Məhkəmə qərarları › İş №2(104)-1718/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1718/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1718/2025 04.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli 2(125)-2673/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borcun, yəni 2200 (iki min iki yüz) manatın və 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu olmaqla, cəmi 2322 (iki min üç yüz iyirmi iki) manat alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh hazırda ona borclu olduğu 2100 manatın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 43 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli 2(125)-2673/2025 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov), İddiaçı iddiasının təmin edilməsi və Cavabdeh 2100 (iki min yüz) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu olmaqla, cəmi 2142 (iki min yüz qırx iki) manat pul alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2673/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçıda qalan 2200 manat dəyərində qızıl-zinyət əşyaların qaytarılmasına və ya onun dəyərinin alınmasına dair yeni qətnamə qəbul edilməsini və işin halları barədə məlumatı olan X1 iş üzrə şahid qismində dindirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “pul tələbi” ilə Gəncə Şəhər Məhkəməsinə iddia qaldırmışdır. O, qarşılıqlı iddia qaldıraraq 3500 manat pulu iddiaçıdan götürərkən iddiaçı ondan cəmi 4300 manat dəyərində qızıl-zinyət əşyaları girov vermişdir. İki ay qaynanasının kartından cəmi 900 manat (hər ay 450 manat olmaqla) sonra anasının pensiyasından 8 ay müddətində hər ay 79 manat olmaqla cəmi 632 manat, sonra iddiaçıda olan qızılın bir hissəsini götürmüşdür. Gəncə Univermağında iddiaçı ilə birgə sataraq, 1100 manat iddiaçıya vermişdir, beləliklə cəmi iddiaçıya 3032 manat pul vermişdir. İddiaçıda qalan qızılın dəyəri isə 2200 manat təşkil edir. Məhkəmə onun yəni iddiaçının tərəfindən şahid qismində ifadə verən həyat yoldaşının və oğlunun ifadəsini əsas götürür, amma onun tərəfindən ifadə verən şahid qismində dindirilən, xalası qızlarının ifadəsini isə qohumu olduğunu bildirərək əsas götürməmişdir. Belə çıxır ki, həyat yoldaşı, oğul qohum deyil? Məhkəmənin qətnaməsinin əsassız və qanunsuz hesab edir və ona görə qətnamənin ləvğ edilməsini xahiş etmişdir. İddiaçı ilə onun arasında bağlanmış şifahi müqavilə qarışıq müqavilə olaraq, həm borc müqaviləsinin, həmdə girov müqaviləsinin elementləri (tələbləri) vardır. Hər iki müqavilə yazılı qayada olmalıdır, beləki, məbləğ 3000 manatdan artıqdır və qızıl girov qoyulması ilə şərtlənmişdir. İddiaçı qəsdlə 3000 manat verdiyini bildirmiş ki, qanunda göstərilən şifahi müqavilə şərtinə uyğun olsun, ancaq o, iddiaçıdan 3500 manat almışdır. Məhkəmə kollegiyası hesab edir Gəncə Şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli 2(125)-2673/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli 2(125)-2673/2025 nömrəli qətnaməsi Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə 16 iyul 2025-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş apellyasiya şikayəti 22 avqust 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Məhkəmə qətnaməsinin cavabdeh tərəfin elektron kabinetinə 16 iyul 2025-ci il tarixində yerləşdirilməsi nəzərə alınarsa, qətnamədən apellyasiya şikayəti vermə müddətinin sonu 17 avqust 2025-ci ildir. Çünki qətnamədən apellyasiya şikayəti vermə müddətinın axımı 16 iyul 2025-ci ildən başlamış və həmin müddət xx.xx.2025-ci il tarixi qeyri iş günü olduğu üçün 2025-cü il avqust ayının 18-də qurtarmışdır. Cavabdeh tərəfindən isə apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verilmiş, lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyünü yoxlamadan, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə münasibət bildirmədən işi Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göründüyü kimi, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli 2(125)-2673/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizə vermiş, lakin birinci instansiya məhkəməsi həmin ərizəyə baxıb müvafiq hüquqi qiymət vermədən işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizəsinə baxaraq müvafiq hüquqi qiymət verməli və bunun nəticəsinə uyğun olaraq da digər zəruri prosessual həkəkətləri yerinə yetirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130, 360, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli 2(125)-2673/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən baxılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar