Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1674/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-2183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş cavabdehin səsyazmasından ibarət “CD” diskdə cavabdeh 7 il bundan qabaq iddiaçıdan hissə-hissə 500 manat olmaqla, cəmi 1500 manat beh aldığını etiraf etmiş və qeyd etmişdir ki, o, torpaq sahəsini iddiaçıya satarkən sənədləşmədə səhvlik olduğunu ona bildirmiş, iddiaçı da, bununla razılaşaraq torpaq sahəsini alacağına söz vermişdir. 2019-cu ilin yanvar ayında Ramiz adlı şəxs vasitəsi ilə iddiaçıdan 500 manat pul almışdır, torpaq sahəsində olan ad səhvinin düzəldilməsi üçün məhkəməyə müraciət etmiş, səhv düzəldildikdən sonra 2019-cu ilin aprel ayının 1-də iddiaçıya zəng etmiş, torpaq sahəsini almaq üçün yerdə qalan məbləğini ödəməsini xahiş etmişdir, iddiaçı isə Bakıda olduğunu bildirmişdir, bundan sonra aprel ayının sonuna kimi gözləsə də, iddiaçı 4000-5000 manat pul verməsini, qalan məbləğini sonra ödəməsini təklif etdikdə onunla razılaşmamış, məbləğin hamısının birlikdə ödənilməsini istəmişdir. 2019-cu ilin aprel ayında iddiaçıdan 500 manat pul almışdır. 2019-cu ilin may ayına kimi sənədləşmənin qurtardığını, lakin iddiaçı gəlib torpağı almadığından behin batdığını bildirmişdir.
2. İş materiallarına əlavə edilmiş Göygöl rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Quşçuluq yaşayış massivi, 2-ci küçə, 3-cü dalanda yaşayan İddiaçı Göygöl RPŞ-nə ərizə ilə müraciət edərək, təxminən dörd il bundan əvvəl Gəncə şəhər sakini Anar adlı şəxsin Göygöl rayonu Bəhrəmbəy kəndi ərazisində ona 20 sot torpaq satacağı adı ilə ondan 1500 (min beş yüz) manat pul almasını, lakin Anar adlı şəxsin bu günədək onun pulunu geri qaytarmamasını, ona torpaq satmamasını bildirmişdir. Həmin ərizə Göygöl RPŞ-də “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında HK- 1/2264 nömrə ilə qeydiyyata alınaraq icraata qəbul edilmişdir. Material üzrə izahatı alınmış İddiaçı bildirmişdir ki, o, Abşeron rayonu Quşçuluq yaşayış massivi, 2-ci küçə, 3cü dalanda ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, təxminən dörd il bundan əvvəl Gəncə şəhərində yaşayan Anar adlı tanışı ona Göygöl rayonu Bəhrəmbəy kəndində özünə məxsus 20 sot torpaq sahəsinin olmasını bildirərək, həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. İddiaçı da, ona həmin torpaq sahəsini almaq istədiyini demiş, bu zaman Anar adlı tanışı torpaq sahəsinin onun arvadına məxsus olmasını, həmin torpaq sahəsinin pay torpağı olmasını bildirərək, sənədləşdirdikdən sonra ona satacağını bildirmiş və torpağı sənədləşdirmək üçün ondan 1500 manat pul istəmişdir. İddiaçı qeyd etmişdir ki, Anar adlı tanışı həmin torpağı bir sotu 400 manatdan olmaqla satacaqmış. Bildirmişdir ki, bir il müddət keçdikdən sonra Anar torpağın sənədlərini düzəltmədiyi üçün o, başqa şəxsdən torpaq almış və Anara ona verdiyi pulu geri qaytarmasını istəmişdir. Həmin zaman Anar adlı tanışı torpağı satdıqdan sonra onun pulunu verəcəyini bildirmişdir. Lakin bu qədər müddət keçməsinə baxmayaraq Anar ona verdiyi 1500 manat pulu geri qaytarmamış, eyni zamanda ona torpaq satmamışdır. İddiaçı onunla dəfələrlə telefon əlaqəsi saxlayaraq pulunu istəsə də, Anar adlı tanışı pulu verməyəcəyini bildirərək, onun barəsində məhkəməyə şikayət etməsini bildirmişdir. İddiaçı sualları cavablandırarkən, Anar adlı tanışına 1500 manat pulu verən zaman onun qohumu Ramiz adlı şəxsin onların yanında olmasını, həmin 1500 manat pulu Anar adlı tanışına verməkdə məqsədinin Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən Anarın arvadına məxsus pay torpağını sənədləşdirərək ona satması olmuşdur. Material üzrə Gəncə şəhəri AKTA-6 ətrafında yaşayan Cavabdeh izahatının alınması məqsədilə onunla telefon əlaqəsi saxlanılaraq RPŞ-yə dəvət olunmasına baxmayaraq, o, izahat vermək üçün Göygöl RPŞ-yə gəlməkdən imtina etmişdir. Bu barədə protokollar tərtib edilərək, araşdırma materialına əlavə edilmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayonu Quşçuluq yaşayış massivi, 2-ci küçə, 3-cü dalanda yaşayan İddiaçı 2019-cu ildə Gəncə şəhəri AKTA-6 ətrafında yaşayan, tanışı Cavabdeh Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən, sonuncunun arvadına məxsus 20 sot torpaq sahəsinisənədləşdirərək, ona satması üçün 1500 manat pul vermiş, lakin Cavabdeh torpaq sahəsini İddiaçı satmamış və onun 1500 manat pulunu geri qaytarmamışdır. Alınmış izahat və toplanmış digər sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı zamanı mülki mübahisə yaranmışdır. Belə olan halda Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi kimi deyil, tərəflər arasında yaranmış mülki mübahisə kimi qiymətləndirilməlidir. Ona görə də, Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilməli, tərəflərə mülki mübahisə ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1500 (bir min beş yüz) manat pulun, eləcə də 35 manat dövlət rüsumu kimi ödəməyə məcbur olduğu vəsait daxil olmaqla, 1535 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tanışıdır, cavabdeh 2020-ci ildə Göygöl rayonu, Bəhrəmbəy kəndi ərazisində ona məxsus olan 20 sot torpaq satacağını bildirmişdir. Münasibətlərinə görə o, cavabdehə inanmış və ona ümumilikdə 1500 manat pul vermişdir. Belə ki, o, cavabdehə həmin məbləği 3 dəfə ayrı-ayrı vaxtlarda - yəni hər dəfəsində 500 manat olaraq vermişdir. Cavabdeh hazıra kimi borcunu qaytarmadığından və onun özünün də, pula ehtiyacı olduğundan o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. O, ilk öncə Göygöl rayon polis şöbəsinə müraciət etmiş, lakin onlar iddiaçıya izah etmişdir ki, məsələ mülki qaydada olduğundan işə məhkəmə baxmalıdır.
5. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq iddia tələbini qəbul etmədiyini bildirmiş, ərizəsində qeyd etmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş və yalan ifadələrlə məhkəmədə fikir oyatmağa çalışmışdır. Belə ki, iddiaçı ondan mülkiyyətində olan Göygöl rayonu, Bəhrambağ kəndində yerləşən 0.21 ha torpaq sahəsini ona satmağını xahiş etmiş, vaxt təyin edib görüşmüşlər. Torpağın hüquqmüəyyənedici sənədlərində müəyyən çatışmazlıqlar olduğuna görə hissə-hissə ona 1500 manat “dediyinə görə borc” vermişdir. Halbuki, beh adı ilə iddiaçı həmin məbləği ona vermişdir. Ümumi 1500 manatı 2019-cu ilin avqust ayında verdikdən sonra oktyabr ayında pulun hamısını, yəni 8400 manatı verəcəyini bildirmişdir. O isə 1 aya qədər pulun hamısını verərək alğı-satqını həyata keçirəcəyini bildirmişdir. Daha sonra danışılan vaxtdan sonra dəfələrlə müraciət etməyinə baxmayaraq, bugün-sabah deyədeyə onu yubatmış, cavabdeh torpaq sahəsini nə iddiaçıya, nə də başqasına sata bilməmişdir. Etiraz ərizəsinə görə cavabdeh iddiaçının bu yalançı vədinə görə torpaq sahəsini sata bilməmişdir. İndi isə pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, etiraza görə Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir və göstərilənlərə əsasən iddia tələbləri əsassız olmaqla təmin edilməməlidir.
6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov ) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı sözügedən torpaq sahəsinin alğı-satqısı üzrə cavabdehə ödədiyi 1500 manat pulun (avansın) qaytarılmasını tələb edir. Lakin mübahisəli torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnun olması və (ya) həmin torpaq sahəsinin alğı-satqısının dövlət qeydiyyatına alınması məhkəmə tədqiqatı zamanı müəyyən edilməmişdir. Halbuki, torpaq sahəsi qanunvericiliyə əsasən daşınmaz əmlakdır və ona alqı-satqı əsasında mülkiyyət hüququnun keçməsi qanunvericiliklə müəyyən edilmiş notarial müqavilə qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalı idi. Beləliklə, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Bu səbəbdən, əqd etibarsız olduğundan və Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığından, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni mübahisəli torpaq sahəsinə görə iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul əvvəlki vəziyyətinə qayıtmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olduğundan cavabdeh sözügedən torpaq sahəsinə görə avans qismində ödənilmiş 1500 manat pulu əldə etməkdə haqlı olmamışdır. Belə ki, cavabdehin mülkiyyətində olmayan torpaq sahəsini iddiaçıya satması müqabilində ondan ilikn olaraq 1500 manat avans alması iş materiallarında olan sübutlarla, o cümlədən cavabdehin özünün izahatı ilə öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Məhkəmənin qənaətinə görə, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, ümumiyyətlə özünə məxsus olmayan torpaq sahəsinə görə iddiaçı tərəfindən ona verilən 1500 manat pul hesabına əsassız varlanmışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı özü qeyd edir ki, təxminən 2019-2020-ci illərdə Göygöl rayonu, Bəhrambağ kəndində yerləşən torpaq sahəsini cavabdehdən almaq istəmiş, sözügedən hadisədən təxminən 1 il keçdikdən sonra, yəni 2020-ci ilin oktyabr ayında o, özünə başqa torpaq sahəsi almış, cavabdeh pulunu qaytarmadığından xx.xx.2023-cü il tarixdə Göygöl rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən MM-nin 1095-ci maddəsinin tələbinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş 2 illik iddia müddəti ötürüldüyündən, iddia tələbi iddia müddətinin tətbiq edilməsi barədə ərizə tətbiq edilməklə rədd olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən ona məxsus pul vəsaitinin mənimsənilməsi ilə bağlı münasibətlər təşkil etdiyindən və əsassız varlanma obyektini qaytarmaq hüququnun öz hüququnun ona məlum olduğu vaxtdan 2 il müddətində mövcud olduğundan, hazırda isə iddiaçının hüququnun pozulduğunu bildiyi (2020-ci il tarixdən) vaxtdan iki ildən çox müddət keçdiyindən, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.
8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 337, 337.3, 337.5 , 354.1, 372, 373, 375, 377, 567, 646, 648.1, 1091.1, 1091.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(125)-2183/2024 saylı qətnaməsinin tam ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 2183/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, işin faktik halları ondan ibarət olmuşdur ki, o, Cavabdeh çoxdan tanımışdır. Aralarında çox yaxşı münasibət olmuşdur. Cavabdeh 2020-ci ildə Göygöl rayonu, Bəhrəmbəy kəndi ərazisində cavabdehə məxsus olan 20 sot torpaq satacağını bildirmişdir. O, cavabdehə inanmış və cavabdehə ümumilikdə 1500 manat pul vermişdir. Belə ki, o, cavabdehə həmin məbləği 3 dəfə ayrı-ayrı vaxtlarda - yəni hər dəfəsində 500 manat olaraq vermişdir. Cavabdeh bu zamana kimi hər il onu aldadaraq torpaq sataraq, borcunu qaytaracağını desə də, onu aldatmış və bu gün, sabah, bir aydan sonra gələrsən deyərək, pulu qaytarmamış və dələduzluq cinayəti törətdiyindən, o ilk öncə Göygöl rayon polis şöbəsinə müraciət etmişdir. Göygöl rayon X3 bölməsində izahat verib bildirmişdir ki, Anar adlı tanışına1500 manat pulu verən zaman onun qohumu Ramiz adlı şəxsin onların yanında olmuş, həmin 1500 manat pulu Anar adlı şəxsə verməkdə məqsədi Göygöl rayonu Bəhrambəy kəndində yerləşən Anarın həyat yoldaşının adına olan pay torpağını sənədləşdirərək ona satmaq niyyəti olmuşdur. Bundan başqa, o məhkəmə iclasında izahatında cavabdehin ondan pul alıb qaytarmadığını etiraf etdiyi səs yazmadan ibarət “CD” diski məhkəməyə təqdim edərək bildirmişdir ki, təxminən 2019-2020-ci illərdə Göygöl rayonu, Bəhrambağ kəndində yerləşən torpaq sahəsini almaq istəmişdir. Sənədlər cavabdehin həyat yoldaşının adına olduğundan sənədləri düzəltmək üçün cavabdehə əvvəlcə 500 manat vermişdir, 2 ay keçdikdən sonra cavabdeh həyat yoldaşının adında hərf səhvliyi olduğunu əsas gətirərək ondən yenidən pul istəmiş, bu zaman o, cavabdehə 500 manat pul vermişdir, bir müddət keçdikdən sonra cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilməsi üçün bir daha pul istəmiş, o. təkrar cavabdehə 500 manat vermişdir. Məhkəmənin qənaətinə görə, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, ümumiyyətlə özünə məxsus olmayan torpaq sahəsinə görə iddiaçı tərəfindən cavabdehə verilən 1500 manat pul hesabına əsassız varlanmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh ona 3 aya torpağı təhvil verəcəyini bildirmiş, amma 1 il vaxt keçsə də, nə torpağı verib, nə də, pulu qaytarmamışdır. O, pulu beh kimi verməmişdir. Cavabdeh demişdir ki, 1500 manat pulu torpağı satanda verəcək, amma cavabdeh torpağı artıq satsa da, onun pulunu verməmişdir.
13. Cavabdeh məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, o məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır
15. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir
16. 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X1 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.
17. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
26. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı apelyasya şikayətində qətnamə tamamilə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 2019-cu ildə tərəflər arasında torpaq sahəsinin alqı-satqı barədə razılaşma olmuş, razılaşmaya əsasən cavabeh arvadına məxsus olan torpaq sahəsini iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin torpaq sahəsinin sənədində olan səhvliyin düzəldilməsi üçün iddiaçıdan 1500 manat pul almışdır. Lakin tərəflər əqdin notarial qaydada təsdiqlənməsi ilə tələblərə riyət etməmişlər ki, bu da əqdin etibarsızlığına səbəb olmuşdur.
32. Birinci instansia mənkəməsi əqdin etibarsız olması və tərəflərin əqd üzrə alqıqlarını qaytarmalı olduğu nəticəsinə gəlmiş, lakin iddiaçının qanunla müəyyən olunmuş müüəti ötürməsi səbəbindən iddianı rədd etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının polis şöbəsində verdiyi izahatından görünür ki, bir il müddət keçdikdən sonra Anar torpağın sənədlərini düzəltmədiyi üçün o, başqa şəxsdən torpaq almış və Anara ona verdiyi pulu geri qaytarmasını istəmişdir. Yəni cavabdeh birneçə ay ərzində torpağı sənədləşdirərək iddiaçıya satmalı idi.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
35. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı bir il ərzində əqdin etibarsızlığından irəli gələn nəticələrlə bağlı iddia qaldıra bilərdi. Həmin müddət keçdikdən sonra iddiaçının hazırkı tələblə bağlı iddia qaldırmağa subyektiv hüququ olmamışdır.
36. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-2183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin 2(125)-2183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi iddiаçı İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.