Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1771/2024 28.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(076)-791/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 14 iyun 2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 115 manat dövlət rüsumu ödəmişdir.
2. 04 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardadn görünür ki, Cavabdeh 10 000 manat puldan 500 manatını Elşada geri qaytarmış, qalan 9500 manat pulu qaytarmadığını etiraf etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 9500 manat və ödənilmiş 115 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh başqa bir şəxs vasitəsilə tanımış və onun "X6 Nur" MMC-də rəis müavini işlədiyini bildirmişdir. Aralarında olan razılığa əsasən cavabdeh ona Qazax rayonun Xanlıqlar kəndində su quyusu qazmalı idi. Həmin quyunun qazılmasını Cavabdehla 10.000 manata razılaşmışdır. Razılaşdırılmış pulun 5000 manatını 2022-ci ilin mart ayında, 5000 manatını isə 2022-ci ilin aprel ayında Cavabdeh vermişdir. Pul ödəndikdən sonra Cavabdeh su quyusunu qazmalı olduğu halda, lakin hazırkı vaxtadək quyunu qazıb təhvil verməmişdir. Ödədiyi pulun qaytarmasını tələb etdikdə isə 10.000 manat puldan 500 manat qaytarmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh 9500 manatı qaytarmaqdan boyun qaçırmışdır. Şəmkir rayon polis şöbəsinə müraciət etmiş, lakin cavabdehin əməlində cinayətin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Həmin qərarlada təsdiq olur ki, cavabdeh ona 9500 manat qaytaracağını etiraf etmişdir.
5. Şəmkir Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(076)-791/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia təmin edilməsi; Cavabdeh 9500 (doqquz min beş yüz) manat pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 115 (yüz on beş) manat müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 121.1 və 216-220 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. “X6 Nur” MMC-də rəis müavini vəzifəsində işləyir və məhkəmənin qəbul etdiyi qətnamə ilə razı deyil. Belə ki, iddiaçının qeyd etdiyi sübutlar reallığı əks etdirmir. İddiaçı onun “X6 Nur” MMC də rəis müavini işlədiyini bilərək ona müraciət etmişdir. Lakin pul verərkən tərəflərin artezian qazılması üçün şirkətlə rəsmi müqavilə bağlanmasını tələb etməmişdir. Pulun harda verilməsi və hansı formada verilməsi sual doğuran məqamlardır. Onun İddiaçı ilə heç bir sövdələşməsi və borcla əlaqədar heç bir öhdəliyi mövcud olmamışdır. İddiaçı onun barəsində polisə şikayət etdiyini bildirmiş ancaq məhkəməyə sübüt təqdim etməmişdir. Bu səbəbdən qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, borcun yaranma səbəbi və kim tərəfindən verilməsi tam araşdırılmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan qətnəmə qəbul etmişdir. Qətnamə ünvanına gəldikdə onun məlumatı olmuşdur. Qətnamə prosesual pozuntulara yol verilməklə qəbul edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 10000 manat puldan 500 manat qaytarmış, daha sonra isə iddiaçıya 3500 manat ödənilmişdir. Ümumilikdə 4000 manat qaytarılmışdır. Nümayəndəsonda apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh su quyusunu aldığı 10000 manat müqabilində 3 aya təhvil verməli olduğu halda bunu etməmişdir. Atası İddiaçı cavabdehə vermiş olduğu 10000 manatı geri tələb etdikdə isə sonunci 500 manat qaytarmış, qalan məbləği qaytarmaqdan imtina etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Hər iki tərəf məhkəmə iclasında nümayəndələri vastəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qazax rayonun Xanlıqlar kəndində iddiaçıya məxsus torpaq sahəsində su quyusu qazılması barədə razılıq əldə olunmuş, bu məqsədlədə İddiaçı Cavabdeh 2022-ci ilin mart-aprel aylarında, yəni iki dəfəyə 10000 (5000+5000=10000) manat vermişdir. Razılaşdırılmış müddətdə cavabdeh götürdüyü öhdəliyi, yəni su quyusunu qazıb iddiaçıya təhvil vermədiyindən, sonuncu vermiş olduğu pulu geri tələb etmiş, cavabdeh həmin məbləğdən 500 manat qaytarsada, qalan 9500 manatı qaytarmaqdan imtina etmişdir. Ona görədə iddiaçı hazırkı iddia ilə məhkıəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.
29. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “iddiaçının qeyd etdiyi sübutlar reallığı əks etdirmir, pul verərkən tərəflərin artezian qazılması üçün şirkətlə rəsmi müqavilə bağlanmasını tələb etməməsi, pulun harda verilməsi və hansı formada verilməsi sual doğuran məqamlardır, onun İddiaçı ilə heç bir sövdələşməsi və borcla əlaqədar heç bir öhdəliyinin mövcud olmaması, borcun yaranma səbəbi və kim tərəfindən verilməsinin tam araşdırılmaması, iştirakı olmadan qətnəmə qəbul edilməsi” dəllilərini əsasız sayır və hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
30. Belə ki, artezian quyusunun qazılması üçün iddiaçının cavabdehə 2022-ci ilin mart-aprel aylarında, yəni iki dəfəyə 10000 (5000+5000=10000) manat verməsi işə əlavə olunmuş 04 noyabr 2023-cü il tarixli HK-1/3507 nömrəli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarla da təsdiq olunur. Belə ki, həmin material üzrə izahatı alınarkən Cavabdeh göstərmişdir ki, artizian quyusunun qazılması üçün iddiaçıdan 10000 manat almış, həmin məbləğdən isə 500 manat qaytarmışdır. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi Rinat Hüseynovda izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şəxs artizian quyusunun qazılması üçün iddiaçıdan aldığı 10000 manatdan ilkin olaraq 500 manat, daha sonra isə 3500 manat qaytarmışdır. İddiaçı tərəf isə yalnız 500 manat qaytarılmasını etiraf etmişdir. Cavabdeh tərəf 3500 manat sonradan qaytarılmasını bildirsədə, lakin bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir.
31. Halbu ki, 02 fevral 2024 və 06 mart 2024-cü il tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehə bildirişlər göndərilmiş, 29 mart 2024 və 16 aprel 2024-cü il tarixlərə təyin olunmuş məhkəmə hazırlıq iclasları barədə isə məhkəmə bildirişləri cavabdehin elektron kabnetinə yüklənmış, eləcədə istifadəsində olan ***-***-**-** mobil nömrəyə SMS bildiriş göndərilmişdir. Buna baxmayaraq cavabdeh heç bir məhkəmə iclaslarında iştirak etməmişdir. Eləcədə ona qarşı belə bir iddia qaldırılmasına bildiyi halda işin məhkəmə baxışına təyin olunanadək sübut və vəsatətlərini məhkəməyə təqdim etməmişdir. 3500 manatın sonradan qaytarılmasını təsdiq edəcək sübutu apellyasiya icraatı zamanı da cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir.
32. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq nörmalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, məhkəmə tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(076)-791/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.