Məhkəmə qərarları › İş №2(104)-1673/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1673/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1673/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban оğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibаrət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin Cavabdeh qarşı artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(076)-721/2020 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən qanunsuz əldə edilmiş 7786,25 manat alınıb Fondun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(076)-721/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 7786,25 manat alınaraq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə verilməsi; Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti, eləcədə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Şəmkir Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(076)-721/2020 nömrəli qərardadı ilə (hakim K.Məmmədov) ərizə təmin edilərək, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin Cavabdeh qarşı artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(076)-721/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddəti cavabdehə münasibətdə bərpa edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu şikayət verərək, qərardadın ləğv edilməsi və ötürülmüş prosessual müddətin bərpasına dair ərizənin təmin olunmaması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(076)-721/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2. maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxlərdə malikdir. . Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1. maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2. maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3. maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 135.3. maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Şəmkir Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(076)-721/2020 nömrəli qətnaməsinin surəti Cavabdeh yaşadığı ünvana göndərilməsi barədə müşaiətedici məktub iş materiallarına əlavə olunsada, zərfin göndərilməsi barədə reyestr və sonuncunun qətnamənin surətini almasını təsdiq edən hər hansı sənəd işdə aşkar olunmur. Eləcədə işdən müəyyən olunur ki, qətnamə çıxarılan zaman Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(076)-721/2020 nömrəli qətnaməsindən xəbərsiz olmuşdur. Ona görədə kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizəni təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, mülki prosessual qanunvericiliyə görə buraxılmış müddətin bərpası müəyyən prosessual hüququn həyata keçirilməsinə imkan yaratmaq məqsədi ilə edilir. Prosessual müddətin bərpası dedikdə hər ahnsı bir prosessual hüququn həyata keçirilməsi üçün qanunda müəyyən edilmiş müddət bitdikdə və həmin hüququn bu müddət çərçivəsindən kənar həyata keçirilməsi mümkün olmadıqda həmin hüququn həyata keçirilməsi üçün konkret şəxsə imkan verilməsi başa düşülür. Müddətin bərpası fərdi xarakter daşıyır və buraxılmanın səbəblərini üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir. Beləliklə məhkəmə hər hansı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə movcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyəti və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amillər nəzərə alınmalıdır. Həmçinin hazırki halda nəzərə alınmalıdır ki, müddətin bərpası ilə bağlı xahişin rədd edilməsi ərizə ilə müraciət etmiş şəxsin məhkəməyə müraciət etmək hüququnu pozulmasına səbəb ola bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(076)-721/2020 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən vеrilmiş şikаyət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 128, 130, 263-264, 357, 360, 398, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(076)-721/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar