Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1737/2025 08.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə1 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı Nümayəndə1 və Cavabdeh iştirakları ilə, İddiaçı Nümayəndə1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(076)-1924/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 16 fevral 2020-ci il tarixli əlyazmada “Allah xeyer versin! Mən Cavabdeh 1qonşum Mehmanın bacısı oğlundan (lşəndən 5000 manat pul aldım. Şahidlər: Turxan (imza var) Hüseynli, Mehman (imza var) Hüseynov, Elşən (imza var) Həsənov, Elnarı (imza var) Hüseynova, Qətibə (imza var) Mahmudova xx.xx.2020 qeyd olunmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Nümayəndə1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh borc vermiş və həmin borcunu ödəməyi məhkəmədən kənar qaydada tələb etmişdir. Lakin cavabdeh ödəməkdən imtina etmiş və nəticədə ona ziyan dəymişdir.
4. Şəmkir Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(076)-1924/2024 nömrəli qiyabi qətnaməsi ilə (hakim H.Məhəmmədli) iddia təmin edilərək, Cavabdeh 5000 (beş min) manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə1 ödənilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 386.1, 740, 1091, 1092.1 maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 241.1, 357-361 maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddiaçı Nümayəndə1 dayısı Mehman 16 fevral 2020-ci il tarixdə ona bildirmişdir ki, evi onun bacısı oğlu Nümayəndə1 satsın. Nümayəndə1 gəlib evə baxmış və bəyənmişdır. Evi bir neçə nəfər almaq işstəmiş, lakin Nümayəndə1 tanış olduğu üçün ona satmaq qərarına gəlmişdir. İddiaçı ona 5000 manat behi Mehmanın vasitəsi ilə vermişdir. Elşən getdikdən sonra isə Mehman 5000 manatı ondan borc istəmiş, o da 5000 manatı Mehmana vermişdir. Nümayəndə1 borc almamış, pul beh kimi verilmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, qonşusu Mehmanın xahişi ilə evi onun bacısı oğlu Elşəna satmağıa qərar vermişdir. Elşən dayısı ilə birlikdə evə baxmış, ev təmirsiz olsada bəyəndiyi üçün ona 5000 manat beh vermişdir. Mehmana pul lazım olduğundan 5000 manat borc istəmiş, o da həmin pulu Mehmana vermişdir. Uşağı xəstə olduğu üçün Moskva şəhərinə getmişdir. Təxminən bir il sonra Elşən zəng edərək ona demişdir ki, behi qaytar, evi almıram. Şəmkir Rayon Məhkəməsinin bu iş üzrə verdiyi icra sənədinə görə kartından pul tutulur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Əvvəlki və hazırkı məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, ev aimaq istəyini dayısı Mehmana demiş, o da qonşusu Qətibənin evini satdığını ona bildirmişdir. Dayısı ilə birlikdə Qətibənin evinə baxmağa getmişlər. Evin zal və mətbəxinə baxmış və xoşuna gəlmişdir. Digər otaqlarda kirayəçi yaşadığından baxa bilməmiş, dayısı Mehmanda həmin vaxt ona bildirmişdir ki, narahat olma otaqlarda təmirlidir. Evin satış qiymətini 35000 manata razılaşmışlar. Qətibə Rusiya Federasiyasına getdiyi üçün ondan 5000 manat beh istəmişdir. Şahidlərinn yanında ona 5000 manat beh vermiş, bu barədə yazılı qəbz yazılmış, qəbzə özü, Qətibə və şahidlər imza etmişlər. Cavabdeh 2020-ci ilin payızında Rusiya Federasiyasından qayıdacağını, həmin vaxtda evə dair alqı-satqı müqaviləsi bağlayacağını, eləcədə həmin vaxtdadək evin bəzi sənədlərini qaydaya salacağını demişdir. Qətibə evin bir açarını ona vermiş, oda bəzi əşyalarını evə yığmışdır. Bir müddət sonra kirayəçi yaşayan otaqlarada baxmış, lakin otaqlar onun istədiyi kimi təmirli olmadığından evi almaqdan imtina etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
13. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
14. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
15. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.
16. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
25. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
26. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı Nümayəndə1 ilə Cavabdeh arasında sonuncuya məxsus fərdi yaşayış evinin 35000 manata 2020-ci ilin axırlarında satılması barədə tərəflər arasında razılığa gəlmiş, eləcədə alğı-satqının təminatı kimi Nümayəndə1 tərəfindən Cavabdeh 5000 manat beh verilmiş və bu barədə yazılı qəbz tərtib edılmişdir. Nümayəndə1 özünə məxsus bəzi əmlakları həmin evə yığmışdir. Buna baxmayaraq sonuncu sonradan fərdi yaşayış evinin otaqlarının təmirinin onun istədiyi qaydada olmaması əsası ilə evi almaqdan imtina etmiş və verdiyi 5000 manatın geri qaytarılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə işə qiyabi icraat qaydasında baxaraq iddianı təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qiyabi qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qiyabi qətnamənin ləğvi üçün əsasdır və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.
35. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Bundan əvvəldə qeyd olunduğu kimi iddiaçı Nümayəndə1 iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh Maqsud qızı ona olan borcunu məhkəmədən kənar ödəmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət edir. Sonuncu iddia tələbinin maddi hüquqi əsası kimi isə Mülki Məcəllənin zərər və əsassiz varlanma ilə bağlı müddəalarına istinad etmişdir.
37. Əslində iddiaçı Nümayəndə1 Cavabdeh 5000 manat verməsi işin mübahisəsiz halıdır. İddia ərizəsində cavabdhə verilmiş 5000 manatın borc olması qeyd edilsədə, lakin apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, həmin məbləğ cavabdehə borc kimi deyil, sonuncuya məxsus fərdi yaşayış evinin 35000 manata 2020-ci ilin axırlarında satılması barədə razılığın təminatı qismində verilmiş behdir. Belə ki, işə əlavə olunmuş yazılı qəbzdə də 5000 manatın borc kimi verilməsi qeyd olunmur. Əksinə Cavabdeh yazmış olduğu qəbzin yuxarı hissəsində “Allah xeyir versin!” yazılmış, daha sonra isə Nümayəndə1 5000 manat aldığını göstərmişdir. Əlyazmanın məzmunundan da belə nəticəyə gəlmək mümkündür ki, 5000 manat beh kimi verilir. İşin qeyd olunan bu halı həmdə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları ilə bir daha tam təsdiqini tapır.
38. Bu mənada kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin alğı-satqı və mülki qanunvericiliyin öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri olan beh ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və bu qətnamənin 11-16-c bəndlərində həmin normalar sadalanmışdır.
39. Mülki qanunvericilik beh müqaviləsinin bağlanması üçün ilk növbədə belə müqavilələrin yazılı qaydada tərtib edilməsini, həmçinin beh haqqında razılaşma daşınmaz əmlakla bağlı olduqda əqdin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin tələbinə, o cümlədən bağlanmış yalan əqdlər isə Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə etibarsız hesab olunur.
40. Azərbaycan Respublikası Mülki Məcəllənin mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsində qeyd edilmişdir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Bu Məcəllənin 7.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində isə təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. xx.xx.2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2. maddəsində göstərilmişdir ki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin tarixdən sonra isə qeyd olunan maddənin redaksiyasına “beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir” əlavə olunmuşdur. 5000 manat behin verilməsini təsdiq edən yazılı qəbz 16 fevral 2020-ci il tarixdə tərtib olunmuşdur. Ona görə də kollegiya hesab edir ki,16 fevral 2020-ci il tarixli qəbz behin alınmasının təsdiqi kimi qəbul olunmalıdır.
42. Razılaşdırılmış alğı-satqı müqaviləsinin bağlanmasından cavabdehin imtinası isə sübuta yetmir. Əksinə iddiaçı özü sonradan fərdi yaşayış evini almaq fikirindən daşınmış və imtinanı onunla əsaslandırmışdır ki, evin yaşayış otaqları onun istədiyi qaydada təmirli deyil. Halbu ki, iddiaçı beh verərkən dayısı Mehmanla birlikdə evə baxmıdır. İddiaçı otaqların təmirli olmaması ilə bağlı belə bir dəlil irəli sürsədə, lakin cavabdehlə aralarında aparılan danışıqlar zamanı cavabdeh tərəfindən evin təmiri ilə bağlı məsələdə sonuncu tərəfindən aldadıldığınıda bildirmir. Əksinə qeyd edir ki, həmin vaxt yaşayış otaqlarına baxa bilməsədə, lakin dayısı Mehman otaqlarında təmirli olmasını və hər şey onluqdur dem, oda bununla razılaşmışdır. (əslində bu halı yalnız onun özü iddia edir) Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.
43. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Eləcədə Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
44. İşin yuxarıda göstərilən halları bir daha onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsinin icrasını təmin etmək məqsədi ilə iddiaçı Nümayəndə1 Cavabdeh verdiyi 5000 manat beh kimi verilmiş və bu halı nəzərə alan kollegiya belə hesab edir ki, həmin məbləğ sonuncudan tələb edilə bilməz. Çünki bundan əvvəldə qeyd olunduğu kimi razılaşdırılmış vaxtda alğı-satqı müqaviləsinin bağlanmasından iddiaçı Nümayəndə1 özü imtina etmişdir. Bu qətnamənin 16-cı bəndində də qeyd olunduğu kimi əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Göründüyü kimi hazırkı halda behin geri tələb edilməsi üçün hər hansı hüquqi əsas yaranmamıışdır.
45. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(076)-1924/2024 nömrəli qiyabi qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməl və iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(076)-1924/2024 nömrəli qiyabi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Nümayəndə1 Cavabdeh qarşı 5000 manat pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.