Məhkəmə qərarları › İş №2(104)-1689/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1689/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1689/2023 08.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: “alimentin artırılması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-518/2023 saylı 27 aprel 2023-cüil tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlndan xx.xx.2014cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X5 adlarında yetkinlik yaşına çatmayan iki uşaqları vardır.

2. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ № 357622 saylı nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah Qazax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında pozulmuş, nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozuolması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 84 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Xəlilova soiyadı verilmişdir.

3. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 21 avqust 2014-cü ildə doğulmuş X4 və 31 may 2016-cı ildə doğulmuş X1 üçün həmin uşaqların Cavabdeh alınıb İddiaçı verildiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ № 414630 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 87 nömrə ilə qeyd edilmişdir.

5. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 649424 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir.

6. İş materiallarında olan Azxərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin MEİS-nin xx.xx.2023-cü il tarixli məşğulluq haqqında arayışından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh işsiz kimi X2 filialında qeydiyyatdadır.

7. İş materiallarında olan Qazax Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 83 nömrəli arayışından görünür ki, Qazax Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 21 avqust 2014-cü ildə doğulmuş X4 və 31 may 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat aliment ödənişi etməlidir, xx.xx.2023-cü il tarixədək onun tələbkara 1430 manat aliment borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəmədə iddia qaldıraraq, Qazax Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(023)-564/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 21 avqust 2014-cü ildə doğulmuş X4 və 31 may 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən Cavabdeh iki uşağın saxlanılması üçün ayda 200 manat aliment alır. Uşaqlar böyüdüyündən maddi tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Özü heç bir yerdə işləmir. Maddi vəziyyəti olduqca çətindir. Aylıq qazancı kifayət qədərdir. Odur ki, iddiasının təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının ondan tələb etdiyi miqdarda aliment ödəmək üçün maddi imkanı yoxdur. Başqa qadınla evlənmişdir. İkinci evliliyindən bir uşağı vardır. Alimentin məbləğinin artırılmasına razı deyil. Maddi vəziyyəti ağırdır. Odur ki, iddianın qanuni həll olunmasını xahiş etmişdir.

11. Qazax Rayon Məhkəməsinin 2(023)-518/2023 saylı mülki iş üzrə 27 aprel 2023cüil tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşaq üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat alimentin alınaraq 21 avqust 2014-cü ildə doğulmuş X4 və 31 may 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, Cavabdeh 51.20 (əlli bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 2(023)-518/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cüil tarixli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin etməkdə ədalətsizliyə yol vermiş, onu və onun yeni qurduğu ailəsini, övladını, işsizliyini, anasının da xəstə, işsiz olaraq onun himayəsində olmasını, eləcə də yoldaşının işsiz olmasını, himayəsində azyaşlı uşağının olmasını və əvvəlki qətnamə üzrə aliment borcunun olmasını, ödəyə bilmədiyini nəzərə almamışdır. Hazırki qətnamə onun yeni qurmuş olduğu ailənin də dağılmasına səbəb olacaqdır. Əgər onun imkanı yaxşı olsa idi, aliment borcunu tam ödəyərdi və buna görə də AR İXM-nin 528-ci maddəsinə əsasən təqsirli bilinərək inzibati qaydada sutka cəzası almazdı. Bütün bunları məhkəməyə bildirsə də, məhkəmə əsassız olaraq qeyd etdiklərini nəzərə aımamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat

15. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq onlar məhkəməyə gəlməmiş, Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlar əsasında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və Azərbaycan Respublikasının MPMnin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

16. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:

21. Maddə 5 - dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

22. Maddə 8 - hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır

23. Maddə 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.

24. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

35. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə qərarı əsaslı olmuşdur.

37. Belə qənaətə gələrkən məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

38. Mülki işin materiallarında olan sübutlara əsasən işin faktiki halları kimi müəyyən edilir ki, tərəflər 03 mart 2014-cü ildə 03 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər, tərəflərin 21 avqust 2014-cü ildə anadan olmuş Nihal və 31 may 2016-cı ildə anadan olmuş Damla adlı 2 uşağı vardır. Qazax Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 21 avqust 2014-cü ildə doğulmuş X4 və 31 may 2016-cı ildə doğulmuş X1 üçün həmin uşaqların Cavabdeh alınıb İddiaçı verildiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonra Qazax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Hazırda iddiaçı həmin məbləğlə uşaqların tələbatını ödəyə bilmədiyindən alimentin artırılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir.

39. Cavabdeh heç bir yerdə işləmədiyini, hazırda yeni ailə qurduğunu, bir azyaşlı uşağı olduğunu, arvadının və anasının da işsiz olmaqla onun himayəsində olduğunu, əvvəlki qətnamə ilə qət edilən aliment borcunu ödəyə bilmədiyini qeyd edərək qətnaməni mübahisələndirmiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

40. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Bir uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Məhkəmə isə 130 manat məbləğində, yəni, uşağın aylıq minimum tələbatı olan 220 manat məbləğindən 90 manat daha aşağı məbləğdə aliment təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış və uşağın aylıq minimum tələbatından daha aşağı olan məbləğdə aliment təyin etmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi barədə qərar qəbul edərkən, aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilərək, müəyyən olunmuş aylıq alimentin məbləğinin daha da azaldılması üçün əsas hesab edilə bilməz.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 2(023)-518/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, məhkəmənin artırmış olduğu (260-200)=60 manat aylıq alimentin bir illik məcmusu (60 manat x 12ay)=720 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-518/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar