Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1679/2023 28.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3265/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı1 Cavabdeh1 qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.620 manat borc məbləğinin, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 200 manat, 100 manat əlavə xərclədiyi pul olmaqla, cəmi 3920 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə çox yaxın münasibətdə olmuş, o, qədər mehriban olmuşdurlar ki, bir-birinə güvənmişlər. Cavabdeh1 bir gün ona yaxınlaşıb pula ehtiyacı olduğunu bildirmiş, o da Səadətə güvəndiyi, etibar etdiyi üçün buna razılıq vermişdir. Cavabdeh ona bildirmişdir ki, qısa bir zamanda aldığı pulu geri qayataracaq. Səadət ona bildirmişdir ki, 4500 manata ehtiyacı var. O, Səadətə ehtiyacı olan həmin pulu çox yaxın adamdan alıb vermişdir. Səadət həmin 4500 manatdan bu günə kimi 900 manat qaytarmışdır. Pulunun 3620 manatı bu günə kimi cavabdehdə qalmışdır. Bir müddət keçdikdən sonra o, Səadətdən pulunu istəmişd, o, isə pulu olmadığını bildirmişdir. Aralarında çoxlu mübahisələr baş vermiş, bu mübahisələr aralarında böyük davaya səbəb olmuşdur. Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh1 ona olan borcunu etiraf etmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3265/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia qismən təmin edilərək, Cavabdeh1 3520 manat (üç min beş yüz iyirmi) borc məbləğinin və ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı1 ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edildi. İşdə olan sübutlar: Bərdə Rayon Polis Şöbəsinin 06 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının təsviri hissəsindən və Cavabdeh1 polis şöbəsinə verdiyi izahatından görünür ki, o, İddiaçı1 4520 manat borc pul aldığını, həmin pulun 1000 manatını qaytardığını, 3520 manat borclu qaldığını göstərmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3265/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3265/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız, qanunsuz, qeyri-obyektiv hesab edir. Belə ki, İddiaçı1 ilə yaxın münasibəti olmuş, bu səbəbdən borc olaraq ondan 4500 (dörd min beş yüz) manat, hər ay 10 faiz ödəməklə borc pul almış, həmin pulu da 3 il müddətində hər ay 450 manat olmaqla ödəmiş, yəni İddiaçı1 olan borcunu qaytarmışdır. Bərdə rayon polis şöbəsinə qeyd edilənlərlə bağlı izahat vermiş, izahatı kompüterdə polis əməkdaşı tərəfindən yazılmış, izahat ona oxunmadan izahata qol çəkərək polis şöbəsini tərk etmişdir. Məhkəməyə verilən iddia ərizəsindən xəbərim olmamış, ona heç bir məhkəmə bildirişi gəlməmiş, məhkəmədə onun iştirakı təmin edilməmiş, ona məhkəmə qətnaməsi verilməmişdir. Bu günlərdə məhkəmə icraçılarından ona bildiriş gəlmiş, ondan 3520 manat pulun İddiaçı1 xeyrinə tutulub ödənilməsinə dair hansısa məhkəmə qətnaməsinin olması ona icra şöbəsində bildirilmişdir. Belə hesab edir ki, Bərdə Rayon mMhkəməsinin 2(021)-3265/2022 saylı 15 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Belə ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına, hal-hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə qanunvericiliyinin, yəni maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, öz təxəyyülünə vararaq qanunvericilikdən kənar məhkəmə aktı qəbul etməkdə qərarlı olmuşdur. Məhkəmə 3 il bundan əvvəl aldığı pulu hər ay 450 manat olmaqla, faizi (sələmi ilə) birlikdə 3 il ərzində ödədiyi pulları sübuta yetirilməsi üçün məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Əgər 3 il bundan əvvəl verilmiş pul ödənilməmişsə, nədən 3 il ərzində məhkəməyə müraciət edilməmişdir. Bu müddətdən sonra pul tələb edilməsi iddiaçının cavabdehdən qisas alması kimi başa düşülməlidir.Məhkəmə isə bunu nəzərə almamışdır. Məhkəmə heç bir sübuta əsaslanmadan İddiaçı1 şər-böhtan xarakterli iddia ərizəsində qeyd edilənləri sübut kimi qəbul edərək qeyri-obyektiv qərar qəbul etməklə sanki iddiaçını himayə etmişdir. Məhkəmə qətnaməsinin 2-ci səhifəsinin 5-ci abzasında Bərdə rayon polis şöbəsinin 6 avqust 2022-ci il tarixli qərarına istinad edərək göstərir ki, N.Səadət izahatında M.Bahardan 4520 manat borc aldığını, həmin pulun 1000 manatını qaytardığını, 3520 manat borcu qaldığını göstərmişdir. Qeyd edilənlər doğrudursa, o belə bir izahat verməmişdir. Həmin qeyd edilənlər onun izahatını alan müstəntiqin təxəyyülünün məhsuludur. Həmin izahat ona oxunmadan izahata imza atıb şöbəni tərk etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, həqiqətən də iddiaçıdan 4500 (dörd min beş yüz) manat, hər ay 10 faiz ödəməklə borc pul almış, həmin pulu da 3 il müddətində hər ay 450 manat olmaqla ödəmiş, sonda da 1000 manat ödəmiş və beləliklə onun İddiaçı1 borcu qalmamışdır. Bir müddət faiz ödədikdən sonra iddiaçı faizi dayandırmış və razılaşmaları belə olmuşdur ki, ödədiyi 450 manatlar əsas borcdan çıxılacaq. Lakin, iddiaçı ödədiyi pulların hamısını faizə çıxmışdır. Təxminən iddiaçıya 13000 manat pul ödəmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabdında isə pulun qaytarılması onlarının ikisinin arasında olmuş, pulu qaytarmasını təsdiq edə biləcək hər hansı bir sübutu mövcud deyildir. Belə ki, iddiaçı da ona pulu verəndə hər hansı bir yazılı müqavilə bağlamamışdır. Məhkəmə iclasına getməməsinin səbəbi isə ərinin ona polisdə işin bağlanmasını deməsi və iddiaçıya borclarının qalmamasının deməsi olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin şikayətinin ilk dəlili cavabdeh birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi səbəbindən müvafiq sübutları məhkəmə təqdim edə bilməsi ilə bağlı olsa da iş materiallarında olan poçt göndərişinin verilməsi barədə xəbərnamələrdən də göründüyü kimi cavabdeh bütün məhkəmə iclasları barədə lazımı qaydada məlumatlandırılmış, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında da apellyasiya şikayətinin dəlilinin əksinə olaraq məhkəmə iclaslarından xəbərdar olması ilə bağlı izahat verərək, məhkəmə iclasına getməməsinin səbəbinin ərinin məhkəmə iclasınd getməməli olması ilə bağlı tövsiyyəsinin olduğunu bildirmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin çəkişmə prinsipini pozması ilə bağlı cavabdehin şikayətinin dəlilni əsassız hesab etmişdir. Bundan başqa cavabdeh iddiaçıdan 4500 (dörd min beş yüz) manat, hər ay 10 faiz ödəməklə borc pul aldığını və 3 il müddətində hər ay 450 manat, sonda isə 1000 manat ödəniş etdiyini və bununla da iddiaçıya borcunun qalmadığını iddia etsə də iddiaçıya 3 il müddətində hər ay 450 manat ödəniş etməsini təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası cavadbehin qeyd olunan apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 4500 manat pulun verilməsinə dair şifahi borc müqaviləsi bağlanmışdır. Həmin müqavilələ yazılı bağlanmalı olduğu halda, şifahi qaydada bağlanmış, bununla da yuxarıda qeyd olunan Mülki Məcəllənin 329.1 və 740.2-ci maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd olsa da cavadbehin həmin əhəmiyyətsiz müqavilə əsasında cavabdehdən borc pul alması təsdiq olunmaqla, cavabdehin Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən etibarsız əqd üzrə aldıqlarını iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3265/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3265/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3265/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.