Məhkəmə qərarları › İş №2(104)-1672/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1672/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1672/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (anası) X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(015)-517/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağstafa Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli 2(015)-906/2018 nömrəli qətnaməsindən görünür ki, həmin məhkəmənin 17 mart 2014-cü il tarixli 2(015)-252/2014 nömrəli qətnaməsi ilə Cavabdeh1 tutulan alimentin miqdarı dəyişdirilərək, 11 may 2012-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin artırılaraq 235 manat müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2011-ci ildə ailə qurmuş və birgə evliliklərindən 11 may 2012-ci il tarixdə Elay adlı uşaqları anadan olmuşdur. Elay adlı uşaq İİ-ci qrup əlil olmaqla, “Daun” sindromlu xəstəsidir. Uşağın saxlanılması üçün 150 manat aliment müəyyən olunsada, lakin həmin məbləğ hazırda uşağın artan tələbatını ödəmir.Cavabdeh kifayət qədər gəlir əldə etsədə əlavə maddi köməklik etmir.

4. Ağstafa Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(015)-517/2024 nömrəli qətnaməsi ilə (hakim N.Abbasov) iddia qismən təmin edilərək, 11 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-906/2018 nömrəli 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh1 hər ay 200 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi; Cavabdeh1 44 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4, 112.1 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3, 185.4, 216-220 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək uşağın saxlanılması üçün hər ay 170 manat aliment müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, X6 ayrıldıqdan sonra yenidən ailə qurmuş və həmin nikahdan üç uşağı var. Hal-hazırda işləmir, iş olan zamanda fəhləlik edir. Bundan əvvəl məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 150 manat alimenti belə ödəməkdə çətinlik çəkir. Uşağı saxlanılmasını təmin etmək hər iki valideyinin borcu olduğuna görə 2024-cü il üçün müəyyən olunmuş 235 manat yaşayış minimumu tərəflər arasında bölünməlidir. Həmçinin uşağın xəstəliyinə görə 300 manat müavinat təyin olunmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamışdır. Uşaq ananın himayəsində qaldığından ondan tutulan alimentin 170 manat olmasına etiraz etmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (anası) X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, oğlu Bəxtiyar başqa şəxsin mülkiyyətində olan yük maşını (tır)sürür və idarə etdiyi avtomobillə xarici ölkələrə yük daşıyır. Bunun müqabilində isə ona hər dəfə 500 manat verilir. Həmin məbləğdən aliment ödəyir, qalan məbləğlə ailəsini güclə dolandırır. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh yük maşını (tır) sürür və həmin maşınla xarici ölkələrə yük daşıyır. İşinin müqabilində hər reys üçün ona kifayət qədər pul verilir. Uşağın saxlanılması üçün cavabdehin hər ay 200 manat aliment ödəməyə maddi imkanı var. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 məlumat verilsədə sonuncu məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsi vastəsilə təmsil olunur.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

13. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

14. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

15. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

19. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

20. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 faktiki nikahından 11 may 2012-ci il tarixdə Elay adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan tərəflər ayrılmış və uşaq ananın himayəsində qalmışdır. Ağstafa Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli 2(015)-906/2018 nömrəli qətnaməsi ilə 11 may 2012-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sonuncu müəyyən olunmuş alimentn uşağın artan tələbatına yetərli olmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qısmən təmin edərək alimentin məbləğini artıraraq 200 manat müəyyən etmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 11 may 2012-ci il təvəllüdlü Elay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 sabit pul məbləğində tutulan 150 manat alimentin miqdarını artıraraq hər ay 200 manat müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin “X6 ayrıldıqdan sonra yenidən ailə qurması, həmin nikahdan üç uşağının olması, hal-hazırda rəsmi olaraq iş yerinin olmaması, iş olanda isə fəhləlik etməsi, uşağın saxlanılmasında hər iki valideyinin borcu olması, habelə xəstəliyiə görə uşağa 300 manat müavinat təyin olunması dəlilini kollegiya əsaslı saymır.

34. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur.

35. Bundan əlavə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

36. Cavabdeh1 apellyasiya şikayətində işləmədiyini, iş olduqda isə fəhləlik etdiyini bildirsədə, lakin apellyasiya icraatı zamanı onun etibarnamə üzrə nümayəndəsi, yəni anası X4 izahatında bildirmişdir ki, oğlu Bəxtiyar başqa şəxsin mülkiyyətində olan yük maşını (tır) sürür, idarə etdiyi avtomobillə xarici ölkələrə yük daşıyır. Bunun müqabilində isə ona hər dəfə 500 manat verilir.

37. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ödəmək niyyətində olduğu 170 manat aliment adı qeyd olunan uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi, eləcədə əvvəlki təminatnın səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli sayıla bilməz. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 200 manat miqdarda alimenti isə kollegiya uşağın mənafeyi baxımından yetərli sayır.

38. Kollegiya gəlmiş olduğu bu nəticəni onunla əsaslandırır ki, aliment təyini zamanı tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınarkən, uşağında mənafeləri diqqət mərkəzində saxlanılmalı və uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(015)-517/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar