Məhkəmə qərarları › İş №2(104)-1680/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1680/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1680/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pulun qaytarılması, sübutların düzgün qiymətləndilməməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1129/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən təqdim edilmiş 01 ədəd “CD” diskdə olan səs yazılarından görünür ki, Cavabdeh İddiaçı 3000 manat borcunun olması müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 130 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Əhliyyət oğlu ilə 5 il 6 ay ərzində ünvan 1 ünvanında yerləşən məntəqədə ət kəsimi və satışı ilə məşğul olmuşlar. Aralarında olan qarşılıqlı razılığa görə iri və xırda buynuzlu malı kəsərək ona vermişdir. Bu müddət ərzində ümumilikdə 872 iri buynuzlu, 830 ədəd isə xırda buynuzlu mal kəsərək ona vermişdir. Bunun müqabilində cavabdeh ona heç zəhmət haqqı verməmişdir. Nəzərə çatdırır ki, bu iri və xırda buynuzlu malı kəsərək cavabdehə vermiş cavabdeh isə sataraq gəlir əldə etməklə ona borcunu qaytarırdı. Lakin, sonra zamanla cavabdehlə aralarında yaranan narazılıqdan sonra cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Qeyd edir ki, aralarında olan razılığa görə cavabdeh ona 11 min manat ticarət işindən borclu qalmış, 2 min manat isə sonradan nağd şəkildə verdiyi borc məbləğir. Ümumilikdə cavabdehin ona 13.000 manat məbləğində borcu var. Dəfələrlə ondan borcunu tələb etdikdə cavabdeh həmin məbləği tövlə xərci hesablayır. Halbuki, cavabdehə tövlə haqqı olaraq 19.600 manat pul ödəmişdir. Onu da bildirir ki, cavabdehdən dəfələrlə borcunu tələb etməyinə baxmayaraq o, müxtəlif bəhanələr gətirdiyi üçün məcburiyyət qarşısında qalaraq hüquq mühafizə orqanlarına rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.

4. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1129/2024 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev), iddianın təmin edilməsi, Cavabdeh 13000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 130 manat – cəmi 13130 (on üç min yüz otuz) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 567 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1129/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının vermiş olduğu ifadəsini əsas götürsə də orada olan uyğunsuzluğa fikir verməmişdir. Belə ki, iddiaçı qeyd edir ki, guya o mağazanın və tövlənin saxlanması üçün 19.600 manata yaxın pul ödəmişdir. Halbuki, həmin vaxt tövləyə görə ödənilən icaraə haqqı 200 manat mağazaya görə isə 300 manat olmuşdur. Mağazaya görə cavabdeh tövləyə görə isə iddiaçı icarə haqqı ödəmişdir. İcarə haqqını isə cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən verilmiş izahatdan da görünür ki, cavabdeh borcu olmadığını iddiaçıya bildirmiş və qeyd etmişdir ki, iddiaçıya borcu yoxdur sadəcə onun dediyi pul icarə haqqı kimi ödənilmişdir. İddiaçı isə izahatında guya 5 il 6 ay müddətində 19.600 manat icarə haqqı ödədiyini bildirib. Halbuki, 200 manat ayda icarə haqqı ödənilibsə bu 5 il 6 ay müddətində 19.600 manat etmir. Onun ödəyəcəyi 200 manat pul onun qeyd etdiyindən az məbləğ təşkil edir. Cavabdeh tərəfindən verilmiş izahatda qeyd edilib ki, onun iddiaçıya heç bir borcu yoxdur sadəcə iddiaçı icarə haqqının verilməsi üçün xərclənmiş pulu istəmiş o isə onu verməkdən imtina etmişdir. Bunu isə onunla əsaslandırır ki, həmin vaxt iddiaçı heyvanları tövlədə saxlamış və buna görə icarə haqqı ödənilmişdir. Məhkəmə tərəfindən istinad edilən səs yazısı isə yarımçıq formada olmuş və onun sonları kəsilmişdir. İddiaçı guya orada söyüş olduğunu qeyd etmiş lakin orada heç bir söyüş olmamışdır. Sadəcə sonda ona xeyri etməyən fikirlər olduğunda həmin hissəni kəsmişdilər. Həmin səs yazısından da göründüyü kimi orada 13 mindən söhbət getmir. Cavabdeh qeyd edir ki, həmin vaxtı onda tərəflərin arasında olan mübahisə ilə bağlı soruşulmuş və cavabdeh qeyd etmişdir ki, onlar arasında olan borc 3000 manat olan borcunu nisiyəsi olsa da həmin nisiyəni almadan özündə iddiaçıya olan pulunu qaytardığını bildirmişdir. Sadəcə həmin səs yazısı kəsildiyindən orada olan fikirləri tam olaraq müəyyən etmək mümkün deyildir. Bundan başqa birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçıdan 11 baş heyvan aldığınl etiraf edib və bunu iddianın sübut edilməsi kimi qiymətləndirib. Halbuki, həmin heyvanın alınması hələ onun pulunun ödənilməməsi anlamına gəlmir. Cavabdeh tərəf hesab edir ki, məhkəmə tərəfindən diskdə olan natamamlıq araşdırılmamış və sonda yalnış nəticəyə gəlinmişdir. Halbuki, MPM-nin 77-ci maddəsinin təlblərinə əsasən tərəflər özlərinə aid olan hissədə öz tələblərini sübut etməlidirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı onun qohumudur. 2017-ci ildə Bakı şəhərində Qaçayla birlikdə ət mağazası və tövləni 500 manata icarəyə götürərək şərik işləmişlər. 2 ay şərik işlədikdən sonra ayrılmışlar. Bundan sonra Qaçay heyvan gətirərək kəsib ona satmış, o isə əti mağazada satdıqdan sonra Qaçayın pulunu ödəmişdir. 2017-ci ildən 2023-cü ilin aprel ayına qədər bu cür işləmişlər. Hər gün Qaçaydan 150-180 kq nisyə ət almışdır. Hər ayın sonunda Qaçayla hesablaşmışdır. Qaçaydan hər ay təxminən 15 baş dananı nisyə almış, dananın hər birinin qiyməti 1500 manat ətrafında olmuşdur. 2023-cü ilin aprel ayında mağaza bağlanmış və Qaçaydan ayrılmışdır. İddiaçı qeyd edir ki, guya mağazanın və tövlənin saxlanması üçün 19.600 manata yaxın pul ödəmişdir. Halbuki, həmin vaxt tövləyə görə ödənilən icarə haqqı 200 manat mağazaya görə isə 300 manat olmuşdur. Mağazaya görə o, tövləyə görə isə iddiaçı icarə haqqı ödəmişdir. İcarə haqqını isə onun tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən istinad edilən səs yazısı isə yarımçıq formada olmuş və onun sonları kəsilmişdir. İddiaçı guya orada söyüş olduğunu qeyd etmiş, lakin orada heç bir söyüş olmamışdır. Sadəcə sonda ona xeyri etməyən fikirlər olduğunda həmin hissəni kəsmişdirlər. Həmin səs yazısından da göründüyü kimi orada 13.000 manatdan söhbət getmir. Cavabdeh qeyd edir ki, həmin vaxtı onda tərəflərin arasında olan mübahisə ilə bağlı soruşulmuş və o qeyd etmişdir ki, onlar arasında olan borc 3000 manat olan borcunu nisiyəsi olsa da həmin nisyəni almadan özündə iddiaçıya olan pulunu qaytardığını bildirmişdir. Sadəcə həmin səs yazısı kəsildiyindən orada olan fikirləri tam olaraq müəyyən etmək mümkün deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdehin göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh onun dayısının yeznəsi olmaqla aralarında yaxşı münasibət olmuşdur. Özünün qaynı icarəyə mağaza götürüb Bayramla orada işləməsini ona təklif etmişdir. xx.xx.2017-ci ildə Bakı şəhərində ət mağazasını Cavabdehlə icarəyə götürərək şərik heyvan kəsib satmaqla məşğul olmağa başlamışlar. Ət mağazasının yanında tövlədə olmuşdur. Mağaza ilə tövləyə hər ay 500 manat icarə haqqı ödəmişlər. O, heyvanı alıb gətirdikdən sonra kəsərək satmaq üçün Bayrama vermiş, sonuncu isə əti mağazada satmışdır. Satılmış ətin hər kiloqramına görə Bayrama 1 manat vermişdir. 1-ci ay ərzində Bayrama 21 mal və 45 qoyun vermişdir. Bayram 1-ci ay qazanc olmadığını ona demişdir. 2-ci ay Bayram cəmi 100 manat qazanc olduğunu ona demişdir. Bundan sonra Bayramla şərikliyə son qoymuşdur. Sonrakı aylarda Bayrama hər ay nisyə olaraq heyvan satmış, sonuncu isə onları satdıqdan sonra onun pulunu ayın sonunda ödəmişdir. Bayramla cəmi 5 il 6 ay bu qaydada işləmişlər. Bu müddət ərzində cavabdehə cəmi 872 baş iribuynulzu, 830 baş isə xırda buynuzlu heyvan satmışdır. Hər ay Bayrama təxminən 11-14 baş iribuynuzlu heyvan satmışdır. Bayrama heyvanları nisyə satmışdır. Hər ayın sonunda Byramla hesablaşmışlar. 2023-cü ilin mart ayında Bayrama 21319 manat dəyərində 11 baş iribuynuzlu heyvan satmışdır. Bütün alış verişi barədə özünə məxsus dəftərdə qeydlər aparmışdır. Hər ayın axırında Bayramla hesablaşma aparmışdır. Bayrama heç vaxt borc verməmiş, iddia ərizəsində Bayrama 2000 manat borc verməsi barədə fikir vəkilin səhvi nəticəsində yazılmışdır. xx.xx.2023-cü ildə Bayramla ayrılmışdır. Həmin vaxta qədər Bayramın ona 13000 manat borcu qalmışdır. Bayramdan pulunu istədikdə sonuncu borcunu tövləyə icarə haqqına həsabladığını demişdir. Halbuki tövlədə heyvan saxladığına görə 5 il 6 ay ərzində Bayrama 19600 manat pul vermiş, sonuncu isə üstünü düzəldərək mağaza ilə tövlənin birlikdə icarə haqqını ödəmişdir. Bayram əvvəllər pulu ödəməyə etiraz etməmişdir. Bir müddət əvvəl Bayram telefonda danışarkən 3000 manata mağazanı verəcəyini, nisyələrdən yığıb üstünə də 3000 manat qoyacağını, qalan məbləği isə sonra ödəyəcəyini ona demişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

26. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

29. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

30. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

31. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

32. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

38. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

39. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh nisyə olaraq iribuynuzlu heyvanlar verimiş, lakin cavabdeh tərəfindən qaytarılmamışdır. Sonuncu isə borcunun olmadığını və nisyə aldığı heyvanların pulunun qaytarıldığını bildirir.

40. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında iribuynuzlu mal-qaranın nisyə alqı-satqısı olmuşdur. Cavabdeh isə iddiaçıdan iribuynuzlu mal-qaralarını aldığını bildirmiş və tərəfindən əmlakların dəyəri mübahisələndirilməmişdir.

41. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 21319 manat dəyərində nisyə olaraq 11 baş iribuynuzlu heyvanları satmaqla üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə malları qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam olaraq ödəməmiş və 13000 manat borclu qalmaqla öhdəliklərini icra etməmişdir.

42. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

43. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

44. Mülki Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

45. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.

46. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın tam həcmdə təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.

47. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

48. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

49. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

50. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

51. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

52. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

53. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

54. Hazırkı mülki işdə mübahisə nisyə verilmiş iribuynuzlu mal qaranın dəyəri olan məbləğin qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Bu baxımdan sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə verilmiş əmlaka görə qalan borc məbləğinin verilməsi və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

55. İddiaçı tərəf pulun verilməsinə dair sübutlarını, yəni Cavabdeh pulu qaytarmamasına dair səs yazısını birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin sübutla müəyyən olunur ki, cavabdehin aldığı mala görə yaranmış 3000 manat borcun qaytarılmaması sübuta yetirilmişdir. Bununla belə Cavabdeh sonradan həmin pulu iddiaçıya qaytarması ilə bağlı hər hansı sübutu kollegiyaya təqdim etməmişdir.

56. Belə ki, məhkəmə kollegiyasına iclasında iddiaçının və cavabdehin razılığı ilə tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazıları və iddiaçının telefonu vasitəsilə təqdim edilmiş audio səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazıları”ndan ümumilikdə müəyyən olunur ki, cavabdehin aldığı nisyə mala görə yaranmış borcu iddiaçıya cəmi 3000 manatdır.

57. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş “səs yazısı”nda cavabdeh tərəfindən 3000 manat borcun olması mübahisələndirilməmiş və həmin borcun hissə-hissə olaraq ödənilməsi bildirilmişdir.

58. Göründüyü kimi, həmin səs yazısında tərəflər arasında 13.000 manat məbləğində borcun olması və ya həmin məbləğin cavabdeh tərəfindən qəbul edilməsi müəyyən edilməmişdir.

59. Həmçinin, tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və “səs yazıları”ndakı həmin səsin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

60. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

61. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).

62. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.

63. Sadalanan hüquq normaları və işin müəyyən olunmuş halları iddianın qismən təmin edilməsini şərtləndirir. Belə ki, cavabdeh qeyd edilən səslərdə 3000 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almayaraq iddia tələbini tam həcmdə təmin etmişdir.

64. Lakin, cavabdeh isə ümumiyyətlə borcunun olmadığı və pulu tam qaytardığını bildirmişdir. Lakin, həmin pulların qaytarılmalı olması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

66. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

67. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

68. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

69. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

70. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

73. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

74. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

75. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1129/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar