Məhkəmə qərarları › İş №2(104)-1796/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1796/2023

23.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1796/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2023 saylı mülki iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsindən iş üzrə iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-404/2020 saylı mülki iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 130 manat müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 17 iyun 2014-cü il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahdan xx.xx.2016-cı il tarixdə X4 anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin 2(013)-404/2020 saylı mülki iş üzrə 10 mart 2020ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 130 manat məbləğində alimentin tutulması qət edilmişdir. Həmin məbləğ hazırda uşağın tələblarını ödəməyə imkan vermir. Uşağın saxlanılmasında çətinliklər çəkir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2023 saylı mülki iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-404/2020 saylı mülki iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq, X1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Lakin, məhkəmə qətnamə qəbul edərkən, qanunun tələblərini nəzərə almamış, yaşayış minimumumdan az aliment təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, məhkəmədə sual-cavab zamanı məhkəməyə bildirmişdir ki, cavabdehin əlil olmasını özü də bilir. Sonda iddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iştirak etmiş, apellyasiya şikayətinə etiraz edərək izahatında məhkəməyə bildirmişdir ki, özü əlildir və iddiaçı da bu barədə bilir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alimentin artırılması barədə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-404/2020 saylı mülki iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq, X1 verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X4 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni mübahisələndirmiş, qətnamənin ləğv edilməsini və alimentin artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin artırılmasına əsas vermir. Çünki, apellyator şikayətində cavabdehin maddi vəziyyətinin dəyişilməsi daha yüksək qazanc əldə etməsi ilə bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən iş materiallarına əsasən, işin faktiki halları kimi müəyyən olunur ki, cavabdeh məcburi köçkün olmaqla, heç bir yerdə işləmir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X1 verilməsi barədə qərar qəbul edərkən, aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilərək, müəyyən olunmuş aylıq alimentin məbləğinin daha da artırılması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2023 saylı mülki iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiası göstərir ki, bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cu maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. Məhkəmənin təyin etdiyi 170 manat aylıq alimentin artırılmış hissəsinin bir illik məcmusu (170 manat-130 manat)=(40 manat x 12 ay)=480 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1092/2023 saylı mülki iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar