Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1785/2023 04.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(125)-1520/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(066)-510/2022 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, 11 noyabr 2015-ci il təvəllüdlü X7, 19 mart 2019-cu il təvəllüdlü X4 və 15 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 24 oktyabr 2014-cü ildə el adəti üzrə evlənmiş, nikahlarını isə 31 mart 2016-cı il tarixdə Gəncə Asan Xidmət Mərkəzində rəsmiləşdirmişlər. Birgə nikahlarından 11 noyabr 2015-cı il tarixdə X6, 15 iyun 2017-ci ildə X3 və 19 mart 2019-cu il tarixdə X4 doğulmuşdur. Xasiyyətləri tutmadığı üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(044)-3303/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(066)-510/2022 saylı və Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(104)-1954/2022 saylı qətnamələri ilə cavabdehdən hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uşaqları böyüyür, təlabatları artır, lakin ata uşaqları ilə maraqlanmır, onların saxlanılmasında ancaq təyin olunmuş aliment məbləğindən başqa hər hansı köməklik göstərmir. Cavabdeh fərdi əməklə məşğul olur, onun kifayət qədər qazancı var və o, normal aliment ödəmək iqtidarındadır. Ona görə də birgə nikahlarından doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması üçün Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmiş, buna görə də mediator iddiaçıya cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış verərək məhkəməyə müraciət etməyi bildirmişdir. Ona görə də məcbur olub qanunvericiliyin tələbinə uyğun olaraq hazırkı ərizə ilə məhkəməyə müraciət edərək Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(066)-510/2022 saylı qətnaməsi ilə təyin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(104)- 1954/2022 saylı qətnaməsi ilə qüvvədə saxlanaraq cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(125)-1520/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia qismən təmin edilərək, 11 noyabr 2015-ci il tarixdə anadan olmuş X6, 19 mart 2019-cu il tarixdə anadan olmuş X4 və 15 iyun 2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(066)-510/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 135 manat (yüz otuz beş) pul məbləğində müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 noyabr 2015-ci il tarixində anadan olmuş X6, 15 iyun2017-ci il tarixində anadan olmuş X3, 19 mart 2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 135 (yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə tutulması, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat Cavabdeh İddiaçı xeyrinə tutulması, qətnamənin qanuni qüvvəyə mindiyi gündən icra edilməsi qət edilmişdir. İşdə olan sübutlar: Gəncə ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi təərfindən 17 mart 2016-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 11 noyabr 2015-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Gəncə ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi təərfindən 6 aprel 2019-cu ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 19 mart 2019-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Gəncə ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi təərfindən 26 oktyabr 2018-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 15 iyun 2017-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Gəncə Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən 12 mart 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı 6 yanvar 2021-ci il tarixdə pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(104)-1954/2022 saylı qətnaməsinin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(066)-510/2022 saylı qətnaməsi ilə 11 noyabr 2015-ci il tarixdə anadan olmuş X6, 15 iyun 2017-ci il tarixində anadan olmuş X3, 19 mart 2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, 480 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş və həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(066)- 510/2022 saylı qətnaməsi 27 may 2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 mart 2022-ci il tarixdən Cavabdeh hər ay 120 manat alimentin tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(125)-1520/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(125)-1520/2023 nömrəli qətnaməsini dəyişdirilərək iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uşaqları böyüyür, təlabatları artır, lakin ata uşaqları ilə maraqlanmır, onların saxlanılmasında ancaq təyin olunmuş aliment məbləğindən başqa hər hansı köməklik göstərmir. Cavabdeh fərdi əməklə məşğul olur, onun kifayət qədər qazancı var və o, normal aliment ödəmək iqtidarındadır. Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(125)-1520/2023 saylı qətnaməsi ilə alimentin miqdarı bir uşaq üçün 120 manatdan 135 manata artırılmışdır. Hesab edir ki, bir uşaq üçün 15 manat artım həddən azdır. Ona görə də Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il, 2(125)-1520/2023 saylı qətnaməsindən narazı qalmışdır. Düşünür ki, sözügedən qətnamə dəyişdirilərək hər uşaq üçün alimentin məbləği yaşayış minimumu həddində artırılmalıdır. Ona görə də qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdehin hər uşaq üçün 220 manat aliment ödəmək üçün kifayət qədər imkanı vardır. Belə ki, atasının yanacaq doldurma məntəqəsi olmaqla, özü isə sement məhsullarının satışı ilə məşğuldur. Özü isə 400 manat əmək haqqı alır ki, qət edilmiş aliment məbləği ilə birlikdə uşaqları saxlamaqda çətinlik çəkir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, əslində Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(066)-510/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manatlıq aliment məbləği ilə razılaşmamışdır. Sadəcə olaraq başa düşmədiyindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh tərəfindən verilən şikayətə baxılan zaman məhkəmədə anlamışdır ki, aliment məbləği ilə razılaşmadığı halda şikayət verməli imiş. Buna görə də bir ildən sonra alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək, cavadbehdən tutulan alimentin məbləği 150 manat məbləğində müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində iştirak edən cavabdeh sadəcə maddi imkanının olmadığını bildirməklə, iddianın təmin olunmasına etiraz etmiş, o cümlədən dolanışığını hansı qaydada təmin etməsi və gəlirləri ilə bağlı da məhkəməyə hər hansı bir məlumat verməmişdir. İddiaçı isə cavabdehin ticarətlə məşğul olduğunu və kifayət qədər maddi imkana sahib olduğunu bildirmişdir ki, cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddiaçının bu dəlilinə münasibətini öyrənmək mümkün olmamışdır. Belə olduğu təqdirdə məhkəmə kollegiyası iddiaçının qeyd olunan izahatını mötəbər hesab etməklə, cavabdehin isə hər uşaq üçün 135 manat ödəməyə razı olmasını və uşaqların mənafeyini də nəzərə alaraq, cavabdehin birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən bir qədər də artıq məbləğdə aliment ödəməsi imkanına malik olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası üç uşağın ananın himayəsində olmasını, onların qayğılarının çəkilməsinin ananın üzərinə düşməsini, 2023-cü il üzrə yaşayış minumumunun ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(125)-1520/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(125)-1520/2023 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək, 11 noyabr 2015-ci il təvəllüdlü X6, 19 mart 2019-cu il tarixdə təvəllüdlü X4 və 15 iyun 2017-ci ildə təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(066)-510/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat pul məbləğində müəyyən edilməli, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 noyabr 2015-ci il təvəllüdlü X6, 15 iyun 2017-ci il təvəllüdlü X3, 19 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(125)-1520/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(125)-1520/2023 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. 11 noyabr 2015-ci il təvəllüdlü X6, 19 mart 2019-cu il təvəllüdlü X4 və 15 iyun 2017ci ildə təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(066)-510/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 11 noyabr 2015-ci il təvəllüdlü X6, 19 mart 2019-cu il təvəllüdlü X4 və 15 iyun 2017-ci ildə təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.