Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1733/2025 25.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul tələbi, sübutetmə yükü Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(042)- 662/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh qonşudurlar. İddiaçı cavabdehə 7200 manat məbləğində borc vermişdir. Cavabdeh həmin borcdan bir qismini qaytarmış və onun iddiaçıya 4600 manat borcu qalmışdır.
2. İddiaçı tərəfindən təqdim edilmiş 01 ədəd “CD” diskdən səs yazısından mübahisənin həlli üçün əhəmiyyəti olan məlumatlar müəyyən edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4600 manat (dörd min altı yüz manat) məbləğində borcun və məhkəməyə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu, ümumilikdə 4670 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının qonşusudur. 2023-cü ilin iyul ayının 19-u tarixində İddiaçı Cavabdeh 7200 manat məbləğində borca pul vermişdir. Cavabdeh pulu alarkən iddiaçıya söz vermişdir ki, aldığı borc pulu yaxın vaxtlarda qaytaracaqdır. Həmin borcun 2600 manatını cavabdeh lotereya oynayıb geri qaytarsada, yerdə qalan 4600 manat borcu qaytarmaqdan yayınmışdır. İddiaçı borcunu qaytarmasını tələb etdikdə cavabdeh, hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Bu səbəbdən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. İddiaçı məhkəmə iclasında izhat verərək, bildirmişdir ki, cavabdeh qonşusudur. Cavabdeh ondan 8000 manat borc istəmiş. Ona əvvəlcə 1900 manat vermiş. Bundan sonra 19 iyul 2023-cü il tarixdə cavabdehə daha 5300 manat, yəni, cəmi, 7200 manat borc vermişdir. Cavabdeh qısa müddətdə borcu qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Bir neçə aydan sonra isə bildirmişdir ki, əri hərbçi olduğuna görə onların bütün borcları silinmişdir. Onun təkidi ilə cavabdeh qonşular arasında oynanılan “lotoreyada” iştirak etmiş və borcundan 2600 manat qaytarmışdır. 2025-ci ilin yanvar ayında onların arasında mübahisə olmuş, polis orqanı təhqiqat aparmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Hazırda cavabdehin ona 4600 manat borcu qalmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. İddiaçı nümayəndəsi məhkəmə iclaısında iddia tələbini müdafiə etmiş, eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilmıəsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, 2023-cü ildə iddiaçıdan hər ay 10 faiz ödəmək şərtilə cəmi, 7200 manat borc almışdır. O, 2 il 6 ay ərzində iddiaçıya hər ay borcun faizi olaraq, 720 manat ödəmişdir. Bundan sonra, iddiaçıya bir dəfəyə 2600 manat vermişdir. İddiaçı ona demişdir ki, 6 ay ərzində 700 manat versə, borcu bağlaya bilər. Bundan sonra da o, iddiaçıya 6 ay ərzində hər ay 700 manat vermişdir. Borcu qaytararkən bəzi vaxtlarda pulu iddiaçıya verməsi üçün qonşusu Siyasət Əhmədovaya müraciət etmişdir. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, cavabdeh iddiaçıdan borc almış, lakin qaytarmamışdır. O, cavabdehin evinə gedərək, ondan xahiş etmişdir ki, iddiaçıya olan borcunu qaytarsın. O, iddiaçının cavabdehə nə qədər borc verdiyini və cavabdehin borcundan nə qədər qaytardığını bilmir. Lakin iddiaçı cavabdehə vermək üçün ondan da 2023-cü ilin oktyabr ayında borc almışdır.
9. Məhkəmə iclasında şahid kimi dindirlmiş X3 ifadə verərək, bildirmişdir ki, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda faiz ödəmək şərtilə hissə-hissə cəmi, 7200 manat borc almışdır. Cavabdeh 3 il ərzində hər ay iddiaçıya 700 manat faiz ödəmiş, bundan başqa, bir neçə dəfə də əsas borcdan ödənişlər edib, borcu tam qaytarmışdır. İddiaçı özü də təsdiq etmişdir ki, cavabdehin ona borcu qalmamışdır. 10.Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2(042)-662/2025 nömrəli qətnaməsi (hakim Fizuli Mirzəquliyev) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış şifahi borc müqaviləsinə əsasən 2023-cü ildə cavabdeh iddiaçıdan həqiqətən 7200 manat borc almışdır. İddiaçı cavabdehin borcdan 2600 mantını qaytardığını, cavabdehin 4600 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh isə iddiaçıya iki il altı ay ərzində hər ay 720 manat faiz ödəməklə bərabər, həm də əsas borcu tamamilə ödədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının şahidi Zərri İsmayılova iddiaçının cavabdehə borc verdiyini və cavabdehin borcu tam qaytarmadını bildirsə də, borcun məbləği,verilmə vaxtı, cavabdeh tərəfindən qaytarılmış məbləğləri bilməmişdir. Cavabdehin şahidi Siyasət Əhmədova cavabdehin iddiaçıdan həqiqətən faiz ödəmək şərtilə borc aldığını bildirmiş, bu borcun faizilərini və əsas borcun cavabdeh tərəfindən qaytarıldığını və bəzi hallarda həmin məbləğləri cavabdehin xahişi ilə özünün aparıb iddiaçıya verdiyini, iddiaçının cavabdehin artıq ona borcu qalmadığını dediyini bildirmişdir. İş üzrə təqdim edilmiş digər sübutların təhqiqi zamanı mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmiş, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.
13. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(042)-662/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin 28 yanvar 2025-ci il tarixli cinayət işi başlanmasının rədd qərarından aydın olur ki, xx.xx.2025-ci il tarixdə iddiaçı İlhamə adlı qadınla birlikdə cavabdehin ona olan 4600 manat borcunu tələb etmək üçün Cavabdeh yaşadığı evə getmişdir və orada cavabdeh pulu verməyəcəyini bildirdiyi üçün mübahisə yaranmışdır. Həmin iş üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi qərarındakı araşdırılmanın nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ona olan 4600 manat məbləğində borcunu geri istəmək üçün sonuncunun evlərinə getmişdir. Həmin araşdırılma zamanı dindirilmiş Cavabdeh əri X4 izahatı ilə də cavabdehin hazırda iddiaçıya borcu olduğu aydın olur. Belə ki, o, birbaşa borclu olduğu məbləği bildirməsə də “hazırda imkan olmadığı üçün pulu verə bilmədiklərini” bildirməsi və Könülün bir neçə dəfə onlara gəlib pulu istəməsini bildirməsi borcu tam olaraq qaytarmadıqlarını göstərir. Cavabdehin və X7nın işin halları ilə ziddiyyət təşkil edən ifadələrini məhkəmə sübut kimi qəbul etmiş, lakin, iddiaçı tərəfdən dindirilmiş şahid Zərri İsmayılovanın borc məbləğini dəqiq xatırlamamasını əsas gətirərək sübut kimi qiymət verməmişdir. Cavabdehin izahatındakı ziddiyyət ondan ibarətdir ki, o, məhkəmədə “2023-cü ildə iddiaçıdan hər ay 10 faiz ödəmək şərtilə 7200 manat borc aldığını, 2 il 6 ay ərzində iddiaçıya hər ay borcun faizi olaraq 720 manat ödədiyini, bundan sonra, iddiaçıya bir dəfəyə 2600 manat verməsini bildirmiş və iddiaçının 6 ay ərzində 700 manat versə borcunu bağlaya biləcəyini, bundan sonra iddiaçıya 6 ay ərzində hər ay 700 manat verdiyini demişdir.” Halbuki, borc 2023-cü ilin iyul ayında verilmişdir. Həmin vaxtdan 2 il 6 ay müddət 2026-cı ilin yanvar ayına düşür. Daha 6 ay isə 2026-cı ilin iyul ayına düşür. Hazırda isə hələ ki, 2025-ci ilin ortalarıdır. Tərəflər arasında pul barədə sonuncu mübahisə isə 2025-ci ilin yanvar ayında olmuş, hazırkı iddia tələbi də 2025-ci ilin iyun ayında qaldırılmışdır. Bu adi riyazi hesablamanı məhkəmə etmiş olsa idi, cavabdehin iddia tələbindən yayınmaq məqsədi güdən bu izahatını özünü müdafiə xarakterli izahat kimi qəbul edərdi və iddianı təmin edərdi. Bir şəxs 3 il müddətində hər ay hər hansı bir şəxsə hər ay miqdarından asılı olmayaraq ödənişlər edibdirsə, onların arasında ən azından bu barədə yazışma mövcud olmalı idi. Cavabdehin bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməməsi də onun izahatını şübhə altına salır. Bundan başqa, hər ay 720 manat faiz ödəmə qabiliyyəti olan şəxsin 2 il 6 ay faiz ödəməsi heç olmazsa 100 manat əlavə əsas borcdan ödəməməsi də inandırıcı deyildir. X7 isə 3 il ərzində cavabdehin hər ay 700 manat faiz ödəməsini, bir neçə dəfə də əsas borcdan ödənişlər edərək borcu tam qaytarmasını bildirməklə həm cavabdehin verdiyi izahata, həm də işin halları ilə ziddiyyət təşkil edən izahat vermişdir. Belə ki, əvvəla, iddiaçı 2 il 6 ay 700 deyil 720 manat faiz verdiyini bildirmişdir. 3 il müddət isə yenə də dediyimiz kimi, 2026-cı ildə tamam olur ki, hazırda hələ ki, 2025-ci ilin ortalarıdır. Bundan başqa, Siyasət Əhmədova bir neçə dəfə əsas borcdan ödənişlər edildiyini, borcu tam ödədiyini ümumi şəkildə bildirmiş, lakin, hər dəfə əsas borcdan nə qədər ödənişlər etdiyini bildirməmişdir. Buna baxmayaraq məhkəmə onun izahatını sübut kimi qiymətləndirmiş, lakin, şahid Zərri İsmayılovanın qalıq borcun məbləğini bildirməməsini əsas gətirərək onun izahatını sübut olaraq qəbul etməmişdir. Halbuki, Zərri İsmayılova da borcun məbləğini bildirməsə də, cavabdehin iddiaçıdan borc alıb qaytarmadığını bildirmişdir. Bundan başqa, CD diskdəki səs yazılarından və tarixlərdən cavabdehin hazırda iddiaçıya borclu olması aydın olur. Cavabdeh xx.xx.2025-ci il tarixdə qonşuluqda yaşayan Almaz adlı qadının mobil telefonuna göndərdiyi səsli mesajdan aydın olur ki, onun İddiaçı olan borcunu heç cürə düzəldə bilmədiyini ayın 10- 11-nə kimi bəlkə düzəldə biləcəyini qeyd etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi qərarından aydın olduğu kimi, borcu qaytarmadığı üçün iddiaçı həmin ayın 18-də cavabdehin evinə pulu tələb etməyə getmiş, orada mübahisə yaranmışdır. Başqa bir xx.xx.2024-cü il tarixli səs yazısından isə cavabdeh iddiaçının anası Zərifəyə bildirir ki, 4-5 ay gözlə lotareya oynayıb pulu qaytaracam. Göründüyü kimi, cavabdehin məqsədi iddiaçının hesabına əsassız varlanmaq məqsədi daşıyır. Onun verdiyi izahat işin hallarına uyğun deyildir. Hazırkı vaxta qədər borc qalmaqdadır və iddiaçı 7200 manat pulun cavabdehə verdiyini sübut etmiş, lakin, cavabdeh pulun hamısını qaytardığını sübut edə bilməmişdir. Beləliklə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə xx.xx.2023-cü il tarixdə 7.200 manat məbləğində borca pul vermişdir. Belə ki, ilkin olaraq 1900 manat və qalanını isə daha sonra bütöv olaraq vermişdir. Həmin borcun 2.600 manatını cavabdeh lotereya oynayıb geri qaytarsa da, yerdə qalan 4.600 manat borcu qaytarmaqdan yayınmışdır. Bir neçə dəfə iddiaçının özü və ailə üzvlərindən pulunu tələb etsə də geri qaytarmamışdır. Sonradan isə ona məlum olmuşdur ki, cavabdeh ondan aldığı pulu internet üzərindən onlayn qumar oynaraq xərcləmişdir. Onunla bərabər başqa şəxslərdən də borclar almışdır. Onların borcunu qaytarmış, lakin onun borcunu qaytarmamışdır. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin 28 yanvar 2025-ci il tarixli cinayət işi başlanmasının rədd qərarından aydın olur ki, xx.xx.2025-ci il tarixdə iddiaçı İlhamə adlı qadınla birlikdə cavabdehin ona olan 4600 manat borcunu tələb etmək üçün Cavabdeh yaşadığı evə getmişdir və orada cavabdeh pulu verməyəcəyini bildirdiyi üçün mübahisə yaranmışdır. Həmin iş üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi qərarındakı araşdırılmanın nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ona olan 4600 manat məbləğində borcunu geri istəmək üçün sonuncunun evlərinə getmişdir. Həmin araşdırılma zamanı dindirilmiş Cavabdeh əri X4 izahatı ilə də cavabdehin hazırda iddiaçıya borcu olduğu aydın olur. Həmçinin, cavabdeh birinci instansiya məhkəməsinin iclasında da verdiyi izahatda da 7.200 manat borc aldığını etiraf etmişdir. Eyni zamanda, cavabdehin hər ay 700 manat faiz ödəməsini, bir neçə dəfə də əsas borcdan ödənişlər edərək borcu tam qaytarmasını bildirməklə həm cavabdehin verdiyi izahata, həm də işin halları ilə ziddiyyət təşkil edən izahat vermişdir. Belə ki, əvvəla iddiaçı 2 il 6 ay 700 deyil 720 manat faiz verdiyini bildirmişdir. 3 il müddət isə yenə də dedikləri kimi, 2026-cı ildə tamam olur ki, hazırda hələ ki, 2025-ci ilin ortalarıdır. Göründüyü kimi, cavabdeh ziddiyyətli izahatlar vermiş və aldığı pulun qaytarılmasını sübuta yetirə bilməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçıdan 2023-cü ildən qabaq 7.200 manat məbləğində borca pul almışdır. Lakin, 2023-cü il tarixdə artıq borcla bağlı problemləri yaranmışdır. Belə ki, lazım olduqca 500, 1000 və s. miqdarlar götürməklə ümumilikdə 7.200 manat sələmə pul götürmüşdür. İddiaçıdan bütov şəkildə 7.200 manat almamışdır. Belə ki, iddiaçıya 6 ay ərzində 700 manat ödəniş etmiş və birdəfəlik olaraq 2.600 manat verməklə borcunu artıqlaması ilə ödəmişdir. Lakin, pulu dəqiq nə vaxt alması dəqiq yadında deyildir. X7 isə onun ərinin əmisinin arvadıdır. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
21. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
24. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
25. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
31. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı
35. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“
“R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı
36. “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı
37. “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
38. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
39. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.
40. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
41. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
42. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
43. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
44. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
45. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
46. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
54. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
57. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
58. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
59. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
60. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
61. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
62. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
66. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini və apellyasiya şikayətinin dəlillərini araşdıraraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr mövcud sübutlarla təsdiqini tapmamışdır.
68. Belə ki, məhkəmə tərəfindən toplanmış sübutlara hüquqi qiymət verilməsi zamanı Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 106.1-ci maddələrinin tələbləri gözlənilməmiş, sübutların məcmusu əsasında iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsinə lazımi diqqət yetirilməmişdir.
69. Məhkəmənin qətnaməsində göstərilən nəticələr işin faktiki hallarına və sübutların məzmununa uyğun gəlmədiyindən, nəticədə iş üzrə hüquqi münasibətin mahiyyətinə uyğun olmayan qərar qəbul edilmişdir.
70. Eyni zamanda, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin tənzimlənməsində tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyən etməmiş və tətbiqində səhvə yol vermişdir. Bu isə Mülki Prosessual Məcəllənin 386-cı maddəsində nəzərdə tutulmuş əsaslardan biri hesab olunur və qətnamənin ləğvini zəruri edir.
71. Göstərilən hallardan belə nəticə çıxır ki, birinci instansiya məhkəməsi həm maddi hüquq normalarının tətbiqində, həm də sübutların qiymətləndirilməsində prosessual hüquq normalarını pozmuş, bu isə qətnamənin qanuniliyinə və əsaslılığına təsir edən pozuntu kimi qiymətləndirilməlidir.
72. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul olunmalıdır.
73. İlk olaraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
74. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).
75. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.
76. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur.
77. Bu kontekstdə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış şifahi borc müqaviləsinə əsasən 2023-cü ildə cavabdeh iddiaçıdan həqiqətən 7.200 manat borc almışdır.
78. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından məlum olur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə borc kimi 7.200 manat verilmiş, lakin sonuncu həmin məbləğdən, 2600 manat geri qaytarmış, lakin qalan 4600 manat pulu isə qaytarmamışdır.
79. Nəzərə alınsa ki, Mülki Məcəllənin 739.2-ci maddəsi ilə fiziki şəxslər arasında üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 2023-cü ilin iyul ayında 7.200 manat məbləğdə borcun verilməsinə dair müqavilənin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) sual doğurmur.
80. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
81. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
82. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir illik iddia müddəti ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 375-ci maddəsi isə məhkəmələrdən tələb edir ki, onlar hüququn müdafiəsi haqqında tələbi iddia müddətinin keçməsindən asılı olmayaraq baxılmağa qəbul etsinlər, iddia müddətini isə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq etsinlər. Lakin, hazırki vəziyyətdə cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə birinci instansiya məhkəməsində verilməmişdir.
83. Göründüyü kimi, 4.600 manat məbləğin iddiaçı tərəfindən cavabdehə borc kimi verilməsi halında şifahi qaydada bağlanmış bu cür müqavilə qanunun müəyyən etdiyi formada bağlanmadığından etibarsız hesab olunur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
84. Lakin, məhkəmə hesab edir ki, tərəflər arasında 4.600 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız sayılsa belə, cavabdehin izahatında etdiyi etirafı ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur.
85. Belə olan vəziyyətdə məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında 4.600 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehin qeyd edilən məbləğin iddiaçı tərəfindən verilməsini etiraf etdiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır.
86. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
87. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
88. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
89. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış şifahi borc müqaviləsinə əsasən 2023-cü ildə cavabdeh iddiaçıdan həqiqətən 7200 manat borc almışdır. İddiaçı cavabdehin borcdan 2600 mantını qaytardığını, cavabdehin 4600 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh isə iddiaçıya iki il altı ay ərzində hər ay 720 manat faiz ödəməklə bərabər, həm də əsas borcu tamamilə ödədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının şahidi Zərri İsmayılova iddiaçının cavabdehə borc verdiyini və cavabdehin borcu tam qaytarmadını bildirsə də, borcun məbləği,verilmə vaxtı, cavabdeh tərəfindən qaytarılmış məbləğləri bilməmişdir. Cavabdehin şahidi Siyasət Əhmədova cavabdehin iddiaçıdan həqiqətən faiz ödəmək şərtilə borc aldığını bildirmiş, bu borcun faizilərini və əsas borcun cavabdeh tərəfindən qaytarıldığını və bəzi hallarda həmin məbləğləri cavabdehin xahişi ilə özünün aparıb iddiaçıya verdiyini, iddiaçının cavabdehin artıq ona borcu qalmadığını dediyini bildirmişdir. İş üzrə təqdim edilmiş digər sübutların təhqiqi zamanı mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmiş, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir.
90. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
91. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
92. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
93. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
94. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
95. Qeyd olunan mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
96. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 7.600 manat məbləğində borc pul verilmiş, iddiaçı həmin məbləğdən 2.600 manat qaytarsa da, qalan 4.600 məbləğində qaytarmamış və cavabdeh də qeyd edilən pulun onun tərəfindən götürülməsini etiraf etmişdir.
97. Hazırki mübahisə isə qaytarılan pulun məbləği ilə bağlıdır.
98. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmənın iclasında verdiyi izahatda iddiaçıdan ümumilikdə 7.200 manat məbləğdə pul almasını etiraf edir. Lakin, bununla yanaşı bildirir ki, həmin pulu faizi ilə birlikdə artıqlaması ilə qaytarmışdır. Lakin, cavabdeh tərəfindən pulun tam qaytarılması barədə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
99. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (48-49&).
100. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir
101. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (52&).
102. İş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.
103. Həmçinin, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.
104. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehin izahatlarında işin halları baxımından ciddi ziddiyyətlər mövcuddur və bu ziddiyyətlər onun ifadələrinin səmimiliyinə şübhə yaradır.
105. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, 2023-cü ildə iddiaçıdan ümumilikdə 7.200 manat məbləğində borc almış, bu məbləğə görə hər ay 10 faiz olmaqla faiz ödəmiş, 2 il 6 ay ərzində aylıq 720 manat məbləğində faiz vermiş, daha sonra iddiaçıya 2.600 manat məbləğində əlavə ödəniş etmişdir. Bundan sonra iddiaçının təklifi ilə 6 ay müddətində hər ay 700 manat ödəməklə borcu bağladığını bildirmişdir.
106. Lakin, cavabdeh apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında əvvəlki ifadəsindən fərqli olaraq, artıq 2023-cü ildən etibarən borcla bağlı problemlərinin yarandığını, pulu 2023-cü il tarixdən əvvəl iddiaçıdan hissə-hissə, “lazım olduqca” 500 və ya 1000 manat miqdarında aldığını, bunların cəmində ümumilikdə 7.200 manat olduğunu, müxtəlif vaxtlarda sələmə pul götürdüyünü bildirmişdir.
107. Cavabdehin bu izahatlarında borcun dəqiq alınma tarixi, borcun ümumi məbləği, ödənişlərin xarakteri və məqsədi barədə ziddiyyətli məlumatlar mövcuddur. O, bir tərəfdən iddiaçıdan “ümumilikdə 7.200 manat borc aldığını” bildirir, digər tərəfdən isə bu məbləğin 2023-cü il tarixdən əvvəl hissə-hissə, müxtəlif vaxtlarda “sələm” şəklində alındığını qeyd edir. Bu kimi ziddiyyətlər borc münasibətinin faktiki əsaslarının və tərəflərin razılaşmasının şərtlərinin obyektiv şəkildə müəyyən edilməsinə mane olur.
108. Bundan əlavə, cavabdeh borcu tam ödədiyini iddia etsə də, ödənişlərin tarixi, məbləği və verilmə üsulu barədə aydın və ardıcıl izahat verə bilməmiş, hətta pulu “dəqiq nə vaxt aldığını yadında saxlamadığını” bildirmişdir. Belə ifadələr, Mülki Prosessual Məcəllənin 88 və 89-cu maddələrinə uyğun olaraq, onun izahatlarının etibarlılığını və sübut kimi dəyərini azaldır.
109. Göstərilən halların məcmusu cavabdehin izahatlarının ardıcıl, məntiqi və etibarlı olmadığını, onun ifadələrinin səmimi xarakter daşımadığını göstərir. Belə olan halda, cavabdehin izahatları iddia tələbinin rədd edilməsi üçün yetərli sübut kimi qəbul edilə bilməz, çünki həmin izahatlar obyektiv faktlarla təsdiqini tapmamış və öz daxilində bir-birini istisna edən ziddiyyətlər təşkil etmişdir.
110. Həmçinin, cavabdeh X7nın onun xeyrinə ifadə verdiyini göstərsə də, bu şahidin cavabdeh ilə yaxın ailə münasibətlərinin (ərinin əmisinin arvadı olması) mövcudluğu şahidin ifadəsinin obyektivliyinə müəyyən şübhə yaradır. Hansı ki, şahid cavabdehin qohumu olmaqla onun xeyrinə ifadə verməsində maraqlıdır və bu hal şahidin ifadəsinin nə dərəcədə mötəbər olmasını şübhə altında saxlayır və şahidin ifadəsi işmaterialları ilə təsdiq olunmur.
111. Eyni zamanda, birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş X1 ifadəsindən görünür ki, o, cavabdehin iddiaçıdan borc aldığını bildirmiş, lakin borcun dəqiq məbləğini, alınma və qaytarılma tarixlərini, eləcə də tərəflər arasında borc münasibətinin konkret şərtlərini dəqiqliklə göstərməmişdir.
112. Şahid yalnız ümumi şəkildə cavabdehin iddiaçıya borclu olduğunu eşitdiyini, borcun qaytarılmadığını iddia etdiyini və bu barədə cavabdehlə söhbət apardığını bildirmişdir. Eyni zamanda, şahid öz ifadəsində etiraf etmişdir ki, iddiaçının cavabdehə nə qədər məbləğdə borc verdiyini və cavabdehin nə qədər qaytardığını bilmir. Bununla yanaşı, o, iddiaçının cavabdehə vermək üçün ondan da 2023-cü ilin oktyabr ayında müəyyən məbləğdə borc aldığını qeyd etmişdir.
113. Belə olan halda, şahidin ifadəsində borcun məbləği, verilmə və qaytarılma tarixi, ödəniş forması kimi iş üçün əhəmiyyətli olan hallara dair konkret və dəqiq məlumat yoxdur. Şahidin izahatı ümumi xarakter daşıyır, şəxsi müşahidələrə əsaslanmır və birbaşa hadisənin şahidi olmasını təsdiq etmir.
114. Bu baxımdan birinci instansiyası məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələri hazırki işin həllində sübuti əhəmiyyətə malik olmadığından sübut kimi qəbul edilə bilməz.
115. İddiaçı cavabdehin 7.200 manat məbləğində borcu alması barədə ibtidai istintaq orqanının qərarını təqdim etsə də, həmin həmin qərar təsdiqlənməməklə və sadə kserosurət olmaqla təqdim edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.
116. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.
117. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz.
118. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
119. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.
120. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı ümumilikdə 7.200 manat məbləğində borcu cavabdehə vermiş, sonuncu 2.600 manat borcu qaytarsa da, qalan 4.600 manat borcu qaytarmamış, nəticədə isə iddiaçıya maddi ziyan dəymişdir. Buna görə də cavabdeh iddiaçıya məxsus pulu qaytarmamaqla əsassız varlanmışdır.
121. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
122. MPM-nin 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
123. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
124. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
125. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
126. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
127. Eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən 66 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, artıq ödənilmiş 4 manat dövlət rüsumu isə tutulmamalıdır.
128. Məhkəmə həmçinin izah edir ki, hazırki iddianın iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.
129. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382.1, 384.0.2, 386, 388, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(042)-662/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 4.600 (dörd min altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 66 (altmış altı) manat olmaqla, cəmi 4.666 (dörd min altı yüz altmış altı) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.