Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1734/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1313/2024 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. A-421589 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi torpaq sahəsinin planın və ölçüsündən görünür ki, İddiaçı Şəmkir rayon Keçili bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə 800 km.m həyətyanı məqsədi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.
2. xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-Ə-0039-8/24 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən yazılmış məktubdan görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı təkrar müraciəti (daxilolma: **********, xx.xx.2024-cü il) 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş, A-421589 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan 0.08 ha torpaq sahəsinin 0.0407 ha hissəsi şimal qonşunuz istifadə etməklə, üzərində ona məxsus fərdi yaşayış evinin bir hissəsi aşkar edilmişdir. Bundan başqa, həmin sənəd üzrə olan torpaq sahəsinin 0.0393 ha hissəsini isə cənub qonşunuz istifadə etməklə, mübahisəlidir və qeyd olunan mübahisənin məhkəmə qaydasında davam etdiyi məlum olmuşdur.
3. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-45/2022 nömrəli qətnaməsindən görünür ki, Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən A №42158999 saylı, xx.xx.2013-cü il tarixli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı Ələkbərov Elsevǝr Rövşən oğluna verilmiş 800 kv.m torpaq sahəsinin 0.0342 ha-dək hissəsi Cavabdeh1 Əlyar oğlunun, 0.0372 ha-dək hissəsi isə X2 zəbtindən azad edilməsinə, həmçinin həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına inşa edilmiş tikililər və istilikxana cavabdehlərin vəsaiti hesabına sökülməsinə qət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonunun Keçili kəndinin ərazisində yerləşən ona məxsus 0,8 ha həyətyanı torpaq sahəsində üçüncü şəxs tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Şəmkir rayonunun Keçili kəndində yaşayan, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılmasına və ödədiyi 100 manat Dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun həmkəndlisidir. Cavabdeh1, Keçili kəndinin ərazisində yerləşən, ona məxsus 0,8 ha həyətyanı torpaq sahəsinin cənub tərəfdən 0,0393 ha hissəsini zəbt edərək, orada qanunsuz olaraq istilikxana quraşdırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-45/2022 saylı qətnaməsinə əsasən, zəbt edilmiş torpaq sahəsi zəbtdən azad edilmiş, orada quraşdırılmış istilikxana sökülərək, ona məxsus torpaq sahəsi özünə təhvil verilmişdir. O, 0,8 ha həyətyanı torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını Dövlət Qeydiyyatına aldırmaq üçün, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsin 11 saylı Şəmkir Ərazi idarəsinə müraciət etmişdir. Lakin, cavabdehlər Cavabdeh1 və onun qohumu Cavabdeh2 ilə həmin torpaq sahəsində üçüncü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına maneə yaradırlar. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Ölçmə işlərinin aparılması nəzərdə tutulan torpaq sahəsinin cavabdehə heç bir aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən Şəmkir rayonunun Keçili kəndinin ərazisində yerləşən ona məxsus 0,8 ha həyətyanı torpaq sahəsində üçüncü şəxs tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılmasına və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1313/2024 nömrəli qətnaməsi (hakim Həvayət Məhəmmədi) ilə, iddianın təmin edilməsi, Şəmkir rayon, Keçili kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsində (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkəmə komitəsi torpaq sahəsinin planı və ölçüsü A №421589 saylı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılması ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.4, 158.1, 158.2 və 158.4-cü maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213, 216–220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1313/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə əslində heç bir araşdırma aparmamış və heç bir hüquqi əsas olmadan iddianı təmin etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı mübahisəli əraziyə yerində baxış keçirməmiş, müvafiq mütəxəsis rəyi almamışdır. Lakin, buna baxmayaraq iddia tələbini təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər;
15. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir;
16. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;
17. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;
18. Maddə 129. Məhkəmə qərarları və onların icras İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:
19. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
20. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol:
21. Maddə 1. Mülkiyyətin müdafiəsi
22. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1313/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Beləliklə, işin halları ondan ibarətdir ki, Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən A №42158999 saylı, xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı Ələkbərov Elsevǝr Rövşən oğluna verilmiş 800 kv.m torpaq sahəsinə dair dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir.
44. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
45. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
46. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.
47. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki, əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçı Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və həmin orqanın xx.xx.2024-cü il tarixli məktubuna əsasən, A-421589 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan 0.08 ha torpaq sahəsinin 0.0407 ha hissəsi şimal qonşunuz istifadə etməklə, üzərində ona məxsus fərdi yaşayış evinin bir hissəsi aşkar edilmişdir. Bundan başqa, həmin sənəd üzrə olan torpaq sahəsinin 0.0393 ha hissəsini isə cənub qonşunuz istifadə etməklə, mübahisəlidir və qeyd olunan mübahisənin məhkəmə qaydasında davam etdiyi məlum olmuşdur.
48. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasında öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əməkdaşları tərəfindən müayinənin edilməsinə maneə olmaları qadağan edilməlidir.
49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
52. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, eləcədə mübahisəli əraziyə baxış keçirilməməsi və müvafiq mütəxəssis rəyi alınmamasına ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, Şəmkir rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(076)-45/2022 nömrəli qətnaməsi ilə, Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən A №42158999 saylı, xx.xx.2013-cü il tarixli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı Ələkbərov Elsevǝr Rövşən oğluna verilmiş 800 kv.m torpaq sahəsinin 0.0342 ha-dək hissəsinin Cavabdeh1 Əlyar oğlu və 0.0372 ha-dək hissəsi isə X3 tərəfindən zəbt edilməsi, həmçinin həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına inşa edilmiş tikililər və istilikxana cavabdehlərin vəsaiti hesabına sökülməsi qət edildiyindən həmin hissədə yenidən araşdırma aparılmasına ehtiyac qalmır, ona görə də apellyasiya şikayətinin bütün dəlilləri hazırkı işin hallarına münasibətdə əsaslı deyildir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1313/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.