Məhkəmə qərarları › İş №2(104)-171/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-171/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-171/2024 30.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 2(042)-635/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5768.02 manat borcun və ödənilmiş 77.68 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 2(042)-635/2023 nömrəli (hakim Marif Kazımov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5768.02 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77.68 manat, ümumilikdə 5845 (beş min səkkiz yüz qırx beş) manat 70 (yetmiş) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 qarşı 5768.02 manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-MİN-213 saylı təhvil-təslim Aktı əsasında "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 1-xx.xx.2014-MİN 57 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 22 faizlə 10000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında 13 oktyabr 2014-cü il tarixli 1-xx.xx.2014- MİN 57 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh1 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Bununla da kredit müqaviləsinin şərtləri borcalan tərəfindən əhəmiyyətli dərəcədə pozmuşdur. Kredit müqaviləsi üzrə borcun qaytarılması barədə borcalana xəbərdarlıq edilsə də, lakin müsbət nəticə olmamışdır. İş materiallarında olan: 13 oktyabr 2014-cü il tarixli, 1-xx.xx.2014-MİN57 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh1 illik 22 faiz tətbiq edilməklə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir; 13 oktyabr 2014-cü il tarixli, 1-xx.xx.2014-MİN57 saylı zaminlik müqavilələrindən görünür ki, 13 oktyabr 2014-cü il tarixli, 1-xx.xx.2014-MİN57 saylı kredit müqaviləsinə əsasən, 10000 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. ödənilməsini öhdəsinə götürmüşlər; "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləsinin surətindən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ "Aqrarkredit” QSC-yə keçmişdir; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı S-FK-MİN-213 saylı, 28 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən borclu şəxs Cavabdeh1 dair sənədlər İddiaçı QSC-yə verilmişdir; Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı işə baxılarkən məhkəmə iclasında iştirak imkanı olmadığından iddia müddətinin tətbiq olunması barədə ərizə verə bilməmişdir. Çünki, zaminə qarşı qanunla müəyyən olunmuş bir illik iddia müddəti ötürülmüşdür. Özü 44 günlük Vətən Müharibəsi iştirakçısı olmaqla veterandır. İşə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Hesab edir ki, iş üzrə bir illik iddia müddəti tətbiq olunmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi tam təmin olunmuş, kreditor və borclu, habelə zamin Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız zamin Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin dəlillərindən müəyyən olunur ki, sonuncu iddia tələbinin ona münasibətdə təmin olunması hissədə qətnaməni mübahisələndirmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı apellyasiya şikayəti verən şəxsə münasibətdə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “Cavabdeh3 5768.02 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77.68 manat, ümumilikdə 5845 (beş min səkkiz yüz qırx beş) manat 70 (yetmiş) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" ASC-nin Mingəçevir filialı ilə borcalan Cavabdeh1 arasında 13 oktyabr 2014-cü il tarixli, 1- xx.xx.2014- MİN57 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə 13 oktyabr 2014-cü il tarixli 1-xx.xx.2014-MİN57 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özlərinin malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. ödənilməsini öhdələrinə götürmüşlər. Bundan başqa, "xxxx" ASC-nin problemli aktivləri (həmçinin hazırkı kredit mübahisəsi) üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh (zamin) Cavabdeh3 isə apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, kredit müqvailəsi üzrə borcun qaytarılması barədə zaminə qarşı iddia qaldırılması üçün qanunla müəyyən olunmuş bir illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üzrə baxılan mübahisə zaminin borclunun öhdəliklərinə görə kreditor qarşısında məsuliyyəti barədə yaranmış mübahisədir. Ona görə də işin hallarına mülki qanunvericiliyin həmin münasibətləri tənzimləyən normaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2. maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4. maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin 13.2-ci bəndində göstərilmişdir ki, həmin müqavilə kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğu vaxta kimi qüvvədədir. Kollegiya hesab edir ki, zaminlik müqaviləsinin 13.2-ci bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Zaminlik müqaviləsi borclu tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh3 ilə bağlanılmış 13 oktyabr 2014-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. "xxxx" ASC ilə Cavabdeh1 kredit müqaviləsində razılaşdırmışlar ki, borcalan aldığı krediti 36 ay müddətində, yəni 13 oktyabr 2017-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, bank zamin Cavabdeh3 qarşı 13 oktyabr 20178-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyin icrasına görə məsuliyyət daşımır. Ona görə də iddia tələbi ona münasibətdə təmin oluna bilməz. İşə baxan birinci instansiya məhkəməsi isə mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin faktiki hallarını nəzərə almadan cavabdeh (zamin) Cavabdeh3 aid hissədə də iddia tələbini təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 2(042)-635/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh3 5768.02 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77.68 manat, ümumilikdə 5845 (beş min səkkiz yüz qırx beş) manat 70 (yetmiş) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın və iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar