Məhkəmə qərarları › İş №2(104)-172/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-172/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-172/2025 03.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-409/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 23922 (iyirmi üç min doqquz yüz iyirmi iki) manat məbləğdə vəsaitin və 162 (yüz altmış iki) manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Cavabdeh idarə etdiyi “Lada Niva” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində İddiaçı 253 saylı elektron avtomat telefon stansiyasının (EATS) istifadəsində olan 1 (bir) ədəd “Huawei” markalı “ONU” şkafını (əhaliyə fiber optik internet xidmətlərinin göstərilməsi üçün istifadə edilən avadanlıq) və 1 (bir) ədəd metal dirəyi zədələyərək yararsız vəziyyətə salmışdır. Hadisə nəticəsində İddiaçınə 23922 (iyirmi üç min doqquz yüz iyirmi iki) manat məbləğində maddi ziyan vurulmuş və həmin ərazidə yaşayan 233 abonəçiyə göstərilən telekommunikasiya xidmətləri tam dayandırılmışdır. Baş vermiş hadisə ilə əlaqədar 12 dekabr 2022-ci il tarixdə “Rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə akt” tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş smetaya əsasən 23922 (iyirmi üç min doqquz yüz iyirmi iki) manat məbləğində maddi zərərin könüllü olaraq ödənilməsi barədə 22 may 2023-cü il tarixdə cavabdehin ünvanına rəsmi bildiriş göndərilmiş, lakin bugünədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-409/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Həsən Qəniyev) iddia qismən təmin edilmiş, İddiaçınə 12 dekabr 2022-ci il tarixdə vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 2000 (iki min) manat, həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin pul əvəzi, cəmi 2040 (iki min qırx) manat məbləğində pul vəsaitinin tutulub İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-409/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qeyd olunan hadisə ilə bağlı zədələnmiş avadanlığın foto şəkilləri, müvafiq Akt və smeta dəyəri məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi yekun olaraq qətnamədə cavabdehin verdiyi ifadəyə əsaslanaraq, iş üzrə tərtib edilmiş Smetanı nəzərə almayaraq, iş üzrə qanunsuz və əsassız qərar çıxarıldıqdan sonra qeyd olunan sübutun işə əlavə olunmasına zərurət yaranmışdır. X3 Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1872/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmuş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/126/2025 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-172/2025 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdeh tərəfin çoxsaylı müraciətləri nəzərə alınmaqla, yeni smeta təqdim edilmiş və dəymiş ziyanla bağlı zərərə yenidən hesabalanmaqla, yekun məbləğ 16699.02 manat hesablanmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-409/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və həmin məbləğin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X12 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-409/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, 16699.02 manat məbləğin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, oğlu tərəfindən 12 dekabr 2022-ci il tarixdə Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsini törədilmiş və İddiaçınə ziyan dəymişdir. Lakin tələb edilən məbləği ödəməyə onların maddi imkanı yoxdur. Dəymiş ziyan kimi yalnız 2000 manat ödəyə bilərlər. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)- 409/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-409/2024 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş hissəsində dəyişdirilməli və Cavabdeh əmlaka vurulmuş zərərin əvəzi olaraq 16699,02 manat pul, 162 manat dövlət rüsumu, cəmi 16861,02( on altı min səkkiz yüz altmış bir manat iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı apellyasiya şikayətinin dəlillərində Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-409/2024 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsini mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissədə və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: İddiaçı rəisi Gündüz Abbasov tərəfindən təsdiq edilmiş, Gəncə TKİ-nin hüquqşünası X7, “EATS- 253”ün mühəndisi X10, “EATS-259”un mühəndisi X8, Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X9 iştirakları ilə tərtib edilmiş 12 dekabr 2022-ci il tarixli “Rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə akt”dan görünür ki, 12 dekabr 2022-ci il tarixdə saat 15:10 radələrində Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində yerləşən ONU-3 şkafı və “Huawei” markalı elektrik sayğacı “Niva” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh törətdiyi hadisə nəticəsində sıradan çıxmışdır. Nəticədə 233 abunəçiyə göstərilən xidmət və 182 ADSL interneti dayanmışdır. İddiaçı rəisi Gündüz Abbasov tərəfindən təsdiq edilmiş 22 may 2024-cü il tarixli “Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində yerləşən ərazidə baş vermiş qəza nəticəsində dəymiş maddi zərərin hesablanmasına dair Smeta”dan görünür ki, 3 saylı ONU şkafı (inventar kodu: 1415)- 20178,02 manat (iyirmi min bir yüz yetmiş səkkiz manat-02 qəpik), metal dirək 94,87 manat (doxsan dörd manat-87 qəpik), cəmi 20272,89 manat (iyirmi min iki yüz yetmiş iki manat-89 qəpik), 18 faiz ƏDV- 3649,12 manat, yekun: 23922,01 manat (iyirmi üç min doqquz yüz iyirmi iki manat-01 qəpik) maddi zərər hesablanmışdır. Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X13 tərəfindən 29 dekabr 2022-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 12 dekabr 2022-ci il tarixdə Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində Cavabdeh iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətdiyi üçün tədbir görülməsi üçün qərarın Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş: İddiaçı rəisi Gündüz Abbasov tərəfindən təsdiq edilmiş 20 noyabr 2024-cü il tarixli “Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində yerləşən ərazidə baş vermiş qəza nəticəsində dəymiş maddi zərərin hesablanmasına dair Smeta”dan görünür ki, Smart Axma 5603T(FO1T500) V800R01- 14056,84 manat on dörd min əlli altı manat-84 qəpik), metal dirək 94,87 manat (doxsan dörd manat-87 qəpik), cəmi 20272,89 manat (iyirmi min iki yüz yetmiş iki manat-89 qəpik), 18 faiz ƏDV- 2547.31 manat, yekun: 16699 manat (on altı min altı yüz doxsan doqquz manat-02 qəpik) maddi zərər hesablanmışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddia olunan yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus əmlakın zədələnməsində cavabdehin təqsirli hərəkətləri, habelə dəymiş ziyanın məbləği ilə bağlı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 2017-ci il 30 yanvar tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na uyğun əldə edilmiş sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi qismən- cavabdeh tərəfindən qəbul edilən 2000 (iki min) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. . İddiaçı isə həm apellyasiya dəlillərində, həm məhkəmə kollegiyasının iclasında verdiyi izahatında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus İddiaçı 253 saylı elektron avtomat telefon stansiyasına dəymiş zərərin məbləği ilə razılaşmayaraq, dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair ekspertiza təyin edilməsini xahiş etmiş və onun vəsatəti təmin edilərək, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli 3-16-16/2-9/126/2025 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, 253 saylı elektron avtomat telefon stansiyasının istifadəsində olan 1 ədəd ONU-3 şkafının satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamış, həmçinin metal dirəyə dəymiş ziyanın müəyyən edilməsi məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir. İş materialları ilə Cavabdeh 12 dekabr 2022-ci il tarixdə Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsini törətməsi faktı və əməlində cinayət tərkibi olmadığına görə, cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətdiyi üçün tədbir görülməsi üçün qərarın Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi təsdiq edilir. Həmin hal Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X13 tərəfindən 29 dekabr 2022-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və cavabdehin özüünün izahatı ilə təsdiq edilir. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə birinci instansiya məhkəməsində, hazırkı məhkəmə iclasında isə nümayəndəsi olan həyat yoldaşı X4 izahatlarında Cavabdeh yolnəqliyyat hadisəsi nəticəsində İddiaçınə 2000 (iki min) manat həddində maddi ziyan vurduğunu və 2000 (iki min) manat ziyanın əvəzini ödəməyə razı olduğunu, tələb edilən məbləği isə ödəməyə onların maddi imkanı olmadığını bildirmişlər. Göründüyü kimi, mübahisə yalnız baş vermiş hadisə ilə bağlı İddiaçınə dəymiş maddi ziyanın məbləği ilə bağlıdır. Məhkəmə kollegiyası baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus İddiaçı 253 saylı elektron avtomat telefon stansiyasına dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2025-ci il tarixli 3- 16-16/2-9/126/2025 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası aparılmasından imtina edilməsi barədə məlumatla ekspertiza qarşısında qoyulmuş sualda qeyd edilən İddiaçı 253 saylı elektron avtomat telefon stansiyasının (EATS) istifadəsində olan 1 (bir) ədəd ONU-3 şkafının satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından, həmçinin, metal dirəyə dəymiş ziyanın müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından ekspertiza qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. İddiaçı rəisi Gündüz Abbasov tərəfindən təsdiq edilmiş 20 noyabr 2024-cü il tarixli “Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində yerləşən ərazidə baş vermiş qəza nəticəsində dəymiş maddi zərərin hesablanmasına dair Smeta”dan görünür ki, Smart Axma 5603T(FO1T500) V800R01- 14056,84 manat on dörd min əlli altı manat-84 qəpik), metal dirək 94,87 manat (doxsan dörd manat-87 qəpik), cəmi 20272,89 manat (iyirmi min iki yüz yetmiş iki manat-89 qəpik), 18 faiz ƏDV- 2547.31 manat, yekun: 16699 manat (on altı min altı yüz doxsan doqquz manat-02 qəpik) maddi zərər hesablanmışdır. Azərbaycan Respublikasının MM-nin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı rəisi Gündüz Abbasov tərəfindən təsdiq edilmiş 20 noyabr 2024-cü il tarixli “Gəncə şəhərinin Totanlı və Bayan küçələrinin kəsişməsində yerləşən ərazidə baş vermiş qəza nəticəsində dəymiş maddi zərərin hesablanmasına dair Smeta” ilə dəymiş ziyanın məbləği 16699.02 manat müəyyən olunduğundan, Cavabdeh vurulmuş ziyanın məbləği kimi 16699.02 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qismən işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-409/2024 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş hissəsində dəyişdirilməli və Cavabdeh əmlaka vurulmuş zərərin əvəzi olaraq 16699,02 manat pul, 162 manat dövlət rüsumu, cəmi 16861,02 (on altı min səkkiz yüz altmış bir manat iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-409/2024 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş hissəsində dəyişdirilsin. Cavabdeh əmlaka vurulmuş zərərin əvəzi olaraq 16699,02 manat pul, 162 manat dövlət rüsumu, cəmi 16861,02 (on altı min səkkiz yüz altmış bir manat iki qəpik) manat manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar