət etmiş olduğu Samux rayon İHB-nin xx.xx.2003-cü il tarixli, 25 saylı qərarı ilə verilmiş Gəncə-Nəbiağalı avtomobil yolunun sağ tərəfində yerləşən və istifadəyə verilmiş torpaq sahəsində Samux Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamı ilə avtomobillərə texniki xidmət obyektləri tikmişlər. Lakin, cavabdehlər həyat yoldaşı X2 rəhmətə gedəndən sonra tək qadın olmağından istifadə edərək ona və həmin avtomobillərə texniki xidmət göstərən şəxslərə zor tətbiq edərək həmin obyekti zəbt etmişdir. O, illərdir həmin avtomobil təmiri mərkəzindən arenda pulu almışdır. Cavabdehlər tərəfindən zəbt edildikdən sonra o, gəlirlərindən məhrum olmuşdur. Həmin ərazi əvvəllər Samux rayonu ərazisi olmasına baxmayaraq, hazırda Gəncə şəhərinin ərazisi daxilindədir. Həyat yoldaşı X2 xx.xx.2021-ci il tarixdə uzun sürən xəstəlik nəticəsində durğunluq ürək çatışmazlığından vəfat etmişdir. O, illərdir xəstə olmuşdur. Xəstəliyi zamanı onun qulluğunda (xidmətində) həyat yoldaşı olaraq yalnız o durmuşdur. Onu həkimlərə aparmaq, həkimlərdən gətirmək və s. işlərini də təkbaşına həyata keçirmişdir. Dəfn xərci olan 25000 (iyirmi beş min) manatadək vəsaiti də özü xərcləmişdir. Cavabdehlər baxmayaraq ki, həyat yoldaşının əvvəlki həyat yoldaşından doğulan uşaqlardır, uşaqları onunla son 20 ildə ümumiyyətlə maraqlanmamışdırlar. Həmin avtomobillərə texniki xidmət mərkəzi onunla birgə nikah dövründə tikilmişdir. Cavabdehlər tərəfindən onun mülkiyyət hüququna qanunsuz müdaxilə olunmuş və mülkiyyət hüququ pozulmuşdur. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində məhkəmənin heç bir qərarı olmadan mülkiyyətindən məhrum olmuşdur. Cavabdehlər onun mülkiyyətini zəbt etməklə bərabər mülkiyyətinə fiziki zərər də vururlar. Onların qanunsuz istifadəsi mərhum həyat yoldaşının və onun əlinin qabarı ilə tikilmiş mülkləri məhv edirlər. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-249/2023 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gəncə-Nəbiağalı yolunun sağ hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və avtomobillərə texniki xidmət mərkəzindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, cavabdehlər və digər şəxslərin ona yaratdığı maneələrin aradan qaldırılması barədə iddiasının əsassız olduğundan rədd edilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi kimi vəkil Nümayəndə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-249/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apelyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 19-cu maddəsinin “qeyd” hissəsində göstərilir ki, bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 363.1 və 363.1.1-ci maddələrinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçı adından verilmiş apellyasiya şikayətindən görünür ki, həmin şikayət vəkil Nümayəndə tərəfindən imza edilmiş olsa da, lakin etibarnamədən görünür ki, sonuncunun yalnız cinayət mühakiməsində iddiaçının hüquqlarını müdafiə etmək səlahiyyəti vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-249/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-in 69.2, 361, 366-368-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-249/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi kimi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1662/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1662/2023
13.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver