Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1755/2024 30.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(125)-1813/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, fiziki şəxs İddiaçı VÖEN-i ********** olmaqla xx.xx.2022-ci ildə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
2. ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə 389 nömrəli müqavilə üzrə Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 121 manat ödənilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1100 manat borcun, eləcədə ödənilmiş 31 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 121 manat əvəzin alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin pula ehtiyacı olduğundan qızıl-zinət əşyalarının girov qoyulması müqabilində xx.xx.2023-cü il tarixdə ona 4700 manat borc vermişdir. Cavabdeh borcu qaytarmadığından onun özünün iştirakı ilə girov qoyulmuş qızıl-zinət əşyalarını X2 4100 manata satmışlar. xx.xx.2023-cü il tarixdə cavabdehə 500 manatda vermişdir. Borcu istədikdə cavabdeh imtina etmiş, onu nalayiq küçə söyüşləri ilə təhqir edərək pulu istəməməyi tələb etmişdir. Hətda mobil telefona xx.xx.2023-cü il tarixdə WhatsApp vasitəsilə təhqiramiz səs atmış, eləcədə cəmi 500 manat borcunun qaldığını bildirmişdir. Halbu ki, cavabdehin ona 1100 manat borcu qalmışdır.
5. Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(125)-1813/2024 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməsi; Cavabdeh 1100 (bir min yüz) manat pul, hüquqi yardıma görə ödənilmiş 120 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 385.1, 427.3, 448.1, 739.1, 740.2, 1091.1, 1091.2, 1092.1, maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 217.3, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmamış, bununlada maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, İddiaçı faizə götürdüyü pulu qaytara bilmədiyi üçün borc onun tərəfindən girov qoyulmuş 6400 manat dəyərində qızıl-zinyət əşyaları ilə əvəzləşdirilmişdir. Lakin, buna baxmayaraq bir müddət sonra iddiaçı zəng edərək 1100 manatda tələb etmişdir. O da öz növbəsində buna etiraz edərək bildirmişdir ki, götürdüyü pul ümümilikdə 4700 manat olmuş vəəvəzində 6400 manat dəyərində qızıl-zinyət əşyası girov qoymuşdur. İddiaçı Gəncə Şəhərində yerləşən Univermaqda tanışı olduğunu və qızılların dəyərini hesablada biləcəyini bildirmişdir. Onunla birlikdə univermağa getmiş, iddiaçının tanışı girov qoyulmuş qızıl-zinyət əşyalarının ümumi dəyərinin 4100 manat təşkil etdiyini qeyd etmişdir. O, buna etiraz etmiş və iddiaçıya təklif etmişdir ki, qızılları ona qaytarsın, satıb onun pulunu tam ödəsin. Lakin iddiaçı onun bu təklifiilə razılaşmamış, ona hədə qorxu gəlmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş əl yazmalı qəbzdəndə müəyyən etmək olar ki, iddiaçı öz xətti və imzası ilə qeyd etmişdir ki, ona 4700 manat məbləğində pulu aylıq 11 faizə sələmə vermişdir. Məhkəmə iclasında da iddiaçı etiraf edərək bildirmişdir ki, qəbzi o yazmış, lakin orada aylıq 11 faiz sözünü o yazmamışdır. Qızıl-zinyət əşyalarının bazar dəyəri qiymətləndirilmədən məhkəmə qərar qəbul etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçıdan yalnız 4700 manat borc almış, bunun müqabilində qızılzinət əşyalarını girov qoymuşdur. Aldığı borcu ödəyə bilmədiyi üçün qızılların satılmağı ilə bağlı razılığa gəlsələrdə iddiaçı qızılları dəyərindən aşağı qiymətə, yəni, 4100 manata satmışdır. Halbu ki, girov qoyduğu qızılların dəyəri borcun ödənilməsinə yetərliydi. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı X4 Cavabdeh sonuncu tərəfin girov qoyduğu qızıl-zinət əşyaları müqabilində 4700 manat, daha sonra isə 500 manat borc vermişdir. Tərəflərin razılığı əsasında sonradan girov qoyulmuş qızıl-zinət əşyaları satılmış və əldə olunmuş 4100 manat borcun ödənilməsinə yönəlmişdir. 1100 manat borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
31. İddiaçı cavabdehə ilkin olaraq 4700 manat, daha sonra isə 500 manat borc verməsini, cavabdeh isə 6400 manat dəyərində qızıl-zinət əşyalarının girov qoyulması müqabilində iddiaçıdan ümumilikdə 4700 manat borc almasını iddia edir. İddiaçının deməsinə görə cavabdehin ona 1100 manat borcu qalmış, cavabdeh isə faizə götürdüyü pulu qaytara bilmədiyi üçün girov qoyulmuş 6400 manat dəyərində qızıl-zinyət əşyaları ilə borcu əvəzləşdirildiyini bildirir.
32. Cavabdeh iddiaçıdan ümumilikdə 4700 manat almasını qeyd etsədə, lakin apellyasiya icraatı zamanı şə əlavə olunmuş DVD diskdə olan səs yazısı dinlənilərkən (həmin danışıqların tərəflərə aid olması mübahisələndirilmədi) müəyyən olundu ki, Cavabdeh İddiaçı 500 manat almasınıda etiraf edir.
33. Göründüyü kimi İddiaçı Cavabdeh ümumilikdə 5200 manat borc verməsi sübut olur. Girov qoyulmuş qızıl-zinət əşyalarının 4100 manata satılmasıda işin mübahisəsiz halıdır. Belə olan təqdirdə cavabdehin ödənilməmiş 1100 manat borcu qalır. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 373, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(125)-1813/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.