Məhkəmə qərarları › İş №2(104)-179/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-179/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-179/2025 12.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin (indiki "xxxx" ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-27/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-27/2022 saylı qətnaməsi ilə (hakim R.Kazımov) iddianın qismən təmin olunması, Cavabdeh xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 34.625 ABŞ dolları borcun ödəniş vaxtına manatın məzənnəsi üzrə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh (nümayəndə və Vəkil1) birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-10/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 300 manat pulun cavabdehdən tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-2399/2024 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-10/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: "xxxx" ASC borclu Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə xx.xx.2018-ci il tarixdə ərizə verərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə borcludan 15.677.01 ABŞ dolları məbləğində əsas borc, 18.897.99 ABŞ dolları məbləğində faiz borcu, 497.15 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 35.072.15 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(044)- 3586/2018 saylı məhkəmə əmri ilə borclu Cavabdeh "xxxx" ASC-nin xeyrinə 35072.15 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək həmin məhkəmə əmrinin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin etiraz təmin edilərək xx.xx.2018-ci il tarixli e-2(044)-3586/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə bank tərəfindən borclu Cavabdeh illik 16% ödənilməsi şərtilə 156 ay müddətinə 68000 ABŞ dolları məbləğində kredit verilmiş, lakin hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Bunun nəticəsində cavabdehin banka 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 497.15 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 35072.15 ABŞ dolları məbləğində borcu qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən tərəflərindən bir neçə vəsatət verilmişdir ki, həmin vəsatətlər məhkəmə tərəfindən təmin edilsə də, icra olunmamışdır. Həmin vəsatətlərin verilməsi, əvvəla cavabdehin ödəməli olan məbləğin düzgün hesablanması, həm də iddia müddətinin keçməsi ilə bağlı məsələnin araşdırılması olmuşdur. Belə ki, vəsatətdə də göstərilmişdi ki, iddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı 27 avqust 2018-ci il tarixdə əmr icraatı qaydasında müqavilə tələbi üzrə iddia qaldırmışdır. Həmin tələbdə cavabdehdən 35.072.15 ABŞ dolları tələb edilmişdi. Sonradan iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə maliyyə arayışı təqdim edərək göstərmişdi ki, guya cavabdehin borcu 42.522.27 ABŞ dolları təşkil edir. Həmin maliyyə arayışı 17 dekabr 2020-ci il tarixdə tərtib edilmişdi. Bundan sonra bu iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyində borc 40.819.03 ABŞ dolları göstərilmişdi. Ekspert rəyi verərkən iş materiallarında olan mədaxil qəbzlərinə, cari hesabdan olan çıxarışlara əsaslanmışdı. Hesab edir ki, ekpertin verdiyi rəy birtərəfli, yalnız iddiaçı təşkilatın vermiş olduğu yalan və həqiqətə uyğun olmayan məlumatlar əsasında verildiyi üçün tam və əsaslı hesab edilə bilməz. Belə ki, tərəflərindən də məhkəməyə sənədlər təqdim edilmişdir ki, ekspert həmin sənədləri araşdırmamış, bankdan o sənədlərdə əks etdirilən məlumatları yoxlamamışdı. Belə ki, o, uzun illərdi ki, bankla yazışmalar aparmış və bankın hərəkətləri barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayətlər etmişdi. Ona müxtəlif məzmunda məktublar verilmişdi ki, həmin məktublarda onun borcu barədə məlumatlar öz əksini tapır. Bir məsələni də qeyd edir ki, cavabdehin nümayəndəsinin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına etdiyi bir şikayətdən sonra, sonuncu tərəfindən bankda bununla bağlı araşdırma aparılmış və bank həm həmin idarəyə, həm də onun nümayəndəsi X3 məktub yazmışdı. Həmin məktubu bankın İdarə heyətinin sədri imzalamışdır. Həmin məktubda qeyd edilmişdir ki, Cavabdeh ilə kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəliyinin təminatı olaraq ona məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan sonra ünvan 2 DNK tərəfindən verilmiş icra qeydinə əsasən borclu Cavabdeh ümumlikdə 58.482.89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evinə yönəldilməsi müəyyən edilmişdi. Qeyd olunan əmlak ünvan 2 DNK tərəfindən verilmiş icra qeydinə əsasən Gəncə şəhər İcra İdarəsinin sifarişi ilə açıq hərraca çıxarılmış və 20588 ABŞ dolları məbləğində borc əvəzi bankın təklif edilmişdi və bankın balansına verilmişdi. Hal-hazırda Cavabdeh Banka 15.133 ABŞ dolları borcu qalmışdı. Həmin məktub bank tərəfindən xx.xx.2018-ci ildə verilmişdi. Göründüyü kimi xx.xx.2018-ci ildə bank Cavabdeh borcunun 15.133 ABŞ dolları olmasını göstərsə də, bundan bir ay sonra, yəni 27 avqust 2018-ci il tarixdə əmr icraatı qaydasında ərizə verir və Cavabdeh 35.072.15 ABŞ dolları tələb edir. Bundan başqa ekspert rəyində qeyd edilir ki, ekspert xx.xx.2020-ci ilə qədər olan dövrü yoxlayır. Lakin hesab edir ki, borcun bu müddət ərzində hesablanması düzgün deyil. Belə ki, müqavilə 156 ay müddətinə bağlansa da, artıq bank müqavilənin ləğv edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş və notariusun 13 iyun 2012-ci il tarixli icra qeydi əsasında borcludan 58.482.89 ABŞ dolları məbləğində pul tutulması qərara alınmışdı. Həmçinin ipoteka ilə yüklü edilmiş əmlakda bankın balansına keçmişdi və borc icra idarəsi tərəfindən borcludan tələb edilmişdi. Belə olan halda artıq tərəflərin kredit münasibətləri bitmiş və yenidən borc hesablanmalı deyildi. Eyni zamanda bank tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışdan görünür ki, həmin çıxarış 2009-2018-ci il tarixi əhatə etsə də, 2011-ci il tarixədək banka edilən ödənişlər qeyd edilməmişdir. Halbuki, tərəfindən bu müddət ərzində 26000 ABŞ dollarına yaxın ödəmələr edilmişdi. Bu barədə də ekspertə məlumat verilməmişdi. Bundan başqa ekspert rəyində göstərilir ki, guya borclu tərəfindən xx.xx.2017-ci ildə ödəmələr aparılmışdı. Lakin onun tərəfindən belə ödəmə aparılmamışdı. Bununla bağlı ekspert hansı sənədə əsaslanıb belə nəticəyə gəlməsini anlamaq mümkün deyil. Bu iş üzrə ekpertiza təyin edildikdən sonra ekspertiza tərəfindən iş geri qaytarılmış və təqdim olunan sənədlər əsasında rəy verilməsinin mümkün olmaması qeyd edilmişdir. Sonradan həmin iş yenidən ekspertizaya göndərilmiş və iş materialları ilə tanış olarkən iddiaçı təşkilatın hər-hansı bir yeni sənədin əlavə edilmədiyi müəyyən edilmişdi. İşdə yalnız hesabdan çıxarış və maliyyə arayışı əlavə edilmişdi. Lakin buna baxmayaraq ikinci dəfə ekspert (baxmayaraq ki, həmin sənədlər birinci dəfə də işdə olmuşdu) yalnız adı çəkilən iki sənədə əsaslanıb rəy vermişdi. Halbuki, ekspert icra qeydini, ipoteka ilə yüklü edilmiş mənzilin hansı şərtlərlə iddiaçıya keçməsini araşdırmamışdı. Həmçinin, yuxarıda qeyd edilən kimi tərəflərindən 2017-ci ildə hər hansı bir ödəmə edilməməsinə baxmayaraq bu ödəmənin kim tərəfindən edilməsini araşdırmamışdı. Ümumiyyətlə bankla tərəf arasında kredit münasibətlərini 2012-ci ildən bəri ləğv edilməsinə baxmayaraq bu məbləğlərin hansı qaydada yaranmasına aydınlıq gətirilməmişdir. Hesab edir ki, bütün bu məsələlər üzrə mütəxəssis rəyinin alınması məcburi olduğu üçün bu iş üzrə təkrar məhkəmə-mühasibatıq ekspertizası keçirilməlidir. Həmçinin, həm ekspertə təqdim etmək üçün, həm də işin obyektiv həlli üçün iddiaçı təşkilatdan ünvan 2 DNK tərəfindən verilmiş icra qeydi ilə bağlı bankla notariat orqanı tərəfindən aparılan yazışmalar, bununla bağlı olan bütün sənədlər, ipoteka ilə yüklü edilmiş evin, bankın mülkiyyətinə hansı qaydada keçməsi ilə bağlı sənədlər, həmçinin bankın cavabdehin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına edilən şikayət əsasında apardığı araşdırma və həmin təşkilata yazdığı məlumatın nəyin əsasında aparılması barədə materiallar bankdan alınıb işə əlavə edilməlidir. Bu səbəbdən də, məhkəmədən yuxarıda göstərilən ziddiyyətləri aradan qaldırılması üçün bu iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməsinin və Bankdan ünvan 2 DNK tərəfindən verilmiş icra qeydi ilə bağlı bankla notariat orqanı tərəfindən aparılan yazışmalar, bununla bağlı olan bütün sənədlər, ipoteka ilə yüklü edilmiş evin bankın mülkiyyətinə hansı qaydada keçməsi ilə bağlı sənədlər, cavabdehin 2007-ci ildən 2011-ci il tarixədək banka etdiyi ödənişlər ilə bağlı məlumatlar, həmçinin bankın cavabdehin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına edilən şikayət əsasında apardığı araşdırma və həmin təşkilata yazdığı məlumatın nəyin əsasında aparılması barədə materiallar bankdan tələb edilməsini xahiş etmişlər. Məhkəmə birinci məsələ üzrə son qərar verməsə də, bankdan adı çəkilən sənədləri tələb etməsini qərara almış və bundan sonra həmin məsələyə təkrar qayıdacağını bildirsə də heç bir sənəd almadan və vəsatətlərə qiymət vermədən işə baxmışdı. Bundan başqa bank tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, borclu tərəfindən bankın hesabına 2017-ci ilin sentyabr ayında 21000 manat pul ödənilmişdi. Onlar həmin məsələnin də məhkəmədən araşdırmasını xahiş etsələr də, məhkəmə bu məsələni də araşdırmamışdı, halbuki həmin araşdırmanın çox mühüm rolu vardı. Belə ki, həmin araşdırmadan sonra məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verəcəkdilər. Bundan başqa, məhkəmə çəkişmə prinsipini də pozmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında istifadəsində olan 050200-05-55 №-li telefonuna e-məhkəmə portalından SMS bildiriş göndərilmiş və həmin bildirişdə məlumat verilmişdir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki işin baxılması bu gün, yəni xx.xx.2022-ci il tarixə saat 16.30-a təyin edilib. Qeyd edir ki, göstərilən vaxt o, Gəncə Apellyasiya Məhkəməsində baxılan cinayət işi üzrə müdafiəçi qismində iştirak etdiyindən bu prossesdə iştirak edə bilməyəcək. Bunları nəzərə alaraq məhkəmədən xahiş etmişdir ki, prossesi təxirə salınması ilə yanaşı, prossesin vaxtı barədə, vəkillərin iş yükünü nəzərə almaqla, ən azı 1 həftə qabaq məlumat verilsin. Lakin buna baxmayaraq məhkəmə həmin ərizəni nəzərə almadan işə baxıb yekun qərar qəbul etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, Bakı şəhərində olmağı ilə bağlı məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasının təxirə salınması üçün üzrlü səbəb göstərməmiş və ya ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayəti ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi dinləyərək və eləcə də kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-27/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarında olan: İddiaçı İKB ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borc alan Cavabdeh ünvan 4 ünvanında yerləşən evin alınması üçün illik 16% ödənilməsi şərti ilə 156 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.5.1-ci bəndinə əsasən Cavabdeh məxsus olan yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi nəzərdə tutulmuşdur. Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 13 iyun 2012-ci il tarixli icra qeydinə əsasən, borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldildilərək əldə olunmuş vəsaitin hesabına banka olan borcun ödənilməsi müəyyən edilmişdir (İİ cild, i.v.75). Hərrac təşkilatının İpoteka saxlayana İpoteka predmetinin Əldə Edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 77/02 saylı protokoldan görünür ki, hərrac xx.xx.2014cü il tarixdə keçirilmiş, Cavabdeh məxsus ipoteka predmeti olan Gəncə şəhəri Bayan küçəsində yerləşən 172A saylı fərdi yaşayış evi 55 000 manat ilkin satış qiymətindən 25 % aşağı olan qiymətə 35062,50 manata İddiaçı İKB tərəfindən əldə edilmişdir (İİ cild, i.v.11). İddiaçı İKB ASC-nin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinə və Cavabdeh ünvanlanmış xx.xx.2018- ci il tarixli, 15/1815 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Bank tərəfindən illik 16% olmaqla 156 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 13 iyun 2012-ci il tarixli icra qeydinə əsasən, borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldildilərək əldə olunmuş vəsaitin hesabına banka olan borcun ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan əmlak Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş icra qeydinə əsasən Gəncə şəhər İcra İdarəsinin sifarişi ilə açıq hərraca çıxarılmış və 20.588 ABŞ dolları məbləğində borc əvəzi olaraq İddiaçı İKB ASC-yə təklif edilmiş və yekunda qeyd olunan əmlak hərracın nəticələrinə dair protokol əsasında Bankın balansına alınmışdır. Borclu Cavabdeh icra qeydi üzrə hal-hazırda Bank qarşısında 15.133 ABŞ dolları məbləğində borcu mövcuddur. Əmlak icra məmurları tərəfindən boşaldılaraq banka təhvil verilmişdir. 07 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka borcu 07 dekabr 2020-ci il tarixinə əsas borc üzrə 15677.01 ABŞ dolları, faiz borcu üzrə 25142.02 ABŞ dolları, cərimə üzrə 1690.09 ABŞ dolları, əldən çıxmış fayda üzrə (əsas borca hesablanmış 5%) 13.15 ABŞ dolları, ümumilikdə 42522.27 ABŞ dolları təşkil edir. "xxxx" İKB ASC-də 2019-cu ilin noyabr ayında rebrendinq ((ing. rebranding) - brendin (əmtəə nişanının) və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planı) həyata keçirmiş və Bankın adı "xxxx" ASC olaraq dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2780 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 872(İ) nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcunun düzgünlüyünü əlavə sənədlər tam təmin olunmadığı üçün müəyyən etmək olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/7399 nömrəli rəyi ilə iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları və xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni 07 dekabr 2020-ci il tarixə cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 15.677,01 ABŞ dolları, faiz borcu üzrə 25.142,02 ABŞ dolları olmaqla, cəmi 40.819,03 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərardadda 26 noyabr 2007-ci il tarixli, 872(İ) nömrəli kredit müqaviləsi üzrə borclunun banka olan 15.677,01 ABŞ dolları məbləğində əsas borcu, 18.897,99 ABŞ dolları məbləğində faiz borcu, 497,15 ABŞ dolları məbləğində cərimə borcunun düzgün hesablanıbhesablanmaması haqqında sual qoyulsa da, təqdim edilmiş iş materiallarında qeyd edilən iddia məbləğlərini əks etdirən maliyyə arayışı və yaxud iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə öz əksini tapmamışdır. Bu səbəbdən də hazırki tədqiqatla hesablamalar iş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışının tarixinədək aparılmışdır. Məhkəmə Ekspertizası Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 9/8801 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 26 noyabr 2007-ci il tarixdə bağlanmış 872(İ) saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə cavabdehin iddiaçıya 01 aprel 2012-ci il tarixə olan borcu əsas borc üzrə 58.482,89 ABŞ dolları, faiz borcu üzrə 23.502,00 ABŞ dolları, 08 sentyabr 2014-cü il tarixə olan əsas borc üzrə 37.265,84 ABŞ dolları, faiz borcu üzrə 42.843,98 ABŞ dolları, 07 dekabr 2020-ci il (maliyyə arayışı c.i.v 72) tarixə olan əsas borc üzrə 15.677,47 ABŞ dolları, faiz borcu üzrə 68.339,70 ABŞ dolları təşkil edir. Həmçinin rəydə qeyd edilmişdir ki, iddia olunan (maliyyə arayışı c.i.v 72) və ekspertiza tədqiqatının gəldiyi faiz borcu nəticələri arasındakı kəskin fərqə səbəb iş materiallarında 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsi üzrə faizlərin hesablanmasının hansı tarixdə dayandırılmasına dair heç bir məlumatın olmamasıdır. Məhkəmə Ekspertizası Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 9/7628 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, kassa mədaxil orderləri və xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçıya ekspert qarşısında qoyulmuş birinci sual üzrə xx.xx.2014cü il tarixə olan əsas borcu 65.729,48 ABŞ dolları, faiz borcu 22.159,58 ABŞ dolları, ikinci sual üzrə xx.xx.2014-cü il tarixə əsas borcu 24.854,29 ABŞ dolları, faiz borcu 22.159,58 ABŞ dolları, xx.xx.2014-cü il tarixə əsas borcu 21.029,71 ABŞ dolları, faiz borcu 22.159,58 ABŞ dolları, üçüncü və dördüncü suallar üzrə xx.xx.2018-ci il tarixə əsas borcu 24.854,29 ABŞ dolları, faiz borcu 36.005,88 ABŞ dolları və xx.xx.2018-ci il tarixə əsas borcu 21.029,71 ABŞ dolları, faiz borcu 33.721,33 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/942 saylı rəydən görünür ki, 35.062,50 manatın xx.xx.2014-cü il tarixə ABŞ dollarının həmin günə Azərbaycan manatına olan məzənnəsi (1 manat=0,7844 ABŞ dolları) nəzərə alındıqda həmin məbləğ 44.699,77 ABŞ dolları təşkil edir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, kassa mədaxil orderləri və xx.xx.2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsi üzrə ekspert qarşısında qoyulmuş suala əsasən xx.xx.2012-ci il tarixə əsas borc 58.482,89 ABŞ dolları olmaqla Cavabdeh xx.xx.2014-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 12.593,77 ABŞ dolları məbləğində, xx.xx.2018-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas, faiz və illik 5%-lə əldən çıxmış fayda borcu 13.797,95 ABŞ dolları məbləğində və xx.xx.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas, faiz və illik 5%-lə əldən çıxmış fayda borcu 15.260,31 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2014-cü il tarixə əsas borc üzrə 12.593,77 ABŞ dolları,faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 16%-lə); xx.xx.2018-ci il tarixə əsas borc üzrə 11.593,77 ABŞ faiz borcu üzrə 0,00 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 2.204,18 ABŞ dolları; xx.xx.2020-ci il tarixə əsas borc üzrə 11.593,77 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 16%-lə) əldən çıxmış fayda borcu üzrə 3.666,54 ABŞ dolları (illik 5%-lə); İkinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, kassa mədaxil orderləri və xx.xx.2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2014-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 42.546,60 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2014-cü il tarixə əsas borc üzrə 42.546,60 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 16%-lə). Üçüncü və dördüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazır ki tədqiqatla müəyyən edilmiş 44.699,77 ABŞ dolları cavabdehin iddiaçıya olan 58 482,89 ABŞ dolları borcundan silinərdisə, cavabdehin iddiaçıya ödənilməmiş qalan borcu 13.783,12 ABŞ dolları məbləğində təşkil edərdi və həmən məbləğə xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək illik 5%-lə faiz hesablanmaqla ümumi borc məbləği 17.944,86 ABŞ dolları məbləğində və xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5%-lə faiz hesablanmaqla ümumi borc məbləği 19.629,46 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2018-ci il tarixə əsas borc üzrə 13.783,12 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 4.161,74 ABŞ dolları (illik 5%-lə). xx.xx.2020-ci il tarixə əsas borc üzrə 13.783,12 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 5.846,34 ABŞ dolları (illik 5%lə). Beşinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh 26 noyabr 2007-ci il tarixli, 872(l) saylı kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən sonra 22.761,00 ABŞ dolları məbləğdə ödəniş edilmişdir və həmin ödənişlərin tarixləri və silinmələri hazırki rəyin təsviri hissəsində bir məlumatlarında öz əksini tapır. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, kreditor İddiaçı İKB (hazırda "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borc alan Cavabdeh ünvan 4 ünvanında yerləşən evin alınması üçün illik 16% ödənilməsi şərti ilə 156 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.5.1-ci bəndinə əsasən Cavabdeh məxsus olan yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi nəzərdə tutulmuşdur. Borcalan Cavabdeh öhdəliklərini lazımınca icra etməmiş və onun kreditora xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixə ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh edilmiş xəbərdarlıqlara baxmayaraq borcunu könüllü ödəmədiyinə görə iddiaçı ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması və tələbin ipoteka predmetinə yönəldilərək əldə olunmuş vəsaitin hesabına banka olan borcun ödənilməsindən ötrü icra qeydinin verilməsi üçün notariat kontoruna müraciət etmiş, Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 13 iyun 2012-ci il tarixli icra qeydinə əsasən, borclu Cavabdeh ümumilikdə 58.428,89 ABŞ dolları məbləğində pul və 5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldildilərək əldə olunmuş vəsaitin hesabına banka olan borcun ödənilməsi müəyyən edilmiş, xx.xx.2014-cü il tarixdə keçirilmiş hərracın nəticəsi olaraq, Cavabdeh məxsus ipoteka predmeti olan Gəncə şəhəri Bayan küçəsində yerləşən 172A saylı fərdi yaşayış evi 55 000 manat ilkin satış qiymətindən 25 % aşağı olan qiymətə 35.062,50 manata İddiaçı İKB tərəfindən əldə edilmiş, fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verimişdir. Lakin bununla belə həmin 35.062,50 manat cavabdehin borcundan 2014-cü ildə hərracın keçirilməsindən dərhal sonra yox, iş materiallarında olan (İİİ cild, i.v. 4, 8) hesabdan çıxarışdan göründüyü kimi xx.xx.2017-ci il tarixdə silinmiş, bu zaman ABŞ dollarının manata olan məzənnəsində 2014-cü ilə nisbətən kəskin dəyişikliyin baş verdiyi nəzərə alınmamışdır. Nəticədə cavabdehin borcu azalmaq əvəzinə artmaqda davam etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Yəni iddiaçı tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Həmçinin cavabdeh kredit müqaviləsi üzrə borc məbləğini mübahisələndirdiyi üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2021-ci il tarixli, 9/7399 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçıya olan borcu (maliyyə arayışı üzrə tarixə) əsas borc üzrə 15.677,01 ABŞ dolları, faiz borcu üzrə 25.142,02 ABŞ dolları olmaqla, cəmi 40.819,03 ABŞ dolları təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği iddia ərizəsində göstərilmiş əsas borcun məbləğindən çoxdur. Buna görə də xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcu həmin müqavilə üzrə iddia tələbinə uyğun tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hesablanmış 497,15 ABŞ dolları məbləğində cərimə borcu yüksək olduğu üçün, cərimə pulu 50 ABŞ dolları məbləğinədək azaldılmalı və iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 739.1-ci maddəsi görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mğvqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit öhdəliyini lazımi qaydada icra etməyən Cavabdeh 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsi üzrə ümumlikdə 58.482.89 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydinin verilməsi üçün notariat kontoruna müraciət edəcəyi barədə bildirişi cavadehə verdiyi vaxtdan, yəni cavabdehlə bağlanmış həmin kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini bildirdiyi vaxtdan tərəflər arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsinə xitam verilmiş sayılır. Belə olan halda cavabdeh kredit borcu üzrə faiz hesablana bilməz. Lakin Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İşin hallarından isə göründüyü kimi iddiaçı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi verildikdən, hətta ipoteka predmeti iddiaçı tərəfindən mülkiyyətinə alındıqdan sonra da, kredit borcuna faizlər hesablanmaqda davam etmiş, ipoteka predmeti olan fərdi yaşayış evi iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə keçirilmiş hərrac nəticəsində əldə edilmiş olsa da, ipoteka predmetinin 25 % endirilmiş qiyməti olan 35.062,50 manat cavabdehin borcundan həmin vaxtı yox, 2017-ci ildə silinmiş, nəticədə cavabdehin qanunla qorunan hüquqları iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 2014-cü ildə 1 manat=0,7844 ABŞ dolları təşkil etdiyindən cavabdehin borcundan silinməli məbləğ 44.699,77 ABŞ dolları təşkil etməli olduğu halda, 2017-ci ildə həmin rəqəm 1 ABŞ dolları=1,703 manat olmuş, nəticədə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə banka olan borcundan 44.699,77 ABŞ dolları əvəzinə 20.588 ABŞ dolları silinmişdir. Halbuki, həmin 35.062,50 manat (iddiaçı Gəncə şəhəri Bayan küçəsində yerləşən 172A saylı fərdi yaşayış evini xx.xx.2014-cü il tarixdə keçirilmiş hərrac nəticəsində 35.062,50 manat borc əvəzi kimi qəbul etmişdir) cavabdehin 58.428,89 ABŞ dolları məbləğində borcundan 2014-cü ildə silinmiş olsaydı, onda cavabdehin iddiaçıya ödənilməmiş borcu 13.729,12 (58.428,89 - 44.699,77) ABŞ dolları təşkil edəcəkdi. İcra qeydinin verildiyi 13 iyun 2012-ci il tarixdən sonra cavabdehin 26 noyabr 2007-ci il tarixli, 872(İ) saylı kredit müqaviləsi üzrə 22.761,00 ABŞ dolları məbləğdə ödəniş etdiyi nəzərə alındıqda onun iddiaçıya həmin kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcu və faiz borcunun qalmadığı müəyyən olunur. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi işin həmin hallarını nəzərə almadan, beləliklə də tam və hərtərəfli araşdırma aparmadan yuxarıda göstərilən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsəsən, apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsəsən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-ci maddəsinə əsəsən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsəsən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)-27/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 650 (altı yüz əlli) manat pul iddiaçı "xxxx" ASC-dən alınaraq, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar