Məhkəmə qərarları › İş №2(104)-1676/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1676/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1676/2023 13.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2263/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6126( altı min yüz iyirmi altı) manat məbləğində pulun və 82 (səksən iki) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsininxx.xx.2022-ci il tarixli, 2(125)-2263/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən Mustafa Mustafayev ) iddia təmin edilmiş, Cavabdeh 6126 manat məbləğində pul və ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2263/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın qismən, 3416 manat hissəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya borclu olduğu puldan 700 manat pulu İddiaçı özünə, 2000 manat pulu isə atasının dostuna vermiş və bununla da borcun 2700 manatını qaytarmış, məhkəmə isə həmin hallara düzgün qiymət verməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, onun həqiqətən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə, İddiaçı 6126 manat məbləğində pul borc olmuş, lakin həmin borcundan 700 manat məbləğində pulu İddiaçı özünə, 2000 manat pulu isə atasının dostuna qaytarmışdır. Hazırda iddiaçıya 3416 manat borcu vardır ki, həmin borcunu qaytarmağa etiraz etmir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 2263/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın qismən, 3416 manat hissəsinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh uzun illərdir ki, tanıyır və əvvəllər münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin əvvəllərində Gəncə şəhərində yerləşən torpaq sahəsini almaq üçün müəyyən sənədləri toplamağa ehtiyac yaranmışdır. Bu zaman cavabdeh ona həmin sənədlərin toplanmasında yardım edəcəyini, lakin xərclərin çox olacağını bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə notariat konturuna gedərək kredit müqaviləsi bağlamışlar və bunun əsasında o, Cavabdeh 6126 manat borca pul vermişdir. O, sonuncudan sənədlərin vəziyyəti ilə bağlı soruşduqda isə gah dövlət qurumlarından cavab gəlmədiyini, gah da sənədlərin alınmasında problem yarandığını bildirərək süründürməçilik etmişdir. Bundan sonra o, borcunu istəsə də, cavabdeh üstündən bir ilə yaxın müddətin keçməsinə baxmayaraq onun borcunu verməmiş və verməkdən də imtina etmişdir. Məhkəmənin qətnaməsiniu qanuni hesab edir. Cavabdeh ona heç bir məbləğdə pul qaytamamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2263/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2263/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı Cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 6126 manat məbləğində pul borc verilmiş, Cavabdeh borcu xx.xx.2022-ci il tarixədək oğlu İddiaçı birdəfəlik qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, iddaçı tərəfindən Cavabdeh 6126 manat borc pul verilmiş, cavabdeh isə iddiaçıya borcun hər hansı məbləğinin qaytarılmasını təsdiqləyəcək sübutlaır məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə idiaçı İddiaçı tərəfindən Cavabdeh 6126 manat məbləğində pul borc verilmiş, Cavabdeh borcu xx.xx.2022-ci il tarixədək oğlu İddiaçı birdəfəlik qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə qarşı 6126 manat məbləğində pul tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclasında iddiaçıya olan borcundan 700 manat məbləğində pulu İddiaçı özünə, 2000 manat pulu isə atasının dostuna qaytarmasını göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmiş və həmin hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2263/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402- 406 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2263/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar