Məhkəmə qərarları › İş №2(104)-1709/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1709/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1709/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(021)-1114/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə verdiyi 02 sentyabr 2021-ci il tarixli izahatından müəyyən olunur ki, cavabdeh izahatında İddiaçı (bundan sonra-iddiaçı) 17.000 manat borc pul aldığını, həmin puldan 3.300 manatını iddiaçının əri Əzizdən aldığını və bu barədə aralarında kredit müqaviləsi bağladıqlarını, ümumilikdə iddiaçıya 17.000 manat borcunun olduğunu, həmin puldan 4500 manatını ödədiyini göstərmişdir.

2. Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 sentyabr 2021-ci il tarixli qərarı ilə, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayətçi vətəndaşa müraciəti ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

3. Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 sentyabr 2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Araşdırma zamanı Cavabdeh İddiaçı olan borcundan 4500 (dörd min beş yüz) manat pulunu qaytarmış, bu barədə tərtib edilmiş qəbz materiala əlavə edilmişdir”.

4. Bakı şəhər Nəsimi rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 may 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti əsasında Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı İsa Taralov, polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri Nicat Məmmədyarov və Elçin Vəliyevin əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 37.000 (otuz yeddi min) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 il əvvəl ailələrində bir maşın olduğu üçün çətinlik yarandığından yoldaşı Əziz Nuriyev onun üçün *5000 taksi şirkətindən ödənişli taksi tutmuşdur. Taksi sürücüsü Bərdə rayonunda qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh olmuşdur. Sonuncu ona ailəsinin dağılmasından, anasının xəstə olmasından danışdığı üçün ona yazığı gəlmişdir. 2020-ci ilin mart ayında anasına məxsus Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən evi satmışdır. Həmin evin əşyalarını onun maşını ilə daşıdığı üçün o evin satıldığını və onda pul olduğunu bilmişdir. Həmin evin pulundan 17000 manat pul evində olmuşdur. Elə həmin ərəfədə cavabdeh ondan özünə yeni maşın almaq üçün 2000 ABŞ dolları pul borc istəmişdir. O da yazığı gəlib həmin pulu cavabdehə vermişdir. Təxminən 2020-ci ilin yaz-yay aylarından 2021-ci ilin avqust ayına kimi cavabdehə hissə-hissə olmaqla 37.000 manata yaxın pul borc vermişdir. Hər dəfə cavabdehdən pulu geri istəyəndə əvvəllər sakitcə razılaşmış və pulu qaytaracağını bildirmişdir. Lakin son bir neçə gündür ki, ondan pulu istədikdə onu nalayiq küçə söyüşləri ilə hədələmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Nəsimi rayonunda yerləşən 28 Mall ticarət mərkəzində olduğu vaxt whatsapp sosial mesajlaşma proqramı vasitəsilə cavabdehə zəng vurub ondan 37.000 manat pulunu qaytarmasını xahiş edəndə cavabdeh telefonda onu və özünü öldürəcəyini, onu zorlayacağı ilə hədələmiş və onu nalayiq ifadələrlə təhqir etmişdir. Artıq cavabdehin hədələrindən bezmişdir. Cavabdehin ona olan bütün borcunu qaytarmasını tələb edir. Cavabdeh ondan müxtəlif bəhanələrlə, müxtəlif adlarla borca pul almışdır. Lakin bugünə kimi qaytarmaqdan yayınır. Buna görə də DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hədələnməsinə dair polis orqanına müraciət edərkən izahatları alınanda cavabdeh ona 19.000 manat borcunun olduğunu, lakin həmin pulun içərisində həyat yoldaşından da almış olduğu pulun olmasını izahatında etiraf etmişdir. Ancaq onun etirafı ilə razı deyil, cavabdehdən ondan almış olduğu pulun məbləği 37.000 (otuz yeddi min) manat təşkil edir.

7. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, təxminən 2 il əvvəl *5000 taksi şirkətində işləmiş, Əziz Nuriyev həyat yoldaşı İddiaçı *5000 taksi şirkətindən ödənişli taksi tutmuş və şirkət tərəfindən iddiaçıya xidmət göstərməsi üçün göndərilmişdir. İşlədiyi müddətdə iddiaçı ilə münasibətləri yaranmışdır. İddiaçıdan müxtəlif vaxtlarda 7000 manat borc pul almış, aldığı pulun 4500 manatını hissə-hissə iddiaçıya ödəmişdir. Onun iddiaçıya 2500 manat borcu qalmışdır. Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsində verdiyi izahatında da iddiaçıya 7000 manat borcunun olduğunu göstərsə də izahatında iddiaçıdan guya 17.000 manat borc pul aldığı göstərilmişdir. Yəni izahatı təhrif edilmişdir. İddianın etiraf etdiyi hissədə təmin, qalan hissədə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1114/2022 saylı qətnaməsi ilə (hakim Məhərrəm Allahverdiyev) iddia qismən təmin edilərək, cavabdehdən 12500 (on iki min beş yüz) manat məbləğində pul və 127,50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh 12.500 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır.

10. Məhkəmə öz mövqeyini Konstitusiyanın 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.3, 427.1, 427.2, 427.3, 427.4, 441.1, 442, Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 77.1, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17, İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1114/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan borc müqavilələri şifahi bağlanmışdır. Aralarında olan səmimi münasibətlərdən irəli gələrək müxtəlif vaxtlarda hissə-hissə borc vermiş, cavabdehin borcu qaytaracağına dair sözlərinə inandığı üçün yazılı əqd bağlamamışdır. Məhkəmə həmin hissə ilə bağlı məsələyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, şəxslərin arasında şifahi qaydada müqavilənin bağlanmasını qəbul etməmişdir. İddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə olmadığı üçün öhdəliyin icrası müddəti təyin edilməmişdir. Buna görə də iddiaçı əsas öhdəliyi dərhal tələb edə bilər. İddiası ilə bağlı digər sübutları elektron məhkəmə vasitəsi ilə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən bu sübutlara diqqət yetirilməmiş və qətnamənin təsviri-əsaslandırıcı hissəsində hansı səbəbdən qəbul edilməməsi göstərilməmişdir. Bununla da qətnamə prosessual hüquq normalarının pozulması ilə çıxarılmış hesab olunur. İddianın təmin edilmədiyi hissədə qalan borcun geri qaytarılması tələb olunur.

13. Həmçinin, Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(021)-1114/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, təxminən 2 il əvvəl *5000 taksi şirkətində işləmiş, Əziz Nuriyev həyat yoldaşı cavabdehi iddiaçıya *5000 taksi şirkətindən ödənişli taksi tutmuş və şirkət tərəfindən iddiaçıya xidmət göstərməyə başlamışdır. İşlədiyi müddətdə iddiaçı ilə münasibətləri yaranmışdır. İddiaçının həyat yoldaşı Əziz Nuriyevdən 3300 manat notarial qaydada borc pul almış, həmin pulu hər ay 300 manat ödəmək şərti ilə öhdəlik götürmüşdür. Həmin borcları ilkin olaraq 300 manat ödənişi iddiaçıya ödəmişdir. Növbəti ikinci ayı həmin borcdan iddiaçıya 100 manat ödəniş etmişdir. Bundan sonra Əziz Nuriyev həyat yoldaşı iddiaçıya öz narazılığını bldirmişdir. İddiaçı ona təklif etmişdir ki, öz qızıllarını ona versin və həmin qızılları banka girov qoyaraq həyat yoldaşı Əziz Nuriyevə borclu qaldığı 2900 manat pulu ödəsin. O da həmin vaxt iddiaçının təklifi ilə razılaşaraq təxminən 3700 manat dəyərində olan qızılı "İnter" BOKT-a girov qoyaraq təşkilatdan 2850 manat kredit götürmüş və həmin kredit puluna 50 manat əlavə edərək ümumilikdə 2900 manat pulu iddiaçıya qaytarmışdır. İddiaçıya qızılın dəyəri olaraq təxminən 3700 (üç min yeddi yüz) manat, Əziz Nuriyevə isə 3300 (üç min üç yüz) manat borcu yaranmışdır. Təkrarən qeyd edir ki, Əziz Nuriyevə borclu olduğu puldan ilkin olaraq 300 manat, ikinci ayı isə həmin borcdan iddiaçıya 100 manat ödəniş etmişdir. Sonradan iddiaçı ilə aralarında narazıçılıq yaranmışdır. Münasibətləri pozulduğundan iddiaçı barəsində Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət etmişdir. Polis Bölməsində araşdırma zamanı tərəfindən iddiaçıya 4500 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Polis bölməsinin 05 sentyabr 2021-ci il tarixli qərarında da borclu olduğu puldan iddiaçıya 4500 (dörd min beş yüz) manat ödəniş etdiyi öz əksini tapmışdır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, iddiaçı ilə aralarında heç bir yazılı formada borc müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə dəfələrlə cinayət işinin rədd edilməsi barədə materialın əldə olunması üçün sorğu verilmiş, polis bölməsi tərəfindən cavabdehin əlyazma şəkilində olan öz xətti ilə yazılmış izahat məhkəməyə təqdim olunmamışdır. Polis bölməsi tərəfindən elektron variant şəkilində məhkəməyə yalnız qərarın surəti və təhrif olunmuş izahatı göndərilmişdir. Birinci instansiya məhkəməsi yalnız təhrif olunmuş izahatını mötəbər sübut kimi qəbul edərək qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarını tam müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-2479/2022 nömrəli iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan 12500 manat pul məbləği hissəsində dəyişdirilmiş, cavabdehdən 27.500 manat məbləğində pul alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 100.5 AZN dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq, iddiaçıya verilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarının da cavabdeh tərəfindən ondan alınaraq kredit təşkilatına girov qoyulmaqla pulun götürülməsi faktı, işin hallarına əsasən iddiaçının bankdan borc pul götürməsinə ehtiyacının olmaması, o cümlədən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Whatsapp” tətbiqi vasitəsi ilə aparılmış yazışmalardakı bir çox hissədə iddiaçının pulların geri qaytarılmasına dair tələbinə müvafiq olaraq cavabdehin əks reaksiyasının olmaması həmin pulların cavabdehə verilməsini təsdiq etməkdədir.

18. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd etmişdir ki, cavabdehin iddiaçıdan anasının evinin satılması ilə əlaqədar aldığı 17000 manat borc məbləği cavabdehin 02 sentyabr 2021-ci il tarixdə polisdə verdiyi izahatla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Whatsapp” sosial şəbəkəsində olan 22 avqust 2021-ci il tarixdə, saat 12:37-də olan yazışma ilə də təsdiqini tapmaqdadır. Belə ki, həmin yazışmada iddiaçı anasının evinin pulu olan 17000 manatı cavabdehdən necə qaytaracağını cavabdehə sorğu etmiş, cavabdeh isə buna hər hansı bir münasibət bildirməmişdir ki, bununla da dolayısı ilə iddiaçıdan 17000 manat almasını təsdiq etmişdir.

19. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında müxtəlif vaxtlarda bağlanmış borc müqavilələrinin predmetinin məbləği üç min manatdan çox olsa da, tərəflər Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə riayət etmədən müqaviləni yazılı deyil, şifahi qaydada bağlamışlar. Lakin, həmin əqdlər Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin tələbinə əsasən etibarsız olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış borc müqavilələri əhəmiyyətsiz əqd qismində etibarsız hesab olunsa da, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə və əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehin 27500 manat məbləğində pulu geri qaytarmaq öhdəliyi mövcud olmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1, 740.1, 740.2, 329.1, 337.1, 337.2, 337.3, 337.5, 1091.1, 1091.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 376.2, 402.1-ci maddələrə istinadla əsaslandırmışdır.

Kassasiya instansiya məhkəməsində icraat

21. Qətnamənin dəliləri ilə razılaşmayan iddiaçı (vəkil Nümayəndə Şəmsəddin oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin edilməsini xahiş etmişdir.

22. Həmçinin, cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1904/2023 nömrəli qərarı ilə, İddiaçı kassasiya şikayətinin təmin olunmaması, Cavabdeh kassasiya şikayətinin təmin olunması, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2479/2022 nömrəli iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

24. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi yazışmaların hər hansı birində cavabdeh iddiaçıdan 32.000 manat məbləğində pul almasını, iddiaçının hər hansı sualına cavab olaraq hər hansı məbləğdə borcunun mövcud olmasını göstərməmişdir. Belə olan halda isə apellyasiya instansiya məhkəməsinin məhz hansı sübutlarla qət olunmuş məbləğin tutulması ilə bağlı nəticəyə gəlməsi ziddiyyətli olmaqla və işin araşdırılmış hallarına uyğun hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, 32.000 manat məbləğində borcun mövcud olubolmamasının tərəflərin təqdim etdikləri məlumat və sübutlar əsasında yoxlanılması mühüm əhəmiyyət kəsb edir. Məhkəmənin gəldiyi nəticəsi ehtimallarla deyil, işdəki sübutlarla tərəddüdsüz şəkildə müəyyən edilməlidir. Bu baxımdan pulun verilməsi, məhz birdəfəyə və ya hissə-hissə verilməsi, hansı tarixlərdə, hansı məbləğlərdə verilməsi, hansı hissədə icra edilməyən öhdəliyin mövcudluğu çəkişmə prinsipinə uyğun olaraq, işdəki məlumatlar və sübutlar əsasında tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq mübahisəli hallara yekun hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X2 cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, onların şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçınə tanıyır. Polisdə izahatında iddiaçıya 17000 manat borcu olduğunu bildirmişdir. Həmin borcdan 4500 manatını qaytarmışdır. O, bilir ki, qadına qarşı düzgün iş tutmamışdır. O, iddiaçıdan 37000 manat almamışdır.

27. İş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Şəmsəddin oglu, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçının (nümayəndəsi) vəkili isə elektron məhkəmə sistemi vasitəsilə ərizə verərək, onların iştirakı olmadan işə baxılmasını və təqdim etdikləri sübutalara əsasən şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

31. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

32. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir

33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

35. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

46. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

49. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

50. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

53. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı şikayətində iddianın təmin edilməmiş hissəsini və cavabdeh isə şikayətində iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı İddiaçı və Cavabdeh münasibətdə tam yoxlanmalıdır.

54. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.

55. Çünki, Azərbaycan Respublikasının MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

57. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

58. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı 2021-ci ilin fevral ayında 4000 manat, 2021-ci ilin may ayında iddiaçının qızıl-zinət əşyalarının BOKT "xxxx" QSC-yə girov qoymaqla sonuncunun adına 2050 manat borc almışdır. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən 24 ay müddətinə 5000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə isə yenidən 5000 manat məbləğində kredit götürmüş və iddiaçı 5000 manatı Cavabdeh vermişdir. Cavabdeh borc məbləğindən 4500 manat qaytarsa da, qalan məbləği iddiaçıya qaytarmamışdır.

59. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir və işin halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

60. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

61. 30 iyun 2016-cı il tarixədək qüvvədə olan Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

62. 30 iyun 2016-cı il tarixdən qüvvədə olan Mülki Məcəllənin 740.1-ci maddəsində isə deyilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

63. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2021-ci ilin may aylarında iddiaçı tərəfindən cavabdehə borc kimi 2050 manat pul verilmiş, lakin bu barədə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Kollegiya qeyd edir ki, tərəflər arasında borc müqaviləsinin 30 iyun 2016-cı il tarixədək bağlanması nəzərə alındıqda, 2050 manata məbləğində pul vəsaitinin cavabdehə borc kimi verilməsinə dair şifahi borc müqaviləsi qanunvericiliyin müəyyən etdiyi formaya uyğun olduğundan etibarlı hesab olunur. Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə 30 iyun 2016-cı il tarixdən sonrakı dövrdə borc kimi verilməsi halında isə şifahi qaydada bağlanmış bu cür müqavilə qanunun müəyyən etdiyi formada bağlanmadığından etibarsız hesab olunur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

64. Lakin, məhkəmə hesab edir ki, tərəflər arasında pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız sayılsa belə, cavabdehin cinayət təqibi üzrə qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qərarı ilə də göstərilən hallar ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Həmçinin cavabdeh məhkəmə kollegiyasının əvvəlki iclasında 17000 manat borcunu etiraf etmişdir.

65. Belə olan vəziyyətdə məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında iddia edilən pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehin səs yazısı, şahid ifadələri həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etdiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır.

66. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

67. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

68. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

69. Belə ki, hazırkı mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

70. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı tələbində cavabdehə 37.000 manat məbləğində borca pul verdiyini bildirsə də, bu barədə sübutlarını təqdim edə bilməmişdir. Belə ki, bu baxımdan pulun verilməsi, məhz birdəfəyə və ya hissə-hissə verilməsi, hansı tarixlərdə, hansı məbləğlərdə verilməsi, hansı hissədə icra edilməyən öhdəliyin mövcudluğu çəkişmə prinsipinə uyğun olaraq, işdəki məlumatlar və sübutlar əsasında tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq mübahisəli hallara yekun hüquqi qiymətin verilməsi üçün iddiaçı və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalısı və qiymətləndirilməsi, sübutun təqdim edilməsinə şərait yaradılması üçün kollegiyanın iclası iki dəfə (xx.xx.2023 və xx.xx.2023cü il tarixə) təxirə salınsa da, iddiaçı və onun nümayəndəsi göstərilən halları təsdiq edəcək mötəbər sübutlarını kollegiyaya təqdim edə bilməmişlər. Əksinə, iddiaçının nümayəndəsi elektron məhkəmə sistemi vasitəsilə ərizə verərək, onların iştirakı olmadan işə baxılmasını və təqdim etdikləri sübutalara əsasən şikayətlərinin təmin edilməsini xahiş etmişdir.

71. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

72. İş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.

73. Həmçinin, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.

74. Nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

75. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında izahatında iddiaçıdan 7000 manat borc pul almasını, həmin puldan 4500 manat qaytarmasını və hal-hazırda iddiaçıya 2500 manat borcunun qalmasını göstərsə də, bu barədə kollegiyaya heç bir sübut təqdim etməmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Əksinə mülki iş materiallarında olan “Cinayət işinin balanmasının rədd edilməsi” haqqında 02 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, cavabdeh izahatında İddiaçı 17.000 manat borc pul aldığını, həmin puldan 3.300 manatını iddiaçının əri Əzizdən aldığını və bu barədə aralarında kredit müqaviləsi bağladıqlarını, ümumilikdə iddiaçıya 17.000 manat borcunun olduğunu, həmin puldan 4500 manatını ödədiyini göstərmişdir.

76. Belə olan kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan 17.000 manat məbləğində puldan 4500 manat qaytarıldığından, həmin borc məbləğindən qalan hissənin, yəni 12.500 manat hissəsinin iddiaçıya qaytarılması barədə sübut etmək yükü cavabdehin üzərinə düşür.

77. Cavabdehin qalan 12.500 manat pulun iddiaçıya müxtəlif vaxtlarda qaytarması barədə dəlilləri əsassızdır. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

79. Həm bu əsasa, həm də MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü borcalanın üzərinə düşür. Lakin, borcalan bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdikləri dəlillər barədə hər hansı sübut təqdim etməmişdir.

80. Cavabdeh qalan borcu tam qaytarması barədə dəlil irəli sürsə də, bu nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu (nə vaxt nə qədər ödənişlər etdiyi barədə sübutları) məhkəməyə təqdim etməmişdir.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

82. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

83. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

84. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

85. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

86. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

87. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

90. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

91. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir.

92. Kollegiya göstərir ki, iddia tələbi qismən təmin olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127,5 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(021)-1114/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12.500 (on iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 127,5 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar