Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1757/2023 27.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: uşağın bir valideyndən alınıb digərinə verilməsi) Hakim Süleymanov Loğman Srac oğunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-2884/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Yaşar, xx.xx.2018-ci il təvəllüdlü Bahar adlı uşaqları doğulmuşdur.
2. 2018-ci ildə tərəflərin ailə münasibətləri pozulmuş və ayrı yaşamağa başlamışlar. Hazırda iddiaçı qızı Baharla birlikdə Ağdam rayonunda, cavabdeh isə oğlu Yaşarla birlikdə Qazaxıstan Respublikasının Uralsk şəhərində yaşayır.
3. İddiaçı Azərbaycan Respublikasının, cavabdeh və uşaqlar isə Qazaxıstan Respublikasının vətəndaşlarıdır.
4. Qərbi Qazaxıstan vilayətinin X1 İşləri üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəməsinin 09 noyabr 2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü azyaşlı Sadıqov Yaşar oğlunun yaşayış yeri atası Cavabdeh yaşayış yeri müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazaxıstan Respublikasının Uralsk şəhərində 2016-cı ildə qeydə alınmış nikahlarının pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Yaşarın cavabdehdən alınıb ona verilməsi, hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat aliment tutulması, ona və uşaqlarına aid sənədlərin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, hazırda cavabdehlə ayrı yaşayırlar. Oğlu Yaşar atasının, qızı Bahar isə onun yanındadır. Nikah və uşaqların doğum haqqında şəhadətnamələri cavabdehdə qaldığından məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh həmin sənədləri verməkdən imtina edir
7. İddiaçı məhkəmə iclasında verdiyi izahatında, həmçinin bildirmişdir ki, oğlu Yaşar atası tərəfindən onun icazəsi olmadan aparılıb, hazırda uşağın haraya aparılmasını bilmir. Cavabdehlə əlaqə yarada bilmədiyindən uşağın taleyi ilə bağlı narahatdır. Uşağın təcili tapılmasını və bu hissədə iddiasının təmin edilməsini tələb edir, iddianın digər hissələri (nikahın pozulması və aliment) ilə bağlı isə məhkəməyə daha sonra ərizə verəcəkdir.
8. İş üzrə alınmış Ağdam Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 28 noyabr 2018-ci il tarixli, 128 saylı rəyində qeyd olunmuşdur ki, iddiaçı Ağdam rayonu Paşabəyli kəndində 1 uşağı ilə birlikdə atasına məxsus mətbəxi ayrı olmaqla 4 otaqlı evdə yaşayır. Evdə otaqlar çox səliqəli olmaqla, zəruri məişət əşyaları ilə təmin olunmuşdur. İddiaçının uşaqlarını saxlamaq və böyütmək üçün hər şəraiti vardır. Cavabdeh isə Qazaxıstan Respublikasının vətəndaşıdır. Oğlu xx.xx.2016-cı il təvəllüdlü Yaşar ilə birgə ölkə ərazisində olmadığı üçün onun evinin həyat şəraitinin müayinə olunması mümkün olmamışdır. Uşaqların 10 yaşı tamam olmadığından fikirləri alınmamışdır. Tərəflərin birgə nikahından doğulmuş hər iki uşağın iddiaçının himayəsində qalması məqsədəmüvafiq hesab edilir.
9. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)-2884/2018 nömrəli, 26 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakim Elşad Bayramov) iddia nikahın pozulması və aliment tələblərinə dair hissədə baxılmamış saxlanılmış, eyni tarixli qətnamə ilə iddia uşaq tələbi hissəsində təmin edilərək, xx.xx.2016cı il təvəllüdlü Yaşarın cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddiaçının izahatı, qəyyumluq və himayə orqanının rəyi və işdə olan digər sənədlər əsasında iddianın təmin olunması qənaətinə gəlmiş və bu qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 50.3, 61.1-61.3-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 18- ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh və azyaşlı oğlu Qazaxıstan Respublikasının vətəndaşı olduğundan birinci instansiya məhkəməsinin bu işə baxmaq səlahiyyəti olmamışdır. Çünki Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyi onlara aid deyil. Digər tərəfdən, iddiaçı uşağın doğum haqqında şəhadətnaməsini təqdim etmədiyi halda, məhkəmə iddia ərizəsini icraata qəbul etmiş, lakin işə baxılması barədə ona lazımi qaydada məlumat verməmiş, işə onun iştirakı olmadan yalnız iddiaçının arqumentləri əsasında baxmışdır. Bundan başqa, azyaşlı oğlu Vüsalın yaşayış yerinin müəyyən edilməsi ilə bağlı Qazaxıstan Respublikasında iddiaçıya qarşı qaldırdığı iddiası Qərbi Qazaxıstan vilayətinin X1 İşləri üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı (apellyasiya şikayətinə əlavə olunmuşdur) ilə təmin edilmiş və məhkəmə tərəfindən uşağın mənafeyi ilə bağlı bütün hallar ətraflı öyrənilmişdir. Məhkəmə isə uşağı ananın himayəsinə verərkən onun Ağdam rayonu Paşabəyli kəndində valideynlərinin evində yaşamasını, onlardan asılı olmasını, heç yerdə işləməməsini, özünü və ailəsini dolandırmaq üçün maddi imkanının olmamasını nəzərə almamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin Qazaxıstan Respublikasında icrasına icazə verilməsi barədə vəsatət qaldırmış, lakin Uralsk Şəhər 2 saylı Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə vəsatəti təmin edilməmiş, əsas kimi vəsatətə əlavə edilmiş sənədlərdə cavabdehin məhkəməyə çağırılması, məhkəmə aktının surətinin ona verilməsini təsdiq edən heç bir sənəd olmadığı göstərilmişdir. Hazırda əleyhinə çıxmış həmin qanunsuz qətnamə səbəbindən oğlu ilə birlikdə Azərbaycana qayıda bilmir, hesab edir ki, qətnamənin icrası ilə bağlı oğlu psixoloji travmaya məruz qala bilər.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2228/22 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Ə.Abdullayev və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırda azyaşlı uşaqların analarından və bir-birindən ayrılması üçün heç bir müstəsna şərait mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.9-cu maddəsinin tələbləri baxımından cavabdehin Qazaxıstan Respublikasının vətəndaşı olması səbəbindən Ağdam Rayon Məhkəməsinin bu işə baxmamaq səlahiyyətinin olmaması barədə dəlil də əsassızdır.
Kassasiya instansiya məhkəməsində icraat
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, apellyasiya məhkəməsi Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərinin məhkəmə aktlarına hüquqi qiymət verməmiş, azyaşlının Qazaxıstan Respublikasının Uralsk şəhərində anadan olmasını, bu ölkənin vətəndaşı olmasını, uşağın və cavabdehin maraqlarını nəzərə almamış, vəziyyəti düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşaqla bağlı Ağdam Rayon Məhkəməsinin qətnaməsinin icrasına təsir göstərə bilməyəcəyindən məhkəmənin Ailə Məcəlləsinin və MPM-in müvafiq maddələrinə istinadı formal xarakter daşıyır. Sözügedən qətnamə əslində uşağın Azərbaycan Respublikasına gəlişinə və anası ilə əlaqə saxlamasına maneədir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.Q.Hüseynov, hakimlər Ə.G.Nurməmmədov və Z.B.Babayevdən ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2228/22 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
18. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə icraatının həyata keçirilməsinin konstitusiya prinsiplərindən biri olan (§ 21) çəkişmə prinsipinə görə MPM-də başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Belə ki, əgər işə baxılarkən cavabdehin işdə göstərilən ünvanda (o cümlədən rəsmi qeydiyyatda olduğu ünvanda) yaşamadığı müəyyən edildikdə və onun başqa ünvanda (ölkədə) yaşadığı iş materiallarından bəlli olduqda, lakin ona məhkəmə bildirişinin rəsmi qaydada verilməsi mümkün olmadıqda, məhkəmə tərəfin məhkəmə iclasları barədə məlumatlandırılması və onu iddiaya münasibətinin öyrənilməsi üçün həmin ölkəyə məhkəmə tapşırığının verilməsi barədə məsələni işdə iştirak edən şəxslərlə müzakirə etməlidir. Məhkəmənin istinad etdiyi qəyyumluq və himayə orqanın rəyi natamam olmaqla, valideynlərdən yalnız birinin həyat şəraiti müayinə olunmuş, uşağın mənafeyi baxımından hansı valideyninin yanında qalmasının daha məqsədəmüvafiq olması ilə bağlı mövqe əsaslandırılmamışdır. Buna baxmayaraq, məhkəmə işin baxılmasını yekunlaşdıraraq, uşağın iddiaçının himayəsinə verilməsi qənaətinə gəlmişdir.Halbuki, uşağın maraqlarının ən üstün şəkildə müdafiəsini təmin etmək üçün məhkəmənin bu qərarın 64-65-ci paraqraflarında göstərilən xüsusatların müəyyən edilməsi məqsədilə uşağın və cavabdehin yaşadığı Qazaxıstan Respublikasının məhkəmələrinə məhkəmə tapşırığı vermək imkanı olmuş, lakin məhkəmə qeyd olunan prosessual imkandan istifadə etməmiş, işdə iştirak edən şəxslərlə bu barədə hər hansı müzakirə aparmamış, bununla da, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
19. İş üzrə İddiaçı və Ağdam Rayon Qəyyumluq və Himayəçilik orqanına işə baxılmanın vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyasının iclasında onun işdə olan telefon nömrəsi ilə əlaqə saxlanılmış və bildirilmişdir ki, məhkəmə bildirişi onlara çatmışdır və məhkəmə iclasından məlumatlıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının və Ağdam Rayon Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-2884/2018 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edən suallarına cavab olaraq bildirdi ki, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi çatıb, həmçinin bildirdi ki, iddiaçı ilə cavabdehin arasında olan nikah pozulmuşdur. Tətbiq edilən hüquq 21.Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 60, İİ hissə. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Maddə 60, İİİ hissə. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. 21. Maddə 127, Vİİ hiss. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 49.2-49.3. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Maddə 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağınrazılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 58.1-58.2. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 23.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Bənd 7.3. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-in 97ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 385.1, 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.2, 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
Apellyasiya baxışının hədləri 25.MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 27.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-2884/2018 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Cahan və xx.xx.2018-ci il təvəllüdlü Bahar adlı uşaqları doğulmuşdur. 2018-ci ildə tərəflərin ailə münasibətləri pozulmuş və ayrı yaşamağa başlamışlar. Tərəflərin arasında olan nikah Uralsk şəhər 2 saylı məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə pozulmuşdur. Hazırda iddiaçı qızı Baharla birlikdə Ağdam rayonunda, cavabdeh isə oğlu Yaşarla birlikdə Qazaxıstan Respublikasının Uralsk şəhərində yaşayır. Hazırda iddiaçı Azərbaycan Respublikasının, cavabdeh və uşaqlar Qazaxıstan Respublikasının vətəndaşlarıdır. 28.Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Qazaxıstan Respublikasının vətəndaşı olmaqla, hazırda azyaşlı oğlu Yaşarla birlikdə Qazaxıstan Respublikasının Uralsk şəhərində yaşayır. 29.İddia ərizəsində iddiaçı tərəfindən cavabdehin Qazaxıstan Respublikasının Uralsk şəhərində qeydiyyatda olduğu barədə məlumat qeyd edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində son bir həftəyədək cavabdeh və uşaqları ilə birlikdə həmin şəhərdə yaşadıqlarını bildirmişdir. İddia ərizəsində cavabdehin yaşadığı ünvan kimi ünvan 1işləri cavabdehin ünvanda yaşamadığı səbəbindən rabitə orqanı tərəfindən geri qaytarılmışdır. 30.Nəzərə alınmalıdır ki, məhkəmə icraatının həyata keçirilməsinin konstitusiya prinsiplərindən biri olan çəkişmə prinsipinə görə MPM-də başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 31.Çəkişmə prinsipi məhkəmənin üzərinə tərəflərin məhkəmə iclasında mütləq iştirakını təmin etmək vəzifəsini qoymasa da, məhkəmə baxışının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərin lazımi qaydada məlumatlandırılması məhkəmənin birbaşa vəzifələri sırasındadır. 32.Birinci instansiya məhkəməsi işə prosessual qanunvericiliyinn yuxarıda qeyd edilən tələblərini pozaraq, işə cavabdehi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etmədən, onun iştirakı olmadan baxılmışdır ki, bu hal isə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas verir. 33.Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinə müvafiq olaraq hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmçinin, müəyyən edir ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
34. Ailə qanunvericiliyinin sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. 35.Kollegiya Yaşar adlı uşağın valideynlərinin mənəvi və sair keyfiyyətlərini, ayrıldıqları vaxtdan uşağa münasibətlərini, uşağın tərbiyəsi və inkişafı üçün hansının daha yaxşı şərait qurmaq imkanının olmasını və iş üzrə digər diqqətəlayiq halları nəzərə alaraq, hesab edir ki, uşağın atasının yanında qalması onun mənafeyinə daha uyğundur.
36. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin azyaşlı oğlu Yaşarın yaşayış yerinin müəyyən edilməsi ilə bağlı Qazaxıstan Respublikasında iddiaçıya qarşı qaldırdığı iddiası Qərbi Qazaxıstan vilayətinin X1 İşləri üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilmiş və məhkəmə tərəfindən uşağın mənafeyi ilə bağlı bütün hallar ətraflı öyrənilmiş, azyaşlı uşağın yaşayış yeri atasının yaşayış yeri müəyyən edilmişdir. 37.Həmin Qərar ilə müəyyən edilmişdir ki, 2018-ci ildən bu günə kimi iddiaçı (yəni Cavabdeh) oğlu Yaşarı tək başına böyüdür və Uralsk şəhəri, mk-i ev 27, m.34 ünvanında yaşayırlar. Göstərilən vaxtdan cavabdeh uşağın talehi ilə maraqlanmamış, onun tərbiyəsində və saxlanılmasında iştirak etməmişdir. Yaşar 24 saylı tam orta məktəbin şəhadətnaməsinə əsasən xx.xx.2019-cu il tarixindən etibarən ,,Balbulak,, mini mərkəzinə baş çəkir. İddiaçının yaşayış yeri üzrə xx.xx.2020-ci il tarixli yaşayış şəraitinin yoxlanılması aktı ilə müəyyən edilir ki, uşaq firavan mühitdə yaşayır və böyüyür, onun inkişafı üçün hər cür şərait yaradılıb və ailədə münasibətlər mehribandır. Qəyyumluq orqanının nümayəndəsi Şotpanova A-nın qənaətindən müəyyən edilir ki, uşağın atasına, eləcə də qohumlarına emosional bağlılığı vardır. İddiaçı CavabdehS yaşayış yeri və iş yeri ilə müsbət xarakterizə olunur, heç bir yerdə qeydiyyatda deyildir,azyaşlı Yaşarın onunla yaşamasının maraqlarına zidd olması və ya onun həyat sağlamlığına, habelə psixi vəziyyətinə xələl gətirə biləcəyinə dair iş materiallarında heç bir sübut yoxdur. 38.Göründüyü kimi, Qərbi Qazaxıstan vilayətinin X1 İşləri üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə azyaşlı Yaşarın yaşayış yeri müəyyən edilmiş və həmin qərar qəbul edilərkən uşağın mənafeyi nəzərə almış, atasına bağlılığı müəyyən edilmiş, onun atası ilə yaşamasının maraqlarına zidd olması və ya onun həyat sağlamlığına, habelə psixi vəziyyətinə xələl gətirə biləcək bir hal müəyyən edilməmişdir. Digər tərəfdən, azyaşlı Yaşar Qazaxstan vətəndaşı olmaqla, 2018-ci ildən atasının himayəsində yaşayır və orada təhsil alır. 39.Məhkəmə kollegiyası qeyd edir ki, uşaqlarla bağlı məsələlərdə ən başlıca prinsip uşağın üstün maraqlarının qorunması prinsipidir. Ailə münasibətləri ilə bağlı məsələrlərdə ana ilə atanın marağı fərdi maraq kimi çıxış etsə də, uşağın marağı ictimai maraqdır və ən vacibi onun təmin edilməsidir. Burada əsas məqsəd uşağın daimi olaraq sevgi və qayğını, nəvazişi hiss etməsi, onun mədəni, hərtərəfli inkişaf etməsi, təhsili, sağlamlığı, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. 40.Hazırkı halda isə Yaşar adlı uşağın üstün maraqları və mənafeyi baxımından, onun atasının himayəsində saxlanılması məqsədəmüvafiqdir. 41.Məhkəmə kollegiyası onu da qeyd edir ki, Yaşar adlı uşağın atasının yanında saxlanması İddiaçı valideynlik hüquqlarını həyata keçirmək, uşaqla ünsiyyətdə olmaq, onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olmaq hüququndan məhrum etmir. 42.Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-2884/2018 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
Apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-2884/2018 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı xx.xx.2016-cı il təvəllüdlü X2 cavabdehdən alınaraq onun himayəsinə verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.