Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-176/2025 08.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması; kreditorun zaminə qarşı tələb hüququna xitam verilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2(058)-512/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******MK301219-01 saylı bank hesabı və kredit müqaviləsindən görünür ki, borcalana 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2600 manat kredit verilmişdir (kredit müqaviləsində texniki yanlışlığa yol verilərək müqavilənin tarixi xx.xx.2017-ci il qeyd edilmişdir, əslində isə kredit müqaviləsi xx.xx.2019-cu il tarixli olmuşdur; belə ki, kredit müqaviləsinin ilk abzasında kreditor (səlahiyyətli nümayəndəsi) və borcalan barədə məlumatlar göstərilmişdir və həmin məlumatlarda borcalanın şəxsiyyət vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verilmiş olduğu qeyd edilmişdir; odur ki, bu barədə cavabdeh tərəfin arqumentləri əsassız olmuşdur);
2. xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi kreditor İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır (zaminlik müqavilələrində texniki yanlışlığa yol verilərək müqavilənin tarixi xx.xx.2017-ci il qeyd edilmişdir, əslində isə müqavilə xx.xx.2019-cu il tarixli olmuşdur; belə ki, zaminlik müqaviləsinin ilk abzasında kreditor (səlahiyyətli nümayəndəsi) və borcalan barədə məlumatlar göstərilmişdir və həmin məlumatlarda bankın filial diektorunun şəxsiyyət vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verilmiş olduğu qeyd edilmişdir);
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli 9/125 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli ***-*******MK301219-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 30 iyun 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) LPO İddiaçı ASC-yə 2364,82 manat əsas, 877,35 manat faiz borcu olmaqla, cəmi 3242,17 manat təşkil edir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə 30 dekabr 2019-cu il tarixli 014- 7218773MK301219-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 2365.26 manat əsas, 1265.77 manat faiz, 5.08 manat cərimə və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5 faiz hesablanmış faiz borcunun, cəmi 3831.47 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58.31 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC-nin Gəncə filialı arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli ***-*******MK301219-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2600 manat kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında 30 dekabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh3 30 dekabr 2019-cu il tarixli ***-*******MK301219-01 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2023-cü il tarixə banka, 2365.26 manat əsas, 1265.77 manat faiz borcu, 5.08 manat cərimə və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5 faiz hesablanmış borcu, cəmi 3831.47 manat məbləğində borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi və 07 mart 2023-cü il tarixli **********755 nomrəli bildirişlərlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2020-ci il tarixdə isə banka 159 manat ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır.
6. Samux Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2(058)-512/2024 nömrəli qətnaməsi ilə (hakim Tərifə Kərimova) iddia təmin edilərək, 30 dekabr 2019-cu il tarixli ***- *******MK301219-01 nömrəli kredit müqaviləsi üzrə 2365.26 manat əsas borc, 1265.77 manat faiz borcu, 5.08 manat cərimə və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5 faiz hesablanmış faiz borcu, cəmi 3831.47 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58.31 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 470.1, 472.1 və 739-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, iddianın qismən təmin edilməsini, ondan 2365.26 manat əsas borc, ekspert rəyinə əsasən faiz borcunun tutulması və iddianın qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onunla İddiaçı ASC-nin Gəncə filialı arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli ***-*******MK301219-01 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən ona 18 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 2600 kredit verilmişdir. Ona kredit verilərkən 30 dekabr 2019-cu il zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin krediti götürməkdə məqsədi fermer təsərrüfatı ilə məşğul olmaq idi. Götürdüyü krediti banka bir neçə ay ödəsə də sonradan fermada 15 başdan çox heyvanın xəstələnərək ölməsi, ölkədə mövcud olan pandemiya ilə əlaqədar işsizlik olması və arvadı Vüsalə Qasımovanın onkoloji xəstəlikdən əziyyət çəkməsi, onun müalicəsinə sərf olunan vəsait maddi vəziyyətini çətin vəziyyətə salmışıdır. Odur ki, həmin vaxtdan bəri götürdüyü krediti davamlı formada ödəyə bilməmişdir. Nəticədə bank onu məhkəməyə vermiş və Samux Rayon Məhkəməsinin qətnaməsinə əsasən bankın iddiası təmin edilmiş, ondan və digər cavabdehlərdən müştərək qaydada 2365.26 manat əsas, 1265.77 manat faiz, 5.08 manat cərimə və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5 faiz ümumilikdə 3831.47 manat borc pulun tutulması qət edilmişdir. Əlbəttə ki, məhkəmənin qətnaməsini qanuni hesab etmir. Belə ki, əsas kredit məbləğinə hesablanmış faiz borcu həddindən artıq şişirdilmişdir. Bu səbəbdən də məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edir. Əsas borcu ödəməkdən boyun qaçırmır, lakin əsas borca hesablanmış 1265.77 manat faiz, 5.08 manat cərimə və illik 5 faiz 195.36 manat borc artıq hesablanmışdır. Eyni zamanda onu da qeyd edir ki, bank zaminlərə qarşı iddia müddətini ötürmüşdür. İddiaçı bank qeyri-qanuni hərəkətləri nəticəsində ondan əsassız illik 5 faiz məbləğ, şişirdilmiş faiz dərəcəsi istəyir. Halbuki, məhkəmə işə baxan zaman onun və zaminlərin hüquqlarının tam təmin olunub-olunmamasını araşdırmalı idi. Məhkəmə prosesi onun iştirakı olmadan keçirilmişdir. Hesab edir ki, məhkəmədə iştirakı təmin edilməli idi. Çünki, ona işə baxılması barədə heç bir məlumat verilməmişdir. Bununla da mən məhkəmədə öz arqumentlərini göstərə bilməmişdir. Məhkəmənin çəkişmə prinsipi pozulmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən müqavilələrin əsillərini tələb etməmiş, yalnız sənədlərin surətləri əsasında qətnamə qəbul etmiş, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin müqavilənin tarixi düzgün qeyd edilməmiş, texniki səhv olub-olmaması aydınlaşdırılmamışdır.
12. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, bank ləğv olunma prosesində olduğu üçün bütün arxiv sənədləri Əmanətlərin Sığortalanması Fonduna təhvil verilmişdir. Müqavilənin tarixini dəqiqləşdirmək üçün qeyd olunan sənədlərə baxış keçirilməsi zəruridir.
13. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə verərək qeyd etmişdir ki, «xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında məzuniyyətdə olduğu üçün iştirak edə bilməyəcək. Yekun məhkəmə aktı çıxarılacağı təqdirdə əvvəlki məhkəmə prosesində verdiyi izahatını və vəsatətini müdafiə edir. Yenə də qeyd edir ki, birinci instansiya məhkəməsi tələbi təsdiq edən sənədlər olmadan, heç bir sübüt olmadan iddiaçı bankın xeyrinə təmin etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir». Digər proses iştirakçıları isə məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
18. Maddə 443. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
19. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
23. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
24. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
25. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
26. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 384.0.3 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia təmin edilmiş və borclu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni kredit müqaviləsi üzrə faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tutulması hissələrdə mübahisələndirmişdir. Belə olan halda hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin edilmiş hissəsi üzrə qətnamənin əsaslılığı və qanuniliyi yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «30 dekabr 2019-cu il tarixli ***- *******MK301219-01 nömrəli kredit müqaviləsi üzrə 2365.26 manat əsas borc, 1265.77 manat faiz borcu, 5.08 manat cərimə və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5 faiz hesablanmış faiz borcu, cəmi 3831.47 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58.31 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməli, həmçinin qətnamə «30 dekabr 2019-cu il tarixli ***-*******MK301219-01 nömrəli kredit müqaviləsi 1265.77 manat faiz borcu, cəmi 3831.47 manat Cavabdeh3, tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi» hissədə dəyişdirilməli, Cavabdeh3 kredit müqaviləsi üzrə faiz borcu 877.35 manat məbləğində, cəmi tutulmalı borc məbləği isə 3443,05 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******MK301219-01 saylı bank hesabı və kredit müqaviləsi əsasında borcalana 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2600 manat kredit verilmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditorla zaminlər , Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Buna baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Kreditor tərəfindən borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor bank hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
43. İlk növbədə qeyd edilməlidir ki, kreditor həm borcluya, həm də zaminlərə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə tələb irəli sürmüşdür. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, borclu və zaminlərə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığına dair ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilkin olaraq qətnamənin borcluya münasibətdə əsaslığı yoxlanılmalıdır.
44. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2019-cu il tarixli ***-*******MK301219-01 saylı kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda borcludan əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Borclu tərəf kredit müqaviləsinin surəti əsasında birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilməsi barədə arqument irəli sürsə də, lakin apellyasiya baxışı zamanı kreditor bank tərəfindən kredit və zaminlik müqavilələrinin əsli məhkəməyə təqdim edildiyindən kollegiya bu arqumenti əsassız samışdır. Bununla belə, borclu kredit müqaviləsi üzrə əsas borc məbləğini qəbul etmiş, faiz, cərimə və gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun əsassız hesablandığını bildirmişdir.
45. Kollegiya qeyd edir ki, faiz borcunun hesablanması məsələsinin həlli mühasibatlıq əməliyyatları aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
46. Nəzərə almaq lazımdır ki, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır (Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 1-ci maddəsi)
47. Ümumiyyətlə, mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
48. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli 9/125 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli ***-*******MK301219-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 30 iyun 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) LPO İddiaçı ASC-yə 877,35 manat faiz borcu vardır.
49. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
50. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
51. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir.
52. Göründüyü kimi, kredit müqaviləsi üzrə faiz borc məbləği 877,35 manat olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən borcludan 1265,77 manat faiz borcu tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz borcuna dair hissədə dəyişdirilməli və müqavilə üzrə faiz borc məbləği 877,35 manat müəyyən edilməlidir.
53. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
54. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
55. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
56. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
57. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, 5,08 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.
58. Bundan əlavə, kreditor borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələb etməkdə də haqlıdır.
59. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
60. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı).
61. Hazırkı işin hallarından görünür ki, kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, lakin borclu həmin tarixə iddiaçıya qaytarmalı olduğu borcunu ödəməmişdir. Bu halda borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması qanuni və əsaslı sayılır.
62. Beləliklə, kredit müqaviləsi üzrə faiz borcunun məbləği dəyişdirildiyindən cəmi borc məbləği hissədə də qətnamə dəyişdirilərək kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı bankın xeyrinə tutulmalı cəmi borc məbləği 3443,05 manat müəyyən edilməlidir.
63. Lakin, məhkəmə kollegiyası hesab edir ki, digər cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh2 aid hissədə iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
64. Belə ki, kreditor İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinin 6.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə bağlandığı andan qanuni qüvvəyə minir və öhdəlik tam yerinə yetirilənə qədər qüvvədə qalır.
65. Kollegiya hesab edir ki, zaminlik müqavilələrinin 6.1-ci bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir.
66. «Zaminlik müqaviləsi öhdəlik tam yerinə yetirilənədək qüvvədə qalır» ifadəsi isə zaminlik müqavilələrinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.
67. Bu baxımdan kollegiya hesab edir ki, kreditor İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələr üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.
68. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan başa çatdığıdır. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh3 kredit müqaviləsində razılaşdırmışlar ki, borcalan aldığı krediti 18 ay müddətində, yəni xx.xx.2021-ci il tarixə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, kreditor bank zaminlərə qarşı xx.xx.2022-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
69. Göstərilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyin icrasına görə məsuliyyət daşımırlar. Ona görə də iddianın onlara münasibətdə təmin edilməsi yolverilməzdir.
70. Birinci instansiya məhkəməsi isə mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin faktiki hallarını nəzərə almadan cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh2 aid hissədə də iddianı təmin edərək həmin hissədə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir.
71. Bundan əlavə, apellyasiya baxışı zamanı keçirilmiş mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin vəsait Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
72. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2(058)-512/2024 nömrəli qətnaməsi «30 dekabr 2019-cu il tarixli ***-*******MK301219-01 nömrəli kredit müqaviləsi üzrə 2365.26 manat əsas borc, 1265.77 manat faiz borcu, 5.08 manat cərimə və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5 faiz hesablanmış faiz borcu, cəmi 3831.47 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58.31 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Qətnamə «30 dekabr 2019-cu il tarixli ***-*******MK301219-01 nömrəli kredit müqaviləsi 1265.77 manat faiz borcu, cəmi 3831.47 manat Cavabdeh3, tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi» hissədə dəyişdirilsin. Kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə faiz borcu üzrə tutulan məbləğ 877.35 (səkkiz yüz yetmiş yeddi manat otuz beş qəpik) manat, cəmi tutulmalı borc məbləği isə 3443,05 (üç min dörd yüz qırx üç manat beş qəpik) manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.