Məhkəmə qərarları › İş №2(104)-1692/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1692/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1692/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(125)- 1008/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan İ saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 614,29 (altı yüz on dörd manat iyirmi doqquz qəpik) manat məbləğində kredit verilmişdir.

2. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 1 faiz olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11843,57 (on bir min səkkiz yüz qırx üç manat əlli yeddi qəpik) manat məbləğində kredit verilmişdir.

3. Maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh1 006A********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 614,29 manat əsas kredit borcu, 10,29 manat faiz borcu, 402,85 manat cərimə borcu olmaqla, 1027,43 manat borcu vardır.

4. Maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 006A********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 11843,57 manat əsas kredit borcu, 198,20 manat faiz borcu, 8143,9 manat cərimə borcu olmaqla, 20185,67 manat borcu vardır.

5. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 006G**********01 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh2 ilə birgə məsuliyyəti müəyyən edilmişdir.

6. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 006G**********01 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh2 ilə birgə məsuliyyəti müəyyən edilmişdir.

7. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 614,29 manat məbləğində pulu imza edərək götürmüşdür.

8. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 11843,57 manat məbləğində pulu imza edərək götürmüşdür.

9. 14 dekabr 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.

10. 14 dekabr 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh2 borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 614,29 manat məbləğində kredit borcu, 10,29 manat məbləğ məbləğində faiz borcu, 402,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1027 (bir min iyirmi yeddi) manat 43 (qırx üç) qəpik məbləğində borcun; xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11843,57 manat məbləğində kredit borcu, 198,20 manat məbləğində faiz borcu və 8143,9 manat məbləğində cərimə olmaqla, cəmi 20185 (iyirmi min yüz səksən beş) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun və ödənilmiş 153,64 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 faiz olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan İ saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 614,29 (altı yüz on dörd manat iyirmi doqquz qəpik) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci ildən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 614,29 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onu tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022ci il tarixə 789 gün üçün hesablanmış faiz borcu 10,29 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faiz məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1 faiz artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 789 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 402,85 manat təşkil edir. Bundan başqa, Cavabdeh1 İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 faiz olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11843,57 (on bir min səkkiz yüz qırx üç manat əlli yeddi qəpik) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 11843,57 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 789 gün üçün hesablanmış faiz borcu 198,20 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faiz məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1 faiz artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 789 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 8143,9 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarmaq planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kredit qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.

13. Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(125)-1008/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə 614,29 (altı yüz on dörd manat iyirmi doqquz qəpik) manat əsas kredit borcu, 10,29 (on manat iyirmi doqquz qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 634,58 (altı yüz otuz dörd manat əlli səkkiz qəpik) manat məbləğində pul və xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə 11843,57 (on bir min səkkiz yüz qırx üç manat əlli yeddi qəpik) manat əsas kredit borcu, 198,20 (bir yüz doxsan səkkiz manat iyirmi qəpik) manat faiz borcu, 80 (səksən) manat cərimə borcu olmaqla, cəmi 12121,77 (on iki min yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 153,64 (bir yüz əlli üç manat altmış dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 421.2, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 472.1, 739, 405.1 və 425.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216-220 və 357- 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(125)-1008/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın əsas borc hissəsində ekspertiza təyin edilərək dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, onun banka əsas borcdan az borcu vardır. Bununla bağlı məhkəməyə vəsatət versə də təmin edilməmişdir. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını və əsas borc məbləğinin azaldılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

26. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

39. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh şikayətində qətnamənin yalnız əsas borca hesablanmış məbləği mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə aylıq faiz dərəcəsi 0,0833 % olmaqla, 614,29 manat məbləğində kredit verilmişdir. Daha sonra isə kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə aylıq faiz dərəcəsi 0,0833 % olmaqla, 11843,57 manat məbləğində kredit verilmişdir. Lakin, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir, nəticədə onun banka 006A********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 614,29 manat əsas kredit borcu, 10,29 manat faiz borcu, 402,85 manat cərimə borcu olmaqla, 1027,43 manat və 006A********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 11843,57 manat əsas kredit borcu, 198,20 manat faiz borcu, 8143,9 manat cərimə borcu olmaqla, 20185,67 manat borcu yaranmışdır.

43. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca vaxtında icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

44. Apellyator apellyasiya şikayətində ekspertiza təyin edilməsi barədə dəlili ilə bağlı kollegiya göstərir ki, ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.

45. Halbuki, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

46. Eyni zamanda kollegiya onu da qeyd edir ki, apellyator borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir. İddiaçının təqdim maliyyə arayışında və hesabdan çıxarışda əksini tapmış məlumatlar müqavilə şərtləri əsasında təhlil olunduqda görünür ki, hesablanmış əsas borc və faiz borcu məbləğini şübhə altına almağa əsas yoxdur.

47. Kollegiya xatırladır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Həmçinin, apellyator birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir. Bu səbəbdən kollegiya onun bu dəlilini ağlabatan hesab etmir. Kollegiya göstərir ki, ekspertiza təyin edilməsi barədə dəlil formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.

49. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(125)-1008/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar