Məhkəmə qərarları › İş №2(104)-1671/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1671/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1671/2025 12.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi İddiaçı QSC-in nümayəndəsi X1 Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(061)-331/2025 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 10268 (on min iki yüz altmış səkkiz) manat 36 (otuz altı) qəpik əsas, 241 (iki yüz qırx bir) manat 05 (beş) qəpik faiz, 228 (iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 10738 (on min yeddi yüz otuz səkkiz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 122 (yüz iyirmi iki) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumunun alınıb, iddiaçı "xxxx" QSCyə verilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin icraatına xitam verilməsi, başqa halda isə borc məbləğinin məhkəmə mühasibatlıq ekspertizası rəyi ilə dəqiqləşdirilməklə iddia qismən təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 10268 (on min iki yüz altmış səkkiz) manat 36 (otuz altı) qəpik əsas, 241 (iki yüz qırx bir) manat 05 (beş) qəpik faiz, 228 (iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 10738 (on min yeddi yüz otuz səkkiz) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 122 (yüz iyirmi iki) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə xx.xx.2023-cü il tarixli ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 025A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3731,64 manat ödəniş etmiş və onun iddiaçıya 10268,36 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixdə 14 gün üçün hesablanmış faiz borcu 241,05 manat təşkil edir. Müqavilənin 7,20-ci bəndinə uyğun olaraq borclu kredit və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödənilməlidir. xx.xx.2024-cü il tarixə 14 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 228,86 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, məhkəmənin qətnaməsi qanunvericiliyin və müqavilə şərtlərinin tələblərinə qismən uyğun gəlsə də, tam əsaslı deyildir. Maddi hüquq normalarının tələbləri hazırki iş üzrə işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun müzakirə edilib, qiymət verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin arasında ilkin müqavilə xx.xx.2023-cü il tarixdə 48 ay müddətinə bağlanmışdır. Bundan sonra onlar xx.xx.2024-cü il tarixli sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik etmişlər. İddiaçının məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, cavabdeh 3731.64 manat pul ödəmişdir. Həmin məbləğ düzgün hesablanmamışdır. Onun həmin kredit müqaviləsi üzrə ödədiyi məbləğ 6000 manata yaxın olmuşdur. İddiaçı ödənilən məbləğin çox hissəsini əsassız olaraq faiz məbləğinə hesablamışdır. Bundan əlavə işdən görünür ki, tərəflər arasında müqavilə 48 ay müddətinə bağlanmışdır. O, əsas və faiz borclarını ödəniş cədvəli üzrə ardıcıl və vaxtında ödəyə bilməsə də, mütəmadi ödənişlər etməklə öhdəliyinin icrasından boyun qaçırmamışdır. İddiaçı əsassız olaraq, müqavilə müddəti bitməmişdən əvvəl iddia qaldırmışdır. Yəni, müqavilə müddəti 2027-ci ildə bitəcəyinə baxmayaraq, iddiaçı zərurət olmadan iddia qaldırmışdır. Ona görə də, hesab edir ki, onun tərəfindən ödəniş cədvəlinə uyğun ödəmələrin vaxtında aparılmaması müqavilə üzrə öhdəliklərin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb, həmin sübutlara tədbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, habelə qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla, yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərini pozulmuşdur. Həmçinin, tərəflərin hər ikisi vergi orqanlarında uçotda olmaqla, sahibkarlıqla məşğul olan şəxslər olduğuna baxmayaraq, onların arasındakı mübahisə kommersiya məhkəməsinə aid olduğuna görə, həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğu halda, məhkəmə aidiyyət qaydalarını pozmaqla işə baxmışdır. Ona görə də, hesab etmişlər ki, həmin işin icraatına xitam verilməklə, iddiaçıya ərazi üzrə kommersiya məhkəməsində iddia qaldırmaq hüququ izah edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh (zamin) Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 şikayətin dəlillərini qəbul etməyərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair Cavabdeh2 nümayəndəsinin, həmin şikayətin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizənin (müştəri kodu ********) surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış ərizəyə əsasən ona aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunumş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və hər iki tərəf müqaviləni imzalamışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 "xxxx" QSC-ə olan borcu, 10268 (on min iki yüz altmış səkkiz) manat 36 (otuz altı) qəpik əsas, 241 (iki yüz qırx bir) manat 05 (beş) qəpik faiz, 228 (iki yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 10738 (on min yeddi yüz otuz səkkiz) manat 27 (iyirmi yeddi) qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 025A**********S nömrəli sazişin surətindən görünür ki, Cavabdeh2 ilə "xxxx" QSC arasında kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 025G**********01S nömrəli sazişin surətindən görünür ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarması, kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləciyi, onun banka olan borclu olduğu 10948,35 manat məbləğində, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi, bu halda təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəməli olacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış ərizəyə əsasən ona aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. İddiaçı Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin borcu yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyinin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçı ödənilən məbləğin çox hissəsini əsassız olaraq faiz məbləğinə hesablamışdır. İş materiallarından görünür ki, 14.000 manat kredit məbləğini aylıq 1,4167 faiz dərəcəsi ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh2 götürmüşdür. Ödəniş planına görə aylıq ödənilməli məbləğ 406 manat müəyyən edilmiş, bunun 187,83 manatı kredit qalığından aylıq ödəmə məbləğinə, 218,17 manatı isə kredit qalığı üzrə aylıq faiz ödəməsinə silinməli olmuşdur. Göründüyü kimi, borclu tərəfindən ödənilən məbləğlər ödəniş planı üzrə qrafiq əsasında silinmişdir. Həmin ödəniş planı müqaviləyə əlavə edilmiş Cavabdeh2 tərəfindən onun şərtləri razılaşdırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə aidiyyat qaydalarının pozulması nəticəsində baxıldığı üçün xitam verilməsi dəlillərinə münasibətdə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış ərizə-müqavilədən görünür ki, kreditin növü istehlak kreditinə aid edilmişdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh2 həmin krediti biznes və sahibkarlıq fəaliyyəti məqsədi üçün yox, şəxsi xərcləri üçün əldə etmişdir. Onun sahibkar olması və ya vergi ödəyicisi kimi qeydiyyata alınması hazırki işin kommersiya mahiyyətli olmasına əsas vermir. Azərbaycan Respublikası MPM-in; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertizanın təyin edilməli olmasına dair dəlili ilə razılaşmır. Belə ki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Digər tərəfdən işdəki hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmış, Cavabdeh2 iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə onun şikayətinin həmin dəlili əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin digər dəlili kreditorun kredit müqaviləsi üzrə müddət çatanadək müqavilənin icrasını tələb edə bilməməsi ilə bağlıdır. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin qrafik üzrə ödəmə müddətini pozmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləyə əsasən borcalan tərəfindən əsas borc, yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda kreditor bu müqavilə üzrə borcların (əsas borc, faiz borcu, dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Göründüyü kimi, apellyasiya şikayətinin həmin dəlili əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(061)-331/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar