Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1683/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-436/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş 1 ədəd CD diskdə olan Cavabdeh2 səsyazmasında o, bildirmişdir ki, iddiaçıdan may ayının 18-də onun evində olarkən hissə-hissə 200 manat və 600 manat olmaqla, cəmi 800 manat pul almışdır. İddiaçının sifariş etdiyi məhsulları hazırlasa da, məhsul çuqun materialından hazırlandığı üçün keyfiyyətsiz alınmışdır. Buna görə də, iddiaçıya kataloqun dəyişdirilməsi təklif olunsa da, iddiaçı bununla razılaşmamış, məhsulun qalan hissəsinin sifariş edilməsini xahiş etmişdir. Həmin malların sifarişi gecikdiyi və həmin mallar nisyə alındığı üçün narazılıqlar yaranmışdır. Yol qəzası keçirdiyi, özü və övladı əməliyyat olunduğu və ailə vəziyyətinin pis olması ilə əlaqədar məhkəməyə gələ bilmir. Ona görə də, iddianın ona münasibətdə, qeyd etdiyi məbləğdə təmin edilməsini və həmin pulun ödənilməsi üçün bank kartının verilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1650 manat pul vəsaitinin, həmçinin işini yerinə yetirmədiyinə və pulu da qanunsuz olaraq özündə saxladığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 123,75 manat pulun, cəmi 1773,75 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə gedişində iddiaçının vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh1 1350 manat pulun, Cavabdeh2 isə 300 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Xocalı rayon Kosalar kənd sakinidir. Məcburi köçkün olaraq Göygöl rayonu Qızıl Qaya qəsəbəsində məskunlaşmışdır. Həmin ünvanda özünə məxsus fərdi yaşayış evi tikdirmişdir, fərdi yaşayış evini tikdirərkən həmin fərdi yaşayış evinin çöl pilləkanlarına bəzəkli “raşotka” düzəltdirmək qərarına gəlmişdir. Bununla bağlı 2022-ci ilin yaz aylarında Cavabdeh1 məxsus Sənaye Rabitə zavodunun qarşısında yerləşən “Yüksək İnşaat” mağazasına (sexinə) getmişdir. Ona orada kataloq təqdim etmişlər. O isə sifariş verəcəyi “raşotka”nın formasını, bəzəyini həyat yoldaşı ilə birlikdə seçməsi üçün kataloqun evə göndərilməsini xahiş etmişdir. Cavabdeh1 öz işçisini (adını xatırlamadığı) onun yaşadığı ünvana göndərmiş və o, yoldaşı ilə birlikdə “raşotka”nı kataloqdan seçib sifariş vermişlər. O, bununla bağlı Cavabdeh1 məxsus obyektə aparıb 1350 manat pul vermişdir. Cavabdeh1 işçisi yenidən yaşadığı ünvana gəlmiş, bütün ölçü işlərini aparmış və ondan 300 manat pul alıb getmişdir. Pulu ödəməyinə baxmayaraq həmin vaxtdan indiyə kimi Cavabdeh1 tərəfindən heç bir iş görülməmişdir. Dəfələrlə ona müraciət etsə də nə pulunu geri qaytarmış, nə də pulun müqabilində işlərini yerinə yetirmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-436/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia tələbi qismən edilmiş, Cavabdeh2 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, məhkəmə xərcinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi, dövlət büdcəsindən hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə 78 (yetmiş səkkiz) manat ödənilməsi və icra edilməsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilməsi qət olunmuşdur.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə Cavabdeh2 arasında şifahi podrat müqaviləsi bağlanmış, iddiaçı 2022-ci ilin yaz aylarında muzd müqabilində özünün fərdi yaşayış evinin çöl pilləkanlarına bəzəkli “raşotka” hazırlanmasını Cavabdeh2 sifariş etmiş, Cavabdeh2 həmin sifarişi qəbul etmiş və tərəflər görüləcək işlə bağlı muzd və göstəriləcək xidmətin müddəti barədə razılığa gəlmişlər. Həmin şifahi podrat müqaviləsinə uyğun olaraq iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış muzd üzrə 300 manat pulu ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə üzrə nəzərdə tutulmuş işi qüsurlu icra etmiş və əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsuru tamamilə aradan qaldırmamışdır. Belə ki, iddiaçının sifariş etdiyi məhsullar Cavabdeh2 tərəfindən hazırlansa da, məhsul çuqun materialından hazırlandığı üçün keyfiyyətsiz alınmış, buna görə də iddiaçı ilə həmin cavabdeh arasında narazılıqlar yaranmış, həmçinin Cavabdeh2 iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Bu hal həm məhkəmə iclasında iddiaçının verdiyi izahatı, həm də Cavabdeh2 səsyazmasından ibarət 1 ədəd CD diskin tədqiqi ilə öz təsdiqini tapır. Cavabdeh2 iddiaçıdan hissə-hissə olmaqla ümumilikdə 800 manat aldığını etiraf etsə də iddiaçı Cavabdeh2 cəmi 300 manat məbləğində pul vəsaiti verdiyini bildirir. Belə olan halda Cavabdeh2 iddianı etirafı 300 manat hissədə qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli, iddia tələbi Cavabdeh2 dair hissədə qismən təmin edilməli, 300 manat pul Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. İşin hallarından göründüyü kimi, Cavabdeh2 300 manat pulu iddiaçıya qaytarmağa borcludur. Gecikdirilmiş həmin məbləğin iki il üzrə qanunla müəyyən edilmiş faiz məbləği 30 (300 manat: 100 x 10% = 30 manat) manata bərabərdir. Bundan başqa, qeyd edilməlidir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından qeyd edilən müqavilə üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə digər hissədə, yəni iş üzrə digər Cavabdeh1 1350 manat pul tələbi hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, sübutetmə vəzifəsi müvafiq olaraq iddiaçının üzərinə düşsə də iddiaçı bu hissədə iddia tələbinin əsasını sübuta yetirə bilməmiş, tələbini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir.
8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 448.1, 448.2, 752.1, 753.1, 762.1, 765-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 77.1, 191.1, 191.2, 191.3, 220.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinun dəlilləri
9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-436/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)– 436/2024 saylı, 30 aprel 2024–cü il tarixli qətnaməsinin tam şəkildə ləğv edilməsini, cavabdehlər tərəfindən alınmış 1650 manat pul vəsaitinin, həmçinin işin yerinə yetirilmədiyinə və pulu da qanunsuz olaraq özündə saxladığına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7–ci maddəsinə əsasən 123.75 manat pulun, cəmi 1773.75 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə zamanı Cavabdeh1 etiraf etmişdir ki, Sənaye Rabitə zavodunun qarşısında yerləşən “Yüksək İnşaat” mağazasında həmin sifariş onun tərəfindən yox icarədarı olan digər Cavabdeh2 tərəfindən iddiaçının evinə kataloq aparılmaqla evində ailəsi tərəfindən “raşotka”nın dizaynı seçilmişdir. Məhkəmə zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, Cavabdeh2 Sənaye Rabitə zavodunun qarşısında yerləşən “YÜKSƏK İNŞAAT” mağazasını guya icarəyə vermişdir. Bu barədə isə məhkəməyə heç bir sübutlar təqdim edilməmişdir. Baxmayaraq ki, o birbaşa 1350 manat pulu cavabdeh sahibkar Cavabdeh1 əlbəəl vermişdir, cavabdeh özünü bu işlərdən xəbərsiz kimi izahat vermişdir. Tərəfindən səs yazıları olan disk məhkəməyə sübut kimi təqdim edilmiş, Cavabdeh2 qabaqcadan bu barədə məlumat vermişdir ki, məhkəməyə səs yazılarını sübut olaraq təqdim ediləcəkdir, deyə məhkəməyə gəlməmişdir. Məhkəməyə təqdim edilən səs yazısı olan disk sübut edir ki, Sənaye Rabitə zavodunun qarşısında yerləşən “YÜKSƏK İNŞAAT” mağazasında olmaqla, orada sifarişçi olmuşdur, cavabdehlər tərəfindən ondan sifariş almaqları həmin diskdə olan səs yazısı kifayət qədər sübutdur. Sənaye Rabitə zavodunun qarşısında yerləşən “Yüksək İnşaat” mağazasının fəaliyyəti və ya icarəyə verilməsi barədə kontrol edən orqanlardan məhkəmə sorğusu alınmamışdır. Həmin mağazanın hazırda kim tərəfindən fəaliyyət göstərməsi barədə məhkəmə sorğusu yoxdur. Məhkəmə tərəfindən cavabdehlərin hansı məsuliyyət sahibləri olduğu müəyyənləşdirilməmişdir. Mülki – Prosessual Məcəllənin maddələrinin tələblərinə əsasən, iddianın aralarında olan şifahi sövdəşmə əsasında olan müqavilənin şərtlərində olan öhdəliklərə əməl etməmələri, ondan 1350 manat + 300 manat nağd şəkildə alınmış pulun müqabilində sifarişi yerinə yetirməmələri öhdəliklərinə cavabdehlər tərəfindən əməl edilməməsi, səs yazısı olan sübutlar məhkəmədə obyektivlik təmin edilmədən araşdırlması kifayət qədər dəlil və sübutlardır ki, məhkəmə tərəfindən sübutlara lazımı qiymət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarınun izahatları
12. Məhkəmə kollegiyasınun iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasınun iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirmişdir ki, iddiaçı ona pul verməmişdir. İddiaçı işlərin görülməsi ilə bağlı Cavabdeh2lə razılaşmışdır. İddiaçı ona həyətdəki pilləkənlərin kənarına məhəccər düzəltdirmək istədiyini bildirmiş,o isə iddiaçı usta kimi Tural ilə tanış etmişdir. İddiaçı ilə Tural özü kataloqdan məhəccəri seçmiş və razılaşmışlar. Onların necə razılaşması barədə isə məlumatı olmamışdır.
14. Cavabdeh2 məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
17. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
18. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
19. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
20. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
21. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarınun əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 385.1.1. maddi hüquq normalarınun və ya prosessual hüquq normalarınun pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktınun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışınun hədləri
29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin tam şəkildə ləğv edilməsini xahiş etsə də, Gəncə Şəhər Məhkəməsinin 2(125)-436/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi Cavabdeh2 münasibətdə təmin edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində, yəni Cavabdeh1 tutulmalı olan pul məbləği hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-436/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İşin hallarından görünür ki, iddiaçı evin pilləkənlərinə məhəccər düzəltdirmək məqsədilə iddiaçıya məxsus inşaat mağazasına getmiş, iddiaçı isə onu usta kimi Cavabdeh2 müraciət etməsini bildirmişdir. Bundan sonra Cavabdeh2 iddiaçı ilə razılıq əldə etmişlər. İş materiallarına əlavə edilmiş səs yazısı olan diskdə o, bildirmişdir ki, iddiaçıdan may ayının 18-də onun evində olarkən hissə-hissə 200 manat və 600 manat olmaqla, cəmi 800 manat pul almışdır. İddiaçının sifariş etdiyi məhsulları hazırlasa da, məhsul çuqun materialından hazırlandığı üçün keyfiyyətsiz alınmışdır. Buna görə də iddiaçıya kataloqun dəyişdirilməsi təklif olunsa da, iddiaçı bununla razılaşmamış, məhsulun qalan hissəsinin sifariş edilməsini xahiş etmişdir. Həmin malların sifarişi gecikdiyi və həmin mallar nisyə alındığı üçün narazılıqlar yaranmışdır. Ona görə də iddianın ona münasibətdə, 300 manat məbləğdə təmin edilməsini xahiş etmişdir. Hazırda isə iddiaçı Cavabdeh1 1350 manat pulun, Cavabdeh2 isə 300 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşıraraq əlavə olaraq qeyd edir ki, iş materiallarından Cavabdeh2 300 manat məbləğində pul verməsi təsdiq olunsa da, cavabdeh X2 1350 manat məbləğində pul verməsi iş materialları ilə təsdiq edilməmişdir.
36. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-1142/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin 2(125)-436/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-436/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.