Məhkəmə qərarları › İş №2(104)-1721/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1721/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1721/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə Rayon Kətəlparaq Bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 23 saylı məktubundan görünür ki, Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən “Gülüm Təndir” sexinin yerləşdiyi torpaq sahəsi Cavabdeh öz xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin tərkibindədir.

2. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, 04 saylı məktubundan görünür ki, Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən “Gülüm Təndir” sexinin yerləşdiyi torpaq sahəsi Cavabdeh öz xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin tərkibindədir. 3.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Kətəlparaq kəndində 0,2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tam, torpaq sahəsi 1/5 hissə Cavabdeh, 1/5 hissə X1, 1/5 hissə X5, 1/5 hissə X10 və 1/5 hissə X2 adına qeydiyyata alınmışdır.

4. “X11” MMC tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının hazırkı vaxta mövcud bazar dəyərinə uyğun olaraq qiyməti 25000 manat məbləğindədir. -Qeyri-yaşayış sahəsinin cəmi bazar dəyəri 25000 manat dəyərində qiymətləndirilmişdir. -Qeyri-yaşayış sahəsinin cəmi likvid dəyəri 21000 manat dəyərində qiymətləndirilmişdir.

5. İddiaçı tərəfindən təqdim edilmiş tikinti materiallarının alınmasına dair qaimələrdən görünür ki, müxtəlif mağazalardan cəmi 4269.5 manat dəyərində tikinti materialları alınmışdır.

6. “X11” MMC tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd xəmir qarışdıran 1300 manat dəyərində, 1 ədəd təndir 150 manat dəyərində, 1 ədəd təndir (adnapornu) 1000 manat dəyərində, 1 ədəd stol (nejafika) 350 manat dəyərində, 1 ədəd peraşki bişirən aparat 150 manat dəyərində, 1 ədəd peraşki stolu 200 manat dəyərində, 1 ədəd elektron tərəzi 80 manat dəyərində, çörək vitrini 400 manat dəyərində, 1 ədəd soyuducu 600 manat dəyərində, 6 ədəd (1 ədədi 20 manat) kündə podnosları 120 manat dəyərində, kamera dəsti 800 manat dəyərində, 1 ədəd elektrik sacı 70 manat dəyərində, havalandırma sistemi 150 manat dəyərində, 1 ədəd kassa aparatı 450 manat dəyərində qiymətləndirilmişdir.

7. 24 sentyabr 2021-ci il tarixli, 7E-3572 reyestr nömrəli etibarnamədən görünür ki, Cavabdeh həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməkiə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, Azərbaycan Respublikasının bütün banklarında, onların filial və şöbələrində onu tam salahiyyətli nümayəndəsi kimi təmsil etməyi və bütün bank əməliyyatlarını aparmağı (mədaxil, məxaric, köçürmə), adına hesab açmağı, hesaba pul qoymağı, hesabdan pul götürməyi, hesabdan hesaba pul köçürməyi, hesabları bağlamağı, adına olan hesablar üzərində sərəncam verməyi, hesablardan çıxarış almağı, depozit faizlərini almağı və yenidən banka qoymağı, əvəzindən plastik kartları almağı, kartlardan istifadə etməyi, kartların müddəti bitdikdə müddəti artırmağı, pin kodları götürməyi, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, qiymətli kağızları, eləcə də sənədləri almağı, qiymətli və digər hər cür məktubları və baratları almağı, Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, "Asan Xidmət” Mərkəzlərində, Notariat ofislərində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində təmsil etməyi, Çıxarış, Texniki Pasport, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma 1) almağı, "Azəriqaz” İstehsalat Birliyində, "xxxx" ASC-də “Azərişıq" ASC-də təmsil etməyi, sayğac quraşdırmaq, kommunal xərcləri ödəməyi, əvəzindən sənədləşmə işlərini aparmağı, lazımi sənədləri və ya arayışları toplamağı və təqdim etməyi, ona çatası sənədləri və ya arayışları almağı, işləri aparmağı, əvəzindən ərizə verməyi, imza etməyi, rüsumları ödəməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9099-9/9271 saylı rəyindən görünür ki, Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən “Gülüm təndirxanası” üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 22122 (iyirmi iki min bir yüz iyirmi iki) manat məbləğində olduğu müəyyən olunur. -Hər hansı avadanlıq təqdim edilmədiyindən, avadanlıqların qiymətləndirilməsinə dair tədqiqat aparılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

9. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 26820 (iyirmi altı min səkkiz yüz iyirmi) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Cavabdeh arvadının xalası oğludur. 2020-ci ilin sentyabr ayında hazırda mübahisəli olan qeyri-yaşayış obyektinin tikintisinə başlamışlar. İnşası bitəndən sonra 2021-ci ilin iyul ayından “Gülüm təndirxanası” adı altında fəaliyyətə başlamışdır. Sözügedən obyekt hazırki iş üzrə Cavabdeh məxsus torpaq sahəsinin sərhədində inşa edilmişdir. Qohum olduqlarından cavabdehlə aralarında olan şifahi razılaşma əsasında ona məxsus torpaq sahəsinin sərhədində (bitişik) obyekti öz vəsaiti hesabına inşa etdirmişdir. Cavabdehə etibarı olduğundan aralarında hər hansı bir müqavilə və ya digər rəsmi sənəd bağlanmamışdır. Rəsmi müqavilə bağlamaq istədiyi halda isə cavabdehin həmin torpaq sahəsində qeydiyyatda olan iki oğlu Ukrayna Respublikasında yaşadığından rəsmiləşdirmək mümkün olmamışdır. Hətta, cavabdehin adından dövlət, müəssisə, idarə və təşkilatlarda təmsil etmək üçün, o cümlədən hazırkı obyektin sənədlərini rəsmiləşdirmək üçün xx.xx.2021-ci il tarixdə notarial qaydada 10 il müddətinə ona etibarnamə vermişdir. Sözügedən obyektin tikilməsinə və digər sənədlərinin hazırlanıb alınmasına, ümumilikdə 26820 manat vəsait xərcləmişdir. Sadalananları əmlakın qiymətləndirilməsi rəyi, obyektin tikintisində çalışmış ustalar və s. təsdiq edə bilər. Obyektin qiymətləndirilməsi üçün mütəxəssisə müraciət etmiş və “X12” MMC tərəfindən obyektin likvid dəyərinin və obyektdəki avadanlıqların 26820 manat olmasına dair xx.xx.2023-cü tarixli rəy verilmişdir. Cavadehin oğlu xarici ölkədən gəldikdən sonra həmin obyektə qarşı qərəzli hərəkətlər edərək işləmələrinə maneçilik törədir. Cavabdeh ona bildirmişdir ki, onun öz vəsaiti hesabına tikdirdiyi təndirxana onlara məxsus torpaq sahəsində inşa edilmişdir və buna görə qeyri-yaşayış obyektindən istifadə etməsi üçün illik 5000 manat icarə haqqı ödəməlidir. Onun isə buna imkanı olmadığından obyektə xərclədiyi vəsaiti onlardan geri tələb etmişdir. Ancaq cavabdeh pulu ona qaytarmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

11. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 22122 (iyirmi iki min bir yüz iyirmi iki) manat ilkin və iddia tələbinin artırılmasına dair ərizədə göstərilən məbləğdə, borc aldığı 5000 (beş min) manatın, avadanlıqların dəyəri olaraq 6000 (altı min) manat və 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək hesablanmaqla ayda 500 (beş yüz) manat icarə pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bərdə Rayon Məhkəməsinin 2(021)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Gündüz Abbasov) İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh tikinti işlərinə görə 22122 (iyirmi iki min bir yüz iyirmi iki) manat, alınmış və quraşdırılmış avadanlıqların dəyəri olan 5820 (beş min səkkiz yüz iyirmi) manat, borc aldığı 5000 (beş min) manat olmaqla, cəmi 32942 (otuz iki min doqquz yüz qırx iki) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh 189,37 (bir yüz səksən doqquz manat 37 qəpik) manat məbləğndə dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının Bərdə rayonu Kətəlparaq kəndində cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş “Gülüm təndirxanası” sexinin tikintisinə görə 22122 manat, təndirxanaya avadanlıqların alınması və quraşdıılması üçün isə 5820 manat məbləğində pul xərcləməsi işin gerçək halları, o cümlədən məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla tamamilə təsdiq olunur. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçını təndirxanadan uzaqlaşdırmışdır. İddia tələbinin 5000 (beş min) manat pul tələbi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 5000 (beş min) manat məbləğində borc pul aldığını etiraf etdiyindən və iddianın qeyd olunan hissəsində mübahisə olmadığından iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddia tələbinin 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək hesablanmaqla hər ay üçün icarə haqqı kimi əldə etdiyi puldan 500 (beş yüz) manat tələbi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

14. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 442 və 445-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

15. Bərdə Rayon Məhkəməsinin 2(021)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarına istinad etsə də, apellyasiya şikayətinin 7-ci paraqrafında qeyd edilən məsələlərə görə sübutlara düzgün qiymət verməmiş və nəticədə düzgün qərara gəlməyərək, maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə borc kimi qəbul etdiyi 5000 manatın alınması hissəsində təmin edərkən yalnız cavabdehin məhkəməyə təqdim etdiyi etirazda borc barədə göstərdiklərini etiraf kimi qəbul etmiş və bununla bağlı əlavə araşdırma aparmamışdı. Hesab edir ki, bu yanaşma yanlışdır. Belə ki, cavabdeh yazdığı ərizədə qeyd etmişdir ki, o, iddiaçıdan borca 5000 manat pul istəmiş, iddiacı ona qısa müddətə qaytarmaq şərti 5000 manat vermiş, sonra maddi imkanı zəyiflədiyi üçün iddiaçıya olan borcu qaytara bilməmiş və məhz bu səbəbə görə də, özünə məxsus təndirxananı borcun əvəzi kimi iddiaçıya vermişdir ki, o, 2 il müddətində oranı işlətsin, həm borca verdiyi pulunu götürsün, həm də, əlavə qazancı olsun. Bununla bağlı iddiaçı özüdə etiraf etmişdir ki, həqiqətən təndirxananı o, bu müddət ərzində işlətmişdir. Sadəcə 2 il keçəndən sonra iddiaçıdan təndirxananı təhvil verilməsi tələb ediləndə o, oranı təhvil vermək istəməmiş və bu iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə iddianın bu hissəsini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsaslanmışdır. Hesab edir ki, məhkəmə normanın tələbini pozmuşdu. Belə ki, maddədə qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, qanunvericilik bir mənalı olaraq borc müqaviləsinin predmeti 3000 manatdan artıq olduğu halda müqavilənin yazılı formada bağlanmasını məcburi hesab etmişdir ki, tərəflərin arasında yazılı formada müqavilə bağlanmamışdır. İddia tələbinin təmin edilən digər hissələri, yəni avadanlıq və təmir işləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən öz üzərinə götürdüyü öhdəliyi icra etmiş və təndirxananı inşa edərək, avadanlıqlar quraşdırmış, cavabdeh isə iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu hal məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapmışdı. Əvvala bununla bağlı tərəflərin arasında belə bir razılaşmanın olmasını iddiaçıdan başqa heç kim göstərmir. İşin həqiqi halları isə ondan ibarətdir ki, cavabdeh həmin obyekti oğlanlarının Rusiyada Federasiyasından göndərdiyi pullar əsasında tikdirməyə başlamış, sonradan məhz cavabdehdən əlavə olaraq 5000 manat pul almış, həmin puluda da, tikintiyə xərc etmiş və sonradan pulu qaytara bilmədiyi ücün borc əvəzi olaraq təndirxananı 2 il müddətinə iddiaçıya işlətməyə vermişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hazırki iş üzrə ciddi prossesual pozuntulara yol vermişdi. İlk növbədə məhkəmə çəkişmə prinsipini pozmuş və işə cavabdehin iştirakı olmadan baxmış, şahidləri bir tərəfli dindirmişdi. Belə ki, cavabdeh son məhkəmə prossesindən əvvəl məhkəməyə teleqram vuraraq xəstə olmasını və məhkəməni təxirə salmasını xahiş etmişdir. Lakin məhkəmə heç bir araşdırma aparmadan işə baxıb qətnamə qəbul etmişdir. Qeyd edir ki, şahidlər də, həmin prossesdə dindirilmişlər. Bundan başqa cavabdeh məhkəməyə vəsatət verərək həmin obyektdə işləyən ustaların şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə buna şərait yaratmamışdı. Bu səbəbdən də həmin şahidlərin apellyasiya baxışında dindirilməsini xahiş etmişdir.

17. İddiaçı birinci instansiya məhkəməsində çıxış etmiş vəkili Vəkil tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olsa da, etiraza Vəkil apellyasiya məhkəməsində çıxış etmək üçün səlahiyyətlərini təsdiq edən sənədlər əlavə edilmədiyindən məhkəmə etirazın səlahiyyətsiz şəxs tərəfindən verilməsi kimi qiymətləndirmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) X7 apellyasiya şikayətinin əsassız olduğunu bildirərərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 göstərmişdir ki, usta işləyir. Tanışı Qabil ondan soruşmuşdur ki, Səmədin usta işə var o, görə bilərmi, o da, razılaşmışdır. İşə görə Qabil pulu Səməddən alıb ona vermişdir. Səməd həmin vaxt Bakı şəhərində olduğu üçün ilkin pulu Qabil vermişdir. Sonra qalan pulu Səməd əmi özü vermişdir. Orada demək olar ki, bütün işi onlar görmüşdür. Kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, hörgü, suvaq, dam örtüyü, yerin laminantı və s. kimi işlər görmüşlər. 5 nəfər işləmişlər. Ehtiram, Nemət, Asəf, Elsevər və o işləmişdir. 4000 manatdan çox pul almışdır. Yeməyi Kamilgildə yemişlər. Ərzaqı mağazadan Səməd alıb gətirmişdir. İlk üç gün yeməklərini Kamilin həyat yoldaşı hazırlamış, qalan günləri Səmədin həyat yoldaşı hazırlamışdır. Tikinti materiallarını Səmədə deyirdi o, göndərirdi. 3 aya yaxın işləmişlər. İddiaçı gördükləri işin zəhmət haqqını ona vermiş, o da briqada üzvlərinin hər birinin gördüyü işə görə haqqını vermişdir.

21. Məhkəmə iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X15 göstərmişdir ki, Kamil onun qohumu və həmkəndlisidir. Kamilin sifarişi ilə hamam işi görmüşdür. 2021 ilin sonunda çörək sexinə beton tökmüşdür. Kamil hörgü işini də, ondan xahiş etsə də, vaxtı olmadığı üçün hörgü işini İngilisə vermişdir və hörgü işini İngilis görmüşdür. Hörgüdən başqa bütün işi o, görmüşdür. 2 usta 3 fəhlə işləmişlər. Təhvil veriləndə ona pulu Elməddin (Mosu) və Kamil kişi vermişdir. Səmədlə pul danışmamışdır. Ümumilikdə işçilərə nə qədər pul verdiyini xatırlamır. İngilisə 800 manat pul vermişdir. Tikinti materiallarını Qurban (Kamilin qardaşı) gətirmişdir. Kafelin kvadratını 5 manata vurmuşdur və 250 manat pul almışdır. Kafel almağa mağazaya Qurbanla getmişdir. Sarılıxalçalı kafel olmuşdur. Bircə kafeli o, özü alıb, 40 kv.m. Sonra Dam örtüyü vurmuşdur. Materiallı almaq üçün Qurban və Kamillə getmişdir. Ancaq pulu kimin verdiyini bilməmişdir.

22. Məhkəmə iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X13 göstərmişdir ki, Kamili tanıyır. Çörək sexində o da, işləmişdir. Hörgüdən başqa digər işləri onlar görmüşlər. Kamil Əsəddən xahiş etmişdir ki, iş var gedək işləyək. Suvaq, elektrik, emusiya metlak və dam örtüyü işi görmüşlər. Qiyməti o, danışmamışdır. Metlakı vuranda 3 fəhlə, o və Səməd olmuşdur. Metlakı 4 günə vurmuşlar. Lambirini o və fəhləsi vurmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Maddə 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

26. Maddə 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Maddə 443.7-ci maddəsinə əsasən, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

29. Maddə 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.

31. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir..

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər..

33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qətnaməsi “alınmış və quraşdırılmış avadanlıqların dəyəri olan 5820 (beş min səkkiz yüz iyirmi) manat” hissəsində dəyişdirilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.

47. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh özünün və ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.2 ha hissəsini iddiaçıya satmağı öz üzərinə götürmüşdür. Bunun üçün cavabdeh iddiaçıdan 5000 manat pul almış və sənədləşdimə işlərinin aparılması üçün cavabdeh tərəfindən iddiaçıya etibarnamə də, verilmişdir. İddiaçı 2021-ci ilin sentyabr ayından başlayaraq cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.2 ha hissəsində öz vəsaiti hesabına təndirxana inşa etmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, mübahisəli torpaq sahəsini geri tələb etmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 5000 manat borc müqavilsənin tərəflərin arasında yazılı formada bağlanmaması və həmin əqdin etibarsız olması ilə bağlı qeyd edir ki, cavabdeh etirazında iddiaçıdan 5000 manat borc aldığını, həmin borcun əvəzinə obyektini iki il müddətinə icarəyə verdiyini qeyd etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdehin iddiaçıdan 5000 manat almasının təsdiqini tapdığını qeyd etmişdir.

49. Həmçinin apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən digər hissələri, yəni avadanlıq və təmir işləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən öz üzərinə götürdüyü öhdəliyi icra etmiş və təndirxananı inşa edərək, avadanlıqlar quraşdırmış, cavabdeh isə iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu hal məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapmışdı. Əvvala bununla bağlı tərəflərin arasında belə bir razılaşmanın olmasını iddiaçıdan başqa heç kim göstərmir. İşin həqiqi halları isə ondan ibarətdir ki, cavabdeh həmin obyekti oğlanlarının Rusiyada Federasiyasından göndərdiyi pullar əsasında tikdirməyə başlamış, sonradan məhz cavabdehdən əlavə olaraq 5000 manat pul almış, həmin puluda da, tikintiyə xərcləmiş və sonradan pulu qaytara bilmədiyi üçün borc əvəzi olaraq təndirxananı 2 il müddətinə iddiaçıya işlətməyə vermişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh aldığı 5000 manat borcun müqabilində təndirxananı 2 illik müddətə iddiaçının istifadəsinə verdiyini və bununla bağlı iddiaçıya etibarnamə verdiyini qeyd edir. İş materiallarında olan 7E-3572 reyestr nömrəli etibarnamədən görünür ki, etibarnamə 24 sentyabr 2021-ci il tarixində verilmişdir. Məhkəmə baxışı zamanı tərəflərin vəsatəti əsasında dindirilmiş şahidlər təndirxananın tikintisinə 2021-ci ilin sentyabr ayında başlanıldığı, oktyabr ayında isə tikintinin yekunlaşdığını bildirmişlər və tərəflər bu halı mübahisələndirməmişlər. Cavabdeh isə mübahisəli təndirxananın həmin tarixdən əvvəl mövcud olmasına dair sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan borc aldığını, borcu qaytara bilmədiyi üçün istifadəsində olan təndirxananı iki il müddətinə iddiaçının istifadəsinə verdiyini və iddiaçıya bununla bağlı etibarnamə də, verdiyini qeyd etsə də, mübahisləndirilən təndirxananın etibarnamənin verildiyi tarixdə hələ inşa edilmədiyi iş materialları ilə təsdiqini tapmışdır. Bu da, məhkəmə kollegiyasına cavabdehin izahatının qeyri-səmimi olması nəticəsinə gəlməyə əsas verir. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi barədə vəsatətində mübahisələndirilən təndirxananın hər ay gəlirinin 1500-2000 manat olmasını qeyd etmişdir. Mübahisəli təndirxananın gəlirinin hər ay 1500-2000 manat təşkil etməsi halında cavabdehin 5000 manat borcun əvəzində təndirxananı iddiaçıya iki il müddətində icarəyə verməsi inandırıcı deyildir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin çəkişmə prinsipini pozmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmış, hətta teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasının başqa vaxta təxirə alınmasını xahiş etmişdir. Lakin buna baxmayaraq həmin vaxt səhhətində hər hası problemin olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə tam razılaşmasa da, birinci instansiya məhkəməsinin alınmış və quraşdırılmış avadanlıqların dəyəri olan 5820 manat cavabdehdən alınıb iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə ilə də, tam razılaşmır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi 1300 manat dəyərində 1 ədəd xəmir qarışdıran, 150 manat dəyərində 1 ədəd təndir, 1000 manat dəyərində 1 ədəd təndir (adnapornu), 350 manat dəyərində 1 ədəd stol (nejafika), 150 manat dəyərində 1 ədəd peraşki bişirən aparat, 200 manat dəyərində 1 ədəd peraşki stolu, 80 manat dəyərində 1 ədəd elektron tərəzi, 400 manat dəyərində çörək vitrini, 600 manat dəyərində 1 ədəd soyuducu, 120 manat dəyərində 6 ədəd (1 ədədi 20 manat) kündə podnosları, 800 manat dəyərində kamera dəsti, 70 manat dəyərində 1 ədəd elektrik sacı, 150 manat dəyərində havalandırma sistemi, 450 manat dəyərində 1 ədəd kassa aparatının dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Halbuki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 1300 manat dəyərində 1 ədəd xəmir qarışdıran, 350 manat dəyərində 1 ədəd stol (nejafika), 150 manat dəyərində 1 ədəd peraşki bişirən aparat, 200 manat dəyərində 1 ədəd peraşki stolu, 80 manat dəyərində 1 ədəd elektron tərəzi, 400 manat dəyərində çörək vitrini, 600 manat dəyərində 1 ədəd soyuducu, 120 manat dəyərində 6 ədəd (1 ədədi 20 manat) kündə podnosları, 70 manat dəyərində 1 ədəd elektrik sacı, 450 manat dəyərində 1 ədəd kassa aparatı əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalara aid olduğundan həmin əmlakların dəyərinin alınıb verilməsi hissəsində azaldımalı, 150 manat dəyərində 1 ədəd təndir, 1000 manat dəyərində 1 ədəd təndir (adnapornu), 800 manat dəyərində kamera dəsti, 150 manat dəyərində havalandırma sistemi dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir.

52. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qətnaməsi “alınmış və quraşdırılmış avadanlıqların dəyəri olan 5820 (beş min səkkiz yüz iyirmi) manat” hissəsində dəyişdirilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qətnaməsi “alınmış və quraşdırılmış avadanlıqların dəyəri olan 5820 (beş min səkkiz yüz iyirmi) manat” hissəsində dəyişdirisin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Alınmış və quraşdırılmış 150 manat dəyərində 1 ədəd təndir, 1000 manat dəyərində 1 ədəd təndir (adnapornu), 800 manat dəyərində kamera dəsti, 150 manat dəyərində havalandırma sistemindən ibarət avadanlıqların dəyəri 2100 (iki min yüz) manat olmaqla cəmi 29222 (iyirmi doqquz iki yüz iyirmi iki) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar