Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1714/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2448/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh arasında “Whatsapp” sosial şəbəkəsində aparılmış yazışmalarından görünür ki, cavabdeh iddiaçı ilə pensiya işi barədə yazışmalar aparmış, ya işinin hazır olduğunu bildirmiş, ya 3 aya hazır olacağını bildirmiş, ya “gözdə deyəcəm sənə” kimi məlumatlar vermişdir.
2. İddiaçı və Cavabdeh arasında qeydə alınan telefon danışıqlarını özündə əks etdirən “01” CD diskdə olan səs yazılarından görünür ki, Cavabdeh İddiaçı hansısa pensiya məsələlərinin həlli üçün pul aldığını, hazırda işlərin getdiyini, pensiya işlərin düzələcəyini bildirmiş, Könül adlı şəxsi narahat etməməyi Raula bildirir, Raula “heç kimi pulunu heç kimin yeməyəcək” kimi ifadə bildirir, pensiya işinin artıq portalda olmasını, düzələcəyini bildirir.
3. 08 aprel 2023-cü il tarixli Podrat Müqaviləsinin sonunda olan əlyazısında Cavabdeh İddiaçı 18.000 manat pul aldığını bildirir, heç bir şikayətinin olmamasını göstərir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ondan aldığı 5200 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 70 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla tanışlıq zamanı özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək ona demişdir ki, qohum-əqrabasında pensiya və sosial yardım məsələsinə görə çətinlik çəkənlər olsa köməklik edə bilər. İlqara bildirmişdir ki, bir qohumu var, onun pensiyasını təsdiq etdirmək istəyir, başqa bir həmkəndlisi isə sosial yardım düzəltdirmək istəyir. İlqar demişdir ki, pensiyanın təsdiq etdirilməsi üçün 5.000 manat, sosial yardım düzəltdirmək üçün isə 200 manat pul və sənədləri gətirsin. 30 may 2023-cü il tarixdə Bakı şəhərində İlqarla görüşüb 5.000 manat pulu vermiş və 200 manat pulu isə İlqarın ona təqdim etdiyi **********491033 kart hesabına göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh heç bir yerdə işləmir. Aldandığını bilmiş, İlqardan verdiyi pul və sənədləri qaytarmasını tələb etmişdir. Bunu telefon danışıqları və mesajları da təsdiq edir. Cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmamış və hazırda da qaytarmaqdan imtina edir. Öyrənmişdir ki, İlqar əvvəllər dələduzluq əməllərinə görə məhkum olunub. Bu mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehdən həmin 5.200 manat pulun və dövlət rüsumu kimi ödədiyi 70 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır.
6. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2448/2023 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov), iddianın təmin edilməsi, Cavabdeh - 5200 (beş min iki yüz) manat pul və dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş manat) manat tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 425.2, 442 və 1096.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1, 104.1, 119, 175.1 və 216- 237-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(013)-2448/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı mənim övladımı şərləyərək, Qarabağ Hərbi Prokuraturasına şikayət etmişdir. Şikayəti araşdırıldıqdan sonra məlum oldu ki, İddiaçı mənim övladıma şər atır. İddiaçı övladıma şər atdığı üçün məsuliyyətə cəlb edilmişdir. Bunların qisasını almaq üçün onun xəbəri olmadan onu məhkəməyə verib, qanunsuz olaraq onun barəsində qətnamə qəbul edilmişdir. Əlavə olaraq eyd edir ki, İddiaçı ona borclu olduğunu bildirmək üçün Orxan adlı şəxsi şərləyəcəyini bildirmiş və məhkəmədə onun İddiaçı borcu olduğun bildiməsini tələb etmişdir, həmin şəxs də məhkəmə prosesində iştirak edərək İddiaçı onu təhdid etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, iddiaçıdan 5.000 manat pensiya məsələsi ilə bağlı pul almayıb, ümumiyyətlə pensiya işi ilə məşğul olmur. Raul özü bir neçə dəfə ona müraciət edib kiminsə pensiya işini düzəltməsini xahiş etmiş, lakin Raula bu işlərlə məşğul olmadığını bildirmişdir. Həmin pulun alınmasında Orxan adlı şəxs də iştirak etməyib, həmin gün yanlarında Mirələm adlı şəxs olub, Raulun guya 5.000 manat pulun ona verilməsində Orxan adlı şəxsin iştirak etməsinə dair göstərdiyi yalandır. Rauldan bir nəfər şəxsin sosial təminatı ilə bağlı 200 manat pul almış, lakin iş düzəlmədiyi üçün həmin məbləği Raulun özünə qaytarmışdır. Raul bu yolla ayrı-ayrı adamları şantaj edərək pul alır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh onunla Orxan adlı şəxs tanış edib. Bildiyinə görə Cavabdeh əvvəllər Fövqəladə Hallar Nazirliyində işləyib, sonra dələduzluq maddəsi ilə həbsdə olub. İlqardan ev almış, 18.000 manat əvəzinə İlqara “BMW” markalı “X5” modelli maşınını verib, 18.000 manat da pul verib. İlqar özü xətti ilə yazaraq 18.000 manatı almasını təsdiq edib. Lakin sonradan məlum olmuşdur ki, ev tamamilə başqa şəxsə aiddir, İlqar onu aldadıb saxta sənədlərlə ona satıb. İlqardan maşını geri almış, pul məsələsi ilə bağlı isə prokurorluğa müraciət edib, araşdırma aparılır. İlqar tanışlıqdan sonra ona bildirmişdir ki, Sosial Müdafiə Nazirliyində işləyir, əgər yaxın qohumlarının sosial məsələlərlə bağlı problemi olarsa həll edə bilər. Vüqar adlı keçmiş prokurorluq işçisinin pensiyası kəsildiyindən onunla bağlı İlqara müraciət etmiş, İlqar isə pensiyanı bərpa edəcəyini bildirmiş, bunun üçün 5.000 manat ondan pul istəmişdir. Vüqardan 5.000 manat alaraq Bakı Şəhərində 8-ci KM Qəsəbəsində çayxanada İlqara vermişdir. Pulun verilməsində Mirələm və Orxan adlı şəxslər də iştirak ediblər. Mirələmdən bu işdə şahidlik etməsini istəmiş, Mirələm isə ona bildirmişdir ki, onu bu işlərə qatmasın. Mirələmin Mirağa adlı qardaşı da İlqarın ondan 5.000 manat pul almasını bilir, hətta Mirağa bir dəfə ona zəng edib xahiş etmişdir ki, İlqardan 5.000 manata görə şikayət etməsin, yaxın vaxtlarda İlqar həmin 5.000 manat pulu verəcək, İlqarın həmin məbləği qaytarmasına zamin durur. Bundan başqa sair bir şəxsin pensiya işi ilə bağlı İlqar ondan 200 manat pul istəmiş, həmin məsələni də həll etməyi öhdəsinə götürmüş, həmin məbləği də İlqara məxsus 4169 7388 1649 1033 saylı Kapital Bankın kart hesabına köçürmüşdür. Bir müddət həmin pensiya işlərinin düzəlmədiyini görüb İlqara zəng etmiş, pullarını ondan geri tələb etmiş, İlqar isə narahat olmamağı, işlərin düzələcəyini ona bildirmişdir. İlqar bu işlərdə guya ona prezident aparatında Könül adlı xanımın da kömək etdiyini bildirmişdir. Həmin xanımın telefon nömrəsini alıb zəng etmiş, Könül xanım isə bildirmişdir ki, o, prezident aparatında deyil, Nərimanov Rayonunda Xəstəxanada laborant işləyir. Könül xanım həmçinin ona bildirmişdir ki, İlqar onun kartına cəmi 50 manat pul atmış, həmin pulu da Əlyar adlı şəxsə vermişdir. Bundan sona Əlyar adlı şəxsi də tapıb danışmış, Əlyar isə bildirmişdir ki, İlqar ona heç bir pul məbləği verməyib. İlqarın bu hərəkətlərindən sonra pul sahibi Vüqar da onunla dalaşmış, uzun müddətdir ki, pullarını ondan tələb edir. O, telefon vasitəsilə Cavabdeh ilə nə vaxt danışaz zaman pul məsələsini deyən zaman telefonu söndürmüşdür. Buna görə də telefon danışıqlarında cavabdeh pul məsələsini danışmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
14. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
15. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
16. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
17. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2448/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh Hüseyn oğluna pensiya düzəltdirmək adı ilə ona iki dəfəyə 5200 manat pul vermişdir. Cavabdehin borcunun olduğunu birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadəsi, vatçap qeydləri və cavabdehin özünün qismən etirafı ilə təsdiq olunur.
44. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında əvvəlcədən ev alqısı ilə bağlı tanışlıq münasibətləri olmuşdur. Cavabdeh pensiya düzəltdirmək adı ilə iddiaşının onun kartına 200 manat göndərdiyini bildirmiş və 5000 manatı isə almadığını demişdir.
45. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
46. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
48. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.
49. İddiaçı tərəf pulun verilməsinə dair sübutlarını, yəni Cavabdeh pulu almasına dair səs yazısını, “whatsapp” sosial şəbəsi ilə aparılmış yazışmalarını və bu halı təsdiq edən şahidi birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin sübutlarla müəyyən olunur ki, cavabdehin iddiaçıdan 5000 manat və 200 manat pul alınması sübuta yetirilmişdir. Bununla belə Cavabdeh sonradan həmin pulu iddiaçıya qaytarması ilə bağlı hər hansı sübutu kollegiyaya təqdim etməmişdir.
50. Belə ki, məhkəmə kollegiyasına iclasında iddiaçının və cavabdehin razılığı ilə tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazıları və iddiaçının telefonu vasitəsilə təqdim edilmiş audio səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazıları”ndan ümumilikdə müəyyən olunur ki, Cavabdeh İddiaçı hansısa pensiya məsələlərinin həlli üçün pul aldığını, hazırda işlərin getdiyini, pensiya işlərin düzələcəyini bildirmiş, Könül adlı şəxsi narahat etməməyi Raula bildirir, Raula “heç kimi pulunu heç kimin yeməyəcək” kimi ifadə bildirir, pensiya işinin artıq portalda olmasını, düzələcəyini bildirir.
51. Göründüyü kimi, həmin səs yazısında tərəflər pensiya işlərin düzələcəyi barədə söhbət aparmışlar və cavabdeh verdiyi cavabda “hazırda işlərin getdiyini, heç kimi pulunu heç kimin yeməyəcək” kimi ifadələr işlətməklə tələb edilən pulun alınaraq qaytarılmamasına əsaslı şübhələr yaratmışdır. Halbuki, cavabdeh telefon danışığında belə bir halın olmadığını, pulun alınmasına dair hər hansı etiraz və ya inkar edilməsi barədə fikir bildirməmişdir.
52. Həmçinin, tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və “səs yazıları”ndakı həmin səsin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.
53. Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
54. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).
55. Azərbaycan Respublikası MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.
56. Sadalanan hüquq normaları və işin müəyyən olunmuş halları iddianın təmin edilməsini şərtləndirir. Belə ki, cavabdeh həm birinci instansiya məhkəməsinin iclasında, həm də apellyasiya instansiyası məhkəməsində iddianı etiraf etməsə belə kollegiya onun bu izahatını inandırıcı qəbul etmir. Çünki, cavabdeh verdiyi izahatlar da sosial təminatın düzəldilməsində barədə ümumiyyətlə məlumatlı olmadığını bildirsə də, səs yazılarında isə bu barədə müvafiq danışıqlar aparıldığı müəyyən edilmişdir.
57. Belə ki, istənilən halda iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarət olur ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsi işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarının iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmasını və qiymətləndirilməsini tələb edir.
58. Bundan əlavə, birinci instansiya məhkəməsinin iclasında şahid qismində izahat verən X3 bildirmişdir ki, İlqarı bir müddət əvvvəl tanımış, münasibətləri əvvəllər yaxşı olmuşdur. Raulu İlqar ilə də özü tanış edib. İlqar sonradan saxta sənədlərlə Raula ev satmışdır. İlqar həmişə ona demişdir ki, pensiya təminatı ilə bağlı çətinlikləri olan tanışları olarsa onlara kömək edə bilər. İlqar Raul kimi bir neçə nəfəri aldadıb, pensiya işlərinin həlli ilə bağlı pullarını almış, heç bir iş görməmiş, sonra isə pulları mənimsəmişdir. Raulun İlqara tanışının pensiya işi ilə bağlı 5.000 manat pul verilməsində şəxsən iştirak edib. Həmin gün, yəni pulun verildiyi gün Bakı Şəhərində 8-ci KM Qəsəbəsində kafedə oturmuşlar, Raul 5.000 manat pulu İlqara vermişdir. Raul həmin pulu İlqara Vüqar adlı tanışının pensiya işini həll edəcəyi barədə vəd verdiyi üçün vermişdir. İlqar sonradan həmin pensiya işini həll etməmiş, Raul isə pulları geri tələb etmiş, lakin İlqar pulları qaytarmamış, onlardan gizlənmişdir. Raul İlqardan şikayətlər etmiş, Raulla birlikdə dəfələrlə polis şöbələrində, hətta İmişli Rayon Polis Şöbəsində Raulun şikayətləri ilə bağlı birlikdə olmuşlar. Raulu İlqarla tanış etdiyi üçün peşmandır. Ümumiyyətlə İlqar çox şəxsləri aldıdıb pullarını alıb sonra mənimsəyib, aldığı pulları etiraf etmir, İlqara nəyi isə sübut etmək çox çətin işdir.
59. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən dinlənilmiş səs yazılarında aparılan danışaqlar ilə işin faktiki hallarıyla birlikdə şahidin verdiyi izahat paralel qiymətləndirilən zaman, X2 verdiyi izahatda səmimi olmasına və həqiqətləri qeyd etməsini zəmin yaradır. Buna görə də kollegiya şahidin verdiyi izahatı mötəbər saymaqla sübut növü kimi qəbul edir.
61. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
62. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.
63. Lakin, cavabdeh iddiaçı tərəfindən ona şər böhtan atıldığını və heç bir borcunun olmamasını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
65. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
66. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
68. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
69. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
72. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
73. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2448/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.