Məhkəmə qərarları › İş №2(104)-1674/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1674/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1674/2023 24.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(076)-202/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 46000 manat borc verdiyi pulun, 550 manat hüquqi xidmətə görə ödənilmiş pulun və 73 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(076)-202/2022 saylı qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia qismən təmin edilməsi, Cavabdeh 44000 (qirx dörd min) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iş üzrə hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 550 (beş yüz əlli) manat pul Cavabdeh alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73 (yetmiş üç) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə, yəni 2000 (iki min) manat hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edərək, Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(076)-202/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının səbəbini üzrlü hesab edib həmin müddətin bərpa edilməsi barədə qərardad çıxarılamasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(076)-202/2022 saylı qərardadı ilə, Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(076)-202/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Daha sonra cavabdeh qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv olunmasını və apellyasiya şikayətinin prosessual müddətinin bərpa edilərək Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(076)-202/2022 saylı qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2(104)-2839/2022 saylı qərardadı ilə, Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-cü il tarixli, 2(076)-202/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi X1 Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(076)- 202/2022 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh prosessual müddətin bərpası barədə məhkəməyə yenidən ərizə təqdim edərək, Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(076)-202/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının səbəbini üzürlü hesab edib həmin müddətin bərpa edilməsi barədə qərardad çıxarılamasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(076)-202/2022 saylı qərardadı ilə, ərizənin təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(076)-202/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Daha sonra cavabdeh qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv olunmasını və apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, o həbsdə olmuşdur. Həmçinin, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində işə cəlb olunmuş və istintaqın nəticəsini gözləmişdir.Göründüyü kimi, hazırda işin halları dəyişilmişdir. Şəmkir Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(076)-202/2022 saylı qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli, 8(076)-202/2022 saylı qərardadları ləğv edilməsi və Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(076)-202/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ərizənin düzgün həlli üçün prosessual müddətin, habelə buraxılmış müddətin bərpa edilməsinin hüquqi mahiyyətinə diqqət yetirilməli, eyni zamanda işin halları məhkəmə müdafiəsi hüququnun müddəaları rəhbər tutulmaqla təhlil olunmalıdır. Çünki, şəxsin məhkəməyə istənilən müraciəti ilk növbədə məhkəmə müdafiəsi hüququ baxımından qiymətləndirilməlidir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsindən irəli gəlir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur və şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Prosessual müddət dedikdə, qanunla nəzərdə tutulmuş prosessual hərəkətin edilməsi üçün qanunla və ya məhkəmə tərəfindən müəyyən edilən zaman kəsiyi başa düşülür. Birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət vermək hüququ da bu cür müddətlə məhdudlaşdırılır. Baxılan iş üzrə Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(076)-202/2022 qətnaməsindən şikayət verilməsi üçün Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsi ilə 1 ay müddət müəyyən olunmuşdur. Prosessual müddətlərə əməl olunmaması şəxsin ona verilmiş prosessual hərəkəti etmək hüququnu itirməsi ilə nəticələnir. Məsələn, Azərbaycan Respublikasının MPM-in 130.1 və 130.3-cü maddələrində göstərilir ki, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Lakin qanunvericilik, şəxsin ona verilmiş hüquqdan qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəbdən istifadə edə bilmədiyi halda, ona bu hüquqdan yararlanmaq üçün əlavə imkan yaradır. Bu imkan prosessual müddətin bərpası qaydasında təmin olunur. Belə ki, Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin bərpası üçün elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafıq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh hazırkı iş üzrə birinci instansiya mhəkəməsinin qətnaməsinin apellyasiya qaydasında mübahisələndirmək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Bundan sonra cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsindən, yəni şikayət vermək hüququndan istifadə etmişdir. Müddətin bərpasından imtina olunması barədə qərardaddan şikayət vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2(104)-2839/2022 saylı qərardadı ilə, Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-cü il tarixli, 2(076)-202/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bununla da iş üzrə məhkəmə aktları qanuni qüvvəyə minmişdir. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Buna görə də Cavabdeh sözügedən qərardaddan təkrar şikayət vermək hüququ yoxdur. Bu cür prosessual qayda qanunda nəzərdə tutulmamışdır və ədalət mühakiməsinin prinsiplərinə ziddir. Birinci instansiyası məhkəməsinin qərardadından şikayət vermə hüququ, bir hüquqi müdafiə vasitəsi olaraq, artıq baxılmış işə yenidən baxılmasını ehtiva etmir. Yuxarıda qeyd olunan fikirləri ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin qərardaddan verdiyi şikayətinə bir dəfə baxıldığına görə, onun yenidən şikayət vermək hüququ yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxmaqda haqlı olmamışdır. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin təkrar olaraq müraciət etdiyi prosessual müddətin bərpa edilməsi barədə ərizəsi üzrə etdiyi hərəkətlər prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Odur ki, Cavabdeh nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli, 8(076)-202/2022 saylı qərardadları ləğv olunmalı və Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(076)-202/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 263, 264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(076)-202/2022 saylı qərardadı və onun əsasında çıxarılmış 19 may 2023-cü il tarixli, 2(076)-202/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(076)-202/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün iş materialları Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar