Məhkəmə qərarları › İş №2(104)-1678/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1678/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1678/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vurulmuş ziyanın ödənilməsi və pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi və pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-341/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 12 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 30.08.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 227,50 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir.

2. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə anadan olmuşdur.

3. 032499 nömrəli vəsiqənin surətindən görünür ki, X2 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

4. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə anadan olmuşdur.

5. BD239586 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** EA *** dövlət qeydiyyat nişanlı, MAZ markalı, tipi qazma qurğusu olan nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.

6. 19.07.2023-cü il tarixli, ƏN-Vİİİ №966705 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Mercedes Benz 190 minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 1 il müddətinə etibar etmişdir.

7. TuranBank Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK2625-22 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 16% ödəmək şərti ilə, 24 ay müddətinə 65000 manat məbləğində kredit verilmişdir.

8. TuranBank Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ƏKK-085548/24 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 22% ödəmək şərti ilə, 12 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir.

9. TuranBank Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ƏK-458945/24 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 15,25% ödəmək şərti ilə, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir.

10. TuranBank Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ƏK-414265/24 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 15,25% ödəmək şərti ilə, 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan “MAZ” markalı qazma qurğulu maşınla bağlı vurduğu maddi ziyan 12.590 manat, “Mersedes benz 190 minik” markalı avtomobilə vurduğu maddi ziyan 1300 manat olmaqla, cəmi 13.890 manat, Rusiyadan xx.xx.2022-ci ildə göndərilən pul- 676 + xx.xx.2022-də göndərilən pul 1690 manat, olmaqla cəmi 2366 manat pul, 3 subartezian quyusunun qazılmasından əldə olunan qazancdan iddiaçıyan düşən pay 4563 manat pul, əldən çıxmış faydaya görə 25.000 manat pulun, ümumilikdə 45.819 manat pulun, habelə məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 227,50 manat dövlət rüsumunun tutulub xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə qohumuq və yaxın münasibətləri var. Cavabdeh subartezian quyularının qazılması sahəsi üzrə işləyir. 2022-ci ildə cavabdeh təklif etmişdir ki, “subartezian quyusu qazan qurğusu maşını alıb ona versin, işlədib pul qazanıb, qazancını yarı bölsünlər”. Qohumu olduğu və yaxın münasibətləri olduğu üçün, habelə qeyd olunan sahədə işlədiyi üçün ona inanmış, 28 iyun 2022-ci il tarixdə Cavabdeh iştirakı və onun göstərdiyi adamdan 60.000 manat qiymətində subartezian quyusu qazan qurğusu ** EA *** “MAZ” markalı maşını alıb cavabdehə təhvil vermişdir. Göstərilən qiymətə alınmış maşın saz vəziyyətdə olub, Quba rayonundan alaraq Ağcabədi rayonuna gətirmişlər. Sonradan məlum olmuşdur ki, cavabdeh həmin maşını bazar qiymətindən xeyli baha, təxminən 20.000 manat artığına aldırmışdır. Belə ki, həmin vəziyyətdə olan maşının hazırkı bazar qiyməti təxminən 40.000 manatdır. Beləliklə, cavabdehlə şəriklilik haqqında razılığa gəlib fəaliyyətə başlamışlar. Maşın Ağcabədi rayonuna gətirildikdən sonra cavabdeh maşının yüngül təmirə ehtiyacı olduğunu bildirmiş və bunun üçün az miqdarda pul lazım olduğunu demişdir. Bunun üçün cavabdehə bir neçə dəfəyə maşının təmiriylə bağlı 1000 manat, 136 manat, 396 manat olmaqla, cəmi 1532 manat pul vermişdir. Daha sonra Rusiya federasiyasına getmiş, cavabdeh pul lazım olduğunu bildirmiş və Rusiyadan xx.xx.2022-ci ildə göndərilən pul - 676 manat + xx.xx.2022-də göndərilən pul 1690 manat olmaqla, cavabdehə cəmi 2366 manat pul göndərmişdir. 28 iyun 2022-ci il tarixdə aldığı həmin maşını, həmin tarixdə götürdüyü 65.000 manat kredit pulu hesabına almışdır. Hazırda da, kredit pulu üzrə faizləri ödəməkdədir. Eyni zamanda, artezian quyularının ayrı-ayrı rayonlarda qazılmasını nəzərə alıb cavabdehin gedib-gəlişini asanlaşdırmaq və ümumi işlərini səmərəliliyini artırmaq naminə özünə məxsus işlək vəziyyətdə olan “mersedes benz 190 minik” markalı avtomobilini baş etibarnamə verməklə cavabdehin istifadəsinə vermişdir. Lakin maşını alıb cavabdehə təhvil verdikdən təxminən 2 il müddət keçməsinə, həmçinin cavabdehin həmin maşınla bir neçə yerdə artezian quyusu qazmasına baxmayaraq, əldə olunmuş qazancdan, cavabdeh ona hər hansı miqdarda pul ödəməmişdir. Hətta bununla belə, cavabdehə təhvil verdiyi hər iki avtomobili lazımi texniki qulluq göstərilməməsi və baxımsızlıq üzündən yararsız hala salıb işlədiyi Şəmkir rayonunda atıb getmişdir. Hər iki maşın tərəfindən evakuatur vasitəsilə gətirilmişdir. Hansı ki, hər iki maşın cavabdehə işlək və saz vəziyyətdə təhvil verilmişdir. Cavabdeh ona təhvil verdiyi hər iki maşını Şəmkir rayonu ərazisində nasaz vəziyyətdə atıb getdikdən sonra 11 iyun 2024-cü il tarixdə gedib hər iki maşını evakuator vasitəsilə gətirib təmir etdirmişdir. “MAZ” markalı qazma qurğulu maşını alınarkən çəkdiyi xərclər bunlardır: xx.xx.2022-ci il tarixdə həmin avtomaşını almaq məqsədilə “Turan Bank”-nin Xaçmaz filialından 65.000 manat kredit götürüb həmin tarixdə qeyd olunan maşını 60.000 manat qiymətinə Quba rayonundan Ağcabədi rayonuna gətirilib. Kreditin nağdlaşdırılmasi üçün çəkilən xərc - 325 manat, maşının Quba rayonundan Ağcabədiyə gətirilməsi üçün evakuator xərci - 1450 manat, fəhlə xərci - 50 manat, etibarnaməyə ödənilən xərc - 70 manat, maşının qeydiyyatına çəkilən xərc - 550 manat, əlavə yol xərcləri maşının alınmasıyla bağli gedibgəlmə xərcləri - 300 manat, hər iki maşının baş etibarnaməsinə çəkilən xərc - 60 manat, Cavabdeh verilən nəqd pul: 1000 manat, 136 manat, 396 manat olmaqla, cəmi 1532 manat, Rusiyadan xx.xx.2022-ci ildə göndərilən pul - 676 manat, xx.xx.2022- də göndərilən pul 1690 manat, olmaqla cəmi 2366 manat, 2 il sonra, 11 iyun 2024-cü il tarixdə Cavabdeh maşınları Şəmkir rayonu Çinarlı kəndində yararsız vəziyyətdə atıb getdikdən sonra maşınlara çəkilən xərclər: “MAZ” markalı qazma qurğulu maşına çəkilən xərclər: Evakuator (Dayman) xərci - 600 manat, 2ci evakuator xərci - 300 manat, 3-cü evakuator xərci - 300 manat, kran xərci - 60 manat, fəhlə xərci - 120 manat, kon xərci (maşını yükləmək üçün) - 40 manat, buldozer xərci (maşını düşürmək üçün) - 30 manat, əlavə yanacaq və yol xərci -550 manat, “MAZ” markalı qazma qurğulu maşının təmiri ilə bağlı ustaya və fəhləyə verilən zəhmət haqqı - 1350 manat, ehtiyat hissələrinin alınmasına çəkilən xərclər: açar - 70 manat, radiator - 50 manat, karobka - 750 manat, elavator- 140 manat, çanaq - 370 manat, sep - 280 manat, təkər - 320 manat, digər ehtiyyat hissələri -1110 manat, ehtiyyat hissələrinin alınması üçün çəkilən yol xərci - 600 manat, Hikmət ustaya verilən zəhmət haqqı - 450 manat, mero - 135 manat, benzin (qardaşı) - 10 manat, usta (4 yol) - 10 manat, pıs-pıs - 170 manat, çəkic - 10 manat, əlcək - 5 manat, salnik- 4 manat, germetika - 2 manat, kağız - 10 manat, mağaza - 20 manat, yağ - 35 manat, svarka -50+250 manat, tokar - 25 manat, axşam yeməyi - 32 manat, ev kirayəsi haqqı - 25 manat, Bərdə rayonuna getmək benzin - 15 manat, Tokar maşın bolt 110 manat, loqonda daşı - 7,5 manat, elektrod - 10 manat, traktor dükan bolt -55 manat, günorta yeməyi - 25 manat, Bərdəyə getmək 75+45 manat, axşam yeməyi - 25 manat, ev kirayə haqqı - 25 manat, Bolt kran sürən - 10 manat, remenlər - 34 manat, şayba yağ - 7 manat, səhər yeməyi - 20 manat, su - 15 manat, Bərdəyə getmək üçün benzin - 20 manat, karobka-poçemnik - 80 manat, tokar- 30 manat, Bolt - 11 manat, Hacıbədəllidə tokar-svarşik 80 manat, günorta yeməyi - 30 manat, axşam yeməyi - 35 manat, səhər yeməyi - 15 manat, günorta yeməyi -25 manat, mağazaya verilən pul - 16 manat, ustalara verilən zəhmət haqqı 200+200=400 manat, axşam yeməyi (Arzuman) -20 manat, ev kirayəsi -17 manat, tokar kardan - 40 manat, siqaret - 13 manat, yemək - 17 manat, axşam yeməyi - 17 manat, ev kirayəsi - 17 manat, səhər yeməyi - 10 manat, Hikmətə verilən pul - 30 manat, siqaret - 9 manat, dinamo - 100 manat, setka - 200 manat, yağ - 47 manat, filter -16 manat, praqladka - 10 manat, yemək - 30+20 manat, lom (mismarçıxaran), klematin kabeli - 14 manat, semura verilən pul - 35 manat, Hikmətə verilən pul - 200 manat, ev kirəsi pulu -10 manat, səhər yeməyi - 5 manat, günorta yeməyi - 8 manat, siqaret -4,50 manat, ev kirayə pulu - 10 manat, Yevlaxdan alınan güzgü, şlanklar, remen -85 manat, siqaret, su, axşam yeməyi - 19 manat olmaqla, ümumilikdə 10.590 manat xərc çəkmişdir. Həmçinin, maşının işlək vəziyyətə gətirilməsi üçün çəkiləcək əlavə xərc 2000 manat təşkil edir və beləliklə, cavabdeh “MAZ”markalı qazma qurğulu maşınla bağlı mənə cəmi 12.590 manat dəyərində maddi ziyan vurmuşdur. “Mersedes benz 190 minik” markalı avtomobilin təmirinə çəkilən xərclər: motorun təmiriylə bağlı ehtiyyat hissələrinin alınması və ustaya verilən zəhmət haqqı toplum - 1300 manat edir ki, cavabdehin mənə vurduğu maddi ziyan ümumilikdə 13.890 manat təşkil edir. Bundan başqa Cavabdeh 2 il ərzində “MAZ” markalı qazma qurğulu maşınla çoxsaylı subartezian quyusu qazıb gəlir əldə etmiş, lakin razılaşmamıza uyğun olaraq qazancı yarı bölməli olduğu halda bunu etməmiş, ona hər hansı məbləğ, ödəməmişdir. Cavabdeh özünün etirafına görə o, İmişli rayonunda quyu qazmış və həmin quyunun qazılmasından ona veriləsi qazanc 563 manat, təşkil etmişdir, lakin həmin pulu cavabdeh ona verməmişdir. Eyni zamanda cavabdeh Ağcabədi rayonu Ergi ərazisində qazdığı quyudan ona düşən qazancın 1000 manat olduğunu bildirsə də, həmin məbləği də ona verməmişdir. Həmçinin, Şəmkir rayon Çinarlı kəndində ikinci əldən qazılması üçün cavabdehə verilən quyunun qazılmasından ona düşən qazanc 3000 manat təşkil etmiş, lakin həmin pulu da ona ödəməmiş, beləliklə cəmi 4563 manat onun payıma düşən qazancı cavabdeh ona ödəməmişdir. Bundan başqa “MAZ” markalı qazma qurğulu maşın 2 il cavabdehdə olmuşdur, bir subartezian quyusunun qazılması yerindən asılı olaraq 15 gün və ya 1 ay müddətə başa gəlir. Hər artezian quyusunun qazılmasından xalis qazanc 5000-6000 manat təşkil edir. 2 il ərzində cavabdehin minimum 14-18 quyu qazması şübhəsizdir, yəni cavabdehin ona qazmasını etiraf etdiyi 3 quyudan əlavə 10 quyu qazması istisna deyildir, həmin 10 quyunun qazılmasına görə hər quyunun qazılmasına görə 5000 manat hesablanmaqla, 50.000 manat təşkil edir və payına düşən qazanc həmin məbləğin yarısı olmaqla 25.000 manat olmalıdır. Lakin cavabdeh həmin pulu ona ödəməmiş, əldə edəcəyi gəlirlərdən məhrum olunmuşdur. Beləliklə, Cavabdeh razılaşdırılmış şərtlərə uyğun olaraq öz öhdəliyini yerinə yetirməməsinə görə müəyyən qazancdan məhrum olunmuş, həmçinin mülkiyyətində olan maşınlara əsaslı şəkildə ziyan vurmuşdur.

13. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-341/2025 nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddianın təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-341/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə, iddia tələbini təmin etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçıya məxsus avtomobillərin saz vəziyyətdə olması, texniki baxışdan keçirilməsi, cavabdehin istifadəsinə verilməsi, habelə hər iki avtomobilin cavabdehin istifadəsində olan müddətdə yararsız vəziyyətə salınması işə əlavə edilmiş etibarnamələr, avtomobilin texniki baxışdan keçirilməsi barədə arayış, tərəflərin telefon danışığının səs yazısı, habelə şahid ifadələri ilə təsdiqini tapır. Yəni, iddiaçıya məxsus hər iki avtomobil etibarnamələr əsasında 2 il müddətində cavabdehin istifadəsində olması öz təsdiqini tapır. Qeyd olunanlar həmçinin tərəflərin uzun müddət ərzində telefonla danışarkən səsləndirdikləri ifadədən aydın görünür. Həmçinin şahid ifadələri ilə də müəyyən olunur ki, 2022-ci ildə cavabdehə rəsmi etibarnamə əsasında saz vəziyyətdə cavabdehin istifadəsinə verilmiş avtomobillər 11 iyun 2024-cü ildə yararsız vəziyyətdə olduqları üçün Şəmkir rayonundan evakuator vasitəsilə Ağcabədi rayonuna gətirilmişdir. Mülki hüquq pozuntuzu müəyyən edən qanun normasının dispozisa şərti necə olmalıdır ki, iddia tələbi əsaslı hesab olunsun. Məgər etibarnamə maşının təhvil verilməsini təsdiq edən sənəd deyil ki. Tərəflər arasındakı telefon danışığı sübut deyil ki. Məhkəmə hansı əsasa görə o qənaətə gəlir ki, həmin telefon danışığı tərəflər arasında baş verməmişdir. Yarım saatdan artıq davam edən həmin telefon danışığında cavabdeh avtomobillərin onda olmasını təkzib etmir və hər iki maşının Şəmkir rayonundan evakuator vasitəsiylə gətirilməsi şahid ifadəsi ilə təsdiqini tapır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İş üzrə tərəflər və iddiaçının nümayəndəsi (vəkil) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

20. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-341/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

43. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

44. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

45. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikanın MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

46. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

47. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

48. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

49. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

50. Hazırki işdə iddiaçının mülkiyyətində olan avtomobillərə ziyan dəyməsi və həmin ziyanın cavabdeh tərəfindən vurulması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, qeyd olunduğu kimi, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

52. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

53. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

54. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, cavabdehin təqsiri ucbatından ona maddi zərərin dəyməsinini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

55. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

56. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

63. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh tərəfindən ona maddi ziyan dəyməsini bildirsə də, iddiaçı bununla bağlı sübutlarını nə birinci instansiya məhkəməsinə nədəki məhkəmə kollegiyasına təqdim etməmişdir. Göründüyü kimi, işdə iddia tələbinin təmin edilməsi üçün mötəbər sübut yoxdur. Apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır.

64. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-341/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar