Məhkəmə qərarları › İş №2(104)-1777/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1777/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1777/2025 15.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X2 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(021)-769/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş AN853368 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddən görünür ki, Bərdə rayonu Otuzikilər kəndində yerləşən 0,66 ha torpaq shəsi Cavabdeh məxsusdur.

2. 06 iyul 2023-cü il tarixli, AN-İ1145230 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh və X1 mülkiyyətlərində olan 0,66 ha torpaq sahəsini İddiaçı satmışlar.

3. İddiaçı müraciəti əsasında Bərdə rayon Polis Şöbəsində toplanmış materialdan müəyyən olunur ki, İddiaçı təxminən 10 il bundan öncə həmkəndlisi Əhməd adlı şəxsdən 1.8 sot torpaq sahəsi almasını, hal-hazırda həmin torpaq sahəsinə arpa toxumu səpməsini, buna baxmayaraq Əhməd və traktorçu Teyyub adlı şəxslər tərəfindən şumlanması nəticəsində ona maddi ziyan vurulmasını bildirmişdir. Müraciətdə göstərilənlər mülki xarakterli olduğundan ərizəçiyə məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur.

4. Cavabdeh 08 noyabr 2024-cü il tarixdə Bərdə rayon Polis Şöbəsində verdiyi izahatında qöstərmişdir ki, Bərdə rayonu 32-lər kəndində qardaşına və anasına məxsus pay torpağı əkmək üçün 10 il bundan əvvəl İddiaçı 3000 manat pul müqabilində vermişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin dələduzluq yolu ilə ələ keçirdiyi 8000 manat pul və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Otuzikilər kəndində yaşayır. Təxminən 12 il bundan öncə Cavabdeh 3500 manat ödəniş edərək 1 ha torpaq sahəsi almışdır. Qeyd etdiyi torpaq sahəsini cavabdehdən alsa da, lakin cavabdeh ona bildirmişdir ki, torpaq sahəsinin sənədlərində səhvlik olduğunau və sənədləri düzəltdikdən sonra torpağı onun adına rəsmiləşdirəcək. Eləcədə təxminən 2 il bundan öncədə 4000 manat ödəniş edərək cavabdehdən 1 ha torpaq sahəsi almış və həmin torpağa dairdə sənədləşmə aparılmamışdır. Tərpağı alarkən pulun 2000 manatını dayısı oğlu X5 alıb vermişdir. Aalmış olduğu torpaq sahələrini öz adına sənədləşdirmək istəsədə, lakin cavabdeh hər dəfə fərqli bəhanələr gətirərək torpaq sahəsini onun adına sənədləşdirməkdən imtina etmişdir. Sonradan isə ona məlum olmuşdur ki, cavabdehin ona satdığı 2 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan zəbt torpaqdır. İki il bundan əvvəldə cavabdehə 500 manat borc vermişdir. Cavabdehin hərəkətləri barədə Bərdə rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılarkən Cavabdeh ona borclu olduğu 3000 manat pulu etiraf edir.

7. Bərdə Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(021)-769/2025 nömrəli qətnaməsi ilə (hakim B.Məhərrəmov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3000 (üç min) manat, eləcədə dövlət rüsumunun əvəzi qismində 50 manat İddiaçı xeyrinə tutulması; Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi iddiaçı X4 aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.5, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 88, 106.1, 107, 119.1, 191.3, 216-220, 217.4, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmamış, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, həmkəndlisi Şakirlə arasinda olan şifahi razılaşmaya əsasən Şakirin torpağı ilə öz torpağını dəyişmişlər. Torpaq sahəsi Şakirə məxsus olsa da, o öz istifadəsində olan torpaq sahəsini 10 il müddətinə iddiaçıya 3000 manata icarəyə vermişdir. İcarə vaxtının müddəti bitdiyindən həmin torpaq sahəsini qohumunun istifadəsinə vermişdir. Bundan başqa 2023-cü ildə mülkiyyətində olan 0,66 ha torpaq sahəsini 7000 manata iddiaçıya satmış və bu torpaqdan başqa Bərdə rayonu, Otuzikilər kəndində onun mülkiyyətində heç bir torpaq sahəsi olmamışdır. İşə baxan məhkəmə şifahi əqd əsasında icarəyə verdiyi torpaq sahəsi üçün ödənilən 3.000 manatın geri ödənilməsi barədə qətnamə çıxartmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

12. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, təxminən 2012-2013-cü illərdə 2 ha torpaq sahəsini iddiaçıya 10 il müddətə 3000 manata icarəyə vermişdir. İcarə müddəti bitdikdən sonra isə ailə üzvvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş 1,06 ha torpaq sahəsinin 0,66 ha hissəsini iddiaçıya 7000 manata satmış, qalan 50 ha torpağı isə başqa şəxsə satmışdır. 2012-ci ildə iddiaçıya 1 ha torpaq satmamış və nədə iddiaçı buna görə ona 3000 manat verməmişdir. Eləcədə 2016-cı ildə iddiaçıya 4000 manat müqabilində 1 ha torpaq satmamışdır. İddiaçıya 10 il müddətə icarəyə verdiyi 2 ha torpaq sahəsinin bir hissəsi anasına və qardaşına məxsus olmuşdur. İcarə vaxtının müddəti bitdiyindən həmin torpaq sahəsinidə iddiaçıdan alaraq hazırda qohumunun istifadəsinə vermişdir. İddiaçı 500 manat borcda almamışdır. Sonuncu 500 manatı torpağın sənədlərinin düzəldilməsi məqsədilə ona vermişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinin təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 12 il bundan əvvəl cavabdehdən 1 ha torpaq sahəsi almış və bunun müqabilində ona 3500 manat vermişdir. Təxminən iki il sonra cavabdehə vacib pul lazım olduğu üçün 1 ha torpaq sahəsinidə ona 4000 manata satmışdır. Həmin vaxtlar cavabdeh sənədlərin qaydasında olmadığəını demiş və bu səbəbdəndə alğısatqını rəsmləşdirə bilməmişlər. Lakin cavabdehdən 7000 manata aldığı 0,66 ha torpaq sahəsini notarial qaydada rəsmiləşdirmişlər. Cavabdehdən 2 ha torpaq sahəsini icarəyə götürməmişdir. 2012-ci və ondan iki il sonra cavabdehin ona satdığı 2 ha torpaq sahəsi əslində heç onun özünə aid olmayan torpaqlar olmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilr.

15. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

16. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsız hesab olunur.

17. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi; 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsədə, qətnamə iddianın təmin olunması hissədə mübahisələndirilmişdir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı 2012-ci ildə Cavabdeh 3500 manat müqabilində 1 ha torpaq sahəsi, ondan ikil sonra isə 4000 manat müqabilində 1 ha torpaq sahsi almasını, torpağa dair sənədlər qaydasında olmadığından aralarında alğ-satqı müqaviləsinin notarial qaydada aparılmadığını, almış olduğu torpağı təxminən 10 il istifadə etdikdən sonra isə cavabdehin onu həmin torpaq sahələrindən çıxartmasını, eləcədə cavabdeh aldığı 500 manatı borcu qaytarmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddia tələbinın təmin edilməməsi hissədə iddiaçı qətnamədən apellyasiya şikayəti verilməmişdir. İddianın təmin edilməsi hissədə Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

32. Məhkəmə kollegiyasıda qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini mülki iş materialları, eləcədə tərəflərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi mahiyyət etibarıyla düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir.

33. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.

35. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti olan pul vəsaiti daşınmaz əşya sayılan torpaq sahəsinə görə ödənilmişdir. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından bir tərəfin mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

36. Kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144, 157, 329, 394 və 1091-ci maddələri nəzərdən keçirilə bilər və bu qətnamənin 14-19-ciu bəndlərində həmin normalar sadalanmışdır.

37. Qətnamə mübahisələndirilən hissədə İddiaçı Cavabdeh torpaq sahəsinə görə 2012-ci ildə 3000 manat (iddia ərizəsində 3500 manat yazılsada, cavabdeh 3000 manat almasını etiraf edir) verməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı 10 il bundan əvvəl həmin pulu 1 ha torpaq sahəsinin alınmasına, cavabdeh isə 10 il bundan əvvəl 2 ha torpaq sahəsini iddiaçıya icarəyə verdiyinə görə aldığını iddia edir. İddiaçı torpağa görə Cavabdeh 2012-ci ildə 3000 manat verməsi Cavabdeh Bərdə rayon Polis Şöbəsində verdiyi 08 noyabr 2024-cü il tarixli izahatlada təsdiq olunur. Sonuncu həmin izahatında da qeyd etmişdir ki, torpağa görə 10 il bundan əvvəl İddiaçı 3000 manat almışdır.

38. Kollegiya qətnamə mübahisələndirilən hissədə iddiçı İddiaçı dəlilini əsasslı, Cavabdeh dəlilini isə əsaslı saymır.

39. Belə ki, Cavabdeh yuxarıda qeyd olunan belə bir dəlil (2 ha torpağın icarəyə verilməsi) irəli sürsədə, lakin 2 ha torpaq sahəsini 2012-ci ildə 3000 manat müqabilində İddiaçı icarəyə verməsinə dair hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdeh 2012-ci ildə iddiaçıya ümumilikdə 2 ha torpaq sahəsini icarəyə verildiyini qeyd etsədə, lakin apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında ona və ailə üzvlərinə ümumilikdə 1,06 ha torpaq sahəsi verilmiş, onun 0,66 ha hissəsini 2013-cü ildə 7000 manata iddiaçıya satmış, qalan 0,50 ha hissəni isə başqa şəxsə satmışdır. İşin qeyd olunan bu halı isə özlüyündə onu deməyə əsas verir ki, hətta cavabdehin (torpağın icarəyə verilməsi) dediyi nəzərə alınsa belə bu halda sonuncu mülkiyyətində olmayan torpağa görə də iddiaçıdan pul almışdır. Çünki, cavabdehin və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 1,06 ha olmuş, icarəyə verilməsi (eləcədə satın alınması) iddia olunan torpaq sahəsi isə ümumilikdə 2 ha olmuşdur. Cavabdeh mülkiyyətlərinə verilmiş 1,06 ha torpaq sahəsini bütövlükdə özgəninkiləşdirdiyi halda, izahatında qeyd edir ki, icarə vaxtının müddəti bitdiyindən həmin torpaq sahəsini iddiaçıdan alaraq hazırda qohumunun istifadəsinə vermişdir. Göründüyü kimi cavabdehin iddiaçıya icarəyə verildiyini iddia etdiyi torpaq sahəsi faktiki olaraq hazırda başqasının istifadəsindədir. Göründüyü kimi cavabdeh tərəf mübahisə edilən torpağa görə iddiaçıdan 3000 manat almasını etiraf etsədə, lakin həmin məbləği torpağın icarəyə verilməsi müqabilində aldığını sübuta yetirə bilməmişdir.

40. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(021)-769/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh 3000 (üç min) manat İddiaçı xeyrinə tutulması” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar