Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1697/2023 28.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 'borcun silinməsi tələbi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(076)-1106/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh ‘‘Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydasının pozulmasına görə tərtib edilmiş akt əsasında yaranmış 1036 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında qazdan istifadə etmiş və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış Zenner markalı zavod nömrəsi **********23 olan qaz sayğacının hesablanması üzrə mütəmadi olaraq ödəmişdir. Son vaxtlarda həmin qaz sayğacı tərəfindən evdə istifadə olunan qazın sərfiyyatının qeydə alınmamasını müşahidə edərək kənddə qaza nəzarət edən Mehman Əhmədova şifahi məlumat vermiş və nəticədə digər əməkdaşlarla sayğacı sökərək sayğacın tərsinə işləməsini müəyyən etmişlər. Belə ki, xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqından” ******* N-li aktda “ARDNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2022-ci il tarixli MSK 2911710-02763-1 saylı akta əsasən 1702AZ**********05 nömrəli sayğacın klapanın üzərindəki kipləşdirici təbəqənin aşkar olunmaması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması və dəymiş ziyanın hesablanaraq ödənilməsi, həmçinin xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” də sayğacın mənfiyə işləməsi, xətaların təyin edilə bilinməməsi, sayğacın membranı fasilələrlə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamanın mümkün olmaması, sayğacın istismara yararsız olması, nəticədə qaz itkisinin yaranması, sayğacın yeni sayğacla əvəz edilməli olması, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmişdir. Nəticədə sayğacda aşkar edilmiş qüsurların guya onun tərəfindən edilməsi və 1036 (min otuz altı) manat məbləğində cavabdehə borclu olmağı müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(076)-1106/2023 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın təmin edilməsi və ünvan 1 kəndi ünvanında yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 1036 manat məbləğində borcun silinməsi qət edilmişdir İşdə olan sübutlar: xx.xx.2022-ci il tarixli MSK 2911710-02763-1 saylı rəydən görünür ki, 1702AZ**********05 nömrəli sayğaca baxış keçirilərkən, sayğacın klapanın üzərindəki kipləşdirici təbəqənin aşkar olunmaması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın mənfiyə işləməsi, xətaların təyin edilə bilinməməsi, sayğacın membranı fasilələrlə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamanın mümkün olmaması, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilərkən isə kənar təsir izlərinin aşkar olunmaması və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və "QİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: xx.xx.2022-ci il tarixli MSK-2911710-02763-1 saylı akta əsasən 1702AZ**********05 nömrəli sayğacın klapanının üzərindəki dipləşdirici təbəqə aşkar olunmamış, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Dəymiş ziyan hesablansın və ödənilsin. ünvan 2i ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 1036,80 manat borc hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri: Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(076)-1106/2023 nömrəli qətnaməsindən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(076)-1106/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabnetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smartkart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmişdir. Məsrəf olunmuş qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin oktyabr ayında iddiaçının abonent hesabına işlənmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın klapanının üzərində kipləşdirici təbəqənin olmaması, eləcə də qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıqın qırıq olması aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. Bildirirlər ki, iş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır.Məhkəmə qətnamədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə sayğacla təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçılara nünasibətdə isə hüquqi şəxsin vəsaiti hesabına həyata keçirilir. Qeyd edilənlərdən aydın görünür ki, məhkəmə iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1036,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin oktyabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2022- ci ilin oktyabr ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş təbii qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Yuxarıda qeyd etdiklərimizdən göründüyü kimi iş materiallarında yer alan sübutla əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, qaz sayğacı təxminən 10 gün müddətində keçən qazın həcmini qeydə almamış, bunu bildikdə isə iddiaçının sahə üzrə əməkdaşına məlumat vermişdir. Cavabdeh təşkilat 90 günlük müddət üçün 24 saat olmaqla itirilmiş qazın hesabatını aparmışdır. Halbuki, evdə gün ərzində 24 saat ərzində qazdan istifadə olunmur. Buna görə də 10 günlük müddətinə, ağlabatan saat üçün qaz sərfinin hesablanmasına etiraz etmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının 1702AZ**********05 nömrəli sayğacına hər hansı bir kənar müdaxilə olmadan, sayğacın işləməsində qüsur yaranmış və həmin qüsur sayğacdan keçən qazın həcmini qeyd etməmişdir. Sayağcın keçən qazın həcmini qeyd etməməsi iddiaçı tərəfindən də etiraf olunmuşdur ki, belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin itirilmiş qazın həcmini müəyyən edilməsi ilə bağlı cavabdeh tərəfindən müəyyən edilmiş məbləğin hamısını silməsi əsaslı olmamışdır. Cavabdeh təşkilat isə sayğacın qüsurla işləmə tarixinin qeyri-müəyyən olduğuna əsaslanaraq, 90 günlük müddət ərzində hər gün üçün 24 saat olmaqla itirilmiş qazın həcmini müəyyən etmişdir. İşin hallarından isə göründüyü kimi sayğacın keçən qazın həcmini qeydə almamasını iddiaçı özü aşkar etmiş və bu barədə cavadbehin nümayənədəsinə bildirmiş və həmin müddətin təxminən 10 gün davam etdiyini bildirmişdir ki, iddiaçının bu arqumenti işin halları baxımından inandırıcı və ağlabatan olmuşdur. Həmçinin, iddiaçı 10 günlük müddət üçün itirilmiş qazın həcmini ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçıya məxsus evdə 24 saat fasilə verilmədən qazdan istifadə edilməsi isə ağlabatan hesab edilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 10 günlük müddət üçün, gün ərzində 12 saat qazdan istifadə nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş qazın həcmi (1036,8:90gün =115,20 manat, 115,2:2=57,6 manat) 57,6 manat məbləğində müəyyən edilməli, cavadbeh tərəfindən artıq hesablanmış (1036,8- 57,6=979,2 manat) 979,2 manat borc məbləği iddiaçının abonent hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(076)-1106/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(076)-1106/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeüni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. ünvan 1 kəndi ünvanında yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə İddiaçı (**********02790) abonent hesabına yazılmış 1036,8 (min otuz altı manat, 80 qəpik) manat borc məbləğinin 979,2 (doqquz yüz yetmiş doqquz manat, 20 qəpik) manatı silinsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.