Məhkəmə qərarları › İş №2(104)-1788/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1788/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1788/2025 09.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(021)-2108/2025 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 09 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 15 dekabr 2014-cü il tarixli, 328/34-XB saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı tərəfindən Cavabdeh2 “Əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. 15 dekabr 2014-cü il tarixli ZM-328/34-XB nömrəli zaminlik müqaviləsindən görünür ki, bu Müqavilənin predmeti xx.xx.2014-cü il tarixli 328/34-XB nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlərin- Cavabdeh1 və Cavabdeh3 öz üzərlərinə götürməsidir.

3. 328-34-XB saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə 13 aprel 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişdən görünür ki, Kredit aşağıdakı şərtlərlə restruktruzasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") 4423.83 ABŞ dolları təşkil edir. Eləcədə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2927.41 ABŞ dolları əsas borc, 1324.04ABŞ dolları faiz borcu və 172.38 ABŞ dolları cərimə borcu təşkil edir.

4. 24 fevral 2025-ci il tarixli, 12-5/2-V-23-3159/2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 20 fevral 2025-ci il tarixə 877,52 ABŞ dolları əsas, 289,68 ABŞ dolları faiz, 1575,79 ABŞ dolları dəbbə pulu, 125,28 ABŞ dolları kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 2868,27 ABŞ dolları kredit borcu vardır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Bərdə Rayon Məhkəməsinə müraciət edərək, 15 dekabr 2014-cü il tarixli, 328/34-XB saylı kredit kredit müqaviləsi üzrə 877,52 ABŞ dolları əsas, 289,68 ABŞ dolları faiz, 1.575,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 125,28 ABŞ dolları faiz borcu və ödənilmiş 68,77 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış 328/34-XB nömrəli 15 dekabr 2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4000 ABŞ dolları kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdehə kredit “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında ZM-328/34-XB nömrəli 15 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli 13 aprel 2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4.423,83 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 13 aprel 2022-ci il tarixədək uzadılmış, eləcədə kreditin faiz dərəcəsi 8 % yendirilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini bank tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, lakin cavabdehlər götürdyü öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 20 fevral 2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2.868,27 ABŞ dolları təşkil edir. Bundan 877,52 ABŞ dolları əsas, 289,68 ABŞ dolları faiz, 1.575,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 125,28 ABŞ dolları faiz borcu təşkil edir.

7. Bərdə Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(021)-2108/2025 nömrəli qətnaməsi ilə (hakim G.Abbasov) iddiaçı ləğv proseində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 374.1, 375.1, 375.2, 384.0.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 213, 214, 216- 220, 227, 233, 284-6.1, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, bank tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 11 aprel 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, krediti 2014-cü ildə götürmüşdür. 13 aprel 2017-ci il tarixli Əlavə saziş bağlanmış və kredit borcu restrukturizasiya edilmiş və ödənişin son tarixi 13 aprel 2022-ci il müəyyən edilmişdir. Saziş üzrə bir il krediti ödəmiş, dollar qalxandan sonra bank bağlandığı üçün ödənişi həyata keçirə bilməmişdir. Bankda üç illik iddia müddəti keçdikdən sonra iddia qaldırmışdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci innstansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, Cavabdeh2 ilə bank arasında kredit müqaviləsi bağlanarkən zamin durmu, daha sonra isə sonuncular arasında əlavə saziş bağlanarkən razılıq vermişdir. Cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

14. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 15 dekabr 2014-cü il tarixli, 328/34-XB nömrəli “Əsas vəsaitin artırılması” məqsədilə 24 ay müddətinə, illik 33 faiz dərəcəsi ilə 4.000 ABŞ dolları məbləğində kredit veriılmiş. Eləcədə kriditin təminatı qismində Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında ZM-328/34-XB nömrəli 15 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. 13 aprel 2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4.423,83 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti isə 13 aprel 2022-ci il tarixədək uzadılmışdır. Zaminlərdə əlavə sazişin bağlanmasına razılıq vermişlər. Borcalan öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyinə görə 877,52 ABŞ dolları əsas, 289,68 ABŞ dolları faiz, 1.575,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 125,28 ABŞ dolları faiz borcu, cəmi 2.868,27 ABŞ dolları ödənilməmiş borc yaranmışdır. Ona görədə kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddianı rədd etmişdir.

31. Kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir və apellyasiya şikayətinin dəilləri qətnamənin ləğvi üçün əsas deyil.

32. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2. maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına görə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

34. Bundan əvvəldə qeyd olunduğu kimi tərəflər arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli müqavilə 24 ay müddətə bağlanmış, 13 aprel 2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilərək kreditin qalığı 4.423,83 ABŞ dolları müəyyən olunmuş, eləcədə restrukturizasiya edilmiş kreditin müddəti 13 aprel 2022-ci il tarixədək uzadılmışdır. Yəni kreditiin qalıq məbləğinin son ödəniş müddəti 13 aprel 2022-ci-ci il tarix müəyyən edilmişdir. İddia ərizəsi isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 18 aprel 2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi iddia ərizəsi üç illik müddət keçdikdən sonra verilmişdir.

35. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini 11 aprel 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vastəsilə Bərdə Rayon Məhkəməsinə göndərildiyini qeyd etsədə, lakin şikayətin bu dəlili sübut olunmur. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş çıxarışda qeyd olunan apellyasiya şikayətinin məhkəməyə daxil olma tarixi 18 aprel 2025-ci il göstərilmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, şikayətin hansı tarixdə imzalanmasından aslı olmayaraq, müddətin hesablanması həmin şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vastəsilə məhkəməyə göndərildiyi tarix nəzərə alınır.

36. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2. maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə görə isə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Cavabdeh2 iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddianı rədd etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (2868,27ABŞx1.70AZN=4875,6) manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(021)-2108/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar