Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1791/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(023)-2/2024 nömrəli qərardadının ləğv edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 10 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 15000 manat məbləğində kredit borcundan xx.xx.2017ci il tarixinə 10724.64 (on min yeddi yüz iyirmi dörd manat 64 qepik) manat əsas borcu, 18.19 (on səkkiz manat 19 qepik) manat faiz borcu, 302.26 (üç yüz iki manat 26 qəpik) manat cərimə (dəbbə) borcunu, cəmi 11045.09 (on bir min qırx beş manat 09 qəpik) manat məbləğində borcu və bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu borclu Cavabdeh1 tutaraq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi və ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən Fərdi yaşayış evinin hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılarkən Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək mülki işin daha etibarlı və əhatəli ekspertizasının keçirilməsi və əmlakın qiymətləndirilməsi üçün bu sahədə ixtisaslaşmış, müstəqil şirkətin cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdi Qazax Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(023)-2/2024 saylı qərardadına əsasən (hakim N.Musayev) vəsatətin təmin edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə təkrar daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizasının sifariş edilməsi, daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılması və iş üzrə rəylər verilənədək icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh2 24 may 2024-cü il tarixdə şikayətlə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-2/2024 nömrəli 07 may 2024-cü il tarixli qərardadını “Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə rəyin verilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılsın” hissəsində ləğv edilərək, əmlakın qiymətləndirilməsi müstəqil qiymətləndiriciyə həvalə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnaməyə 1 nömrəli əlavədə Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının siyahısı göstərilib. Həmin siyahıda göstərilmiş 20 ekspert ixtisası növündən heç birinin qiymətləndirmə vəzifəsi yoxdur. Buna görə də hesab edir ki, Məhkəmə Espertiza Mərkəzinin qiymətləndirmə səlahiyyəti olmadığı üçün qərardad həmin hissədə ləğv edilməlidir. Qazax Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli 2(023)-2/2024 saylı qərardadı ilə Cavabdeh2 Qazax Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(023)-2/2024 nömrəli qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməmnəsi, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli 2(023)-2/2024 nömrəli qərardadı ləğv edilməli, şikayət geri qaytarılması üçün iş materialları ilə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şikayətdən görünür ki, Cavabdeh2 ekspertizanın təyin edilməsi qərardadından şikayət vermişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ekspertizanın təyin edilməsi qərardadından şikayət verilməsi nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətə mahiyyəti üzrə baxmaqda səhvə yol vermişdir. Odur ki, Qazax Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli 2(023)-2/2024 nömrəli qərardadı ləğv edilməli, şikayət geri qaytarılması üçün iş materialları ilə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli 2(023)-2/2024 nömrəli qərardadı ləğv edilsin. Qazax Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(023)-2/2024 nömrəli qərardadının ləğv edilməsi barədə Cavabdeh2 şikayəti geri qaytarılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1791/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1791/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver