Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-175/2023 24.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdeh1, eləcədə Cavabdeh2 etibarnamə üzrə nümayəndələri X8 (atası) və X5 (vəkil) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(043)- 1101/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(043)- 3176/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən 13 avqust 2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 payları müəyyən edilmiş, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 13 avqust 2013-cü il tarixli, K/M 412 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikahlarının pozulduğu 27 may 2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi Cavabdeh2 aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh1 ödənilməsi qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(104)-1092/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(043)-3176/2021 nömrəli qətnaməsi “Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 13 avqust 2013-cü il tarixli K/M 412 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikahlarının pozulduğu 27 may 2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin Cavabdeh2 aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh1 ödənilməsi” hissəsində ləğv olunmuş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla 13 avqust 2013-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik iddiaçı Cavabdeh2 və Cavabdeh1 ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğun olaraq müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 01 iyul 2021-ci il tarixli, **********17 nömrəli məktubun surətindən görünür ki, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlığı birliyinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokolu və 07 may 1999-cu il tarixli arayışı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 11 fevral 2013-cü il tarixli, TŞ-13-82A nömrəli rəyi və 18 fevral 2013-cü il tarixli A № 445181 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən X9 bağ evinin tikintisi üçün Gəncə şəhəri, Gəc zavodu, 1A adlanan ərazidən 0,04 ha torpaq sahəsi ayrılmışdır, torpaq sahəsinin nömrəsi 46-dır. Gəncə şəhər Baş memarının 2013-cü il tarixli razılaşdırılmış eskiz-layihəsi, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 16 may 2013-cü il tarixli bağ evinin qəbulu aktı və 10 iyun 2013-cü il tarixli 834 nömrəli sərəncamına əsasən bu torpaq sahəsində inşa edilmiş bağ evi X6 adına qeydiyyata alınmışdır və ona Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlığı birliyi, sahə 46-da 0,039 ha torpaq sahəsində yerləşən bağ evinə (tikili “A”-da 49.7 kvm üç yaşayış otaqları, 64.0 kvm yardımçı sahə, 16.9 kvm açıq eyvan, 41.0 kvm talvar) 04 iyul 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 3 saylı notariat kontorunun 25 iyul 2013cü il tarixli 4Ə1-434 nömrəli alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1 və ona 02 avqust 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 3 saylı notariat kontorunun 20 avqust 2013-cü il tarixli 4Ə-02-510 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən bu mülk Cavabdeh1 satılmışdır və ona 24 avqust 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. "xxxx" ASC-nin 13 avqust 2013-cü il tarixli 1166 nömrəli məktubunda Sevinc qəsəbəsi, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlığı birliyi, sahə 46-da yerləşən bağ evinin 13 avqust 2043-cü il tarixədək yüklü edildiyi göstərilmişdir. Cavabdeh1 22 oktyabr 2013-cü il tarixli ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir.
a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən 38400 manat və ödənilmiş 205 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il tarixdə hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsi Şıxəli Qurbanov adına bağçılıq-yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evini ilkin ödəniş olaraq 17000 manat verməklə almışdır. Cavabdehlərin hər ikisi bu barədə notariusda ərizə verərək evin ona satılmasına etiraz etmədiklərini bildirmişlər. Həmçinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(043)-3176/2021 nömrəli qətnaməsinin işin halları bölməsində qeyd edilmişdir ki, “Cavabdeh1 14 oktyabr 2018-ci il tarixli 8İ-1732 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, ipoteka ilə yüklü olan Gəncə şəhəri Kəpəz rayonu Sevinc (indiki Məhsəti) qəsəbəsi Ş.Qurbanov adına BYB, 46 nömrəli ünvanda yerləşən bağ evini Goranboy rayon sakini İddiaçı ipoteka kreditinin qalan hissəsinin onun tərəfindən ödənilməsi şərti ilə 17000 manat məbləğində razılaşaraq satmış, pulu nağd şəkilində tam almış və bağ evini təhvil vermişdir. Cavabdeh2 14 oktyabr 2018-ci il tarixli, 8İ-1733 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, əri Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Sevinc (indiki Məhsəti) qəsəbəsi, Ş.Qurbanov adına BYB, 46 sayli ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satılmasına razılıq vermişdir.” Həmin evi iddiaçı aldıqdan sonra 14400 manat evin təmirinə pul xərcləmiş, eləcədə əmlak ipoteka predmeti olduğundan əlavə olaraq ümumilikdə 7000 manata yaxın pulu "xxxx" ASC-yə ödəmişdir. Bundan sonra Cavabdeh2 məhkəmədə Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan ½ hissədə payının müəyyən edilməsi və ½ hissədə ipoteka öhdəliyinin onun üzərinə qoyulması tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(043) 3176/2021 nömrəli qətnaməsi ilə Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən 13 avqust 2013-cü il tarixdə 48-510 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 payları müəyyən edilmişdir. X3 ilə "xxxx" ASC arasında bağlanmış 13 avqust 2013-cü il tarixli, KM 412 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikahlarının pozulduğu 27 may 2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi Cavabdeh2 aid edilmiş və onun tərəfindən hər ay Cavabdeh1 ödənilməsi qət edilmişdir. İddiaçı dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi 24000 manat tələb etsə də, onlar onun haqlı tələbinə məhəl qoymamışlar.
6. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(043)- 1101/2022 nömrəli (hakim Z.İmanov) qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 38400 (otuz səkkiz min dörd yüz) manat və iddia qaldırılması üçün ödənilmiş 205 (iki yüz beş) manat müştərək qaydada alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6, 157.7, 157.8, 225.1, 225.2, 225.3, 225.4, 225.5, 425.1, 1091, 1092.1 maddələri, Ailə Məcəlləsinin 32.1, 32.2, 34.1, 35, 36.1, 36.3, 37.1 maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 77.1, 78.1, 88, 119.1, 191.3, 217.3, 217.4, 216-220, 233, 300, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Cavabdeh1 ilə birgə nikah dövründə 2013-cü ildə ipoteka yolu ilə Gəncə şəhəri Kəpəz rayonu Ş.Qurbanov adına BYB 46 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi almışlar, 2018-ci ilədək həmin evdə yaşamışlar. 14 oktyabr 2018-ci il tarixdə Cavabdeh1 onu Gəncə şəhəri 1 saylı notariat ofisinə apararaq bir neçə sənədə imza etdirmiş, lakin sənədlərin məzmunu ona izah olunmamışdır. Evin satılması barədə sənədlərə imza etdiyini bilən zaman əri və qaynatası ilə aralarında mübahisə olmuş və 14 oktyabr 2018-ci il tarixdə onu döymüşlər. 15 oktyabr 2018-ci il tarixdə isə cehiz əşyaları ilə birlikdə evdən çıxartmışlar. 29 noyabr 2018-ci il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisinə gedərək, evin satılması ilə bağlı verdiyi ərizənin etibarsız hesab olunması barədə ərizə vermiş, eləcədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı evi alan ilk gündən onunla Cavabdeh1 arasında sözügedən əmlaka dair mübahisələri və məhkəmədə tələbinin olduğundan məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsi isə iddiaçının yalan ifadələrinə, tikinti-texniki ekspertizası keçirmədən evin təmiri barədə saxta qaimələrə əsaslanaraq qətnamə çıxarmışdır. Həmçinin 2013-cü ildə evin ilkin 6500 manat ödənişini atası Bayram Hüseynov "xxxx" ASC-dən kredit götürüb Cavabdeh1 vermişdir. 2013-cü ildə Cavabdeh1 maddi imkanı olmadığı halda pulu necə ödəyə bilər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X8 (atası) apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 17000 manatı Kamil almış və həmin puldan Elnadaya 1000 manat vermişdir. Eləcədə qızı birgə nikahda olan zaman götürülmüş kreditə görə ddiaçı 7000 manat kredit ödəmişdir. İddiaçı evin təmirinə 14400 manat xərc çəkdiyini qeyd etsədə, lakin ev 2013-cü ildə alınarkən təmiri olmuşdur. Elnada ilə Cavabdeh1 arasında bağlanmış nikah akt qeydi 2019-cu ildə pozulmuşdur. X2 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X10 da (vəkili) cavabdehin nümayəndəsi X8 ilə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, fərdi yaşayış evinin alınması üçün kredit ödənişidə daxil olmaqla 24000 manat vermiş, ev tam təmirli olmadığı üçün 14400 manat da əlavə olaraq təmirə xərcləmişdir. Buna baxmayaraq Cavabdeh2 sonradan evin satılmasına verdiyi razılıq ərizəsini ləğv etdirmişdir. Mübahisəli fərdi yaşayış evi hazırda hər birinin payı ½ hissə olmaqla cavabdehlərin adına qeydə alınmış və bu barədə onlara çıxarış verilmişdir. Cavabdehlərdən pulunu tələb etsədə sonuncular ödəməkdən yayınır. Hal-hazırda ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşayır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, evi satarkən iddiaçıdan 17000 manat almış, həmin puldan 1000 manat Elnadaya vermişdir. İddiaçı sonradan 7000 manat da kredit ödənişi etmişdir. Evi Sahilə satarkən tam təmirli olmamışdır. Sonradan aralarında yaranmış narazılığa görə Elnada ilə ayrılmışdır. Ona görə də Elnada evin satılmasına razılıq verməsi barədə ərizəni ləğv etdirmiş və məhkəmədə ona qarşı iddia qaldırmışdır. Mübahisəli fərdi yaşayış evi hazırda hər birinin payı ½ hissə olmaqla adlarına qeydə alınmış və bu barədə çıxarış verilmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh2 məhkəmə iclasında nümayəndələri ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
17. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
20. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
21. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
22. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər Azərbaycan Respublikasının Ailə Məcəlləsi
23. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
24. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
25. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
34. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına görə apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(043)-1101/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir.
39. Belə ki, işdən müəyyən olunur ki, İddiaçı Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsi Şıxəli Qurbanov adına bağçılıq-yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən fərdi yaşayış evini (bağ evi) ilkin olaraq 17000 manat Cavabdeh1 verməklə əldə etməsini, daha sonra isə Cavabdeh1 ilə Cavabdeh2 birgə nikah dövründə aldıqları kreditdən 7000 manat ödəməsini, fərdi yaşayış evi onun sahibliyinə və istifadəsinə keçdikdən sonra evin təmirinə 14400 manat xərcləməsini, Cavabdeh1 ilə Cavabdeh2 arasında yaranmış narazılığı görə sonuncu evin satılmasına notarial qaydada razılıq verməsi barədə ərizəni ləğv etdirməsini və Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsi Şıxəli Qurbanov adına bağçılıq-yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən fərdi yaşayış evinə dair ½ hissədə cavabdehlərin adına çıxarış verilməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
40. İddiaçı cavabdehlərdən müştərək qaydada 38400 manat alınaraq ona verilməsini məhkəmədən xahiş etsədə, lakin kollegiya hesab edir ki, tələb olunan 38400 manat cavabdehlərdən müştərək qaydada tutulmamalıdır. Belə ki, İddiaçı mübahisəli fərdi yaşayış evini cavabdehlərdən alarkən Cavabdeh1 ilkin olaraq 17000 manat verməsi, daha sonra isə cavabdehlərin birgə nikah dövründə götürdüyü kreditdən 7000 manat ödəməsi işin mübahisəsiz halıdır. İşin qeyd olunan bu halı tərəflərin izahatları ilə də təsdiq olunur.
41. İddiaçı Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsi Şıxəli Qurbanov adına bağçılıq-yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evini cavabdehlərdən aldıqdan sonra təmir-bərpa işlərinə ümumikdə 14400 manat xərcləməsi isə apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzindən alınmış 26 may 2023-cü il tarixli 10/825 nömrəli ekspert rəyi ilə təsdiq olunur. Belə ki, həmin rəydə qeyd olunmuşdur ki, Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsi Ş. Qurbanov adına BYB sahə 46 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində təmir işlərinin aparıldığı və aparılmış təmir işlərinin ümumi dəyəri təqribən 14584 manat təşkil edir. Eləcədə Cavabdeh1 birinci və apellyasiya instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı fərdi yaşayış evini aldıqdan sonra təmir işləri aparmışdır.
42. Bundan əvvəldə qeyd olunduğu kimi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(043)-3176/2021 nömrəli qətnaməsi ilə Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən 13 avqust 2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 payları müəyyən edilmişdir. Cavabdeh1 ½ payı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 24 avqust 2013-cü il tarixdə ********** nömrə, Cavabdeh2 ½ payı isə 25 noyabr 2022-ci il tarixdə********** nömrə ilə qeydə alınmışdır. X11 Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(104)-1092/2022 nömrəli qətnaməsi ilə 13 avqust 2013-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik Cavabdeh2 və Cavabdeh1 ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğun olaraq müəyyən edilməsi qət edilmişdir. Mübahisəli fərdi yaşayış evi hazırdı cavabdehlərin paylı mülkiyyətindədir.
43. İddiaçı evin ilkin ödənişi qismində Cavabdeh1 17000 manat vermiş və sonuncu həmin puldan 1000 manat Cavabdeh2 vermişdir. Belə olan halda kollegiya hesab edir ki, 17000 manat ilkin ödənişin 16000 manatı Cavabdeh1, 1000 manat isə Cavabdeh2 alınıb iddiaçıya verilməlidir.
44. Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahda olduqları müddətdə götürdüyü kreditə görə İddiaçı ödədiyi 7000 manat, eləcədə fərdi yaşayış evinin təmiri üçün xərclədiyi 14400 manat, cəmi 21400 manata (7000+14400=21400) münasibətdə isə kollegiya hesab edir ki, həmin məbləğin ½ hissəsi (10700 manat) Cavabdeh1, ½ hissəsi (10700 manat) isə Cavabdeh2 alınıb İddiaçı verilməlidir. Belə ki, bu qətnamənin 42-ci bəndində də qeyd olunduğu kimi fərdi yaşayış evi artıq ½ hissədə Kamil və Cavabdeh2 adına qeydə alınmış, eləcədə 13 avqust 2013-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik onların ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğun olaraq müəyyən edilmişdir.
45. Apellyasiya şikayətinin 2013-cü ildə evin ilkin 6500 manat ödənişini atası Bayram Hüseynov "xxxx" ASC-dən kredit götürüb Cavabdeh1 verməsi dəlilini kollegiya əsasız hesab edir. Belə ki, Cavabdeh2 belə bir dəlil irəli sürsədə, lakin atası Bayram tərəfindən Cavabdeh1 2013-cü ildə 6500 manat verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh1 26700 manat, Cavabdeh2 isə 11700 manat alınaraq İddiaçı ödənilməlidir.
47. Həmçinin kollegiya hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 205 manat dövlət rüsumunun 170 manat hissəsi Cavabdeh1, 35 manat hissəsi isə Cavabdeh2 alınıb İddiaçı ödənilməlidir.
48. Eləcədə işdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Kollegiya hesab edir ki, 30 manatı Cavabdeh1, 20 manat isə Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(043)- 1101/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh1 26700 manat, Cavabdeh2 isə 11700 manat alınaraq İddiaçı verilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 205 manat dövlət rüsumunun 170 manat hissəsi Cavabdeh1, 35 manat hissəsi isə Cavabdeh2 alınıb İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 30 manatı Cavabdeh1, 20 manat isə Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.